Məhkəmə qərarları › İş №2-1(103)-1197/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1197/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1197/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3789/2021 nömrəli qərarından iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 1965-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olmuş, hazırda AZ-1033, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan İddiaçı 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti ona müharibə veteranı vəsiqəsini verməkdən imtina etmişdir. Belə ki, o, müharibə veteranı vəsiqəsini almaq üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə müraciət etməli idi və ora da, müraciət etmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətindən 18 dekabr 2020-ci il tarixdə «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. 11 dekabr 2020-ci il tarixli imtina məktubunu 18 dekabr 2020-ci il tarixdə almışdır. Bu səbəbdən də, o, bu iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır ki, məhkəmə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin üzərinə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyini qoyulması barədə müvafiq yekun məhkəmə qərarı çıxarılsın. Şərur rayon Hərbi Komissarlığından (hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsindən) 14 oktyabr 1984-cü il tarixdə verilmiş H3 № ******* saylı hərbi biletin 7-ci səhifəsində aparılmış qeyddən görünür ki, xx xxxxx 1965-ci il tarixdə X11 Sosialist Respublikasının (hazırda Naxçıvan Muxtar Respublikasının) İliç (hazırda Şərur) rayonunun Düdəngə kəndində anadan olmuş İddiaçı 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndi ətrafında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən 06 noyabr 2020-ci il tarixdə verilmiş 369-2755M-3220 çıxış sayı olan arayışdan görünür ki, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş X2 İdarəsində olan məlumatlara əsasən xx xxxxx 1965-ci il tarixdə anadan olmuş İddiaçı məhkumluğu olmayan şəxsdir. Şərur rayon Hərbi komissarlığından (hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsindən) 17 iyul 1997-ci il tarixdə verilmiş 4/690 saylı arayışdan görünür ki, xx xxxxx 1965-ci il təvəllüdlü İddiaçı 1990- 1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndi ətrafında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etmişdir. Bu haqda Şərur rayon Hərbi komissarlığından verilmiş H3 № ******* saylı hərbi biletin 7-ci səhifəsində xüsusi qeydiyyatlar aparılmışdır. Azərbaycan Vətən Müharibə X3 Muxtar Respublikası Birliyindən 16 iyul 1997-ci il tarixdə verilmiş 216 saylı arayışdan görünür ki, İddiaçı 1990-1992-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən 11 dekabr 2020-ci il tarixdə vətəndaş İddiaçı göndərilmiş 11/5724 saylı arayışməktubdan görünür ki, İddiaçı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar və digər sənədlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətində olmadığından, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etməsinə baxmayaraq, döyüşlərdə iştirakı haqqında məlumat olmadığına görə ona Azərbaycan Respublikasının «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Sonda iddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3789/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan iddiaçının vəkili Vəkil apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 1990- 1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndi istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, iddiaçıya məxsus H3 seriyalı, ******* №-li hərbi biletin 7-ci səhifəsində edilmiş qeydlərdən görünür ki, o, 1990- 1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndi ətrafında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etmişdir. Şərur rayon Hərbi Komissarlığının verilmiş 17 iyul 1997-ci il tarixli 4/690 saylı arayışından görünür ki, İddiaçı 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndi ətrafında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Veteranlar Birliyinin 16 iyul 1997-ci il tarixli 216 saylı arayışından görünür ki, İddiaçı 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndi ətrafında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etmişdir. Lakin Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinasını əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, sözügedən sənədlərdəki məlumatların arxiv arayışları ilə öz təsdiqini tapmasının araşdırılması məqsədi ilə məlikəmə tərəfindən aidiyyəti qurumlara sorğular göndərilmiş, lakin Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Şərur rayon Dövlət Arxivində və Şərur rayon İcra Hakimiyyətinin arxivində iddiaçının 1990-1992-ci illərdə Ermənistan ilə Sədərək bölgəsində, X9 Komitəsinin tərkibində gedən döyüşlərdə iştirakını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Hansı ki, məhkəmə baxışı zamanı o, iddiaçının nümayəndəsi və vəkili kimi izahat verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Məmmədov X7 Dövlət Müdafiə Komitəsinin tərkibində deyil, Şərur rayon özünü müdafiə taborunun tərkibində Ermənistan silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak itmişdir. Lakin bütün bunlara baxmayaraq Bakı İnzibati Məhkəməsi tərəfindən Naxçıvan MR-ı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinə, Şərur rayon icra hakimiyyətinə və Şərur rayon Dövlət Arxivinə verilən sorğularda iddiaçının Ermənistanla Sədərək bölgəsində, X9 Komitəsinin tərkibində gedən döyüşlərdə iştirakı barədə arxiv məlumatının olub-olmaması soruşulmuş, həmin dövlət orqanları da sorğunun məzmuna uyğun olaraq iddiaçının X9 Komitəsinin tərkibində olması barədə məlumatın olmadığım göstərmişlər. Məlumat üçün bildirir ki, X9 Komitəsi həmin dövrlərdə hərbi hissə kimi fəaliyyət göstərmiş və həmin komitənin tərkibində xidmət etmiş hərbi qulluqçulara “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Əgər Q.M.X8 Müdafiə Komitəsinin tərkibində xidmət etsəydi, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qoyulardı. Həmçinin göstərmək istəyir ki, məhkəmə baxışı zamanı şifahi vəsatət verməsinə baxmayaraq Bakı İnzibati Məhkəməsi Naxçıvan MR-nın müvafiq orqanlarından 1990-1992-ci illərdə Şərur rayonunun Sədərək kəndi istiqamətində özünü müdafiə taborunun tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin siyahısının alınmasını təmin etməmişdir. Hüquqlarını müdafiə etdiyi İddiaçı döyüşlərdə iştirakını təsdiq edən rəsmi sənədlərinin olmasına baxmayaraq Bakı İnzibati Məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmadan onun iddia tələbini təmin etməmişdir. Apelyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdəki məlumatların arxiv arayışları ilə öz təsdiqini tapmasının araşdırılması məqsədilə məhkəmə tərəfindən aidiyyəti qurumlara sorğular göndərilmiş, lakin, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Şərur rayon Dövlət Arxivində və Şərur rayon İcra Hakimiyyətinin arxivində iddiaçının 1990-1992-ci illərdə Ermənistan ilə Sədərək bölgəsində, X9 Komitəsinin tərkibində gedən döyüşlərdə iştirakını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yetərli sübut kimi qəbul edilə bilərdi. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubundan görünür ki, iddiaçının döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstənin tərkibində iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər əlavə edilməmişdir. Hazırki halda göstərilən iddiaçının döyüşlərdə iştirakını sübut edən digər sənədlərlə birgə təqdim edilmədiyindən, hərbi bilet və Komissarlıq tərəfindən verilmiş arayış iddiaçıya münasibətdə hər hansı hüquqi qüvvəyə malik deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, hərbi biletin 7-ci səhifəsində İddiaçı 1990- 1992-ci illərdə Ermənistanla Sədərək bölgəsi arasında gedən döyüşlərdə iştirak etməsi barədə qeydlər mövcuddur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Şərur rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 17 iyul 1997-ci il tarixli arayışdan görünür ki, 1965-ci il təvəllüdlü İddiaçı 1990-cı ildən 1992-ci ilədək Azərbaycan Ermənistan arasında gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 369-2755M-2220 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, M/5724 nömrəli imtina məktubundan görünür ki, iddiaçının “Müharibə veteranı” statusunun verilməsinə dair müraciətinə baxılaraq bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin və “Müvafiq vəsiqələrin nümunəsinin, eskizin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara – müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Belə ki, təqdim etdiyi sənədlər “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas vermədiyi üçün sənədlər ünvanına geri qaytarılır. Odur ki, döyüş əməliyyatlarında iştirakı sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsi tərəfindən verilmiş 1310 nömrəli, 23 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 1990-1992-ci illərdə Ermənistanla Sədərək bölgəsində və X9 Komitəsinin tərkibində gedən döyüşlərdə iştirakı barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin arxiv kitablarında heç bir məlumat yoxdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 296 nömrəli məktubdan görünür ki, 1965-ci il təvəllüdlü istefada olan əsgər İddiaçı 1990-1992-ci illərdə erməni işğalçılarına qarşı Sədərək uğrunda gedən döyüşlərdə iştirak etməsi və hərbi biletində edilən qeydlərin hansı əsasverici sənədlər əsasında aparılması barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin arxiv sənədlərində heç bir məlumat yoxdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şərur rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 100 nömrəli, 16 may 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 1990- 1992-ci illərdə Ermənistan ilə Sədərək bölgəsində, X9 Komitəsinin tərkibində gedən döyüşlərdə iştirakı barədə Şərur rayon Dövlət Arxivində araşdırma aparılmış və onun haqqında heç bir sənəd əldə olunmamışdır. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Şərur rayon Dövlət Arxivi tərəfindən verilmiş 4 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 1990-1992-ci illərdə Sədərək kəndinin müdafiəsində iştirak etmiş şəxslərə dair heç bir sənəd və ya siyahı Şərur rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunan səbəbdən sorğunun tərəflərindən müsbət cavablandırılması mümkün olmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Həmin qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 09 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus hərbi biletin 7-ci səhifəsində aparılmış qeydlərə əsasən 1990-1992-ci illərdə Ermənistanla Sədərək bölgəsində, X9 Komitəsi tərkibində gedən, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilə bilər. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə baxışı zamanı şifahi vəsatət verməsinə baxmayaraq Bakı İnzibati Məhkəməsi Naxçıvan MR-nın müvafiq orqanlarından 1990-1992-ci illərdə Şərur rayonunun Sədərək kəndi istiqamətində özünü müdafiə taborunun tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin siyahısının alınmasını təmin etməmişdir. Hüquqlarını müdafiə etdiyi İddiaçı döyüşlərdə iştirakını təsdiq edən rəsmi sənədlərinin olmasına baxmayaraq Bakı İnzibati Məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmadan onun iddia tələbini təmin etməmişdir. Apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı məhkəmə tərəfindən Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon idarəsinə müvafiq sorğular göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon idarəsi tərəfindən göndərilmiş 343 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1965-ci il təvəllüdlü istefada olan əsgər İddiaçı 1990-1992-ci illərdə Şərur rayon özünü müdafiə taborunun tərkibində Ermənistan silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirakı barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin arxiv kitablarında araşdırma aparıldı. Araşdırma zamanı məlum oldu ki, İddiaçı 1990-1992-ci illərdə Şərur rayon özünü müdafiə taborunun tərkibində Ermənistan silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirakı barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin arxiv kitablarında arxiv sənədlərində heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş məktubdan görünür ki, Şərur Rayon İcra Hakimiyyətinin arxivində son 5 ilin sənədləri saxlanıldığı üçün X5 1990- 1992-ci illərdə Sədərək döyüşlərində iştirak edib-etməməsini dəqiqləşdirmək məqsədilə Şərur Rayon Dövlət Arxivinə və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə sorğu göndərilmişdir. Sorğu nəticəsində sözügedən idarələrdə X5 1990-1992-ci illərdə Sədərək döyüşlərində iştirakını təsdiq edən heç bir sənədin olmadığı məlum olmuşdur. Göründüyü kimi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Şərur rayon Dövlət Arxivində və Şərur rayon İcra Hakimiyyətinin arxivində iddiaçının 1990-1992-ci illərdə Ermənistan ilə Sədərək bölgəsində, X9 Komitəsinin tərkibində gedən döyüşlərdə iştirakını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İstinad olunan normalardan göründüyü kimi müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Hazırkı iş üzrə isə iddiaçıya məxsus hərbi biletin 7-ci səhifəsində aparılmış qeydlərə əsasən 1990-1992-ci illərdə Ermənistanla Sədərək bölgəsində, X9 Komitəsi tərkibində gedən, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak qeyd olunsa da, onun həmin hərbi döyüşlərdə iştirakı mötəbər sənədlərlə sübut olunmur. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndində əsasən, hərbi bilet əsasında müharibə veteranı adı həmin şəxslərin hərbi bileti ilə eyni zamanda hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda verilir. Hazırkı iş üzrə isə iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması barədə nə hərbi hissələrin nizami hissə üzrə əmrləri, nə də arxiv arayışları mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 46.1-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3789/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar