Məhkəmə qərarları › İş №2-1(103)-1196/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1196/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1196/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı müavinətin ödənilməsi tələbinə dair iddiası üzrə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1725/2020 saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi N.Şahgəldiyeva tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən yəni xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək cəmi 35 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1725/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiаçıya 20 may 2012-ci il tarixdən xx xxxxx 2015-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Oruczadə). Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi N.Şahgəldiyeva apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, buraxılmış müddətin üzrlü sayaraq onun bərpa edilməsini xahiş etmişdir. Nümayəndə prosessual müddətin bərpa edilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli "Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında" 06 saylı Qərarı ilə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq xx xxx 2020-ci il tarixinədək təxirə salınmışdır. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şöbələrin əməkdaşlarının işə çıxmasına kvota (limit) qoyulmuşdur (Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” xx xxxx 2020-ci il tarixli Qərarına əsasən). Nəticədə, müddət üzrlü səbəbdən ötürüldüyü üçün apellyasiya şikayətini vermək mümkün olmamışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən nümayəndənin izahatını dinləyib, apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İş materiallarında olan məhkəmə qərarının göndərilməsi barədə məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1725/2020 saylı qərarın surəti xx.xx.2020-ci il tarixdə göndərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında qərarın surətinin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə alındığını bildirmiş və alınmasına dair məhkəməyə sübüt təqdim etmişdir. Cavabdeh məhkəmənin qərarından apelyasiya şikayəti və apelyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Həmin şikayət və ərizə xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin tamam olmasından sonra, yəni 28 gün otürülməklə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilməsi məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (24.3). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir (24.5). Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir (24.6). Məhkəmə kollegiyası cavabdehin ərizəsində göstərilən prosessual müddətin buraxılmasına səbəb olmuş halları qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli, 06 saylı Qərarında məhkəmələrin icraatlarında olan təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olunmaqla, digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tətbiq edilən xüsusi karantin rejimində “xxxx” MMC-nin bütün poçt şöbələri həftənin bazar günü də fəaliyyət göstərmişdir və hazırki iş üzrə məhkəmə qərarından apellyasiya şikayəti verməsi üçün cavabdehin kifayət qədər vaxtı olmuş və o, bundan istifadə etməmiş, nəticədə isə prosessual müddət onun özünün təqsiri üzündən üzürsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1725/2020 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi N.Şahgəldiyeva tərəfindən Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(112)-1725/2020 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar