Məhkəmə qərarları › İş №2-1(103)-1199/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1199/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1199/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu X6 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X5 ibarət tərkibdə, Şirazi Elxan oğlu Eldarzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1911/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Bakı şəhəri Binəqədi Rayonu X6nin “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı adına və istifadəsinə verilməsi haqqında” 1546 №-li, xx.xx.2005-ci il tarixli sərəncamın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6nin ərazi hüdudlarında Bakı şəhər sakinləri X2 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 kv. m. torpaq sahəsinə dair sahiblik və ondan istifadə hüquqlarının Bakı şəhər sakini İddiaçı adına keçirilməsi qərara alınmışdır.

2. “Torpaqların alqı-satqısına dair” aktın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 ərazisində Bakı şəhəri, H.ünvan 1 ünvanda yaşayan İddiaçı tərəfindən edilmiş müraciətə baxılmışdır. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Binəqədi qəsəbə bələdiyyə ərazisində 600 kv. m. torpaq sahəsinin satılması barədə 2005-ci il 02 sentyabr tarixli 1546 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən X6nin hesabına əvvəlcədən ******* manat haqq ödənilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayonu X6 tərəfindən İddiaçı ayrılmış torpaq sahəsinin sxemi tərtib olunmuşdur.

4. Bakı şəhəri Binəqədi rayonu X6 tərəfindən İddiaçı verilmiş 17 №-li, xx.xx.2020-ci il tarixli arayışda qeyd olunmuşdur ki, X6nin 02 sentyabr 2005-ci il tarixli, 1546 saylı sərəncamı ilə onun istifadəsinə 600 kv. m. torpaq sahəsi ayrılmışdır.

5. Binəqəri Rayon İHB-nın Biləcəri Qəsəbəsi üzrə nümayəndəsi tərəfindən İddiaçı məxsus Biləcəri qəsəbəsi Binəqədi şossesi X9 Döngə 1, ev 54 ünvanında yerləşən yaşayış evinin planı tərtib olunmuşdur.

6. “S.K.- Memarlıq” məhdud məsuliyyətli cəmiyyəti (Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən verilmiş LA-05070 qeydiyyat nörəli xx.xx.2005-ci il tarixli 015155 №li lisenziya) tərəfindən Binəqədi qəsəbəsi ərazisində İddiaçı inşa etdiyi fərdi yaşayış evinin layihəsi Bakı şəhəri Binəqəd Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzininin 3-16- 9/2- 38115-3-185/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X6nin xx.xx.2004-cü il tarixli 1337 nömrəii və xx.xx.2005-ci il tarixli 1546 nömrəli sərəncamları Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir.

8. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-05916/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Binəqədi rayonu X6nin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli 1337 və 1337/1 saylı qərarları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Binəqədi rayonu X6nin 2005-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2005-ci il tarixli, 1546 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

9. Bakı şəhəri Binəqədi Rayonu X6nin: “X1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 1337 №-li, xx.xx.2004-cü il tarixli Sərəncamın surətindən müəyyən olunur ki, Binəqədi Rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi rayonu ərazisindən 600 kv.m., torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X2 alqı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır (Sərəncam bənd 1).

10. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3-35-1/2-2213/2023 saylı, xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, X6nin xx.xx.2005-ci il tarixli 1546 saylı və xx.xx.2004-cü il tarixli 1337 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 600 kv. m. torpaq sahəsinin İddiaçıxan oğluna və X4 ayrılmamışdan əvvəl qeyd edilən torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsinə dair məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə verilməsi barədə müraciətə baxılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.

11. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********87 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş İddiaçınin müraciəti əsasında tərtib olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X9, döngə 1, ev 54 ünvanında yerləşən torpaq sahəsinin faktiki sahəsinin 518,0 kv.m., təşkil etdiyi, hüquq müəyyənedici sənəd təqdim edilmədiyi, torpaq sahəsinin dörd tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikilinin çöl divarları ilə sərhədləndiyi, torpaq sahəsi üzərində 2 mərtəbəli yaşayış evi, 1 mərtəbəli yaşayış evi, yay mətbəxi, üzəri talvarın mövcud olduğu, torpaq sahəsinin bir tərəfindən 0.3 m. məsafədə qaz paylayıcı qurğusunun mövcud olduğu, torpaq sahəsinin həmin tərəfindən 4,3 m-2.4 m məsafədən 6-10 KV-luq YGE hava xətti keçərək 0,5 m. məsafədə olan transfarmatora daxil olduğu müəyyən olunmuşdur.

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi -Texniki Təminat Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı aid fərdi yaşayış evi Binəqədi rayonu, ünvan 4 ünvanda yerləşən əvvəllər Daxili İşlər Nazirliyinə məxsus olmuş 2 ədəd 5 mərtəbəli yataqxana binalarının yaxınlığında inşa edilmişdir. Qeyd edilən həmin yataqxana binalarının vahid texniki istismar normalarına uyğun xidmətinin təşkili istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2009-cu il 12 may tarixli 164 nömrəli Sərəncamı (surəti məktuba əlavə olunmuşdur) ilə əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, sonuncu tərəfindən verilmiş 3- 16-16/2-10/3741 №li 10 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Orxan Səmədzadənin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıda qeyd olunan nəticəyə gəlmişdir: Göstərilən torpaq sahəsi faktiki olaraq 518,0 kv. metr təşkil edir. Sahəyə dair sənəd təqdim edilməyib. Torpaq sahəsi üzərində ikimərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Sahənin bir tərəfində 0.3 m. məsafədə qaz paylayıcı qurğu mövcuddur. Faktiki olaraq göstərilən 518,0 kv. m. torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sözügedən sahənin qeydiyyatı və ya hər hansı üst-üstə düşməsi ilə bağlı məlumat yoxdur. Faktiki olaraq göstərilən 518,0 kv. m. sahənin 110,0 kv m. hissəsi yüksək gərginlikli elektrin xəttinin mühafizəsində yerləşir.

a) Birinci instansiya məhkəməsində icraat.

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu X6 tərəfindən verilmiş 02 sentyabr 2005-ci il tarixli 1546 nömrəli sərəncama əsasən X6nin ərazi hüdudları daxilində yerləşən ümumi sahəsi 600 kv. metr olan, onun istifadə və sahibliyinə verilmiş torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının onun adına dövlət qeydiyyatına alınıb, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, X6 tərəfindən verilmiş 1546 nömrəli 02 sentyabr 2005-ci il tarixli sərəncama əsasən X6nin ərazi hüdudları daxilində yerləşən ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün onun istifadə və sahibliyinə verilmiş bu barədə bələdiyyə ilə onun arasında torpağın alqısatqısına dair akt da mövcuddur. Həmin sənəd əsasında ona ayrılmış ünvanda yerləşən torpaq sahəsi və üzərində fərdi yaşayış evi inşa edərək 2006-cı ildən hazırki vaxtadək ailə üzvləri ilə həmin fərdi yaşayış evində yaşayır. Hal-hazırda o, ailə üzvləri ilə həmin fərdi yaşayış evində yaşayır, onun adına kommunal xidmətlərlə müqavilə bağlamışdır. O, bələdiyyəyə torpaq və əmlak vergisini və mənzil kommunal xidmətlərin haqqını vaxtlıvaxtında ödəyir. Ona Bakı şəhəri, Binəqədi rayonu X6nin ərazi hüdudları daxilində ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsi ayrılmışdır. Ona ayrılmış torpaq sahəsi və üzərində mövcud fərdi yaşayış evi üzərində hüquqlarını dövlət qeydiyyatına alıb onun adına müvafiq çıxarışı və texniki pasportun verilməsi barədə ərizə ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona 25 iyun 2023-cü il tarixli 3-21-3-30/2-R- 0249-8/2023 **********29 nömrəli imtina məktubu verilmişdir.

16. Eyni zamanda məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

17. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, qeyd edilən fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, torpaq sahəsinə dair təqdim edilmiş sərəncam torpaq sahəsinin mülkiyyətə verilməsi barədə deyil, torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının İddiaçı adına keçirilməsi barədədir. Həmçinin, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun Qərarında hüquqi mövqe mövcuddur. Bundan əlavə, təqdim edilən torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. Həmçinin, İdarənin elektron kadastr məlumatlarında qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır, dövlət mülkiyyətindədir. Qeyd edilənlərlə yanaşı, İdarənin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin yerləşdiyi ərazi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ayrılmış 6.0 ha ərazinin daxilində yerləşir. (Ətraflı ortofoto əlavə olunur – 01 vərəq) İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 513.0 kv. m., fərdi yaşayış evinin faktiki ölçüsü isə 173.8 kv. m. təşkil edir. “X3 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının 274-İİQ saylı, 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X3 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1911/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

19. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.

c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

22. Məhkəmədə İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

23. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsada məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

26. “X3 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. .... Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. .... Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; (çıxarılmışdır) 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

31. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 24-27-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

32. Belə ki, iddiaçı X6nin ərazi hüdudları daxilində yerləşən ümumi sahəsi 600 kv. metr olan, onun istifadə və sahibliyinə verilmiş torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir.

33. Cavabdeh orqan isə iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktın keçmiş DTXK tərəfindən təsdiq edilmədiyinə, “Torpaqların alqı-satqısına dair akt”ın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmadığına və həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmasına istinad edərək, imtina cavabı vermişdir.

34. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu X6 tərəfindən verilmiş 02 sentyabr 2005-ci il tarixli 1546 nömrəli sərəncama əsasən X6nin ərazi hüdudları daxilində yerləşən ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsi iddiaçının istifadə və sahibliyinə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişdir.

35. İşin apellyasiya baxışı zamanı DƏDKR PHŞ Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən Mərkəzin arxivində aparılmış araşdırma zamanı X6nin xx.xx.2005-ci il tarixli 1546 nömrəli Qərarı ilə İddiaçı 600 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan qərar həmçinin Milli Arxiv İdarəsinin Bakı filialındada aşkar edilməmişdir.

36. Kollegiya cavabdehin imtinasının dəlili olan torpaqların alqı-satqısına dair aktın keçmiş DTXK tərəfindən təsdiq edilməsi və “Torpaqların alqı-satqısına dair akt”ın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamasına münasibətdə bildirir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, həmin torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməməsi inzibati orqanın inzibati icraat çərçivəsində aparılmalı olan hərəkətdir. Bu səbəbdən də həmin əsas imtina əsası kimi qəbul edilə bilməz.

37. Cavabdehin digər imtina dəlili olan torpaq sahəsinin dövlət mülkiyyətində olmasına münasibətdə isə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)- 1199/2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-tikinti ekspertizası təyin edilmiş, lakin, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina barədə 29 aprel 2025-ci il tarixli məlumat daxil olmuşdur.

38. Sonradan Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1199/2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli qərardadı icra edilməsi üçün yenidən ekspertizaya göndərilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 17 oktyabr 2025-ci il tarixli, 10/3844 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur.

39. Həmin rəydən müəyyən olunur ki, 518.0 kv.m torpaq sahəsinin “Binəqədi OYL” ƏŞ-nin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətinə aiddir.

40. Nəzərə alınmalıdır ki, müvafiq ekpertiza tədqiqatıın aparılması üçün məhkəmə tərəfindən ekspertə təqdim edilmiş Binəqədi rayonun ərazisində Nazirlər Kabineti tərəfindən Binəqədədi OYL şirkətinə ayrılmış dövlət torpaqlarının sxemi Binəqədi bələdiyyəsinin sədri tərəfindəndə imzalanmışdır.

41. Digər tərədən o da nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahəsi vaxtı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ayrılmış yataqxana binalarının ərazisində yerləşir və 2009-cu ildə həmin yataqxana binaları Bakı şəhər İcra Hakimiyyətinin balansına keçirilmişdir. Qeyd olunan ərazilərin DİN balansında olan binaların ərazisində olan ərəfədə bələdiyyə tərəfindən ayrılması, o cümlədən bələdiyyənin inzibati ərazisində olan torpaq sahələrinin Nazirlər Kabineti tərəfindən Binəqədi OYL şitkətinə ayrılması mümkün deyil.

42. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahəsinin Binəqədi bələdiyyəsi tərəfindən ayrılması iddia olunsa da, torpaq sahəsinin Biləcəri qəsəbəsi ərazisində yerləşməsi və həmin ərazinin Bakı şəhər İcra Hakimiyyətinin Binəqədi bələdiyəsinə torpaq sahələrinin ayrılması haqqında xx.xx.2000-ci il tarixli sərəncamına əlavədə göstərilmiş ərazilərdə olmaması bir daha ona dəlalət edir ki, qeyd olunan ərazinin Binəqədi bələdiyyəsinə aidiyyatı yoxdur.

43. Göründüyü kimi mübahisəli torpaq sahəsi Binəqədi rayonu X6nin qərarı əsasında iddiaçıya ayrılsa da, həmin ərazinin Binəqədi bələdiyyəsinə təhkim edilməsi ilə bağlı əsaslı dəlil müəyyən edilməmişdir. Başqa sözlə desək iddia olunan torpaq sahəsinin zamanında bələdiyyənin mülkiyyətində olması ilə əlaqədar hər hansı bir məlumat mövcud deyildir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə tərəfindən qəbul edilmiş qərar yalnız o halda iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirə bilərdi ki, əgər qərar ilə ayrılmış torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş olsun.

45. Hazırki halda isə iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və zamanında torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması sübuta yetirilmədiyindən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın torpaq sahəsi ilə bağlı hissəsində təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

46. İddia tələbinin fərdi yaşayış evinin üzərində mülkiyyət hüququqnun qeyd alınması hissəsi ilə bağlı məhkəmə kolleqiyası aşağıdakıları qeyd edir ki:

47. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənə qədər, yəni 2006-cı ildə inşa edilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktının mövcud olması zərur idi. İş materiallarına əlavə edilmiş eskiz layihəyə nəzər saldıqda həmin layihənin yerli icra hakimiyyəti ilə lazımi qaydada razılaşdırılmadığı müəyyən edilir. Belə ki, eskiz layihənin üzərinə vurulan möhür sənədlər üçün nəzərdə tutulmuş və həmin möhür özü özlüyündə razılaşmanı ehtiva edə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərində iddiaçının sahibliyi və ya mülkiyyəti müəyyən edilməmişdir.

48. Hətta qeyd olunan fərdi yaşayış evi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindiyi 2013-cü ildən sonra inşa edilmiş olsaydı belə iddiaçı tərəfindən evin inşası zamanı məlumatlandırma icraatına riayət olunmaması səbəbindən onun üzərində mülkiyyət hüquqlarının qeydə alınması mümkün ola bilməzdi.

49. Qeyd olunanlar isə ona əsas verir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

51. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1911/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1911/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar