Məhkəmə qərarları › İş №2-1(103)-1194/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1194/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1194/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7841/2022 saylı 07 noyabr 2023-cü il tarixli qərardadından cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının «Vətəndaş İddiaçı şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında» xx.xx.1992-ci il tarixli, 1039 nömrəli sərəncamına əsasən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində fərdi yaşayış evi tikintisi üçün İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7841/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının «Vətəndaş İddiaçı şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında» xx.xx.1992-ci il tarixli, 1039 nömrəli sərəncamına əsasən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qərarı İPM-nin 75.4-cü maddəsinə əsasən qanuni qüvvəyə mindiyindən icra olunması üçün xx.xx.2022-ci il tarixli icra məktubu ilə cavabdeh orqana göndərilmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7841/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7841/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1300/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş müddətin bərpa edilməsi barədə ərizə təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(112)-7841/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılmaması və apellyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. İPM-in 79-cu maddəsinə uyğun olaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7841/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli icra məktubu ilə məhkəmə qərarı icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmənin qeyd edilən qərarı icra edilmədiyi üçün cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinə İPMə uyğun olaraq cərimə tədbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(112)-7841/2022 saylı qərarının icra edilməsi barədə məhkəməyə və iddiaçıya məlumat verilmədiyindən cavabdeh orqan cərimənin tətbiq edilməsi barədə xəbərdar edilmiş və əlavə olaraq məhkəmə qərarının icrası üçün 10 gün müddət təyin edilmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti xx.xx.2023-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7841/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1039 saylı Sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin ikilməsi üçün Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Vətəndaş İddiaçı Sabunçu RİH müraciət edərək ona ayrılmış 1200 kv.m torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsini xahiş etmiş, lakin ayrıc aktı və yerləşmə barədə məlumat olmadığından imtina verilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Sabunçu RİH baçısının 06.03.1 992-ci il tarixli, 1039 saylı sərəncamı ilə Nardaran qəsəbəsində ona ayrılmış 1200 kv.m torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi öhdəliyinin Sabunçu RİH-nə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Sabunçu RİH-nə ünvanlanmış və qərar icra edilən zaman müəyyən olunmuşdur ki, faktiki olaraq İddiaçı göstərdiyi və həmin torpaq sahəsinə yerləşmə sxeminin verilməsini istədiyi torpaq sahəsi Nardaran qəsəbəsi inzibati ərazisində deyil, Bilgəh qəsəbəsinin inzibati ərazisi daxilindədir. Bundan sonra məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayəti ilə müraciət edilsə də, ərizə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-7841/2022 saylı 07 noyabr 2023cü il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilən ərizənin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilmiş və sözügedən qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti ərizələrin məzmununa uyğun əsaslandırılmışdır. İddiaçı apellyasiya şikayətinə dair yazılı etiraz verərək bildirilmişdir ki, məhkəmə tərəfindən qərar lazımi qaydada cavabdeh orqana göndərilmişdir, (şəxsən də çatdırılmışdır). Cavabdeh orqan məhkəmə qərarından müəyyən edilmiş vaxtda apelyasiya şikayəti verməmişdir. Müddət ötürülərək şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmişdir. Apelyasiya şikayəti mümkün sayılmamışdır. Bakı İnzibati məhkəməsinin qərarının icra edilməsi üçün cavabdeh orqana icra vərəqəsi göndərilmiş və qərarın icrası tələb edilmişdir. Azərbaycan Respublikası adından qəbul edilmiş qərarlar qeyd və şərtsiz icra edilməlidir. Cavabdeh qanunsuz hərəkətlər etməkdə davam etmişdir. Ərizə ilə müraciət edilmişdir ki, cavabdeh məhkəmə qərarını icra etmir və onu 50000 min manat cərimə edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizəyə baxış vaxtında cavabdeh bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7841/2022 saylı qərarını icra edəcəklər, onlar cərimə edilməsin. Cavabdeh məhkəmə qərarını 07 noyabr 2023-cü il tarixdə icra etmişdir və bu barədə torpaq sahəsinə cizgi vermişdir, (surəti əlavə edilmişdir) Məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin cərimə edilməsi barədə ərizəsini geri götürmüşdür. Məhkəmə qərarı icra edildikdən sonra cavabdeh apelyasiya şikayəti vermiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7841/2022 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi dair qərardad qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, cavabdehin apelyasiya şikayəti tamamilə əsassızdır, təmin edilməməlidir. Məhkəmə qərarı cavabdeh təşkilat tərəfindən icra edilmişdir. Qeyd edilənlərə əsasən iş üzrə cavabdeh olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin apelyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Belə ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətə cavab verməmişdir, bununla bərabər məhkəmə sərəncamı da cavabdeh tərəfindən icra edilməyərək iddiaya münasibət bildirilməmişdir. Hazırda cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə bildirilir ki, məhkəmədən əvvəl iddiaçının müraciətindən ayrıc aktı və yerləşmə barədə məlumat olmadığından imtina edilmişdir. Lakin hazırda cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə göstərilmiş məhkəmə icraatının təzələnməsinə əsas olan yeni sübutlar və ya hallar kimi qeyd olunanlar (faktiki olaraq İddiaçı göstərdiyi və həmin torpaq sahəsinə yerləşmə sxeminin verilməsini istədiyi torpaq sahəsinin Nardaran qəsəbəsi inzibati ərazisində deyil, Bilgəh qəsəbəsinin inzibati ərazisi daxilində yerləşməsi) məhkəmə gedişi zamanı cavabdeh tərəfindən məhkəməyə bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmişdir. Yalnız birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilərkən həmin apellyasiya şikayətinin məzmununda bu hala istinad olunmuşdu ki, həmin apellyasiya şikayəti də prosessual müddətin ötürülməsi səbəbindən qeyri-mümkün sayılmışdır. Odur ki, iş üzrə müəyyən olunur ki, icraatın təzələnməsi üçün yeni açılmış hal kimi istinad olunan hal həqiqətən də bundan öncə iş üzrə xx.xx.2022-ci il tarixli qərardan apellyasiya şikayəti verilərkən hələ cavabdeh tərəfə məlum olmuşdur, yəni qeyd olunan hal sonradan cavabdeh orqana məlum olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd olunan hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz və apellyasiya şikayətinin və yeni açılmış hallarla bağlı ərizənin dəlilləri qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatının təzələnməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7841/2022 saylı 07 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar