Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1199/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə, Üçüncü şəxs X4 iştirakları ilə İddiaçı2 cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı (üçüncü şəxs X7) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(112)-1111/2021 saylı qərarından cavabdeh və üçüncü şəxs X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar X5 və İddiaçı1 cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X7) X4 Binəqədi Rayon İcra Hakimiyyətinə aid olan torpaq sahəsini zəbt edərək fərdi yaşayış evi tikmək istədiyi torpağa dair M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsi tərəfindən qanunsuz olaraq fərdi yaşayış evinin tikintisinə dair torpağa verdiyi xx.xx.2005-ci il tarixli 50 saylı qərarın və alqı-satqı aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsi ilə 27 may 2004-cü il tarixdə iddiaçıya məxsus olan binanın 1-ci mərtəbəsində yerləşən mənzilinin arxasında (binanın arxasında) yerləşən 150 kv.m torpaq sahəsi 20 il müddətə olmaqla icarə müqaviləsi bağlayaraq həmin torpaqdan istifadə edir. X7 iddiaçıların ünvan 1 binada 4-cü blok 8-ci mərtəbədə yaşamasına baxmayaraq, binanın arxasında yerləşən ünvan 1, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan İddiaçı1 bağ kimi istifadə etdiyi torpaq sahəsini (4 sota yaxın torpağı) zəbt edərək sonradan M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinin həbs olunan keçmiş sədrindən saxta yolla guya alqı-satqı ilə həmin torpağa fərdi yaşayış evi tikintisinə dair xx.xx.2005-ci il tarixli 50 saylı qərar və alqı-satqı aktı əldə etmişdir. X7 həmin saxta yolla əldə etdiyi Binəqədi rayon İcra Hakimiyyətinə aid olan torpaq sahəsində çoxlu sayda mişar daşları tökməklə fərdi yaşayış evi tikmək istəyir və bununla əlaqədar gecə ilə iddiaçıların icarəyə götürüb bağ kimi istifadə etdikləri torpaqla onun zəbt etdiyi torpaq arasında olan boru və setkaları onların evdə olmamasından istifadə edərək sökmüş və 2 metrdən artıq olaraq onların icarəyə götürüb bağ kimi istifadə etdikləri torpağa keçərək zəbt etmişdir. İddiaçılar dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, X7 öz qanunsuz əməllərini davam etdirir. Belə ki, zəbt edərək fərdi yaşayış evi tikdiyi torpağa giriş çıxışı hasara almaq yolu ilə bağlamaqla binanın zirzəmisinə girişçıxışı və binanın telefon qovşağına giriş olan saxlanc yerinə giriş-çıxışı, digər komunal xətlərə giriş-çıxışı bağlamaqla gələcək yaranan təhlükəli və fövqalədə anlarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışı və binanın telefon qovşağına giriş olan saxlanc yerinə giriş-çıxışı, digər komunal xətlərə giriş-çıxışı mümkün olmayacaqdır. Bildirir ki, X7 zəbt edərək mənzil tikmək istədiyi torpaq Binəqədi Rayon İcra Hakimiyyətinə aid olan torpaq sahəsidir və həmin torpaq sahəsi binaya tam yapışıq vəziyyətdədir. X7 tərəfindən tikinti və şəhərsalma qaydaları pozularaq qanunazidd tikinti işləri aparılır. Ə.A.Əliyev fərdi yaşayış evinin tikintisini başlamaqla ünvan 1 ünvanda yerləşən binada bir çox mənzildə yaşayan ailələrin hüquqlarını pozur. Sonradan iddiaçı X5 əsl İddiaçı2 ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)1111/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçının “Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən torpağa fərdi yaşayış evinin tikintisinə dair verilmiş xx.xx.2005-ci il tarixli, 50 saylı qərarın etibarsız sayılması barədə qərar qəbul edilməsi”nə dair dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 50 nömrəli, 25 mart 2005-ci il tarixli qərarı etibarsız sayılmışdır. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs X7 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X1 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə satılması haqqında bələdiyyənin xx.xx.2005-ci il tarixli, 50 saylı qərarı və xx.xx.2005-ci il tarixli “Torpaqların alqı-satqısına dair bağlanmış akt” barədə iddia qaldırması üçün İddiaçı2 heç bir subyektiv hüququ yaranmamış və belə bir halın mövcudluğu imkanına kifayət qədər hüquqi təminatın təsdiqlənməsi nəzərə alınmamış və beləliklə də qeyri-obyektiv üsul və vasitə ilə baxılaraq iddianı təmin edən məhkəmə aktı çıxarılmışdır ki, onunla da razılaşmaq mümkün deyildir. Belə ki, məhkəmənin hakimi hazırda apellyasiya verilən qərarla belə bir nəticəyə gəlir ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyənin yox, dövlət torpaq fonduna aid hesab edilir. Belə olan halla razılaşsaq, hansı ki, bu qeyri-mümkündür, onda iş üzrə İddiaçı2 subyektiv hüququnun olmaması və yaranmaması qeyri - şərtsiz öz təsdiqini tapır və əsl olmayan şəxs kimi də başqa bir orqan və təşkilatın yerinə iddia ərizəsi ilə çıxış etməsi bələdiyyənin qanuni və əsaslı qərarını məhkəmədə mübahisələndirərək onu etibarsız etdirməsi yolverilməzdir. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası alimləri üçün tikilmiş kooperativ yaşayış binasına ayrılmış yerdə tikilmiş evə 1988-ci ildə köçüb yaşamağa başlamışlar. Həmin vaxtdan da tam yararsız halda olan mübahisələndirilən 250 kv.metr torpaq sahəsi X7 tərəfindən yararlı hala salınaraq istifadəsinə keçmiş və nəhayət Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli, 50 saylı qərarla və alqı-satqı aktı ilə onun adına rəsmiləşdirilmişdir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinin 25 mart 2005-ci il tarixli X4 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında xx.xx.2005-ci il tarixli 50 saylı qərarı “Torpaqların alqı-satqısına dair bağlanmış akt” qanuni və əsaslı olub, bütün məzmunu ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik norma və prinsipləri nəzərə alınaraq icrası təmin edilmişdir. Üçüncü şəxs Bələdiyyənin mülkiyyətində olan 250 kv.m torpaq sahəsinin bazar satış qiymətini hesablaşma hesabına tam şəkildə ödəmişdir. 25 mart 2005-ci il tarixdən bu günədək qəbul olunmuş torpağın alqı-satqısına dair qərarın hüquqiliyinə, qanunvericiliyin tələbinə uyğun nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrin işləri üzrə Departamentinin yoxlamaları zamanı heç bir qanunsuzluq və pozuntusu halı müəyyən edilməmişdir. Üçüncü şəxsin uzun müdddət istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında xx.xx.2005-ci il tarixli 50 saylı Qərar və xx.xx.2005- ci il tarixli “Torpaqların alqı-satqısına dair bağlanmış akt” barədə onu mübahisələndirilərək etibarsızlığına dair məhkəmədə iddia qaldırması barədə iddiaçının heç bir subyektiv hüququ yaranmamış və belə bir halın mövcudluğu imkanına kifayət qədər hüquqi təminatın təsdiqlənməsi nəzərə alınmamışdır. Mübahisələndirilən ərazi üzrə keçirilmiş ekspertiza mötəbər deyil. Belə ki, mütəxəssis tərəfindən mübahisələndirilən əraziyə baxış keçirilməmişdir. Mütəxəssis rəyində mübahisələndirilən torpaq sahəsi hasara alınmış, içərisində yaşayış evi mövcud olmaqla faktiki sahəsi 196 kv.m təşkil edir (mübahisələndirilən həyətyanı torpaq sahəsinin koordinatlarını və digər texniki parametrlərini əks etdirən sxemlər əlavə edilir) kimi verildiyi halda faktiki olaraq növbəti səhifədəki halda kosmik foto şəkildə (Google Earth) isə həmin ərazi tam boş halda, növbəti səhifə verilmiş sxemdə isə ərazinin “döngə nöqtələrinin koordinatları” verilməklə, ərazinin sahəsi 266 kv.m kimi göstərilmişdir. Hansı ki, əraziyə məhkəmə heyəti tərəfindən baxış zamanı ərazidə hər hansı bir tikilmiş yaşayış evinə rast gəlinməmişdir. Bələdiyyə tərəfindən verilmiş sənəddə ərazi tam düzbucaqlı şəkilində olmaqla sahəsi 250 kv.m-dir. “Mütəxəssis rəy”ində mübahisələndirilən ərazinin yerləşdiyi sahənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə institutu tərəfindən 1987-ci ildə verilmiş 4331 saylı “Eskiz - layihə sənədlərində həmin ərazinin binanın abadlaşdırma sahəsinə uyğun olduğu fakti nəzərə alınmamış, hər tərəfi icarəyə verilmiş onlarla bələdiyyə torpaqları əhatəsində olan cəmi 250 kv.m sahəsi olan bir sahəyə “yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə Dövlət mülkiyyəti torpağıdır“ rəyinin verilməsi tam şəkildə uydurmadan ibarətdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli 2- 1(103)-127/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs X7 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022ci il tarixli, 2-1(102)-1158/2022 saylı qərarı ilə cavabdehin və üçüncü şəxsin kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli 2-1(103)-127/2022 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X7 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, Ali Məhkəmənin qərarında əksini tapmış müvafiq göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 2 ünvan da yerləşən 1 nömrəli mənzil İddiaçı2 xüsusi mülkiyyətindədir. -Dövlət Arxivinin Bakı Filialı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 50 nömrəli xx.xx.2005-ci il tarixli Qərarının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. - Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 50 nömrəli xx.xx.2005-ci il tarixli Qərarına əsasən ünvan 2, mənzil 69-da yaşayan X1 M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsində yaşadığı 57 saylı binanın yaxınlığında yerləşən, daş hasara alaraq uzun müddət bağ sahəsi kimi istifadə etdiyi 250 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2005-ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının xx.xx.2005-ci il tarixli rəyinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsi 57 saylı binanın yaxınlığında yerləşən 250 kv.m torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X1 mülkiyyətinə verilmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli **********12 nömrəli məktubla mütəxəssis rəyi məhkəməyə göndərilmişdir. Rəydə göstərilir ki, “Mübahisələndirilən torpaq sahəsinə baxış keçirilərək, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmışdır. Mübahisələndirilən həyətyanı torpaq sahəsi hasara alınmış, içərisində yaşayış evi mövcud olmaqla faktiki sahəsi 196 kv.m təşkil edir (mübahisələndirilən həyətyanı torpaq sahəsinin koordinatlarını və digər texniki parametrlərini, eləcə də elektron kadastr məlumatlarını əks etdirən sxemlər əlavə edilir). - Elektron kadastr məlumatlarına əsasən mübahisələndirilən torpaq sahəsi xx.xx.2005-ci il tarixə kimi və hal-hazırda da yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə Dövlət mülkiyyəti torpağıdır. - Mütəxəssis rəyində göstərilənlərlə yerində müayinə zamanı müəyyən edilənlər arasında (tikili ilə bağlı) ziddiyyət mövcud olduğundan, mütəxəssis rəyini vermiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi İ.Şərifovun birinci instansiya məhkəməsinin iclasında iştirakı təmin edilmişdir. Sonuncu izahatında bildirmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli **********12 nömrəli mütəxəssis rəyinin bir hissəsində texniki yanlışlığa yol verilmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin içərisində tikili (yaşayış evi) mövcud deyildir. Digər hissələrdə hər hansı yanlışlığa yol verilməmişdir. Belə ki, araşdırma təqdim edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmışdır. Mübahisələndirilən həyətyanı torpaq sahəsi hasara alınmış, faktiki sahəsi 196 kv.m təşkil edir. Elektron kadastr məlumatlarına əsasən mübahisələndirilən torpaq sahəsi xx.xx.2005-ci il tarixə kimi və hal-hazırda da yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Birinci instansiya məhkəməsinin keçirdiyi yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsi 57 saylı binanın yaxınlığında yerləşən 250 kv.metr torpaq sahəsi hasara alınmış sağ tərəfdə fərdi yaşayış evi tikilmiş. Arxa tərəfdə isə doqquzmərtəbəli yaşayış binası mövcuddur. Ərazidə heç bir tikili mövcud deyildir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 50 nömrəli xx.xx.2005-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin həmin qərardan əvvəl və hal-hazırda dövlət mülkiyyəti kimi göstərilmiş ərazidə yerləşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən mübahisələndirilən qərar ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edilmiş, yəni həmin torpaq üzərində müvafiq qərar qəbul etmək səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 2-ci bəndinə əsasən bu Qaydalar yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğu ünvanlanaraq Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 50 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X4 mülkiyyətinə verilmiş ünvan 4 ünvanında yerləşən binanın yaxınlığında yerləşən 250 kv.m torpaq sahəsinin kimin balansında olmasına dair məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********21 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, mövcud arxiv məlumatlarına əsasən ünvan 4 ünvanında X4 mülkiyyətində olan 0,025 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022ci il tarixli, 2-1(102)-1158/2022 saylı qərarına əsasən iddiaçının torpaq sahəsinin yaxınlığında yerləşən binada mənzilinin olması hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcudluğu nəticəsinə gəlmək üçün kifayət deyil. Belə ki, işə baxan aşağı instansiya məhkəmələri yalnız iddiaçının binanın sakini olması aspektindən çıxış edərək subyektiv hüququnun mövcudluğu nəticəsinə gəlmişlər. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi həmin dəlillər üzrə ətraflı araşdırma aparmamış, həmin torpaq sahəsinin ayrılmasının iddiaçının bina sakini kimi hüquqlarından və mənzildən sərbəst istifadə etməsinə maneəçilik törədib-törətməməsini, fövqəladə anlarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışının mümkün olubolmamasını, binaya sərbəst giriş-çıxışa (piyada və avtomobillə) maneənin mövcudluğunu qiymətləndirməmiş, nəticədə İPM-nin 12.1-ci maddəsinin tələblərini pozmuşdur. Ali Məhkəmənin qərarında öz əksini tapmış göstərişlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli 2-1(103)-1199/2023 nömrəli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2450 saylı ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən bina ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 50 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X4 istifadəsinə verilmiş 250 kv.m torpaq sahəsinin ara məsafəsi 2.1 metr təşkil etdiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 4 ünvanında yerləşən bina ilə X4 istifadəsinə verilmiş 250 kv.m torpaq sahəsinin ara məsafəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları”nın tələblərinə uyğun olmadığı müəyyən edilir. ünvan 4 ünvanında yerləşən bina ilə həmin torpaq sahəsinin sərhədinə qədər olan məsafə 2,1 metr olduğunu və AZDTN 2.6-1 "Dövlət şəhərsalma Norma və Qaydaları"nın Yanğın əleyhinə tələblərin 2-ci bəndinə əsasən binaların giriş olmayan fasadları boyunca yanğınsöndürən maşınların keçməsi üçün ara məsafəsinin 5-8 metr olduğunu nəzərə alaraq, həmin X4 istifadəsinə verilmiş 250 kv.m torpaq sahəsi fövqəladə hallarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışına, ümumiyyətlə, binaya sərbəst giriş- çıxışa (piyada və avtomobillə) maneə törətdiyi müəyyən olunur. X2 istifadəsinə verilmiş 250 kv.m. torpaq sahəsinin ayrılmasının ünvan 4 ünvanında yerləşən bina sakinlərinin, o cümlədən iddiaçının bina sakini kimi hüquqlarından və mənzildən sərbəst istifadə etməsinə maneəçilik törədib-törətməməsinin müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qeyd: Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 50 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X4 istifadəsinə verilmiş 250 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci tarixdə verilmiş mütəxəssis rəyinə əsasən yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə Dövlət mülkiyyətindədir. Həmçinin, X4 istifadəsinə verilmiş 250 kv.m torpaq sahəsi iş materiallarında olan sxemə əsasən binanın tikintisi və abadlığı üçün ayrılmış sahədir. Qeyd olunmalıdır ki, İddiaçı2 yuxarıda qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsi 57 saylı binanın sakini və həmin binada yerləşən mənzilin mülkiyyətçisi olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənləri, həmçinin üçüncü şəxs X4 istifadəsinə verilmiş 250 kv.m torpaq sahəsinin binanın tikintisi və abadlığı üçün ayrılmış sahə olduğunu (ekspert rəyinə əsasən) nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sakini olduğu binanın yaxınlığında müvafiq ara məsafəsi gözlənilmədən ayrılmış torpaq sahəsinə dair inzibati aktın mübahisələndirilməsi üçün subyektiv hüququ mövcuddur. Belə ki, üçüncü şəxs Ə.A.Əliyev yaşayış binasına bitişik olan torpağa giriş çıxışı hasara almaq yolu ilə bağlamaqla binanın zirzəmisinə giriş-çıxışı və binanın telefon qovşağına giriş olan saxlanc yerinə giriş-çıxışı, digər komunal xətlərə giriş-çıxışı bağlamaqla gələcəkdə yarana biləcək təhlükəli və fövqəladə hallarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə, binanın telefon qovşağına giriş olan saxlanc yerinə, digər komunal xətlərə giriş-çıxışı mümkün olmayacaqdır. Bu həm iddiaçının, həm də həmin yaşayış binasında yaşayan digər sakinlərin rahat və təhlükəsiz yaşamalarına maneə törədə biləcək bir haldır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən üçüncü şəxsə qeyd olunan torpaq sahəsinin ayrılması iddiaçının bina sakini kimi hüquqlarından və mənzildən sərbəst istifadə etməsinə maneəçilik törədir, fövqəladə anlarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışını mümkünsüz edir, binaya sərbəst giriş-çıxışa (piyada və avtomobillə) maneələr yaradır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bələdiyyənin mübahisələndirilən qərarı qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni ayrılmış torpaq sahəsi əvvəllər (bələdiyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olması, torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmaması, həmin torpaq sahəsi ayrılarkən digər daşınmaz əmlaklarla, yəni iddiaçının mükiyyətçisi olduğu mənzilin yerləşdiyi bina ilə qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsinin gözlənilməməsi, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən X6 ayrılan torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, xx.xx.2005-ci il tarixli 50 saylı qərar Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində bələdiyyənin müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, ən əsası isə iddiaçının və qeyd olunan yaşayış binasında yaşayan digər sakinlərin maraqlarına toxunduğuna görə mübahisələndirilən qərar etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi və üçüncü şəxs X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(112)-1111/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1199/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1199/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver