Məhkəmə qərarları › İş №2-1(103)-120/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-120/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-120/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçnın nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraj üzərində mülkiyyət hüququnun qeydə alınması və qaraja texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8240/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı notariat ofisində 08 aprel 2021-ci ildə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alınan və Baki şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli qaraj 1977-ci ildə inşa edilməklə, cavabdeh inzibati orqan tərəfindən verilmiş texniki pasporta əsasən X1 mülkiyyətində olmuşdur. O, həmin qeyri-yaşayış sahəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən dəyərini ödəməklə keçmiş mülkiyyətçidən almışdır. Həmin müqavilə əsasında o, qaraj üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun muraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina məktubu onu konstitusiya ilə qorunmuş mülkiyyət hüquqlarından məhrum edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8240/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri 15 saylı notariat ofisində 08 aprel 2021-ci ildə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alınan və Baki şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8240/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarınn ləğv edilməsi, iddiaçının Bakı şəhəri 15 saylı notariat ofisində 08 aprel 2021-ci ildə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alınan və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması hissəsində iddia tələbinin mümkün sayılmaması və qalan (texniki pasportun tərtib edilməsi) hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən iddiaçıya iddia tələblərinin dəqiqləşdirilməsi ilə bağlı ərizə vermək hüququ izah olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı iddiaçı ərizə təqdim edərək, “Bakı şəhəri Nizami rayonu, Qara Qarayev protspekti, 59 saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış sahəsinə (qaraja) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması hissəsində iddiadan imtina etdiyini bildirmiş, iddia tələbinin “15.8 kv.m sahəyə (qaraja) texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi kimi” nəzərə alınmasını və bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Cavabdehin nümayəndəsi iddiaçı tərəfindən təqdim edilmiş ərizənin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının iddia tələblərinin dəqiqləşdirilməsi və iddiadan hissəvi imtina barədə ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan hissəvi imtina hər hansı şəxsin hüquqlarını pozmadığına görə qəbul edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş ərizəsinin qəbul edilməsini məqsədəmüvafiq hesab etməklə yanaşı, belə nəticəyə gəlir ki, iddiaçının iddiadan hissəvi imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan hissəvi imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qərarı “qaraj üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54, 55, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi və iddia tələbinin “Bakı şəhəri Nizami rayonu, Qara Qarayev protspekti, 59 saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış sahəsinə (qaraja) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlı hissəsindən imtinası qəbul edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8240/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarı “qaraj üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar