Məhkəmə qərarları › İş №2-1(103)-1195/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1195/2021

27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1195/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı məzuniyyət haqqının ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5662/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Məhkəmələr və hakimlər haqqında” AR QanununUN 107-ci maddəsinə 12.07.2019-cu il tarixdə edilmiş dəyişiklik hakimlərə məzuniyyətə çıxarkən məzuniyyət haqqının verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.12.2019-cu il tarixli 468 nömrəli Qərarına əsasən 01.09.2019-cu il tarixdən verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149.İİİ hissəsinə zidd olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149.Vİİ hissəsinə əsasən 08.10.2010-cu ildən 19.04.2017-ci ilə kimi olan dövrə görə iddiaçıya məzuniyyət haqqı verlməsi və 08.10.2010-cu ildən 01.01.2011-ci ilə kimi Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində, 01.01.2011-ci ildən 19.04.2017-ci ilə kimi Cəlilabad Hərbi Məhkəməsində hakim vəzifəsində işlədiyi dövrə görə iddaçıya məzuniyyət haqqının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.11.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 08.10.2010-ci il tarixə kimi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsində hakimlər məzuniyyətə çıxarkən onlara iki vəzifə maaşı məbləğdə məzuniyyət haqqı verilməsi qeyd edilmişdir. 08.10.2010-cu ildə həmin Qanunun 107-ci maddəsinin İ hissəsinin ikinci cümləsində “iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir” sözləri “iki aylıq əmək haqqı məbləğində müavinət verilir” sözləri ilə əvəz edilmiş, məzuniyyət haqqının verilməməsi göstərilməmişdir. Qanunda bu dəyişiklik ediləndən sonra bəzi məhkəmələrdə haqlı olaraq hakimlər məzuniyyətə çıxarkən onlara iki əmək haqqı məbləğdə müavinətlə yanaşı məzuniyyət haqqı da verilmişdir (Sumqayıt Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi). “Məhkəmələr və hakimlər haqqında” Qanuna 12.07.2019-cu il tarixdə dəyişiklik edilmiş, 107-ci maddənin İ hissəsinin 2-ci cümləsi aşağıdakı redaksiyada verilmişdir: “hakimlər məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir”. Beləliklə, Qanuna edilmiş bu dəyişiklik 08.10.2010-cu ildən sonrakı dövrdə hakimlərə məzuniyyətə çıxarkən məzuniyyət haqqının verilməməsinin qanunsuz olmasını təsdiqləmiş, hakimlərin maddi vəziyyətini yaxşılaşdırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.10.2019-cu il tarixli 46 nömrəli Qərarı ilə təsdiqlənmiş “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”na uyğun olaraq məzuniyyət haqqının 01.09.2019-cu il tarixdən verilməsi isə Konstitusiyaya ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının İ, V və Vİİ bəndlərinə əsasən, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabət münasibətlərə) əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göstərilənlərə əsasən hakimlərə məzuniyyətə çıxarkən iki əmək haqqı məbləğində müavinətlə bərabər onlara məzuniyyət haqqının da verilməsi hakimlərin maddi vəziyyətini yaxşılaşdırdığından, hakimlərə 08.10.2010-cu ildən 01.09.2019-cu il tarixədək olan dövrə görə məzuniyyət haqqı ödənilməlidir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli və 2014-cü il 26 dekabr tarixli 399 nömrəli qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının hakimləri hərbi qulluqçu kimi tanınaraq onlara, o cümlədən iddiaçıya tərxis olunandan 19 il sonra istifadə etəmədikləri məzuniyyət haqları ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu mövqeyini nəzərə alaraq hesab edir ki, 08.10.2010-cu ildən sonra hakim vəzifəsində işləmiş bütün hakimlərə (məzuniyyət haqqını almış Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin hakimləri istisna edilməklə) 2010-cu ildən 01 sentyabr 2019-cu ilə kimi olan dövrə görə məzuniyyət haqqı ödənilməlidir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, iddiaçının hakimlik səlahiyyətlərinə 19.04.2017-ci ildə xitam verilmiş, “Məhkəmələr və hakimlər haqqında” Qanunda hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqının verilməsini nəzərdə tutan dəyişikliklər isə 12.07.2019-cu ildə edilmiş və həmin dəyişikliklər 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının hakim kimi fəaliyyətdə olduğu dövrdə məzuniyyət haqqının verilməsi ilə bağlı qeyd olunan normalar qüvvədə olmamış, iddiaçının hakimlik fəaliyyətinə xitam verildikdən sonra qanunvericiliyə dəyişikliklər edilmişdir. Bundan əlavə, iddiaçı hakim kimi fəaliyyətdə olduğu dövrdə məzuniyyətlə əlaqədar bütün ödənişləri almışdır. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin qanunun səhv təfsirindən ibarət olan dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin iddiaçıya məzuniyyət haqqının ödənilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5662/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar