Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-12/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-953/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən eti : Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2020-ci il 4 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilmiş torpaqların alğı-satqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi təqdim olunmamışdır. Həmçinin göstərilən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə binanın mülkiyyətçilərinə məxsusdur. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2020-ci il 4 may tarixli imtinasının əsassız hesab edilməklə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayon Nizami Bələdiyyəsinin 2006-cı il 20 iyul tarixli, 53 saylı qərarı ilə Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv. metr torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Torpaqların alğı-satqısına dair akt və torpaq sahəsinin cizgi sxemi iddiaçıya verilmişdir. Həmin torpaq sahəsi 15 ildən artıqdır ki, iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını cavabdehdən xahiş etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 31 mart tarixli, 2-1(112)-953/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya və kassasiya instansiya məhkəmələrində aparılan icraat: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qəbul edilən zaman məhkəmə “torpaq alqı-satqısına dair akt”ın müvafiq torpaq şöbəsi tərəfindən imzalanması və qeydiyyata alınması məcburi şərt kimi aktın tərtib edildiyi dövrdə nəzərdə tutulsa da, bu şərtə əməl edilməməsini əsas gətirmişdir. Məhkəmənin bu dəlilinə qarşı bildirir ki, vətəndaş olaraq, müvafiq bələdiyyəyə müraciət etmiş və Bakı şəhəri Nizami rayon Nizami Bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 53 saylı qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv.m torpaq sahəsi mülkiyyətinə verilmişdir. Buna dair torpaqların alqı-satqısına dair akt və torpaq sahəsinin cizgi sxemi ona verilmişdir. Həmin torpaq sahəsinə dair tərəfindən Bələdiyyənin hesabına 2006-cı ildə 798 manat pul ödənilmişdir. Həmin torpaq sahəsi 15 ildən artıqdır ki, istifadə və sahibliyindədir. Qeyd olunan prosedurlardan sonra ona ayrılmış torpaq sahəsinə dair qərarın müvafiq torpaq şöbəsində və ya Ədliyyə Nazirliyi X2 aşkar olunmaması (bələdiyyə və ya başqa inzibati orqan işçisinin səhlənkarlığı) onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almaqdan imtina üçün əsas olmamalı və onun mülkiyyət hüququ məhdudlaşdırılmamamlıdır. Dövlətin inzibati orqanının və ya Bələdiyyənin qarşılıqlı əlaqə olmadan fəaliyyəti vətəndaşın Konstitusiya Qanununun 13-cü maddəsində qeyd olunmuş Mülkiyyət Hüququnun pozulmasına gətirib çıxarmamalıdır. Həmin qanunun 13-cü maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bakı İnzibati məhkəməsinin 2-1(112)- 953/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı isə dövlət və bələdiyyə orqanının qarşılıqsız fəaliyyətinin nəticəsi kimi onu mülkiyyət hüququndan məhrumetməyə yönəlib. Bu əsaslarla da hesab edir ki, qərar ədalətsiz və əsassızdır, apelyasiya instansiyası tərəfindən ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2- 1(103)-1765/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı 2021-ci il 31 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-9/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2- 1(103)-1765/2021 nömrəli qərarı ləğv edilərək İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiya məhkəməsində təkrar baxış: Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: Cavabdehin xx.xx.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi,12 ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi təqdim olunmamışdır, həmçinin göstərilən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə binanın mülkiyyətçilərinə məxsusdir. Nizami rayon bələdiyyəsinin 53 nömrəli, xx.xx.2006-cı il tarixli ”Torpağın mülkiyyətə verilməsinə dair” qərarına əsasən Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv metr torpaq sahəsinin sənədləşdirilməsi, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 10, mənzil 8-də qeydiyyatda olan vətəndaş İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. “Torpaqların alqı-satqısına dair akt”a əsasən Bakı şəhəri, Nizami rayonu, Nizami bələdiyyəsinə iddiaçı xx.xx.2006-cı ildə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyənin ümumi iclasında baxılmış və Nizami Bələdiyyəsi ərazisində 0.019 ha torpaq sahəsi satılması barədə 53 nömrəli, xx.xx.2006-cı il tarixli qərar qəbul edilmişdir.Bunun müqabilində iddiaçı tərəfindən Nizami bələdiyyəsinin hesabına 798 manat haqq ödənilmişdir. Nizami bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş cizgi sxeminə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsinin ölçüsü 190 kv metr göstərilmişdir. xx.xx.2006-cı il tarixli qəbzə əsasən iddiaçı tərəfindən Nizami bələdiyyəsinə 798 manat torpaq haqqı ödənilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən göstərilən, 2 mərtəbəli yaşayış binasının bitişik hissəsində yerləşən 184,3 kub metr torpaq sahəsinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir.Təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafə məlumatları qeyd edilmədiyindən sənədin həmin sahəyə aid olub olmamasını araşdırmaq mümkün olmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir.Bələdiyyə ərazisi olması barədə bazada məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubuna əsasən Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 53 nömrəli qərarına dair məlumat X2 aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “....İddiaçı tərəfindən torpağın ona satılması barədə Nizami bələdiyyəsinin qərarı, alqısatqı aktı həm cavabdehə, həm də məhkəməyə təqdim edilsə də Nizami bələdiyyəsinin qeyd edilən qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən həmin Mərkəzdə mövcud deyildir. “Torpağın alqı-satqısına dair aktı”n müvafiq (rayon, şəhər) torpaq şöbəsi tərəfindən imzalanması və qeydiyyata alınması məcburi şərt kimi aktın tərtib edildiyi dövrdə qanunvericilikdə nəzərdə tutulsa da bu şərtə də əməl edilməmiş, torpaq şöbəsi tərəfindən akt imzalanmamış və qeydiyyata alınmamışdır. Yəni torpağın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün tələb edilən sənədlər qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermirlər.” İşin obyektiv araşdırılması məqsədi ilə, Kollegiyanın 2-1(103)-1460/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 190 kv metr torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olması ekspert qarşısında sual olaraq qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilən 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 10/7272 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 186.3 kv.m təşkil edir. Təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Ekspert rəyindən görünür ki, ekspert tərəfindən mütəxəssis rəyinə istinad edilmişdir. Bu səbəbdən Kollegiya tərəfindən iş üzrə əhəmiyyətli məqamların daha dəqiq müəyyən edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixə mübahisəli əraziyə baxış keçirilməsi qərara alınmışdır. Yerli baxış zamanı Kollegiya tərəfindən müəyyən edilmişdir ki, həmin ərazidə 2 şam ağacı və 7 ədəd meyvə ağacları mövcuddur. Eyni zamanda baxış zamanı mübahisəli sahənin 2 mərtəbəli yaşayış binasının ümumi istifadəsində olan torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan iddiaçının hazırda cavabdehə qarşı irəli sürdüyü iddiasının hüquqi əsasları mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinəəsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (...) Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Kollegiya qeyd edir ki, iddiaçının torpaq sahəsinə dair təqdim etdiyi sənədləri iddiaçının həmin torpaq sahəsinə dair hüquqlarının qeydə alınmasına əsas deyil. Belə ki, yuxarda qeyd edilən normalarda daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsi konkret olaraq müəyyən edilmişdir. İddiaçının hüquqmüəyyənedici sənəd olaraq təqdim etdiyi Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 53 nömrəli qərarına dair məlumat X2 aşkar edilməmiş, eyni zamanda yuxarda qeyd edilən səbəblərə görə şübhə altına alınmışdır. Eyni zamanda mübahisəli ərazinin iddiaçıya bələdiyyə qərarı ilə ayrıldığı bildirilsə də, məhkəmə araşdırmaları zamanı göstərilən torpaq sahəsinin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə binanın mülkiyyətçilərinə aid olduğundan, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması istisna edilir. İPM-nin : 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçının apelyasiya şikayəti isə formal mülahizələrə söykəndiyindən, Kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-953/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-12/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-12/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver