Məhkəmə qərarları › İş №2-1(103)-120/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-120/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-120/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1979-cu il tarixdə Salyan ray., Sarvan kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2-1(112)-1488/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 26.08.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 04.11.1998-ci il tarixli, 398 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 04.11.1998-ci il tarixli, 398 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında iddiaçıya 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Bu Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının verdiyi 15.12.2017-ci il tarixli, 3668 nömrəli arxiv çıxarışı və arxiv çıxarışına əlavə olunmuş yerləşmə sxemi ilə təsdiq olunur. Eni 12 metr, uzunluğu 50 metr olan torpaq sahəsi yerləşmə sxemi əsasında iddiaçıya təhvil verilmişdir və həmin vaxtdan indiyə qədər iddiaçının qanuni istifadəsində və sahibliyindədir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün 2017-ci ildən başlayararaq bir neçə dəfə cavabdehə müraciət etsə də müraciəti nəticə verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2-1(112)-1488/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması barədə” 04.11.1998-ci il tarixli, 398 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında İddiaçı Əhmədağa oğluna ayrılmış 600 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüququnun İddiaçı Əhmədağa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X5, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab: AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. 30.07.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2-1(112)-1488/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması barədə” 04.11.1998-ci il tarixli, 398 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında ona 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı İdarəyə 11.06.2019-cu il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarəyə ünvanlanmış əraziyə əlavə edilmiş sənədlər surətdir və sözügedən sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Bundan başqa, İdarənin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən sahə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. Həmçinin, müvafiq torpaq sahəsi şosse yolun kənarında mürəkkəb relyefli yaşıllıq ağaclar olan ərazidə yerləşir və göstərilən torpaq sahəsində hasarlanma işləri aparılmamışdır. Bundan əlavə, İdarəyə surəti təqdim edilmiş Xətai Rayon İcra Hakimiyyəti başçısının 398 saylı, 04.11.1998-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı İdarə tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə 15.07.2019-cu il tarixli, **********65 saylı sorğu göndərilmiş və həmin sorğuya Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş №N/71 saylı, 19.08.2019-cu il tarixli cavab məktubunda Xətai Rayon İcra Hakimiyyəti başçısının 398 saylı, 04.11.1998-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ərazi Azərbaycan Milli Elmlər X3 tərəfindən Bakı şəhəri üzrə müəyyən olunmuş təhlükəli sürüşmə zonasında yerləşdiyindən həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasının məqsədəmüvafiq hesab edilmədiyi qeyd edilmişdir. Qeyd olunan səbəblərə görə, ərizənin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş, qeyd olunan hallar nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər icra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, X2 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməlidir. İşin apellyasiya icraatı zamanı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflər və üçüncü şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2-1(112)-1488/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Cavabdehin 15.07.2019-cu il tarixli, **********66 nömrəli məktubuna əsasən iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamış və şosse yolunun kənarında mürəkkəb relyefli yaşıllıq ağacları olan ərazidə yerləşir. Bundan başqa torpaq sahəsində hasarlanma işləri aparılmamışdır. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişə əsasən elektron kadastr məlumatlarına əsasən qeyd edilən ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır və şosse yolunun kənarında sürüşmə zonasında yerləşir. Bundan başqa təqdim edilmiş yerləşmə cizgisi faktiki vəziyyətə uyğun gəlmir və hasarlanma mərzçəkmə işləri aparılmamışdır. Bu səbəbdən iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 15.12.2017-ci il tarixli, 3668 nömrəli arxiv çıxarışına əsasən Xətai Rayon İcra Hakimiyyətinin 398 nömrəli, 04.11.1998-ci il tarixli sərəncamı ilə Xətai rayonu, Gen.Mehmandarov küçəsi, ev 96, mənzil 59-da yaşayan İddiaçı Əhmədağa oğluna cizgidə göstərilən 0,060 ha torpaq sahəsi ayrılmışdır. - Xətai RİHB-nin 398 nömrəli, 04.11.1998-ci il tarixli sərəncamı ilə İddiaçı Əhmədağa oğluna fərdi yaşayış evini tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında yerləşən torpaq sahəsinin sxeminə əsasən iddiaçıya ayrılmış torpağın eni 12 m, uzunluğu 50 metr göstərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26864 nömrəli, 20.11.2019-cu il tarixli rəyinə əsasən (ekspert Elmar Səidov) Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında Məmmədov Vüqar Əhmədağa oğluna ayrılmış 600 kv metr torpaq sahəsinin Aəzrbaycan Respublikasının Nazirlər Kabinetinin 05 mart 2015-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə işlərin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqındakı plan”a əlavə edilmiş 416 nömrəli planşetin 3-cü sxemində qeyd edilmiş koordinatlar üzrə sürüşmə zonasına aid olmadığı müəyyən edilir, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında İddiaçı Əhmədağa oğluna ayrılmış 600 kv.metr torpaq sahəsinin ərazidən keçən avtomobil yolunun orta oxunun 13,25 metr məsafədə yerləşməsi müəyyən edilir. Həmin avtomobil yolu yaşayış məntəqəsinin hüdudları daxilində yerləşdiyindən mübahisələndirilən torpaq sahəsi “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 15- 1-ci maddəsinə müvafiq olaraq avtomobil yolunun mühafizə zolağına düşmür. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə (15.11.2019-cu il tarixli, 108 nömrəli müşayiət məktubu ilə mütəxəssis yerquruluşu mühəndisi Ayaz Şıxəliyev tərəfindən imzalanmışdır) əsasən iddiaçıya Xətai Rayon İcra Hakimiyyəti Başçısının 04.11.1998-ci il tarixli, 398 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin sxemi iş materiallarının 10-cu səhifəsinə əlavə edilmiş və yerdə mərz nişanları qoyularaq ayrılmışdır. Ölçü zamanı ərazidən keçən yolun eninin 15,5 metr olduğu, yolun orta oxundan ayrılmış torpaq sahəsinin döngə nöqtələrində qoyulmuş mərz nişanına qədər məsafənin 13,25 metr, kənarından isə 5,5 metr olduğu müəyyən edilmişdir. ”Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu yol da yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart 2015-ci il tarixli, 56 saylı Qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə işlərin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqındakı plan”a əlavə edilmiş 416 nömrəli planşetin 3-cü sxemində qeyd edilmiş koordinatlar kameral şəraitdə “Google Yer” proqramına əsasən dəqiqləşdirilərkən isə məlum oldu ki, mübahisələndirilən torpaq sahəsi sürüşmə zonasına düşmür. Araşdırmanın nəticəsi olaraq müəyyən edildi: İddiaçı ayrılmış Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsindəki yolun kənarında yerləşən torpaq sahəsi şosse yolunun mühafizə zolağında yerləşmir və həmin torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart 2015-ci il tarixli, 56 saylı Qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə işlərin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqındakı plan”a əlavə edilmiş 416 nömrəli planşetin 3-cü sxemində qeyd edilmiş koordinatlar kameral şəraitdə “Google Yer” proqramına əsasən dəqiqləşdirilərkən işə məlum oldu ki, mübahisələndirilən torpaq sahəsi sürüşmə zonasına düşmür. - Cavabdehin 14.11.2019-cu il tarixli məktubuna əsasən tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Göstərilən torpaq sahəsinin bütün tərəflərinin sərhədləri şərtidir, hasarlanma işləri aparılmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamış və şosse yolunun kənarında (Gen.Şıxlinski küç. yolun kənarından 5,2 metr məsafədə) mürəkkəb relyefli yaşıllıq ağacları olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Xətai Rayon İHB-nin 398 saylı, 04.11.1998-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı təqdim edilən Xətai Rayon İHB-nin 19.09.2019-cu il tarixli, 171 saylı cavab məktubunda bildirilmişdir ki, həmin sərəncam ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi Azərbaycan Milli Elmlər X3 tərəfindən Bakı şəhəri üzrə müəyyən olunmuş sürüşmə zonasında yerləşdiyindən həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədəmüvafiq hesab olunmamışdır. İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Milli Elmlər X1 və Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə müvafiq sorğular ünvanlanmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 18/198 №-li, 20 may 2021-ci il tarixli məktubla (məktub rəis Əli Əliyev tərəfindən imzalanmışdır) Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən 2013-2015-ci illərdə aparılmış geoloji tədqiqatlar nəticəsində respublika ərazisində təhlükəli ekzogen-geoloji proseslərin yerlərinin müəyyənləşdirildiyi və xəritələrdən ibarət albom tərtib edildiyi, albomda Xətai rayonu, General Şıxlınski küçəsində “Əhmədli-2” sürüşmə sahəsi kimi qeydiyyata alınmış xəritə təqdim edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 4/939-03-18 №-li, 20 aprel 2021-ci il tarixli cavab məktubuna (məktub nazir müavini Vüqar Kərimov tərəfindən imzalanmışdır) əsasən Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 57 nömrəli evin yanında ayrılmış 600 kv.metr torpaq sahəsinin (40°21l48H, 49°57'52" koordinatlarında) yerləşdiyi ərazidə vizual mühəndisgeoloji tədqiqat işləri aparılmış və müvafiq arayış hazırlanmış və aparılmış vizual mühəndis-geoloji tədqiqatların nəticələrinə əsasən hazırlanmış arayış təqdim edilmişdir. Arayışda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən daxil olmuş 2021-ci il 02 aprel tarixli, 2-1(103)-120/2021 nömrəli sorğunun icrası ilə əlaqədar Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogeologiya və mühəndis geologiyası qrupunun mütəxəssisləri tərəfindən 2021-ci il 09 aprel tarixində ünvan 4 ünvanının yaxınlığında yerləşən ərazidə (göstərilən sahənin coğrafi koordinatları - 40°21'48", 49°57'52") vətəndaş İddiaçı məxsus 600 kv.metr torpaq sahəsinin mühəndis-geoloji şəraiti araşdırılmışdır. Araşdırmalar zamanı sözügedən İddiaçı məxsus 600 kv.metr torpaq sahəsinin “Abşeron yarımadasında təhlükəli sürüşmə sahələri” albomuna daxil edilmiş sürüşmə sahələrinin hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir. Son aylar ərzində sözügedən ərazidə aparılan monitorinqlər zamanı ekzogen geoloji proseslərin (sürüşmə, çökmə və s.) təzahürlərinə rast gəlinməmişdir.” (imzalayan şəxs Hidrogeologiya və mühəndis geologiyası qrupunun rəhbəri Rafiq Həsənov) Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab edilir: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Həmin Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Hazırkı iş üzrə iddiaçının iddia tələbini Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması barədə” 04.11.1998-ci il tarixli, 398 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında iddiaçıya ayrılmış 600 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi təşkil edir. Cavabdeh inzibati orqanın iddiaçının müraciətinə cavab olaraq verdiyi imtinasının əsasını torpağın sürüşmə zonasında yerləşməsi və avtomobil yolunun mühafizə zonasına düşməsi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh orqanın imtinası əsassızdır. Belə ki, iş materiallarında olan 26864 nömrəli, 20.11.2019-cu il tarixli ekspert rəyinə əsasən iddiaçıya ayrılmış torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 mart 2015-ci il tarixli, 56 saylı Qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə işlərin aparılmasının məhdudlaşdırılmasna dair əlavə tədbirlər haqqındakı plan”a əlavə edilmiş 416 nömrəli planşetin 3-cü sxemində qeyd edilmiş koordinatlar üzrə sürüşmə zonasına aid deyildir, həmçinin torpaq sahəsi ərazidən keçən avtomobil yolunun orta oxunun 13,25 metr məsafədə yerləşməsinə baxmayaraq həmin avtomobil yolu yaşayış məntəqəsinin hüdudları daxilində yerləşdiyindən mübahisələndirilən torpaq sahəsi “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 15-1-ci maddəsinə müvafiq olaraq avtomobil yolunun mühafizə zolağına düşmür. Eyni zamanda, işin apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq arayışında vətəndaş İddiaçı məxsus ünvan 4 ünvanının yaxınlığında yerləşən ərazidə (göstərilən sahənin coğrafi koordinatları - 40°21'48", 49°57'52") 600 kv.metr torpaq sahəsinin “Abşeron yarımadasında təhlükəli sürüşmə sahələri” albomuna daxil edilmiş sürüşmə sahələrinin hüdudlarından kənarda yerləşməsi qeyd edilmişdir. Göründüyü kimi cavabdehin imtinasının əsasını təşkil edən torpağın sürüşmə zonasında yerləşməsi və avtomobil yolunun mühafizə zonasına düşməsi iş materialları ilə təkzib olunmuşdur. Məhkəmə kollegiyası həmçinin hazırkı iş üzrə cavabdehin imtinasının əsaslarından biri olan torpaq sahəsinin şosse yolunun kənarında mürəkkəb relyefli yaşıllıq ağacları olan ərazidə yerləşməsi dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş cizgi təsdiq edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması barədə” 04.11.1998-ci il tarixli, 398 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, buna dair dövlət reyestrindən çıxarış və texniki pasport verilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2-1(112)-1488/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2-1(112)-1488/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar