Məhkəmə qərarları › İş №2-1(103)-1198/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1198/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1198/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7755/2021 saylı, 23.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Qarabağ müharibəsinin iştirakçısı kimi və 1992-1993-cü illərdə Fizuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşən bir tağım komandiri kimi ona “Müharibə Veteram” adı və vəsiqəsi verilsin. Adıçəkilən komissiyaya müraciət etdikdə ona bildirilmişdir ki, “N nömrəli hərbi hissəyə daxil olması (23.05.1992-ci il) barədə qeydlər arxiv sənədlərində öz təsdiqini tapmadığından, toplanışa çağırılması və qanuni əsaslarla ehtiyata buraxılmağının tarixləri (may 1992 - fevral 1993- cü il) N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmə (01.12.1993 - 10.05.1994-cü il) müddətinə təsadüf etmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2546/2020 saylı, 22.10.2020-ci il tarixli Qərarı ilə “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Qərarın icrası ilə əlaqədar məhkəməyə müraciət edildikdə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18.12.2020-ci il tarixli, 1/S-16858 nömrəli məktubu ilə ona “müharibə veteranı” adı və vəsiqənin verilməsindən imtina olunub. Daha sonra O, Azərbaycan Respublikasının Vitse-Prezidentinə müraciət edərək ona yuxarıda qeyd olunan məsələdə köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”dan aldığı son məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Vitse- Prezidentinin Katibliyinin rəisinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq qeyd olunan komissiyanın 16.12.2020-ci il tarixli iclasında onun məsələsinə baxılmış, 736 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Bildirmək istəyir ki, hərbi biletində N nömrəli hərbi hissənin tərkibində Fizuli və Qubadlı bölgələrində gedən döyüşlərin iştirakçısı olduğu, həmçinin N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş arayışda onun Qarabağda gedən döyüşlərdə iştirakı qeyd edilsə də, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” işi aşardırmayaraq təkcə onunla əsaslanmışdır ki, onun N nömrəli hərbi hissəyə daxil olması barədə qeydlər arxiv sənədlərində öz təsdiqini tapmamış, toplanışa çağırılması və qanuni əsaslarla ehtiyata buraxılmasının tarixləri N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmə (01.12.1993 - 10.05.1994-cü il) müddətinə təsadüf etmir. Ədalətli araşdırılma keçirilsəydi təhlil olunardı ki, onun şəxsi işində hansı məlumatlar vardır və onun təqdim etdiyi sənədlər ilə müqayisə olunardı. Şəxsi işində olan sənədlərdə və onlara təqdim etdiyi sənədlər hamısı ona aiddir, bunun təsdiqini tapmaq olduqca asandır. Onunla qulluq edən şəxslər də, şahid qismində dindirilə bilər, şahidlərin məhkəməyə gəlməsini təmin edə bilər. Təqdim etdiyi sənədlər notarial qaydada təsdiq olunmuşdur. Göründüyü kimi, əlində olan bütün sübutlara baxmayaraq və şəxsi işində olan sənədlərlə müqayisə etməyərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya düzgün qərara gəlməmişdir və ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 1994-cü il tarixdə imzaladığı “Veteranlar haqqında” 841 nömrəli Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsinə əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar” və döyüş əməliyyatlarında iştirakı barədə qeydlər hərbi biletində öz təsdiqini tapmışdır, həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərdiyi sənədlərə əlavə olunmuş N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş arayışda onun Qarabağda gedən döyüşlərdə iştirakı təsdiq olunmuşdur, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının üzərinə qoyulmasının məhkəmədən tələb edilməsi zərurəti yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Qarabağ müharibəsinin iştirakçısı kimi öz hüquqlarından istifadə edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7755/2021 saylı, 23.11.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7755/2021 saylı, 23.11.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin arxiv sənədləri təhlil edilsəydi, görünərdir ki, iddiaçı həmin hərbi hissə 1992-1993-cü illərdə hərbi əməliyyatlarda iştirak edib. Məhkəmə yalnız cavabdehin təqdim etdiyi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən 29.08.1997-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsaslanmışdır. Bu tipli hüquqi qüvvəsi olmayan sənədlər məhkəmə tərəfindən nəzərə alınırdırsa, o zaman N nömrəli hərbi hissənin 1992-1993-cü illərdə harada dislokasiya olduğu və hansı işlə məşğul olduğu barədə arxiv arayışlarını tələb etməli idi. Qubadlı və Fizuli rayonlarının müdafiəsi zamanı olan döyüşlərdə hansı hərbi hissələrin iştirak etməsi - iş üzrə faktiki halların müəyyən edilməsi üçün zərüri tədbir olduğu halda məhkəmə tərəfindən araşdırılmamışdır. Hərbi biletimdə N nömrəli hərbi hissənin tərkibində Fizuli və Qubadlı bölgələrində gedən döyüşlərin iştirakçısı olmağım barədə qeydlər - bu barədə apellyasiya şikayətinin 4-cü hissəsində göstərilib. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş arayışla mənim Qarabağda gedən döyüşlərdə iştirakım təsdiq edilib - bu barədə apellyasiya şikayətinin 4-cü hissəsində göstərilib. Məhkəmənin səhv qənaətinə görə, mənim döyüş əməliyyatlarında iştirakım istisna olunur - Hərbi biletimdə N nömrəli hərbi hissənin tərkibində Fizuli və Qubadlı bölgələrində gedən döyüşlərin iştirakçısı olmağım barədə qeydlər və N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş arayışla mənim Qarabağda gedən döyüşlərdə iştirakım təsdiq olunduğu halda, məhkəmə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən 29.08.1997-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahıs/"na əsaslanaraq N nömrəli hərbi hissənin mən həmin hissədən təxris olunduqdan sonra, yanı 01.12.1993-cü ildən 10.05.1994-cü il tarixlərində döyüş əməliyyatlarında iştirak etdiyi qənaətinə gəlib. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək bildrimişdir ki, hərbi əməliyyatlar zamanı ona təhkim olunmuş silahı olmamışdır. Hərbi əməliyyatlarda iştirak etməmişdir. Hərbi əməliyyatlar zamanı tibb məntəqəsində, məntəqə dolu olduqda isə evində yaralılara tibbi yardım göstərmişdir. Apellyasiya baxışı zamanı məhkmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7755/2021 saylı, 23.11.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 27.05.2021-ci il tarixli, 1/S-12314 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraicətinə cavab olaraq bildirilmişdir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 16.12.2020-ci il tarixli iclasında baxılmış, 736 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. - N nömrəli hərbi hissə tərəfindən verilmiş N nömrəli, 11.04.1989-ci il tarixli arayışın surətindən görünür ki, X1 23.05.1992-ci ildən 18.02.1993-cü ilədək N saylı hərbi hissədə Fizuli, Qubadl rayonları uğrunda gedən döyüşlərdə, tağım komandiri kimi iştirak etmişdir. - ГР seriyalı, 042103 nömrəli hərbi biletin surətindən görünür ki, hərbi biletin 5-ci səhifəsindəki qeydlərdə İddiaçı 23.05.1992-ci ildən 18.02.1993-cü ilədək N saylı hərbi hissədə xidməti barədə qeydlər mövcuddur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsi tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinə verilmiş məlumatdan görünür ki, N saylı hərbi hissə 01.12.1993-cü il tarixdən 10.05.1994-cü il tarixə kimi döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilib. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli, 9/2-5143 nömrəli arayışdan görünür ki, N №-li hərbi hissənin 22.05.1992-31.12.1992-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 12, sıra 3, məlumatda soyadı Səlimov yazılmış, adı və atasının adı tam yazılmamışdır) tağım komandiri leytenant E.S.Səlimovun iyun 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-İi hərbi hissənin 22.05.1992 - 31.12.1992-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 23, sıra 5, məlumatda soyadı Səlimov yazılmış, atasının adı yazılmamışdır) leytenant Elşad Səlimovun iyun 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin 01.07.1992 - 28.12.1992-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 52, sıra 24, məlumatda soyadı Səlimov yazılmış, atasının adı yazılmamışdır) tağım komandiri leytenant Elşad Səlimovun iyul 1992-ci İİ tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin 01.07.1992 - 28.12.1992-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas səh 116, sıra 18, məlumatda soyadı Səlimov yazılmış, adı tam, atasının adı yazılmamışdır) tağım komandiri leytenant E.Səlimovun avqust 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 30.10.1992-ci il tarixli 159 №-li əmrilə (əsas: səh 20. § 10. əmrdə soyadı Səlimov yazılmış, qazan təminatından çıxarılma səbəbi qeyd edilməmişdir) leytenant X1 01.09.1992-ci il tarixdən qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissənin 01.07.1992 - 28.12.1992ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 204, sıra 29, məlumatda soyadı Səlimov yazılmış, adı və atasının adı tam yazılmamışdır) tağım komandiri leytenant E.S.Səlimovun oktyabr 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. 5-ci batalyonun tağım komandiri leytenant X1 xəstəliyi ilə əlaqədar olaraq Müdafiə nazirinin 10.02.1993-cü il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün N №-li hərbi hissə komandirinin 18.02.1993-cü il tarixli 41 №-li əmrilə (əsas: səh 19. § 1, sıra 2. əmrdə soyadı Səlimov yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir. - Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən Səlimli (Səlimov) Elşad Səlim oğlu barəsində 21.05.2020-ci il tarixli, 9/2-5768 nömrəli məktubla cavab məktubuna əsasən N №-li hərbi hissə komandirinin may-sentyabr, noyabr-dekabr 1992-ci il, yanvar 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və ezamiyyəti, sentyabr, noyabr, dekabr 1992-ci il, yanvar 1993-cü il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəllərində pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına «Veteranlar haqqında» AR Qanununun 3, 7-ci maddələrini, AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1ci bəndinin 8, 10-cu yarımbəndlərini, Azərbaycan Respublikası müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndini, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsini, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının xidmət etdiyi dövrdə N nömrəli hərbi hissəninin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin sözügedən bəndinin “Qeyd” hissəsində göstərilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istehfaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin sözügedən bəndinin 10-cu yarımbəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Beləliklə, baxılan iş üzrə iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsi barədə onun hərbi biletində qeyd və Müdafiə Nazirliyinin Mərkəzi arxivində məlumatlar olsa da, N nömrəli hərbi hissənin iddiaçının xidmət etdiyi dövrdə, yəni 23.05.1992-ci ildən 18.02.1993-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, N nömrəli hərbi hissə 01.12.1993-cü ildən 10.05.1994-cü il tarixə kimi döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilmişdir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə belə bir qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı iddiaçının xidmət etdiyi dövrdə N nömrəli hərbi hissəninin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olması öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Ona görə də, şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7755/2021 saylı, 23.11.2021-ci il tarixli dəyişdirilmədənqüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7755/2021 saylı, 23.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar