Məhkəmə qərarları › İş №2-1(103)-1197/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1197/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1197/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə əmək pensiyamın yenidən hesablanaraq 190,10 manat artırılması və iddiaçıya guya 1107,09 manat artıq pensiya ödənilməsi barədə həqiqətə uyğun olmayan məlumatın məktub vasitəsi ilə təkzib edilməsi öhdəliyinin qoyulması; 2) Vurulmuş 50000 (əlli min) manat ziyanın Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından alınıb iddiaçıya verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 09 aprel 1984-cü ildən 13 dekabr 2004-cü ilə kimi Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət etmişdir. Cəbrayıl rayon Polis Şöbəsində müstəntiq, Füzuli rayon Polis Şöbəsində isə baş müstəntiq və istintaq bölmə rəisi vəzifələrində işləmişdir. Xüsusi rütbə polis mayoru xüsusi rütbəsinə qədər yüksəldilib. Xidmət illərinin bir hissəsi Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibə dövrünə təsadüf edib. Həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində torpaqlarının müdafiəsi uğründa aparılan döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranıdır. 13 dekabr 2004-cü ildə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş və həmin vaxt daxili İşlər orqanlarında xüdmət müddəti 20 il, 8 ay, 04 gün imtiyazlı hesablama ilə isə 46 il, 3 gün olub. Xidmətdən xaric edildikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 01 yanvar 2005-ci il tarixdə ona xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Hazırda 1226,12 manat məbləğində əmək pensiyası alıram və əmək pensiyamın sığorta hissəsi 279,07 manat, qulluq stajına görə verilən əlavə hissəsi 835,58 manat, maddi yardım hissəsi isə 111,47 manatdır. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edildikdən sonra başqa sahədə (özəl sektorda) əmək fəaliyyətini davam etdirmişdir. 20 dekabr 2004-cü ildən 15 may 2019-cu ilə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində hüquqşünas işləmişdir. 20 may 2019-cu ildən isə əmək fəaliyyətini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində hüquqşünas kimi davam etdirir. İddiaçıya pensiya təyin edildikdən sonrakı dövrdə qazanılan sığorta və yığım hissəsələri üzrə pensiya kapitalının toplanması davam etmişdir. Hazırda fərdi sığorta hesabında istifadə olunmamış 13687,36 manat pensiya kapitalı vardır. "X2" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 37.3.1 bəndinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun tələbinə görə iddiaçı üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı ona pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılmalı (144 ay-72 ay = 72 ay), fərdi sığorta hesabında toplanmış pensiya kapitalı (13687,36manat) gözlənilən pensiya ödənişi müddətinin qalan aylarının sayına bölünməklə (13687,36 manat: 72 ay = 190,10 manat) pensiyanın sığorta hissəsinin üzərinə əlavə edilməli və ümumi pensiya məbləği 190,10 manat artırılaraq 1416,22 manata çatdırılmalıdır. Qanunun 37-ci maddəsinin 37.3.2-1 bəndinə əsasən bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin 37-ci maddənin 37.3.1-ci və 37.3.2-ci bəndlərinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu qanuna uyğun olaraq həyata keçirilir. Odur ki, iddiaçı tərəfindən 2023-cü il mart ayının əvvəlindən başlayaraq pensiyanın yenidən hesablanaraq artırılması üçün dəfələrlə müraciətlər edilmişdir. İlk müraciətindən üç ay yarım keçdikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 23 iyun 2023-cü il tarixli məktubla belə bir cavab verilmişdir ki, iddiaçının fərdi sığorta hesabında cəmisi 13409,93 manat pensiya kapitalı toplanmış, həmin məbləğ 79 aya bölünərək əldə edilmiş 169,75 manat pensiyanın sığorta hissəsinə əlavə edilmiş,eyni zamanda "X2" Azərbaycan Respublikası Qanununun 01 yanvar 2023-cü il tarixə kimi qüvvədə olmuş 29-cu maddəsinin 29.2 bəndi əsas götürülərək pensiyanın qulluq stajına görə əlavə hissəsi eyni məbləğdə, yəni 169,75 manat azaldılmış, nəticədə aldığı pensiyanın miqdarı dəyişdirilmədən saxlanmış və bu yolla pensiyanın yenidən hesablanaraq artırılması barədə tələbinin təmin olunmasından imtina edilmişdir. Hətta əlavə olaraq bildirilmişdir ki, guya iddiaçı hərbiçi kimi pensiya aldığı dövrdə ümumi əsaslarla da pensiya təyinatı aparılmış və 1107,09 manat artıq pensiya ödənilmişdir. İlk növbədə pensiyaya çıxdıqdan sonra mənim fərdi sığorta hesabımda 13687,36 manat pensiya kapitalı toplandığı halda bu məbləğ düzgün olmayaraq 13409,93 manat hesablanmışdır. Eyni zamanda gözlənilən pensiya ödənişi müddəti 72 ay qəbul edilməli olduğu halda 79 ay qəbul edilmiş və nəticədə pensiyanın sığorta hissəsinin artımı 190,10 manat əvəzinə 169,75 manat,yəni 20,35 manat az hesablanmışdır. Cavab məktubunda izah edilmişdir ki, "X2" Azərbaycan Respublikası Qanununun 01 yanvar 2023-cü il tarixə kimi qüvvədə olmuş 29-cu maddəsinin 29.2 bəndinə görə qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu qanunun 29-cu maddəsinin 29.1 bəndinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına verilən əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanmalıdır. "X2" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 29.1 bəndində göstərilir ki,əmək pensiyasının sığorta hissəsi, bıı Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1 bəndində isə göstərilir ki, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Göründüyü kimi həmin normalar əmək pensiyalarına əlavələrin və sığortaolunanların fərdi hesabında qeydə alınan pensiya kapitalının ildə bir dəfə indeksləşdirilməsinə aiddir və bu normaların,işləyən pensiyaçıların pensiyalarının onların fərdi sığorta hesabına toplanmış pensiya kapitalına görə yenidən hesablanmasına heç bir aidiyyəti yoxdur. Digər tərəfdən "X2" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 29.2 bəndi qanunvericilik orqanı tərəfindən 05 noyabr 2022-ci il tarixdə ləğv etmişdir. Ona görə də hazırda əmək pensiyasının sığorta hissəsi, hətda indeksləşdirmə yolu ilə artırıldıqda belə 29.2 bəndə istinad edilərək pensiyanın qulluq stajına görə əlavə hissəsi azaldıla bilməz. Cavabda həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərarına istinad edilmişdir. Hər şeydən əvvəl həmin qərarda konstitusiya məhkəməsi sorğu əsasında "X2" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.6 bəndinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu məsələsini həll etmişdir. Doğrudur cavabda göstərildiyi kimi Konstitusiya Məhkəməsi öz qərarının təsviri- əsaslandırıcı hissəsində göstərmişdir ki, o da nəzərə alınmalıdır ki, "X2" Azərbaycan Respublikası qanununun 29-cu maddəsinin 29.2 bəndinə əsasən əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyalarına əlavələrin məbləği azaldılır. Amma şübhəsiz ki, burada pensiyanın indeksləşdirmə yolu ilə yenidən hesablanması halı nəzərdə tutulmuşdur və bu mülahizə işləyən pensiyaçıların pensiyasının fərdi sığorta hesabında toplanmış pensiya kapitalına görə yenidən hesablanması halına şamil edilə bilməz. Bundan əlavə konstitusiya məhkəməsi baxdığı iş üzrə qənaətini yalnız məhkəmə qərarının nəticə hissəsində göstərir. Bu səbəbdən də hər hansı bir məsələ həll edilərkən konstitusiya məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində şərh edilən mülahizələrə yox, qərarın nəticə hissəsinə istinad edilə bilər. Qərarın nəticə hissəsində isə aydın şəkildə göstərilmişdir ki, yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış. Lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası "X2" Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 37.3.1 bəndi ilə müəyyən edilmişdir.Yəni qanunun 29-cu maddəsinin bu məsələyə heç bir aidiyyəti yoxdur. Bunlardan əlavə "X2" Azərbaycan Respublikası Qanununun 29- cu maddəsindən 29.2 bəndi konstitusiya məhkəməsinin həmin qərarından sonra ləğv edilmişdir. Ona görə də qərarda 29-cu maddənin 29.2 bəndi barədə olan istənilən mülahizə və ya şərh də öz əhəmiyyətini itirmişdir və ona istinad edilə bilməz. Göstərilənlərlə yanaşı qulluq stajına görə əlavələrə və fərdi sığorta hesabında toplanan pensiya kapitalına hüquqlar qanuni əsaslarla əmək fəaliyyəti nəticəsində əldə edilir. Odur ki, bu hüquqların məhdudlaşdırılmasına heç bir halda yol verilə bilməz. Beləliklə bütün yuxarıda göstərilənlərdən göründüyü kimi daxili işlər orqanlarından pensiyaya çıxdıqdan sonra başqa sahədə əmək fəaliyyətini davam etdirdiyi dövrdə fərdi sığorta hesabında toplanmış pensiya kapitalı 13687,36 manat gözlənilən pensiya ödənişi müddətinin qalan aylarının sayı 72 aya bölünərək pensiyanın sığorta hissəsinə əlavə edilməklə əmək pensiya ümumilikdə 190,10 manat artırılaraq 1416,22 manata çatdırılmalıdır. Bundan əlavə yuxarıda qeyd edildiyi kimi iddiaçıya verilən cavab məktubunda o da göstərilmişdir ki, guya iddiaçı hərbiçi kimi pensiya aldığı dövrdə qanunsuz olaraq ümumi əsaslarla da 1107,09 manat artıq pensiya almış və bu məbləği geri ödəməlidir. Lakin hərbiçi (xüsusi rütbəli) kimi pensiya aldığı dövrdə iddiaçı başqa heç bir pensiya almamışdır. Rəsmi məktubda qanunsuz olaraq 1107,09 manat artıq pensiya almağı barədə göstərilən məlumatlar isə həqiqətə uyğun deyildir və ona qarşı böhtan olmaqla ilk növbədə onu öz qanuni tələbindən çəkindirmək məqsədi daşıyır. Eyni zamanda bu məlumatlar onun şərəf və ləyaqətini ləkələyir. Müraciəti əsasında pensiyanın yenidən hesablanaraq artırılacağını gözlədiyim halda rəsmi məktubla guya qanunsuz olaraq 1107,09 manat artıq pensiya almağı barədə ona həqiqətə uyğun olmayan böhtan xarakterli yalan məlumatın verilməsi həm də onun rahatlığını pozmuş,əsəbi gərginlik keçirməyinə səbəb olmuş və ona mənəvi ziyan da vurmuşdur ki, bu ziyan da onun tərəfindən 50000 (əlli min) manat qiymətləndirilir. Odur ki, cavabdeh tərəfindən ona yeni məktub yazılmaqla göstərilən məlumat da təkzib edilməli və ona vurulmuş ziyan ödənilməlidir. Sonradan iddia tələbi “pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması, “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ötən dövr üçün sosial sığorta yığımının indeksləşdirildikdən sonra artım alınan məbləğdən hesablanması və 50.000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi ötən dövr üçün sosial sığorta yığımının indeksləşdirildikdən sonra artım alınan məbləğdən hesablanması və 50.000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, “X2” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Göründüyü kimi tələbin qeyd edilən hissəsi məhz qanunun pensiyanın hesablanması qaydasından irəli gəlir və qərarın icrası mexanizmini tənzimləyir. Mənəvi zərərin ödənilməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin tələb publik səlahiyyətlərin həyata keçirilməsindən irəli gəlmir və həmin hissədə tələb mülki xarakterlidir. Tələbin qeyd edilən hissəsi Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın öənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin iddia növü inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş real zərərə və əldən çıxmış faydaya görə kompensasiyanın ödənilməsini tənzimləyir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin göstərilən hissələrdə mümkün sayılmaması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar