Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1199/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Üçüncü şəxs Bağırov Davud Zöhrab oğlunun vəkili X3 iştirakları ilə, X7 Ulanbekovnanın cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə (üçüncü şəxslər Bağırov Davud Zöhrab oğlu və Bağırova Cəmilə Zöhrab qızı) qarşı “doğum haqqında qeydin ləğv edilməsi və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2670/2017 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2017-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X7 Ulanbekovna cavabdehlər Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə və 3-cü şəxslər Bağırov Davud Zörab oğluna və Bağırova Cəmilə Zöhrab qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci cavabdeh şöbə tərəfindən azyaşlı X4 adına xx xxxxxx 2012-ci il tarixində 1479-cu nömrə ilə verilmiş doğum haqqında şəhadətnamənin etibarsız sayılmasına və ləğv edilməsinə, həmçinin 2-ci cavabdeh İdarə tərəfindən azyaşlı X4 adına sənədləşdirilmiş AZ 11667312 nömrəli şəxsiyyət vəsiqəsinin fəaliyyətsiz sayılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə azyaşlı X8 iddiaçı Merim Beişekeyevanın (anası) xəbəri olmadan, Dubaydan İstanbula, oradan da Bakıya gətirilmişdir. xx xxxxxx 2012-ci il tarixdə ona cavabdeh Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən milliyyəti azərbaycanlı yazılmaqla doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı hesab edir ki, onun icazəsi olmadan və azyaşlı Ceyla Bağırovaya xx xxxxxx 2012-ci il tarixdə ABŞ Nyu-York şəhərində doğum haqqında şəhadətnamə mövcud olduğu halda, həmçinin ABŞ vətəndaşı olmasına dair pasport verildiyi halda, uşağın atasının Azərbaycan Respublikasında olmadığı halda, onun adından doğum haqqında şəhadətnamənin alınması qanunsuz və əsassızdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-1(81)- 2670/2017 saylı qərardadı ilə iddia, Azərbaycan Respublikası Daxili İşlər Naziriyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən azyaşlı X4 adına sənədləşdirilmiş Az 11667312 №-li şəxsiyyət vəsiqəsinin fəaliyyətsiz sayılması hissəsində mümkün sayılmamışdır. Eyni zamanda, məhkəmənin xx xxxx 2017-ci il tarixli qərarı ilə iddia, Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən azyaşlı X4 adına xx xxxxxx 2012-ci il tarixdə 1479-cu nömrə ilə verilmiş doğum haqqında şəhadətnamənin etibarsız sayılması və ləğv edilməsi hissəsində təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın tamamilə ləğv edilməsinə, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar çıxarılarkən maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuş, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Belə ki, məhkəmə bilərəkdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 №-li xx xxxxxxx 2003-cü il tarixli qərarının «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.14-cü bəndinə istinad etməmişdir. Qaydanın həmin müddasına əsasən isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq aktın qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr yalnız notarial qaydada təsdiq olunmuş etibarnamələr əsasında verilə bilər. Məhkəmənin göstərdiyi doğum haqqında şəhadətnamənin X10 Əmirliyindən Qeydiyat şöbəsinə yazdığı ərizəsi əsasında bacısı Cəmilə Bağırova tərəfindən alınması qanunsuzdur. Çünki uşağa aid Nyu-Yorkdan alınan sənədlər onda olduğu, Davud Bağırovun 2012-ci il sentyabr ayından 2013-cü il may ayına qədər Azərbaycanda və 2013-cü ilin sentyabrına qədər Nyu-Yorkda olmadığı halda, doğum haqqında arayış necə alına bilərdi. Davud Bağırovun bacısı X5 yazdığı ərizə xx xxxxxx 2012-ci il tarixə Azərbaycana necə çatdırılıb. Üçüncüsü, uşağın anası xarici vətəndaş oluduğu halda, yaşayış yerindən arayış təqdim olunmamışdı. Dördüncüsü, sözügedən Qaydanın 2.3-cü bəndinə əsasən uşağın doğulduğu gündən bir ay müddətində qeydiyyat şöbəsinə müraciət oluna bilər. Əks halda, məhkəməyə müraciət olunmalıdır. Beşincisi, məhkəmə bilərəkdən uşağın ABŞ vətəndaşı olmasına ********* №-li pasportun surətinə qiymət verməmişdir. Altıncısı, Davud Bağırov tərəfindən uşağın anası ilə gəlməsi üçün viza verilməsinə dair sənədlərin Dubay Əmirliyində Baş Konsulluqda razılıqların verilməsinə dair sorğulara əhəmiyyət verilməyib. Əgər məhkəmə uşağın hansı sənədlərlə Türkiyə Baş Konsulluğundan Azərbaycan gətirildiyinə diqqət versəydi, saxta sənədlərlə gətirildiyi məlum olardı. Yeddincisi. Dövlət Sərhəd Xidmətinə sorğu verilsəydi uşağın Amerika vətəndaşı kimi, Azərbaycana gəlib-getməsi üzə çıxardı. Bundan əlavə, Cəmilə Bağırova üçüncü şəxs kimi işə cəlb edilsə də, barəsində fikir bildirilməmişdir. Bütün qeyd olunanlar sübuta yetirir ki, məhkəmənin qərarı qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2-1(103)-2041/17 saylı qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(102)-492/18 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2-1(103)-1130/2018 saylı qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(102)-1998/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Hazırki işə 3-cü dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli 2-1(103)-895/19 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(102)-446/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli 2-1(103)-895/19 saylı qərardadı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə məlumatlandırılmış cavabdeh orqan məhkəməyə ünvanlandığı məktublarda məhkəmə iclaslarının Şöbənin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilmədən, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, kassasiya məhkəməsinin sonuncu yuxarıda adı çəkilən qərarında göstərilmişdir ki, C.Bağırovanın mübahisələndirilən doğum haqqında şəhadətnaməsindən də görünür ki, onun verilməsinə əsas – uşağın xx xxxxxx 2012-ci ildə ABŞ-ın Nyu-York şəhərində doğulması barədə, doğum haqqında qeydlər kitabında 2012ci ilin dekabr ayının 12-ci günündə 1479 nömrəsi ilə qeydin edilməsi təşkil edir. Deməli, həmin qeyd mövcud olduğu halda şəhadətnamənin etibarsız və ya ləğv edilməsi mümkünsüzdür. Nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halları iddiaçının diqqətinə çatdırmamış, onunla müzakirə aparmamış, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməmiş, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmiş və nəticədə prosessual qanunla üzərilərinə qoyulan vəzifələri yerinə yetirməmişlər. Kollegiya kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmənin yardım etmək vəzifəsindən çıxış edərək təkrar apelyasiya baxışı zamanı iddiaçı tərəfə iddia tələbinin dəqiqləşdirmə verilməsini təklif etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən xx xxxxxx 2012-ci il təvəllüdlü ABŞ vətəndaşı azyaşlı Bağırova Ceylaya Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixində 1479 nömrəsi ilə verilmiş qeydin ləğv olunması, həmçinin bununla əlaqədar həmin doğum şəhadətnaməsinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia tələbinin mahiyyətinə gəlincə, işin müəyyən edilmiş hallarından görünür ki,iddiaçı milliyyətcə qırğız olmaqla Qırğızıstan Respublikası vətəndaşıdır. Üçüncü şəxs Bağırov Davud Zöhrab oğlu isə milliyyətcə azərbaycanlı olmaqla Azərbaycan Respublikası vətəndaşıdır. Bağırov Davud Zöhrab oğlu ilə Merim Beişkeyevanın nikahları X6 Dubay Hökuməti X13 Məhkəməsində xx xxxx 2011-ci il tarixdə rəsmiləşdirilmiş və onların birgə nikahlarından xx.xx.2012-ci il tarixdə ABŞ-nın Nyu-York şəhərində Ceyla adlı uşaqları anadan olmuş, Dubay Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 250/2016 saylı qərarı ilə nikahları pozulmuş, Azəbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 10(102)-80/17 saylı qərardadı ilə Dubay Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 250/2016 saylı qərarı Azərbaycan Respublikası ərazisində tanınmış və onun məcburi icra edilməsi qərara alınmışdır. Üçüncü şəxs D.Bağırov Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət edərək özünün işi ilə əlaqədar Dubay şəhərində arvadı Merim Beişkeyeva isə ABŞ-da olduğundan, xx.xx.2012-ci ildə Nyu-York şəhərində doğulmuş qızının doğumunun bacısı Bağırova Cəmilə Zöhrab qızının müraciətinə əsasən qeydə alınmasını xahiş etmişdir. (cild 1, iş vər 24) Məhz həmin xahiş əsasında Cavabdeh tərəfindən xx.xx.2012-ci ildə doğulmuş X8 barəsində doğum haqqında şəhadətnamə verilmişdir. Mübahisələndirilən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ N970077 saylı doğum haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2012-ci il tarixdə X1 Nyu-York şəhərində anadan olmuşdur. Doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1479 nömrəsi ilə qeyd edilmişdir. Ata qrafasında Bağırov Davud Zöhrab oğlu, ana qrafasında Merim Beişekeyeva qeyd edilmişdir. Hazırda iddiaçı birgə nikahdan doğulmuş Ceyla Bağırovanın adına aparılmış doğum qeydinin ləğv edilməsini və həmin qeyd əsasında verilmiş doğum haqqında şəhadətnamənin etibarsızlığını mübahisələndirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Eyni Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.1-ci bəndinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Eyni Qaydanın 2.3-cü bəndinə görə doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş Ceylanın valideynlərindən biri olan və hazırkı iş üzrə üçüncü şəxs Bağırov Davud Zöhrab oğlu Azərbaycan Respublikasının vətəndaşı olduğundan, bununla da xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş Ceyla vətəndaşlığına görə Azərbaycan Respublikası vətəndaşı olduğundan, qanuna və normativ olmadıqda isə doğum qeydə alınmasının qohumların, qonşuların, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyətinin və yaxud başqa şəxslərin müraciəti əsasında həyata keçirilməsi nəzərdə tutulduğundan, doğumun qeydə alınması uşağın valideynlərindən biri olan və həm də Azərbaycan Respublikası vətəndaşı olan və hazırkı iş üzrə üçüncü şəxs Bağırov Davud Zöhrab oğlunun ərizəsində göstərdiyi şəxsin müraciəti əsasında həyata keçirildiyindən və belə qeydə alma qanuna və normativ akta uyğun olduğundan, beləliklə də, xx xxxxxx 2017-ci il tarixdə anadan olmuş Ceylanın doğumunun qeydə alınmasının və buna müvafiq olaraq doğum haqqında şəhadətnamənin verilməsinin qanuniliyi sübut olunduğundan və bununla da iddianın əsassızlığı sübuta yetirildiyindən iddia rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh orqan tərəfindən azyaşlı Ceyla Bağırovanın adına xx.xx.2012-ci il tarixdə doğum haqqında qeyd aparılarkən sonuncuya artıq ABŞ-da doğum şəhadətnaməsi verildiyi nəzərə almamışdır. Belə ki, iş materiallarında olan Nyu-York şəhəri Səhiyyə və Psixogigiyena İdarəsi tərəfindən verilmiş N1xx-xx-103272 saylı xx.xx.1012-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, Ceyla Bağırova xx.xx.2012-ci il tarixdə X1 Nyu-York şəhəri, Manhetten rayonunda X14 Mərkəzi xəstəxanasında doğulmuşdur. Ata qrafasında Bağırov Davud, ana qrafasında X2 qeyd edilmişdir. Həmçinin, iş materiallarına azyaşlı X9 Birləşmiş Ştatları tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş pasportun kserosurəti əlavə edilmişdir. Həmin pasportun əsli iş materiallarında olmasa da, Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğu tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfirinə ünvanan xx.xx.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, ABŞ vətəndaşı X8 üçün 2013-cü ilin mart ayından 2014-cü ilin avqust ayınadək olan müddətdə Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulluğuna 1 dəfə viza rəsmiləşdirilməsi üçün müraciət edilmişdir. Göründüyü kimi həmin məktubdan məlum olur ki, azyaşlı Ceyla Bağırova ABŞ vətəndaşı olduğundan onun Azərbaycan Respublikasına gəlməsi üçün viza alınması tələb edilmişdir. Azərbaycanda xx.xx.2012-ci il tarixədək doğum haqqında qeyd aparılanadək azyaşlı Ceyla Bağırovanın ABŞ-da doğum qeydinin aparılması faktı, həmçininAzəbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 10(102)-80/17 saylı qərardadı ilə tanınmış Dubay Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 250/2016 saylı qərarı ilə də öz təsdiqini tapır. Belə ki, adı çəkilən Dubay Ali Məhkəməsinin qərarı ilə iddiaçı Merim Beişekiyevaya azyaşlı Ceyla Bağırovanın pasportunun notariat qaydasında təsdiq olunmuş surətini istənilən formada verilməsi (vətəndaşlıq haqqında şəhadətnamə, nikah haqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin əsli (İD kart), doğum haqqında şəhadətnamə, tibbi kart qaytarılması vəzifəsi cavabdeh Davud Bağırovun üzərinə qoyulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının qızı Ceyla Bağırovanın adına doğum qeydi ABŞ-da aparılmaqla bu barədə müvafiq doğum şəhadətnaməsi verildiyi halda cavabdeh inzibati orqanın yenidən doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə olan halda həmin qeydlər qanunsuz inzibati akt olaraq ləğv edilməli, qeydlər əsasında verilmiş doğum haqqında şəhadətnamə isə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2017-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X7 Ulanbekovnanın apelyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2670/2017 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2017-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü azyaşlı X4 adına Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə 1479-cu nömrəsi ilə aparılmış doğum haqqında qeyd ləğv olunsun və bununla əlaqədar verilmiş AZ-İİ N970077 saylı doğum haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1199/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1199/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver