Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-12/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3650/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********025000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı aidiyyəti üzrə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2020-ci ilin gəlir vergisi üzrə kameral vergi yoxlamasının nəticələri barədə **********025000 saylı, 07 oktyabr 2021ci il tarixli qərar qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən kameral vergi yoxlaması barədə **********025000 saylı, 07 oktyabr 2021-ci il tarixli qərarın qəbul edilməsinə əsas iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi olmuşdur. Bəyannamə təqdim edildikdən sonra cavabdeh inzibati orqan tərəfindən uyğunsuzluq aşkarlanmış və nəticədə xx.xx.2021-ci il tarixdə kameral qərar qəbul edilmişdir. Uyğunsuzluğa əsas kimi 300.000 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Lakin cavabdeh orqan tərəfindən qəbul edilmiş **********197100 saylı, 25 may 2021-ci il qərarla hesablanmış vergi məbləği cavabdeh orqanın **********118700 saylı, 09 avqust 2021-ci il tarixli qərarı ilə ləğv edilsə də, hesablanmış vergi məbləği qüvvədə qalmışdır. Xərclər hesab olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitlər əsasında hesablanmışdır. Gəlirdən çıxılan xərclər qüvvədə olan vergi qanunvericiliyinin tələblərinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq formaya uyğun alış aktları cavabdeh inzibati orqana təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir; ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə zəruri rekvizitləri əks etdirməlidir və ciddi hesabat blanklarının onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir. Cavabdeh orqan tərəfindən həmin alış aktları qərəzli olaraq, qanunvericiliyin tələblərinə zidd olaraq, xərc kimi tanınmamışdır. Eyni zamanda cavabdeh orqan tərəfindən kameral yoxlama barədə qərar qəbul edilərkən, gəlirdən çıxılan xərclərin, alış aktlarının xərc sənədi kimi tanımadığına dair xüsusatlar qərarda əsaslandırılmamışdır. 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə cavabdeh orqan tərəfindən keçirilən kameral yoxlama ümumiyyətlə qanunauyğun olmamışdır. Belə ki, cavabdeh orqan tərəfindən qanunsuz və əssasız olaraq kameral vergi yoxlaması aparılmış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilərək, iddiaçıya əlavə vergi məbləği hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) e-2-1(112)-3650/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barədə xx.xx.2021-ci il tarixli, **********025000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçı tərəfindən 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 3221397,17 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Qeyd olunan hallar ilə bağlı vergi ödəyicisinə məktub göndərilərək kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərini yenidən hesablamaq hüququ haqqında məlumat verilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci ildə idxal edilmiş malların maya dəyərinin 5021961,20 manat təşkil etdiyi halda, vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövr ərzində mədaxil edilmiş malların dəyəri 7877476,92 manat qeyd edilərək, gəlirin əldə edilməsi ilə bağlı xərclərə daxil edildiyi müəyyən olunmuşdur. Belə ki, vergi orqanı tərəfindən malın maya dəyərini təşkil edən xərclər kimi aşağıdakılar nəzərə alınmışdır: idxal edilmiş malların faktura dəyəri 3813352,09 manat, idxal zamanı ödənilmiş rüsumlar 860949,14 manat, elektron alış aktına əsasən 300000 manat, e-qaimə fakturaya əsasən 47659,97 manat. Elektron qaimə faktura əsasında əldə olunmuş malların (işlərin, xidmətlərin) dəyəri, ümumilikdə, 50240,71 manat olsa da, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin gəlir vergisi bəyannaməsində qeyd olunmuş 180,74 manat reklam xərci, 2400 manat icarə xərci malın maya dəyərində nəzərə alınmamışdır. Qeyd olunan reklam xərci və icarə xərci çıxıldıqda e-qaiməyə əsasən malın dəyərini formalaşdıran xərc kimi 47659,97 manat nəzərə alınmışdır. Beləliklə, 2020-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin gəlirlər sütununa əsasən vergi ödəyicisinin 7916864,31 manat gəlirin əldə edilməsi üçün çəkilmiş xərclər aşağıdakılardır: malın maya dəyəri 5021961,2 manat, icarə üzrə 184,74 manat, sosial sığorta haqları 281,25 manat, sair xərclər 7399,81 manat, reklam xərci 184,74 manat, cəmi 5032223,0 manat. Qeyd olunan hallar vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanası vergi məbləğinin azaldılması kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə bəyan edilmiş 1456,28 manat vergi məbləği nəzərə alınmaqla 575471,98 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********025000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda mübahisələndirdiyi qərardan cavabdehin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş hansı qaydanı tətbiq etməklə iddiaçıya kameral qaydada vergi hesablamasını müəyyən etmək mümkün deyildir, belə ki, qeyd edilən mübahisələndirilən qərar ümumiyyətlə heç bir sənəd və dəlilə əsaslanmamışdır, habelə cavabdeh məhkəməyə təqdim etdiyi etirazında hansı rəsmi sənədlər (məlumatlar) və hansı əlaqəli məlumatları əsasında iddiaçıya kameral qaydada vergi hesablanmasını göstərməmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazın məzmunu, eləcə də etiraza əlavə edilmiş sənədlər (yük-gömrük bəyannamələri, e-qaimə fakturalar və s.) hesablamanın əsaslarını özündə kifayət qədər əks etdirmişdir. Həmçinin hesablama əsasları barədə işə məhkəmədə baxılarkən də ətraflı şəkildə izahat verilmişdir. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi, vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Malın gömrük dəyəri isə bütünlüklə faktiki çəkilmiş xərclərdən formalaşan dəyər deyildir. Mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, faktura yəni, invoys dəyəridir. Cavabdeh haqlı olaraq faktiki çəkdiyi xərcləri əsas götürməklə, vergi ödəyicisinə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə bəyan edilmiş 1456,28 manat vergi məbləği nəzərə alınmaqla 575471,98 manat əlavə vergi məbləği hesablamış və xx.xx.2021-ci il tarixli **********025000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə qərarında qeyd edilir ki, cavabdeh tərəfindən iddiaçının fəaliyyətinin eyni dövrü üzrə 3 dəfə kameral vergi yoxlaması aparmış, hər 3 dəfəsində eyni məbləğdə vergi hesablamış, sonradan isə ikinci dəfə və üçüncü dəfə eyni dövr üzrə kameral vergi yoxlamasını apararkən müvafiq olaraq birinci və ikinci dəfə kameral vergi hesablanması barədə qərarların ləğv edilməsini sonradan qəbul edilmiş müvafiq qərarlarda göstərmişdir, halbuki bu da yenə də cavabdeh tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin normalarının pozulması deməkdir, belə ki, eyni vergi dövrü üzrə eyni vergi yoxlamasının 3 dəfə həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 25 may 2021-ci il tarixli **********197100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarda 2020-ci il üzrə gəlir vergisinin məbləği 576928,26 manat müəyyən edilmiş, özünün təqdim etdiyi bəyannamədə göstərilən 5825,12 manat nəzərə alınmaqla, 571103,14 manat əlavə vergi hesablanmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, həmin bəyannaməyə uyğun olaraq, 09 avqust 2021-ci il tarixli **********118700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə yenidən vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və həmin bəyannamə məbləğinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********025000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuşdur. Belə olan halda hər hansı hüquq pozuntusundan söhbət gedə bilməz. Qərarda göstərilir ki, cavabdeh inzibati orqanın qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Belə ki, kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmiş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. xx.xx.2021-ci il tarixli **********025000 nömrəli Qərar qəbul edildiyi dövrdə Vergi Məcəlləsinin qüvvədə olan redaksiyasının 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2020-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim olunmuş, vergi orqanı isə kameral vergi yoxlamasını Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə uyğun olaraq, bəyannamənin vergi orqanına təqdim edildiyi tarixdən 30 iş günü ərzində həyata keçirmiş, xx.xx.2021-ci il tarixdə kameral vergi yoxlaması üzrə qərar qəbul edilmişdir. Göründüyü kimi, müddətlə bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2021-ci il tarixli **********025000 nömrəli Qərar vergi ödəyicisinə təqdim edilməmişdir. Şikayətə əlavə edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabafdan görünür ki, sözügedən Qərar xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə gödərilmiş və onun tərəfindən xx.xx.2021-ci il tarixdə oxunaraq əldə edilmişdir. Vergi ödəyicisi göstərilən qərardan məlumatlı olmuşdur ki, onu xx.xx.2021-ci il tarixdə mübahisələndirə də bilmişdir. Belə olan halda Qərarın ödəyiciyə çatdırılmamasından söhbət gedə bilməz. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07 oktyabr 2021-ci il tarixli, **********025000 nömrəli qərarından görünür ki, İddiaçı kameral yoxlama nəticəsində 2020-ci il üçün gəlir vergisi üzrə 575.471,98 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə … borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07 oktyabr 2021-ci il tarixli, **********025000 nömrəli qərarına əsasən İddiaçı kameral yoxlama nəticəsində 2020-ci il üçün gəlir vergisi üzrə 575.471,98 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Hazırda iddiaçı qeyd olunan qərarı mübahisələndirir. Araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı tərəfindən 2020-ci ildə idxal edilmiş malların maya dəyəri idxal edilmiş malların faktura dəyəri 3813352,09 manat, idxal zamanı ödənilmiş rüsumlar 860949,14 manat, elektron alış aktına əsasən 300000 manat, e-qaimə fakturaya əsasən 47659,97 manat olmaqla, cəmi 5021961,20 manat təşkil edir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövr ərzində mədaxil edilmiş malların dəyəri 7877476,92 manat qeyd edilərək, gəlirin əldə edilməsi ilə bağlı xərclərə daxil edildiyi müəyyən olunmuşdur. 2020-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin gəlirlər sütununa əsasən iddiaçının 7916864,31 manat gəlirin əldə edilməsi üçün çəkilmiş xərclər 5032223,0 manat təşkil edir - malın maya dəyəri 5021961,2 manat, icarə üzrə 2396 manat, sosial sığorta haqları 281,25 manat, sair xərclər 7399,81 manat, reklam xərci 184,74 manat. Qeyd olunanlara əsasən hazırda mübahisələndirilən qərarla iddiaçıya 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə bəyan edilmiş 1.456,28 manat vergi məbləği nəzərə alınmaqla 2020-ci il üçün gəlir vergisi üzrə 575.471,98 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır (7916864,31 - 5032223,0) x 20% - 1456,28 = 575.471,98). Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. İddiaçı malın alışı üçün çəkilmiş faktiki xərcdən artıq məbləğin malın alışı zamanı ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçı barəsində qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, bununla əlaqədar hər hansı sübutu və ya sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3650/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.