Məhkəmə qərarları › İş №2-1(103)-1196/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1196/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1196/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi Məmməd-zadə Orxan Oqtay oğlunun (Hüquq və İnsan Resursları şöbəsinin hüquq məsləhətçisi) və cavabdehin nümayəndəsi X1 (Qəbiristanlıq müdiri) iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN **********, hüquqi ünvanı- AZ1037, ünvan 1 qanuni təmsilçi- X6, dövlət qeydiyyatına alındığı tarix-xx.xx.1996-cı il) cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə qarşı (üçüncü şəxs X7) “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(112)-796/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC xx.xx.2020-ci il tarixində cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə qarşı üçüncü şəxs X7 işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin 15 fevral 2007-ci il tarixli, 06/1 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X3 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli, 30/1477 saylı qərarı ilə “Azneft” İstehsalat Birliyi “Balaxanıneft” NQÇİ-nin (keçmiş “Leninneft NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün sənaye təyinatlı torpaq sahələri ayrılmışdır. İddiaçı MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın "xxxx" Şirkəti arasında neft hasilatı üzrə bağlanmış müqaviləyə əsasən 1994-cü ildə İddiaçı MMC yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı MMC-nin fəaliyyəti həyata keçirmək üçün öz əsas vəsaitlərini və neft hasilatı aparılan ərazini MMCnin balansına təsisçi kimi təqdim etmişdir. Hal-hazırda istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. xx.xx.2020-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, 39T 415493.89; 4478539.38 koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilən zaman, neft-qaz əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş “Kontrakt sahəsi”-ində 600 kv.m ərazinin zəbt olunaraq, fərdi yaşayış evinin tikintisi aşkarlanmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli 600 kv.m torpaq sahəsi Sabunçu rayonu Ramana Bələdiyyəsinin 06/1 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə vətəndaş X5 ayrılmışdır. Halbuki, qeyd edilən torpaq sahəsi İddiaçı MMC-nin neft qaz əməliyyatlarının aparılması üçün istifadəsinə verilmiş strateji əhəmiyyətli ərazidir və burada tikinti işlərinin aparılması qəti qadağandır. Eyni zamanda qeyd edirlər ki, İddiaçı MMC-nin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin, yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər-hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yəni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(112)-796/2021 nömrəli qərardadı ilə (hakim A.Abdullayeva) iddiaçı “Azgerneft MMC-nin iddiası mümkün sayılmamış, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatın dəyəri, 25 manatı İddiaçı MMC-yə, digər 25 manatı isə cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə aid edilmiş və onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilməsi qərara alınmışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs X7 (xx.xx.1967-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır) məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfindən bildiriş onun qeydiyyat ünvanına və ünvan 3espublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı MMC cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/1 nömrəli qərarının üçüncü şəxsə münasibətdə hissəsində ləğv edilməsini tələb etmişdir. İşə əlavə olunmuş həmin Qərarın kserosurətinə əsasən müəyyən olunur ki, Qərarın 1-ci bəndinə əsasən Ramana qəsəbəsi, 2-ci sahədə 600 kv.m torpaq sahəsi alğı-satqı yolu ilə üçüncü şəxs X4 mülkiyyətinə ayrılmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına iddiaçının ləğv edilməsini xahiş etdiyi Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin 15 fevral 2007-ci il tarixli, 06/1 nömrəli qərarının yalnız təsdiq edilməmiş kserosurəti əlavə edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu ünvanlanaraq işin obyektiv həlli məqsədilə iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli, 06/1 nömrəli qərarın (iş materiallarına əsasən qərar X5 münasibətdə verilmişdir) təsdiq olunmuş surətini, qərarın verilməsinə əsas olan sənədlərin surətlərinin, eyni zamanda qeyd edilən qərar X5 münasibətdə qəbul edilməyibsə, ona münasibətdə qəbul edilmiş qərarın təsdiq edilmiş surətini, Ramana Bələdiyyəsinin hansı illərdəki sənədlərinin onlara təhvil verilməsi barədə məlumatların və ümumiyyətlə, sorğuda əks olunmayan, lakin işlə bağlı olan bütün sənədlərin və məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Eyni zamanda məhkəmə tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə sorğu ünvanlanaraq İşin obyektiv həlli məqsədilə iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli, 06/1 nömrəli qərarın təsdiq olunmuş surətinin, qərarın verilməsinə əsas olan sənədlərin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA- 01617-2022 saylı cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 25 №-li cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli, 06/1 nömrəli qərar və onun verilməsinə əsas olan digər sənədlər Ramana bələdiyyəsindən qeydiyyatdan keçməmişdir və bununla bağlı heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı birgə müəssisəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın "xxxx" şirkəti arasında neft hasilatı üzrə 1994-cü ildə bağlanmış müqaviliyə əsasən yaradılmış və həmin vaxtdan İddiaçı MMC (hazırkı adı) onun istifadəsinə verilmiş torpaqların ərazi hüdudlarını artıq dəqiq bilmiş (və ya bilməli idi). Lakin, üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə cavabdehin xx.xx.2007-ci il tarixli, 06/1 nömrəli qərarı (əlverişli inzibati aktı) 13 il keçdikdən sonra, yəni, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən iddia müddəti ötürməklə, məhkəmə qaydasında mübahisələndirilmiş, ləğv olunması barədə iddia qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eyni zamanda İPM qədər tətbiq edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 296.1-ci və 298-ci maddələrində nəzərdə tuturdu ki, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisə qaldıra bilər. Həm də qeyd edilməlidir ki, Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilən 10 illik ümumi iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, istər hazırda qüvvədə olan Azərbaycan Respublikası İPM-nin, istərsə də, bu Məcəllə qüvvəyə minənədək tətbiq edilən Azərbaycan Respublikası MPM-nin müvafiq müddəaları üzrə iddiaçı tərəfindən iddia müddətinə əməl edilmədiyindən, hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(112)-796/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar