Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1196/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-5537/2020 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 23.07.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 12.01.1993-cü il tarixdən 29.03.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş, 26 təqvim ili (güzəştli şərtlərlə isə 45 il) xidmət etmişdir. Xidmətinin 23 ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Lakin mənzillə təmin olunmaq hüququnun olmasına baxmayaraq, hərbi xidmət dövrü yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 №-li Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Həmin Fərmanda dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Həmin Fərmana əsasən o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir və bunun üçün də kifayət qədər əsaslar mövcuddur. Belə ki, o, 23 il 02 ay 17 gün Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət etmişdir, 20 ildən çox qüsursuz xidmət etdiyinə görə 24.06.2013-cü il tarixdə 1ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur, ümumiyyətlə 7 medalla təltif olunmuşdur, hərbi xidmət dövrü heç vaxt yaşayış sahəsi ilə təmin edilməmişdir, himayəsində 2 uşağı var, Silahlı Qüvvələr veteranıdır, uzun müddət döyüş zonasında xidmət etmişdir, müharibə veteranıdır, 2-ci qrup Qarabağ müharibəsi əlilidir. 2020-ci ilin iyun ayında o, cavabdehə ərizə ilə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" (Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında) Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə göstəriş verilməsini xahiş etmiş, lakin onun müraciətinə 19.06.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, o, Gəncə Qarnizonunun Hərbi tribunalı tərəfindən 25.10.1995-ci il tarixli hökmünə əsasən 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət etmiş, 20 il qüsursuz xidmət etməsini isə 24.06.2013-cü il tarixli 087 t №-li əmrlə təltif edildiyi 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı sübut edir. Həmçinin o, 09.03.2016-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı medalı ilə təltif edilmişdir. Bu medalla Silahlı Qüvvələrdə 25 il və daha çox qüsursuz xidmət etmiş Azərbaycan Respublikasının hərbi qulluqçuları təltif olunurlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-5537/2020 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. 09.02.2021-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-5537/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənlər nəzərə alınsa iddiaçının bu kateqoriyadan olan şəxslərlə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanı uyğun deyildir. Səbəbdə odur ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 25.10.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226.1.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzanın şərti olaraq tətbiq edilməməsi haqqında qərar qəbul edilmişdir. Burdan belə məlum olur ki, iddiaçının xidməti qüsurlu olmuşdur. 16.02.2021-ci il tarixdə üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-5537/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçı sözügedən Fərmanda nəzərdə tutulan şəxslərin kateqoriyasına bərabər tutula bilməz ona görə ki, məhkumluğun olması iddiaçının 20 il ərzində hərbi xidmətin qüsursuz xidmətinin hesab edilməsini istisna edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-5537/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2004-cü il tarixli 044t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)» yubiley medalı ilə təltif olunmuşdur. - vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 30 iyun 2008-ci il tarixli 0120t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» yubiley medalı ilə təltif olunmuşdur. - vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli 099t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» yubiley medalı ilə təltif olunmuşdur. - vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli 0171t nömrəli əmri ilə «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif olunmuşdur - vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 01 dekabr 2016-cı il tarixli 0156t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə təltif olunmuşdur. - vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 22 iyun 2006-ci il tarixli 044t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. - vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2009-cı il tarixli 036t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. - vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli 087t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı, «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı, «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı, «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin tələblərinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin tələblərinə əsasən isə “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər və “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə iddiaçının 20 təqvim ilindən çox qüsursuz xidmət etməsi, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi tanındığı öz təsdiqini tapdığından hazırkı iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-5537/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-5537/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1196/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1196/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver