Məhkəmə qərarları › İş №2-1(103)-1198/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1198/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1198/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “cavabdeh tərəfindən gömrük ödənişləri üzrə iddiaçıya hesablanmış borcun qanunsuz hesab edilərək silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “cavabdeh tərəfindən gömrük ödənişləri üzrə iddiaçıya hesablanmış borcun qanunsuz hesab edilərək silinməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5574/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 1400-012/002-24/001566 saylı 28.02.2020-ci il tarixli məktubda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X1 və Audit Baş İdarəsi tərəfindən aparılan audit yoxlaması zamanı İddiaçı MMC-nin ünvanına 2017-2018ci illərdə Rusiya Federasiyasından idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli 1046 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “X3 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin pozulması halı, yəni həmin gömrük bəyannamələrində ticarət edən ölkənin Finlandiya Respublikası olmasına baxmayaraq, həmin gömrük bəyannamələrinin gömrük rəsmiləşdirilməsi idxal gömrük rüsumu tutulmadan həyata keçirilməsinin aşkar edilməsi, qeyd edilən gömrük bəyannamələri üzrə 110688.77 AZN idxal rüsumu, 19923.98 AZN əlavə dəyər vergisi, 47673.65 AZN dəbbə pulu olmaqla, ümumilikdə 178286.40 AZN gömrük borcunun qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş edilmişdir. Hazırda İddiaçı MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “cavabdeh tərəfindən gömrük ödənişləri üzrə iddiaçıya hesablanmış borcun qanunsuz hesab edilərək silinməsi” barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 1999-cu ildən qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir. Şirkət poliqrafiya, ofis və bank sahəsinə keyfiyyətli məhsul və peşəkar xidmətlər təqdim edir və öz kommersiya fəaliyyətini həyata keçirmək üçün bir sıra xarici şirkətlərlə əməkdaşlıq etməkdədir. Şirkət uzun illər Rusiya Federasiyasında istehsal olunan kağız məhsullarını respublikaya idxal etmiş, gömrük rəsmiləşdirilməsi sahəsində heç bir problem yaranmamış, bu məsələlərdə həmişə intizamlılıq nümayiş etdirmişdir. İddiaçı "Yaşıl Dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş, gömrük qaydalarının pozulmaması barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh Bakı Baş Gömük İdarəsinin iddiaçıya ünvanlanmış 28 fevral 2020-ci il tarixli 1400-02/002-24/001566 saylı məktubunda bildirilir ki, aparılan audit yoxlaması zamanı 2017 – 2018-ci illərdə Rusiya Federasiyasından idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-cu il tarixli 1046 nömrəli sərəncamı ilə təsdiq edilmiş «MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin tələblərinin pozulması halları aşkar edilmiş, ticarət edən ölkə Finlandiya Respublikası olduğundan, 110.688,77 manat idxal rüsumu, 19.923,98 manat əlavə dəyər vergisi, 47.673,65 manat dəbbə pulu olmaqla, ümumilikdə 178.286,40 manat gömrük rüsumu müəyyən edilmişdir (məktuba əlavədə bəyannamələrinin sorğu nömrələri qeyd olunur). Cavabdeh öz məktubunda vurğulayır ki, gömrük borcu hansısa gömrük audit yoxlanması nəticəsində müəyyən olunur. Halbuki, bu cür gömrük auditinin keçirilməsindən iddiaçının məlumatı olmamışdır. Həmin audit yoxlanmasının gömrük qanunvericiliyinə və «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun tələblərinə uyğun aparılıb-aparılmaması aydın deyildir. Həmin gömrük yoxlanması barədə şirkətə məlumat verilməmişdir. Gömrük qanunvericiliyinin tələblərinə əsasən gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının auditin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. Cavabdeh inzibati orqan qanunvericiliyin imperativ tələblərini pozmuşdur. Şirkət tərəfindən 11 mart 2020-ci il tarixli 1/39 saylı ərizə ilə cavabdehə müraciət olunaraq bildirilmişdir ki, iddiaçı ilə Finlandiya Respublikasında qeydiyyatda olan “X6 X12.” arasında bağlanmış 15 iyun 2017-ci il tarixli ********** nömrəli və 1 may 2018-ci il tarixli ********** nömrəli müqavilələrdə istehsal və idxal ölkəsi kimi Rusiya Federasiyasının rezidenti olan hüquqi şəxs “İlim Group” BM-in Koryajma filialı qeyd edilmişdir və mallar Azərbaycan Respublikasına həmin filialdan təchiz olunur. “İlim Group” BM-nin Koryajma filialı – İstehsalçı Rusiya Federasiyasının rezidenti olduğundan, «Azad Ticarət haqqında» 30 oktyabr 1992-ci il tarixli Sazişin və «X3 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» 20 noyabr 2009-cu il tarixli Sazişin müddəaları tətbiq olunacaqdır. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010- cu il tarixli 1046 saylı Sərəncamı ilə təsdiqlənmiş «X3 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» 20 noyabr 2009-cu il tarixli Sazişin 5.1-ci bəndinin “b” yarımbəndinə əsasən Sazişin iştirakıçısı olan dövlətlərin gömrük ərazilərindəki mala xarici ticarət müqaviləsinə/sövdələşməyə uyğun olaraq, habelə Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyində nəzərdə tutulan digər hallarda, mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsusdursa sərbəst ticarət rejimi tətbiq edilir. Müqavilələrin obyektini təşkil edən mallara münasibətdə mülkiyyət hüququna malik olan və Müqavilənin icrasını həyata keçirən tərəf Rusiya rezidenti olan “İlim Group” BM-nin Koryajma filialıdır. Bu səbəbdən həmin müqavilə üzrə ölkəyə idxal olunan mallar gömrük ödənişlərindən azaddır. Buna görə də iddiaçı cavabdehdən həmin borcun silinməsini tələb etsə də, heç bir müsbət nəticə olmamışdır. Həmin gömrük borcunun ödənilməsini tələb edən məktubların heç biri hüquqi əsası yoxdur, milli və beynəlxalq hüquq normalarının tələblərini pozur. Cavabdehin gömrük borcunu tələb etməsi qanunsuz olduğundan və iddiaçının qanuni maraqları pozulduğundan iddiaçının mövcud iddianı qaldırmağa haqqı çatır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı MMC-nin alıcı olaraq təsdiq etdiyi 15 iyun 2017-ci il tarixli ********** nömrəli və 1 may 2018-ci il tarixli ********** nömrəli təchizat müqavilələrinə əsasən idxal etdiyi malların satıcısı Finlandiya qanunvericiyinə əsasən yaradılmış və hüquqi ünvanı Finlandiya Respublikası olan ”X6 X12” şirkətidir. 2009-cu il noyabrın 20-də Yalta şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş «X3 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin 5.1-ci maddəsinə əsasən Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə/kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa . . . İddiaçının bağladığı müqavilədən göründüyü kimi, satıcı Sazişin iştirakçısı olan dövlətin rezidenti deyil və bu hal sərbəst ticarət rejiminin idxal edilən mallara münasibətdə tətbiqini istisna edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1.23-cü bəndinə əsasən Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək Komitənin hüququdur. Bu hüquqa və Dövlət Gömrük Komitəsinin 18 noyabr 2019-cu il tarixli 1000/331 bömrəli sərəncamına əsasən Bakı Baş Gömrük İdarəsinin 1 yanvar 2016-cı il tarixdən 1 yanvar 2019-cu il tarixədək olan fəaliyyəti Dövlət Gömrük Komitəsinin X1 və Audit Baş İdarəsi tərəfindən audit olunmuşdur. Audit nəticəsində cəmi 178.286,40 manat gömrük borcunun iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmədiyi aşkar olunmuş, həmin borc müəssisəyə hesablanmış və ödənilməsi tələb olunmuşdur. Hesab edilir ki, gömrük borcu gömrük orqanı tərəfindən əsaslı hesablanmışdır və iddiaçı bu borcu dövlət büdcəsinə ödəməlidir. Cavabdehin etirazlarına iddiaçının yazılı izahatı: Cavabdeh tərəfin məhkəməyə təqdim olunmuş yazılı etirazında qeyd olunanlar əsassızdır və hüquqa söykənmir. Etirazda bildirilir ki, gömrük auditi həyata keçirilmiş, lakin həmin auditin qanuniliyini təsdiq edən heç bir dəlil qeyd edilməmişdir. Halbuki, qanunvericilik bu cür auditin keçirilmə qaydasını müəyyən edir. Cavabdeh auditin keçirilməsini «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1.23-cü bəndinə əsasən öz qurumlarını təftiş etmək hüququ ilə əsaslandırır. Bu hüququn reallaşması iddiaçıya borc hesablanması üçün əsas deyildir. Yəni, qanunvericilik gömrük auditinin keçirilməsinin qaydasını müəyyən edir. Əgər audit keçirilmişdirsə, o, AR Gömrük Məcəlləsi və «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanunu ilə tənzimlənir. AR Gömrük Məcəlləsinin 9.0.4-cü maddəsinə görə şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin 92.2.4-cü maddəsinə əsasən gömrük auditi gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini həyata keçirdiyi formalardandır. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri sənədlərin gömrük auditini bu Məcəllənin 98-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək rnəqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. Cavabdeh orqan keçirdiyi gömrük auditinin qanuniliyini təsdiq edən heç bir sübutu təqdim etmir. Gömrük auditi sənəd üzrə də keçirilmiş olsa da, mütləq AR Gömrük Məcəlləsinin 98-ci maddəsinə, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun tələblərinə cavab verməlidir. Cavabdeh inzibati orqan öz qurumlarını təftiş etməsi “gömrük auditi” adlı nəzarətin həyata keçirilməsi demək deyidlir. Gömrük auditi gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərinin yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. Cavabdeh orqan inzibati orqan olmaqla inzibati icraatı qanun çərçivəsində həyata keçirməlidir. Hazırda cavabdeh orqan qanunsuz əsaslarla iddiaçıdan gömrük borcu tələb edir və bununla iddiaçının hüquqları kobud şəkildə pozulur. Heç bir qanunun tələblərinə cavab verməyən auditin nəticəsi də qanunsuz hesab edilməlidir. Gömrük əməkdaşları gömrük nəzarətini həyata keçirərkən hesab etmişlər ki, iddiaçının idxal etdiyi kağız məhsullarının mənşə ölkəsi və idxal olunduğu ölkə Rusiya Federasiyasıdır və sərbəst ticarət rejimi tətbiq edilir. Onlara gömrük bəyannaməsi, təchizat müqavilələri təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5574/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqan qərarla razı deyil və hesab edir ki, qərar yuxarı məhkəmə instansiyası tərəfindən ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, "xxxx" MMC-nin alıcı olaraq təsdiq etdiyi 15 iyun 2017-ci il tarixli ********** N-li və 01 may 2018-ci il tarixli ********** N-li təchizat müqavilələrinə əsasən idxal etdiyi malların satıcısı Finlandiya qanunvericiyinə əsasən yaradılmış və hüquqi ünvanı Finlandiya Respublikası olan X6 X12 şirkətidir. 2009-cu il noyabrın 20-də Yalta şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş “X3 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin 5.1-ci maddəsinə əsasən Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a) mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə/kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa... İddiaçı MMC-nin bağladığı müqavilədən göründüyü kimi satıcı Sazişin iştirakçısı olan dövlətin rezidenti deyil və bu hal sərbəst ticarət rejiminin idxal edilən mallara münasibətdə tətbiqini istisna edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 4.1.23-cü maddəsinə əsasən Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək Dövlət Gömrük Komitəsinin hüququdur. Bu hüquqa və Dövlət Gömrük Komitəsinin 18.11.2019-cu il tarixli 1000/331 nömrəli sərəncamına əsasən Bakı Baş Gömrük İdarəsinin 01.01 2016-cı il tarixdən 01.01 2019-cu il tarixədək olan fəaliyyəti Dövlət Gömrük Komitəsinin X1 və Audit Baş İdarəsi tərəfindən təftiş olunmuşdur. Nəticədə cəmi 178286.40 manat gömrük borcunun «Halal-P” MMC tərəfindən təqdim edilmiş gömrük bəyannamələri ilə hesablanmadığı, dövlət büdcəsinə ödənilmədiyi aşkar olunmuş və həmin borc müəssisəyə hesablanmış və ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.2-ci maddəsində göstərilir ki, gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Hesab edirik ki, gömrük borcu gömrük orqanı tərəfindən əsaslı hesablanmışdır və «Halal-P” MMC tərəfindən dövlət büdcəsinə ödənilməlidir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdehin apellyasiya şikayətinə etirazları: İddiaçı MMC-dən idxal edilmiş mallara görə gömrük ödənilşəri tutula bilməz. Bunun səbəbləri, mövcud qanunlar, yəni Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-cu il tarixli 1046 nömrəli sərəncamı ilə təsdiq edilmiş «MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin tələbləri buna yol vermir. Belə ki, idxal olunun mallar Saziş iştirakçısı olan ölkəyə məxsusdur. Belə olduğu halda, «Azad Ticarət haqqında» 30 oktyabr 1992-ci il tarixli Sazişin və «X3 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» 20 noyabr 2009-cu il tarixli Sazişin müddəaları tətbiq olunacaqdır. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli 1046 saylı Sərəncamı ilə təsdiqlənmiş «X3 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» 20 noyabr 2009-cu il tarixli Sazişin 5.1-ci bəndinin “b” yarımbəndinə əsasən ölkəyə idxal olunan mallar gömrük ödənişlərindən azaddır. Məhkəmə qərarında da göstərilmişdir ki, malların mənşə ölkəsinin Saziş iştirakçısı Rusiya Respublikası olmasına dair “CT-1” formalı sertifikatları təqdim edilmiş və malların gömrük rəsmiləşdirilməsi üzrə bəyannamələrin aidiyyəti (44-cü) qrafalarında həmin sertifikatların göstəriciləri əksini tapmışdır. Qeyd edilənlərə əsasən ölkəyə idxal olunan həmin mallar gömrük ödənişlərindən azad olduğu üçün hər hansı bir auditin keçirilməsi əhəmiyyətsizdir. Yəni, audit rəyi o halda əhəmiyyət kəsb edir ki, ümumiyyətlə gömrük ödənişi tələb edilə bilsin. Əgər gömrük ödənişi tələb edilə bilmirsə, auidit rəyi əhəmiyyətsiz hesab edilir. Həmçinin audit rəyi qanunun düzgün tətbiq edilibedilməməsini müəyyən edən sənəd deyildir. Qanunun düzgün tətbiq edilib-edilməməsini müəyyən edən orqan məhkəmədir. İş materiallarında olan sənədlər və Bakı inzibati məhkəməsinin qərarında da qeyd edilən beynəlxalq müqavilələr, sazişlər, Srəncama əsasən MMC ölkəyə idxal olunan qeyd edilən mallara görə gömrük ödənişlərindən azaddır. Həmçinin MMC-dən pulu Audit Baş İdarəsi tələb etmir. Auidit Baş idarəsi sadəcə yoxlama apırara hesab etmişdir ki, MMC ölkəyə idxal olunan mallar gömrük ödənişlərindən azad deyil, ona görə də mövcud hesablamalar aparmaqla gömrük ödənişi borcunun olmasını qeyd etmişdir. Bu səbəbdən də pul Bakı Baş Gömrük idarəsi tələb etdiyi üçün Bakı Baş Gömrük İdarəsini cavabdeh kimi qoyulmuşdur. Pul Audit Baş İdarəsi tərəfindən tələb edilməmiş, həmin idarənin MMC-yə hər hansı bir inzibati akt hesab edilən sərəncamı, tələb etmə barədə qərarı daxil olmamış və ya məktub ünvanlamamışdır. Həmçinin Audit Baş İdarəsinin audit yoxlamasının nəticəsində müəyyən etdiyi faktlara uyğun tərtib etdiyi sənəd sübut növüdür. Həmin sənəd inzibati akt deyildir. Sübuta qarşı iddia qaldırılmır. Audit rəyi qanuni qüvvəyə malik sənəd deyildir. Bu səbəbdən də Bakı Baş Gömrük idarəsi beynəlxalq müqavilələr, sazişlər, Srəncamın tələblərini rəhbər tutub, həmin qanunvericilik aktlarını tətbiq edib, MMC-dən gömrük ödənişləri tələb etməməliydi. Həmçinin Bakı inzibati Məhkəməsinin qərarında da qeyd edildiyi kimi, cavabdeh inzibati orqan Bakı Baş Gömrük idarəsi iddiaçıya münasibətdə nəinki ayrıca inzibati icraat aparmamış, hətta hərəkətlərini də müvafiq inzibati aktın qəbulu ilə rəsmiləşdirməmişdir. Bununla belə, hazırkı mübahisənin predmetini “borcun silinməsi” təşkil etsə də, həmin borcla bağlı cavabdeh Bakı Baş Gömrük idarəsinin iddiaçıya ünvanlanmış məktubu özündə qanunvericiliklə inzibati aktı səciyyələndirən əlamətləri daşıdığından, o cümlədən ünvanlandığı şəxs kimi hazırkı iddiaçı üçün hüquqi nəticələr yaratdığından, iddiaçıya münasibətdə inzibati akt kimi də qiymətləndirilə bilər. Ona görə də həmin Bakı Baş Gömük İdarəsi tərəfindən MMC-yə ünvanlanmış həmin məktubu qanunun tələblərinin pozulması ilə qəbul edilmiş, yəni qanunsuz inzibati aktdır və İddiaçı MMC üçün hüquq və vəzifələr yarada bilməz. Həmin məktub əsasında MMC-dən pul tələb edilə bilməz. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdi ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya hesablanmış borcun ödənilməyəcəyi təqdirdə həmin borcun ödənilməsini təmin etmək məqsədilə iddiaçıya münasibətdə müvafiq məhdudiyyətlər tətbiq edilə bilər. Ona görə də iddiaçı müəssisə tərəfindən ona hesablanmış borc məbləği mütləq qaydada ödənilməlidir. Sonda cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdi ki, gömrük orqanı tərəfindən müəssisəyə hesablanmış borcla bağlı audit yoxlamasının keçirilməsindən müəssisə məlumatsızdır, ümumiyyətlə belə yoxlamanın keçirilməsi barədə qərar qəbul edilməmiş, dövlət qeydiyyatından keçməmiş, buna görə də tələb olunan borc məbləği gömrük qanunvericiliyinin pozulması ilə hesablanmışdır. Bununla bağlı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, mövcud qanunvericilik səlahiyyətli inzibati orqana hüquqi və fiziki şəxslərdən borc məbləğlərinin tutulmasını faktiki hərəkətlər, o cümlədən məktub yazılması, xəbərdarlıq olunması ilə deyil, ayrıca əlverişsiz inzibati aktın qəbulu yolu ilə nəzərdə tutur. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. Lakin hazırkı cavabdeh inzibati orqan Bakı Baş Gömrük İdarəsi iddiaçıya münasibətdə nəinki ayrıca inzibati icraat aparmamış, hətta hərəkətlərini də qanunvericiliyin tələblərinə uyğun şəkildə müvafiq inzibati aktın qəbulu ilə rəsmiləşdirməmişdir. Bununla belə, hazırkı mübahisənin predmetini “borcun silinməsi” təşkil etsə də, həmin borcla bağlı cavabdeh Bakı Baş Gömrük İdarəsinin iddiaçıya ünvanlanmış məktubu özündə qanunvericiliklə inzibati aktı səciyyələndirən əlamətləri daşıdığından, o cümlədən ünvanlandığı şəxs kimi hazırkı iddiaçı üçün hüquqi nəticələr yaratdığından, iddiaçıya münasibətdə inzibati akt kimi də qiymətləndirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “borcun silinməsi” tələbi üzrə verilmiş iddianın mümkün hesab edilməsi ilə razılaşır. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 28.02.2020-ci il tarixli 1400-012/002-24/001566 №-li məktubda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X1 və Audit Baş İdarəsi tərəfindən aparılan audit yoxlaması zamanı İddiaçı MMC-nin ünvanına 2017-2018-ci illərdə Rusiya Federasiyasından idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli 1046 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “X3 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin pozulması halı, yəni həmin gömrük bəyannamələrində ticarət edən ölkənin Finlandiya Respublikası olmasına baxmayaraq, həmin gömrük bəyannamələrinin gömrük rəsmiləşdirilməsi idxal gömrük rüsumu tutulmadan həyata keçirilməsinin aşkar edilməsi, qeyd edilən gömrük bəyannamələri üzrə 110688.77 AZN idxal rüsumu, 19923.98 AZN əlavə dəyər vergisi, 47673.65 AZN dəbbə pulu olmaqla, ümumilikdə 178286.40 AZN gömrük borcunun qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş edilmişdir. Hazırda İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı tələbi “cavabdeh tərəfindən gömrük ödənişləri üzrə iddiaçıya hesablanmış borcun qanunsuz hesab edilərək silinməsi” barədədir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya hesablanmış borcun qanunsuz sayılmasına, hesablanmış borc nəticəsində iddiaçının hüquqlarının pozulmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 98.1-ci maddəsinə əsasən gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. Həmin Məcəllənin 98.4-cü maddəsinə əsasən gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmçinin gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir (98.7). Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır (98.8). Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır (98.10). Qeyd olunan maddi hüquq normalarının tələblərinə görə gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilməklə yanaşı, hər iki auditin aparılması barədə qərar qəbul edilməli, həmin qərarın surəti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı, bu barədə çıxarış audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalı, gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun həyata keçirilməlidir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X1 və Audit Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə 178286.40 AZN gömrük borcunun hesablanıbhesablanmaması barədə məlumat verilməsi, hesablandığı təqdirdə həmin borcun hesablanması üçün əsas olan sənədlər, o cümlədən borcun hesablanmasına dair qərarın məhkəməyə təqdim etməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X1 və Audit Baş İdarəsinə sorğu göndərilmişdir. 14.09.2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 646 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında” Əsasnamənin 4.1.23-cü bəndinə əsasən Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək Komitənin hüquqlarına aid edilmişdir. Sorğunuzda qeyd olunan borcun hesablanması üçün əsas olan sənədlərin və qərarın təqdim edilməsi ilə bağlı bildiririk ki, Dövlət Gömrük Komitəsi tərəfindən məhz "xxxx" MMC-nin fəaliyyətilə bağlı deyil, bütövlükdə Bakı Baş Gömrük İdarəsində inzibatçılığın təşkili vəziyyəti, o cümlədən gömrük borcunun hesablanmasının düzgünlüyü ilə bağlı audit aparılmışdır. Həmin auditin nəticələrinə dair akt tərtib olunaraq orada göstərilən nöqsanların aradan qaldırılması məqsədilə Bakı Baş Gömrük İdarəsinə icra üçün göndərilmişdir. Gömrük Məcəlləsinin 238.4-cü maddəsinə əsasən gömrük prosedurları tətbiq olunarkən verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunmasına səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab edilir. Eyni zamanda "xxxx" MMC ilə Finlandiya Respublikasının “X6 X12” şirkəti arasında bağlanmış ********** saylı 15 iyun 2017-ci il tarixli müqavilə əsasında Rusiya Federasiyasından idxal olunmuş “kağız” yükünün gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunmuş gömrük bəyannamələrinin 11ci qrafasında ticarət edən ölkə Finlandiya Respublikası, 16-cı qrafasında isə mənşə ölkəsi Rusiya Federasiyası bəyan olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş “X3 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” 20 noyabr 2009-cu il tarixli Sazişin 5.1-ci maddəsinin “a” bəndinə əsasən Sərbəst ticarət rejimi malın Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə (kontrakta) əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilən və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunan mallara şamil edilir. "Halal P” MMC tərəfindən mallar idxal edilərkən, gömrük orqanına təqdim edilmiş gömrük bəyannaməsində ixracatçı və ticarət edən ölkələr fərqli olduğundan və nəticə olaraq müqavilənin Sazişin iştirakçısı ilə (Rusiya Federasiyası) birbaşa bağlanmadığından, mallara mövcud qanunvericiliyə uyğun olaraq idxal gömrük rüsumları tətbiq edilməli və Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək, lakin 1 (bir) ildən çox olmamaq şərti ilə hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında dəbbə pulu hesablanmalıdır. Gömrük Məcəlləsinin 249-cu maddəsinə əsasən gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olması 3 (üç) il ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri məcburi tuturlar. Məhkəmə sorğusuna cavab olaraq verilmiş məktubun məzmunundan müəyyən olunur ki, iddiaçı müəssisənin fəaliyyəti ilə bağlı hər hansı audit keçirilməsi qərara alınmamış, bu barədə qərar mövcud deyil, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən bötüvlükdə Bakı Baş Gömrük İdarəsində inzibatçılığın təşkili vəziyyəti, o cümlədən borcunun hesablanmasının düzgünlüyü ilə bağlı audit aparılmışdır ki, həmin auditin nəticələrinə dair də ümumi akt tərtib olunaraq orada göstərilən nöqsanların aradan qaldırılması Bakı Baş Gömrük İdarəsinə tapşırılaraq icra üçün göndərilmişdir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1-ci bəndinə görə Komitə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: (4.1.4) şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq; (4.1.23) Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək. Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1-ci bəndinə görə Komitə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: (4.1.4) şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq; (4.1.23) Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müəssisə barəsində hər hansı yoxlamanın keçirilmədiyi halda, belə qərarın qəbul edilmədiyi və müvafiq reyestrdə hər hansı yoxlama ilə bağlı qeydin aparılmadığı halda cavabdeh inzibati orqan tərəfindən müəssisəyə borc hesablanıb tələb edilməsi nəinki gömrük qanunvericiliyinin pozulması, həmçinin iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın mübahisələndirilən inzibati aktı (məktubu) ilə ödənilməsi tələb olunan borcun iddiaçı tərəfindən ödənilmədiyi təqdirdə müəssisəyə münasibətdə hansısa gömrük məhdudiyyətlərinin qoyulmasının mümkünlüyü araşdırılarkən cavabdehin nümayəndəsinin verdiyi izahatdan məlum oldu ki, cavabdeh inzibati orqan iddiaçıya hesablanmış borcun ödənilməyəcəyi təqdirdə həmin borcun ödənilməsini təmin etmək məqsədilə iddiaçıya müvafiq məhdudiyyətlər tətbiq edə bilər. Odur ki, iddiaçı ona müəssisənin fəaliyyəti ilə bağlı audit yoxlaması keçirilmədən borc hesablanması ilə razılaşmayaraq onun silinməsini tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsi onu da qeyd etmişdi ki, «X3 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» Sazişin 5 və 6-cı bəndləri iştirakçı dövlətdən idxal olunan mala digər iştirakçı dövlətin gömrük ərazisindəki sərbəst ticarət rejiminin tətbiqini malın mənşəyinə dair “CT-1” formalı sertifikatının təqdim edilməsi və mal üzərində mülkiyyət hüququnun Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsus olması ilə şərtləndirir. İşdə olan sənədlərdən məlum olur ki, hazırkı iddiaçı idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi zamanı cavabdeh inzibati orqan Bakı Baş Gömrük İdarəsinə malların mənşə ölkəsinin Saziş iştirakçısı Rusiya Respublikası olmasına dair “CT-1” formalı sertifikatları da təqdim etmiş və malların gömrük rəsmiləşdirilməsi üzrə bəyannamələrin aidiyyəti (44-cü) qrafalarında həmin sertifikatların göstəriciləri əksini tapmışdır. İddiaçının idxal etdiyi mallara münasibətdə “2-ci şərt”ə, yəni malların Sazişin 5-ci bəndinin “b” yarımbəndinin təsiri altına düşməsinə gəldikdə isə (nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan borcun hesablanmasında Sazişin həmin bəndinin “a” yarımbəndinə istinad etmişdir), iddiaçı tələbinin əsası kimi bildirir ki, bağladığı müqavilənin “satıcı” kimi digər tərəfi Finlandiyanın ”X6 X12” şirkəti olsa da, həmin qurumla Rusiya Federasiyasının rezidenti olan “İlim Group” BM arasında birgə marketinq razılaşması mövcuddur və sözügedən razılaşmaya əsasən həmn şirkət “İlim Group” BM-in kağız məhsullarının müstəsna marketinq və satış nümayəndəsi qismində çıxış edir. Odur ki, məhkəmə iddiaçının istinad etdiyi bu xüsusatla bağlı qeyd etmişdir ki, hazırkı məhkəmə icraatında iddiaçı tərəf həmin “birgə marketinq müqaviləsi”nin mövcudluğuna dair hər hansı sübut təqdim etməsə də, cavabdeh inzibati orqan da bu halı təkzib edən heç bir sübut, dəlil gətirməmişdi. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Bakı Baş Gömrük İdarəsinin gömrük ödənişləri üzrə İddiaçı MMC-yə hesabladığı 178.286,40 manat məbləğində borc (110.688,77 manat idxal rüsumu, 19.923,98 manat ƏDV, 47.673,65 manat dəbbə pulu olmaqla) qanuna zidd sayılmalıdır. Həmin borc qanunsuz sayılmaqla yanaşı, iddiaçının hüquqlarını da pozduğu üçün, belə ki, iddaçıya gömrük ödənişləri üzrə qanunvericiliklə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğin ödənilməsi öhdəliyi yaratdığından silinməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (maddə 13.2). Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün bu barədə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5574/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar