Məhkəmə qərarları › İş №2-1(103)-1197/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1197/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1197/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “qərarın etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-1896/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə 20 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “X2” 54-İİİQ nömrəli qanunun 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası “Əmək pensiyalar haqqında” 54-İİİQ nömrəli qanunun 12-ci maddəsinə əsasən 01.03.1993-cü il tarixdə çıxardığı qərarın əsassız və etibarsız sayılması, Azərbaycan Respublikasının “İcbari sığorta haqqında” 999-İİİQ nömrəli Qanununun 18.1 maddəsinə əsasən, TSEK-in (HƏEK) qərarına əsasən İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında Akt № 2-yə əsasən, Azərbaycan Respublikasının “İcbari sığorta haqqında” 999-İİİQ nömrəli qanunun 16.2-ci maddəsinə əsasən aylıq sığorta ödənişi hadisə baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır, bu qanunu əsas tutaraq 01.03.1993-cü il tarixdən bu günə qədər pozulmuş hüquqlarının bərpa edilməsi, Azərbaycan Respublikasının Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanın 5.2 bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 №li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2003-cü il tarixli 920 nömrəli Fərmanının 4.1 bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən müavinətlə əlaqədar çıxarılan qərarın əsassız və etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, o, 29.04.1987-ci il tarixli Bakı Avtomobil zavodunda 63/K saylı əmrə əsasən nəqliyyat sexinə yükləyici vəzifəsinə təyin olunmuşdur. 19.01.1988-ci il tarixində istehsalatda əmək xəsarəti almışdır (20.01.1988-ci il AKT №2). O, TSEK-in 13 iyun 1988-ci il tarixli, 512 saylı müayinə aktına əsasən əmək xəsarətinə görə İİİ dərəcəli əlil kimi 60% Peşə əmək qabiliyyəti itirilmiş, TSEK-nin 29.03.1990-cı il tarixli 85 saylı müayinə aktına əsasən əmək xəsarətinə görə İİ dərəcəli əlil kimi 80% əmək qabiliyyəti itirilmiş, TSEK-nin 03.02.1992-ci il tarixli № 096223 müayinə aktı 89 saylı çıxarışa əsasən əmək xəsarətə görə İİ dərəcəli əlil 80% əmək qabiliyyəti itirilmiş, TSEK-in 12.02.1993-cü il tarixli № 075960 müayinə akt 187 saylı çıxarışa əsasən istehsalatda əmək xəsarətinə görə İİ dərəcəli əlil 80% əmək qabiliyyətini itirmiş, TSEK-nin 12.06.1997-ci il tarixli 047236 saylı müayinə akt 746 əmək xəsarətinə görə İİ dərəcəli əlil 80% əmək qabiliyyətini itirmiş, müddət ömürlük. O, 15.07.2019-cu il tarixli qeydiyyat № 10 ərizə ilə müraciət edərək xahiş etmişdir ki, yenidən pensiyası hesablansın və 22.07.2019-cu il tarixli ********* saylı məktubla cavab almışdır. 01.01.2006cı ildə Həkim Ekspert Komissiyasının qərarı ilə İİ qrup ömürlük əlillik təyin edilmişdir və buna əsaslanaraq əmək pensiyası təyin edilmiş və ödənilmişdir. 28.10.2019-cu il tarixli **********8 saylı ərizə ilə müraciət etmişdir. 05.11.2019-cu il tarixli **********8 saylı ərizə ilə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Suraxanı rayon şöbəsindən əmək zədəsinə görə aylıq sığorta ödənişinin yenidən baxılmasını və hesablanmasını xahiş etmişdir. 07.11.2019-cu il tarixli **********9 saylı məktuba cavab almışdır. 12.06.1997-ci ildə əlilliyin müddəti ömürlük olunmuşdur. Cavab olaraq bildirilmişdir ki, onun pensiyası Azərbaycan Respublikası “X2” Qanunun tələblərinə uyğun olaraq 9 il 6 ay 13 gün sığorta stajı ilə əmək pensiyası hesablanmış, təyin edilmiş və ödənilmişdir. 29.10.2019-cu il tarixində **********8 saylı ərizə ilə cavabdehə müraciət etmiş və cavabdehdən 01.11.2008-ci il tarixindən nə əsasla ona 60 manat müavinət əmək xəsarətinə görə verilmişdir. O, 31.10.2019-cu il tarixli **********00 saylı məktubla cavab almışdır. Məktubda 01.11.2008-ci il tarixindən ona əmək xəsarətə görə 80% əmək qabiliyyətinin itirməsinə görə şöbə tərəfindən “ona hal-hazıradək müavinat ödənilir. O əsasla ki, 28.08.2009-cu il tarixdə “xxxx” ASC-nin özəlləşdirilməyə verilməsi ilə əlaqədar olaraq ərizə ilə müraciət etmişdir. Azərbaycan Respubliaksının Prezidentinin 2008-ci il avqust tarixli 804 saylı Fərmanına uyğun ödənilir. Və özəlləşdirilməsi başa çatmamış Dövlət müəssisəsinin siyahısında sıra №-si 51 xxxx № 242. 27.11.2001-də adı qeyd edilmişdir. 22.10.2019-cu il tarixli qeydiyyat № ********** saylı ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi “xxxx” ASC-nin özəlləşdilməsi başa çatdığı tarixin ona məlumat verilməsini xahiş etmişdir. 01.11.2019-cu il tarixli qeydiyyat № **********66 saylı məktubla cavab almışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinin üzvlərinə güzəştli satışı ilə əlaqədar zəruri tədbirlər Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanına uyğun olaraq müəssisədə yaradılan özəlləşdirmə komissiyası tərəfindən həyata keçirilmişdir. 04.03.2002-ci il tarixli Sərəncam № 86 Bildiriş № 0022692. Bakı Avromobil ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışda iştirak etmiş və səhm əldə etmişdir. Respublika Auksion Mərkəzinin Baş Direktoru cənab A.Əhmədov təsdiq etmiş, o hesab edir ki, “xxxx” ASC-nin rəhbərlik, istehsalat əmək xəsarətə görə aylıq ödənişi ödəməkdən yayınmaq üçün, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Suraxanı rayon şöbəsi ilə əlbir olub “onun sənədləri saxtalaşdırılmışdır” onun topladığı sənədlər buna əsas verir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilən iddia ərizəsindən tələbin nədən ibarət olduğu aydın deyil. Həmçinin işlə bağlı iddia ərizəsinə əlavələr təqdim edilib ki, onlarda da tələbin nə olduğu aydın deyil. İPM-in 35-ci maddəsinin tələbləri onu ehtiva edir ki, inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddia ərizəsinə əlavədə iddiaçı əmək pensiyasının hesablanmasında yanlışlıqlara yol verildiyini və pensiya ilə bağlı qərarın əsassız və etibarsız sayılmasını iddia edir. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-1896/2020 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı müraciətinə yenidən baxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 02.02.2021-ci il tarixdə apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli 2-1(112)-1896/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 08.02.2021-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli 2-1(112)-1896/2020 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim işin obyektiv araşdırmasına çalışmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 20 fevral 2020-ci il tarixli **********6 nömrəli məktubla Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə 52 vərəqlik sənəd göndərilmişdir. Lakin, hakim qərar qəbul edərkən bu sənədlərin heç birinə istinad etməmişdir. Bununla da hakim prosessual hüquq normalarını pozmuşdur. Əgər hakim yuxarıda qeyd olunan sənədlərə sübut nöqtəyi nəzərdən yanaşsa idi, onun cavabdeh tərəfdən təzminat hüququnun yarandığını isbatlaya bilərdi. Azərbaycan Respublikası “İcbari Siğorta haqqında” qanunun 16.2-ci maddəsinə əsasən aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Azərbaycan Respublikası DSMF - nin Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası “X2” 54-111 Q. nömrəli qanunun 12-ci maddəsinə əsasən 01.03.1993-cü il tarixdə onun barəsində çıxardığı qərarın əsassız və etibarsız sayılması qaçılmaz idi ki, bu fakt da hakimin nəzərindən yayınmışdır. Bundan əlavə Azərbaycan Respublikasının Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanın 5.2 bəndinə əsasən: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış dövlət müəssisələri, özəlləşdirilməsi başa çatmamış dövlət müəsisələri, eləcə də idarə etməyə verilən dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhali Sosial Müdafiə Nazirliyinə təqdim edir. Lakin məhkəməyə təqdim edilmiş sənədlərdə həmin fərmanın onun hüquqlarına zidd olan 4.2 bəndi göstərilmişdir. Hakim qəbul etdiyi qərara hüquqi don geyindirməyə çalışsa da, prosessual hüquq normalarının pozduğu açıq aydın görsənir. Bu faktlar qərarın apellyasiya qaydasında pozulmasına zəmin yaradır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən qərar ləğv edilməli, iddia tələbi mümkünsüz hesab edilməlidir. İddiaçının işləmiş olduğu “xxxx” ASC 19.01.1988-ci il tarixdən etibarən istehsalat qəzası nəticəsində əmək zədəsi aldığı üçün ona aylıq ödəniş təyin etmişdir. Müəssisə 01.11.2008-ci il tarixədək vətəndaşa aylıq ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş müqaviləyə əsasən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən 01.11.2008-ci il tarixdən etibarən İddiaçı 60 manat məbləğində müavinət təyin edilmişdir. 01.02.2016-cı il tarixdən edibarən ödənişin miqdarı 66 manat təşkil edir. Hal-hazırda ödəniş davam etdirilir. Digər ödəniş qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu o deməkdir ki, hazırkı iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab vermir. Başqa sözlə iddiaçı cavabdehin imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi müavinətin təyin edilməsi və ya artıq buna qədər təyin edilmiş lakin ödənilməmiş hər hansı müavinətin ödənilməsi ilə nəticələnə bilsin. Odur ki, hazırkı məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia olunan illərin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya müavinət ödəmək öhdəliyi yaransın. Bu səbəblərdən də iddia tələbi mümkünsüz hesab edilməlidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbləri onu ehtiva edir ki, inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 6-cı bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmin Plenum qərarının 1.3. və 2.1-ci bəndlərinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluqunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluqunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qərarı sadəcə bir sıra qanunvericilik normalarının və işdəki sənədlərin sadalanması ilə çıxarılmış, başqa sözlə, iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş bu səbəblərdən də qərar əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin iddianın mümkünlük şərtlərini xidməti vəzifəsinə görə araşdırmamış, iddiaçının hüquqi marağı düzgün müəyyən edilməmiş, cavabdehin təqdim etdiyi dəlillərə də formal münasibət bildirmiş, həmin dəlillərdən irəli gələn zəruri araşdırmanın aparılmasını təmin etməmişdir. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qərarının məzmunundan göründüyü kimi məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin şərtləri pozulmuşdur. İPM-in 52-ci maddəsində qeyd edilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə işi araşdırarkən iddia tələbinin həddlərini pozmaqla qərar qəbul etmişdir. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi hüquq normalarıdır. Azərbaycan Respublikasının Prezidentinin 26.09.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının” 2.-ci maddəsinə əsasən bu Qaydalar: “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” çərçivəsində və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Yuxarıda qeyd olunan fərmanın 5-ci bəndində qeyd edilir ki: 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş, Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasının 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Şöbələr bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Müqavilə formasında qeyd edilən müddəaya əsasən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 05.03.2020-ci il tarixli məktubda qeyd edilir: “xxxx” ASC-nin ümumi səhmlərinin 0,77 %-i güzəştli satışda satılmış, qalan 99,23 %-i isə dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin 04.08.2008-ci il tarixli 804 nömrəli Fərmanında müəssisələrin özəlləşdirilməsi ilə bağlı məlumatın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edildiyi qeyd edilmişdir. Qeyd etmək lazimdır ki, hazırda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna daxil olan siyahıda “xxxx” ASC özəlləşməsi başa çatmamış müəssisələr sırasında qeyd edilmişdir. Həmin siyahı cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmişdir. Qaydaların adından da aydın olur ki, aylıq müavinəti almaq üçün əsas şərt şəxsin işlədiyi müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi və özəlləşdirilməsi başa çatmamış olmasıdır. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəməyə göndərdiyi cavab məktubunda sözügeden müəssisənin özəlləşdirilməsinin başa çatdığı qeyd edilir. Bu məlumatın inzibati orqana verilməməsi nəticəsində vətəndaşa aylıq müavinətlərin verilməsi davam edir. Hesab edirik ki, qeyd edilən hallar məhkəmə tərəfindən tam və dəqiq şəkildə araşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qərarında “xxxx” ASC-nin müəssisənin özəlləşməsinin başa çatdığı qeyd edilir. 04.08.2008ci il tarixli 804 nömrəli fərmana əsasən özəlləşməsi başa çatmış müəssisələrin yaranmış borcların Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməsi dayandırılır. Belə olan halda İddiaçı ödənilən aylıq müavinət cavabdeh orqan tərəfindən dayandırılmalı və müəssisəyə həvalə edilməlidir. Bu məsələnin məhkəmə tərəfindən aydınlaşdırılması zərurəti vardır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı iləəvəz edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-1896/2020 saylı qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İş materiallarından görünür ki, məhkəmə tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməsi üçün bir neçə dəfə məhkəmə iclası təxirə salınmış, daha sonra iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Lakin həmin ərizədən də iddiaçının iddia tələbinin dəqiq olaraq nədən ibarət olması müəyyən edilmir. Birinci instansiya məhkəməsi işin hallarını qeyd etdikdən, eləcə də maddi və prosessual hüquq normalarını sadaladıqdan sonra iddia tələbini qismən təmin edərək, iddiaçının müraciətinə yenidən baxılması öhdəliyinin cavabdehə həvalə edilməsi qərarına gəlmişdir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr aydın olmadığı kimi, iddiaçının cavabdeh tərəfindən hər hansı inzibati akt qəbul etməsini istədiyi deyil, cavabdeh inzibati orqanın çıxardığı qərarların etibarsız hesab edilməsini istədiyi görünür. Halbuki, işin bu halı hazırki iddianın mümkünlüyü üçün əhəmiyyətli rol oynaya bilər. Bu səbəbdən də kollegiya hesab edir ki, ilk öncə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hansısa inzibati aktın qəbul edilməsini və ya hansısa inzibati aktın etibarsız hesab edilməsini tələb etməsi məsələsi aydınlaşdırılmalı və əldə edilən nəticədən sonra işə baxılması davam etdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üşün göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-1896/2020 saylı qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar