Məhkəmə qərarları › İş №2-1(103)-1195/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1195/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1195/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5132/2022 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə suni şəkildə yaradılmış maneənin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi barədə qərar qəbul edilməsini və qanunsuz hərəkətləri həyata keçirmiş vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. 13 aprel 2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin (vəkilinin) “İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5132/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-2251/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin 2-1(112)-5132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından icra edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icra olunması ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5132/2022 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5132/2022 nömrəli qərardadı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada riskli vergi ödəyiciləri sırasına daxil edilmədən, yəni müvafiq akt qəbul edilmədən əməliyyatların aparılmasına yaradılmış maneənin ortadan qaldırılması məqsədilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə suni şəkildə yaradılmış maneənin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi və qanunsuz hərəkətləri həyata keçirmiş vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmənin İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən hüquqi yardımı əsasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Lakin həmin qərar bu günədək icra edilməmişdir. Qərarın icrası ilə əlaqədar İddiaçı Məhdud Məsuliyyətinin müraciətləri əsasında məhkəmə bir neçə dəfə cavabdehə xəbərdarlıq etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilir ki, Baki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2-1(112)- 5132/2022 nömrəli qararının icrası ilə əlaqədar müvafiq tədbirlər görülməkdədir, Qərarın icrası ilə əlaqədar əlavə məlumat təqdim ediləcəkdir. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilir ki, ƏDV sub-uçot hesabı üzrə əməliyyatlar üçün istifadə olunan elektron proqram təminatında müəyyən edilmiş xəbərdarlıq məlumatları ortadan qaldırılmış İddiaçı həmin tarixdə riskli vergi ödəyicisi siyahısında müəyyən edilməmiş və bu barədə vergi ödəyicisinə məlumat verilmişdir. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilir ki, İddiaçı həmin tarixdə riskli vergi ödəyicisi siyahısında müəyyən edilməmişdir. Nəhayət cavabdeh istər iddia ərizəsinə məhkəmədə baxılarkən, istərsə də icra mərhələsində məhkəməyə təqdim etdikləri etirazlardan, məktublardakı məlumatlandırmalardan fərqli olaraq xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçını ələ salmağa çalışmışdır. Belə ki, cavabdehin məktubunda bildirilir ki, iddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılmanı xahiş etmiş, məhkəmə təmin etmiş, lakin bizdə baxıb gördük ki, sən demə İddiaçı həmin tarixdə riskli vergi ödəyicisi siyahısında müəyyən edilməmişdir. Sanki 1 il davam edən məhkəmə mübahisəsi, cavabdehin apelliyasiya şikayətləri məhkəmələr boş dayanmasın deyə, vəkillər işsiz qalmasın deyə həyata keçirilmişdir. Ən maraqlısı isə məhkəmənin mövqeyidir. Belə ki, iddiaçı riskli vergi ödəyicililərinin siyahısına daxil edilmədən, yəni belə bir qərar qəbul edilmədən ona “ehtimal” adı altında elektron proqramda suni maneələr yaradıldığını, əməliyyatların aparılmasına icazə verilmədiyini bildirərək suni şəkildə yaradılmış maneənin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi və qanunsuz hərəkətləri həyata keçirmiş vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə öz təşəbbüsü ilə hüquqi yardım edərək iddianın dəyişdirilməsini tövsiyə etmiş, iddiaçı iddia tələbini dəqiqləşdirərək, İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia təmin edildikdən sonra məhkəmə cavabdehdən qərarın icrasını tələb etmiş, cavabdeh isə qərarın icrası ilə bağlı müvafiq tədbirlər görülməkdədir, Qərarın icrası ilə əlaqədar əlavə məlumat təqdim ediləcəkdir kimi cavablar vermişdir. Lakin nədənsə məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edildiyi, “maneənin ortadan qaldırılmasının” ayrıca müstəqil iddia icraatı qaydasında araşdırılmalı olan mübahisə olduğu qənaətinə gəlmişdir. İddiaçının iddiasının əsası suni şəkildə yaradılmış maneənin aradan qaldırılması olmaqla, məhkəmə mübahisələri, cavabdehin şikayətləri, qərarın icrası barədə məktubları məhz maneənin ortadan qaldırılması olduğu halda sanki heç nə olmamış kimi “ayrıca müstəqil iddia icraatı qaydasında araşdırılmalı olan mübahisə” kimi qiymətləndirilməsi onları çox narahat edir. Bu hal məhkəmələrə, inzibati orqanlara olan etimadı zədələmiş olar. Məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən yardım göstərərək tərəflərindən verilən iddia tələbinin İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması şəklində dəyişdirilməsinə dair tövsiyə vermiş və bunun hüquqi nəticəsinin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə suni şəkildə yaradılmış maneənin aradan qaldırılması olacağını qeyd etmişdir. Lakin hal-hazırda iddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə məhkəmə aktı mövcud olsa da, sahibkarlıq fəaliyyətinin tam həyata keçirilməsinə süni şəkildə yaradılmış ilkin maneə aradan qaldırılmamışdır. İddiaçı öncədən də riskli vergi ödəyicisi olaraq qeydə alınmamışdır. Məhkəmə iddiaçının əsas problemindən xəbərdar olmasına baxmayaraq, özünün gəldiyi nəticəyə dair mövqeyini dəyişərək müvafiq qərardadda “Məhkəmə, iddiaçının ərizəsində qeyd etdiyi tələbi ilə bağlı izah edir ki, “Elektron sistemə girişə qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı” tələb ayrıca iddia tələbinin predmeti olmaqla yeni iddia kimi məhkəmədə mübahisələndirilməlidir. Belə ki, ərizəçinin elektron sistemə daxil ola bilməməsi məhkəmə qərarının icra edilməməsi kimi qəbul edilə bilməz.” ifadəsinə yer verilmişdir. Halbuki, məhkəmə İPM-nin 13-cü maddəsinə uyğun olaraq göstərdiyi yardıma müvafiq olmayan nəticəyə gəlmiş və iddia tələbinin dəqiqləşdirilməsi nəticəsində məsələnin həllinin uzanmasına səbəb olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5132/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarının icrası ilə bağlı qeyd edirik ki, İddiaçı MMC ilə aparılan əməliyyatlar zamanı digər şəxslər tərəfindən elektron qaiməfakturanın tərtibi, o cümlədən ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında müəyyən edilən xəbərdarlıq mesajları aradan qaldırılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********023700 nömrəli məktub ilə məlumat verilmiş və bildirilmişdir ki, aparılan araşdırma zamanı İddiaçı MMC xx.xx.2023-cü il tarixə riskli vergi ödəyicisi siyahısında müəyyən edilməmiş və elektron qaimə-fakturanın tərtibi, o cümlədən ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıqlar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə riskli vergi ödəyicisi siyahısında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5132/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə minmiş və icra edilməsi üçün cavabdehə göndərilmişdir. Hazırda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qeyd olunan qərarın cavabdeh tərəfindən icra edilmədiyini bildirməklə qərarın icra olunması ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülməsini xahiş edir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi siyahısında müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarı onun məzmununa uyğun qaydada tam icra olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5132/2022 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar