Məhkəmə qərarları › İş №2-1(103)-1200/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1200/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1200/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı və onun vəkili X1 iştirakı ilə cavabdeh Səbail Bələdiyyəsinə qarşı qarajın yerləşdiyi torpaq sahəsinin rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İnzibati Məhkəməsinin 2-1(81)-1344/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı ilə 52 ünvanı arasında yerləşən və onun yaşadığı 52 ünvana aid edilən, 1987-ci ildən onun sahiblik və istifadəsində olan qaraj tikintisinin yerləşdiyi, vergiyə cəlb edilmiş torpaq sahəsinin onun adına qanunvericliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, qarajın 1987-ci ildə tikilməsi anlamı düzgün hesab edilmir. 1987-ci illərdə tikilən hər hansı kiçik həcmli tikililər həmin vaxt fəaliyyətdə olan yerli rayon xalq deputatları soveti icraiyyə komitəsinin büdcədənkənar hesabına cərimə ödənilməklə sənədləşməsi üçün yerli xalq deputatları sovetinin müzakirəsi ilə həyata keçirilirdi. Bu onu deməyə əsas verir ki, qeyd olunan qaraj 1987-ci ildə deyil, tamamilə yaxın zamanlarda tikilərək, istifadə olunur. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Səbail Bələdiyyəsinə aid torpaqların hüdudları, torpaq növləri, ölçüləri, habelə torpaqların elektron xəritəsi bu vaxta qədər müvafiq icra hakimiyyəti orqanı tətəfindən müəyyənləşdirilərək, Bələdiyyəyə təhvil verilməmişdir. Səbail Bələdiyyəsinə məxsus torpaq əraziləri müəyyənləşdirilmədiyindən, iddiaçının istifadəsində olan qarajın və onun altında olan torpaq sahəsinin rəsmiləşdirilməsi öhdəliyinin Səbail Bələdiyyəsinin üzərinə qoyulması əsassızdır. Səbail Bələdiyyəsinin inzibati ərazisi hüdudlarında olan boş torpaq sahələrinin Səbail Bələdiyyəsinin mülkiyyətində olması barədə Səbail Bələdiyyəsində heç bir hüquqverici sənəd olmadığından, Bələdiyyənin həmin topraq sahəsinin və üzərində olan qaraj tikilisinə sərəncam vermək hüququ yoxdur. Lakin Nazirlər Kabinetinin müvafiq qərarı ilə zəbt olunmuş torpaqlara görə torpaq vergisinin tutulması səlahiyyəti olmasına baxmayaraq, iddiaçının istifadəsində olan torpaq sahəsindən yox, həmin torpağın üzərində tikilərək, ondan istifadə olunan qaraja görə vergi tutulur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət qərarın ləğvi hissədə əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Cavabdehin iddiaya cavab verməli olan şəxs olmasına münasibətdə iddiaçı hesab etmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsində müəyyən edilmişdir ki, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. İddiaçı hesab etmişdir ki, onun sahibliyində olan qarajın altında olan torpaq sahəsi bələdiyyə torpaqlarına aid olduğu üçün, müddəanın tələbləri tətbiq edilməklə onun mülkiyyətinə verilməlidir. İstinad edilən torpaq sahəsinin bələdiyyə torpağlarına aid olduğunu iddiaçı ona dair müvafiq verginin ödənilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası bu əsası qanunamüvafiq hesab etmir. Belə ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir; 8.0-ci maddəsinə əsasən, yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. fiziki şəxslərdən əmlak vergisi; Maddələrin tələblərindən göründüyü kimi, bələdiyyə vergilərinin vergitutma obyektini fiziki şəxslərin əmlakı (1) və fiziki şəxslərin istifadəsində və ya mülkiyyətində olan torpaq sahələri (2) təşkil edir. Qanunun mənasına görə bələdiyyə vergilərinə yalnız bələdiyəyə məxsus olan və fiziki şəxslərin istifadəsinə verilən torpaqlara görə torpaq vergisi aid deyildir. Bundan başqa, qeyd edilmiş qanunun tətbiqi onu ehtiva edir ki, iddiaçı tərəfindən ödənilən verginin istifadəsində olan torpaq vergisinə aid edilməsi birmənalı olaraq müəyyən edilməmişdir, çünki belə verginin əmlaka görə, yəni qaraj kimi tikiliyə görə ödənilməsi istisna deyildir. Bu halda isə yerli (bələdiyyə) verginin ödənilməsi qarajın yerləşdiyi torpaq sahəsinin bələdiyyəyə aid edilməsi anlamını yaratmır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə almaqla hesab edir ki, qarajın yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsinə aid olduğu müəyyən edildiyi halda, iddia tələbi üzrə cavabdehliyi Bakı şəhər Səbail Bələdiyyəsi daşıya bilərdi. Bu əsası cavabdeh apellyasiya şikayətində də mübahisələndirmiş, lakin apellyasiya məhkəməsi tərəfindən məsələyə hər hansı bir qaydada münasibət bildirilməmişdir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı bildirir ki, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddia tələbi buna bilavasitə cavab verməli olan inzibati orqana yönəldilməlidir; 3. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 4. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 5. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 6. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.2, 33.1, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Lakin, məcburetmə haqqında hazırkı iddianın mümkün sayılması üçün sadalanan şərtlərdən ikincisinə, yəni tələbin buna bilavasitə cavab verməli olan inzibati orqana yönəldilməsi şərtinə iş üzrə əməl olunmur. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun 6.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; Eyni Qanunun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normaları, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 8-ci maddəsinə görə, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 47-ci maddəsinə əsasən, 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər; 86-cı maddəsinə əsasən, 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə girov (ipoteka) predmeti sayılan torpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları; bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. Məhkəmə kollegiyası bildirir ki, əgər Bələdiyyədən, onun mülkiyyətində olduğu irəli sürülən torpaq sahəsi ilə bağlı əmlak hüquqları barədə hüquqi akt qəbul edilməsi tələb edilirsə, bunun üçün əvvəlcə sözügedən torpaq sahəsinin ona məxsus olması haqqında Bələdiyyə mülkiyyət sənədinə malik olmalıdır. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” AR Qanununun 2-ci maddəsinə əsasən, “Müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verməlidirlər”. Lakin uzun illərin formalaşmış məhkəmə təcrübəsi ilə müəyyən və təsdiq olunmuşdur ki, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bələdiyyələrə onların əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri, onların hüdudları, torpaq növləri və ölçüləri göstərilən şəhərsalma və yerquruluşu sənədlərini tərtib edilərək, verilməmişdir, başqa sözlə, hazırda onlarda belə bir sənəd yoxdur, dövlət tərəfindən bu istiqamətdə aparılan işlər isə, yekunlaşmaq üzrə olmaqla, davam etdirilir. Cavabdeh bu sənədlərin ona verilmədiyini bildirir. İPM-in 1.2-ci maddəsindən göndərişlə 82.1-ci maddəsinə görə, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Eyni əsasla, iş üzrə mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olubolmamasının müəyyən edilməsindən ötrü müvafiq məhkəmə ekspertizasının təyin edilməsindən və ya mütəxəssis rəyinin alınmasından hər hansı nəticənin əldə edilməyəcəyi şübhə doğurmur. Ona görə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə 81-ci maddəsinə əsasən, “Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” Belə olan halda, iddiaçının tələbinin faktiki əsası kimi onun sahibliyində olan qarajın altında olan torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olması halı iş üzrə sübuta yetirilmir. İddia tələbinin faktiki cəhətdən iddiaçının mübahisəli torpaq sahəsinə dair verginin ödənilməsi ilə əsaslandırılması da həmin torpaq sahəsinin Bələdiyyəyə məxsus olması və sonuncunun mülkiyyət haqqında sənədə malik olması anlamına gəlmir yaxud bu sənədi əvəz etmir. İddianın hüquqi əsası kimi istinad olunan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi isə “qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması”ndan bəhs edir ki, sözügedən dispozisiya şərti də mübahisəli torpağın bələdiyyə torpağı, yəni bələdiyyə mülkiyyətində olmasını tələb edir. Adıkeçən normaya görə, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxaraq, prosessual hüquq normalarını pozmaqla qəbul etdiyi qərar ləğv edilməli (İPM-87.6), iddia mümkün sayılmamalı (İPM-35.1), apellyasiya şikayəti qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

1 saylı Bakı İnzibati-İnzibati Məhkəməsinin 2-1(81)-1344/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Səbail Bələdiyyəsinə qarşı ünvan 1 ünvanı ilə 52 ünvanı arasında yerləşən və onun yaşadığı 52 ünvana aid edilən, 1987-ci ildən onun sahiblik və istifadəsində olan qaraj tikintisinin yerləşdiyi, vergiyə cəlb edilmiş torpaq sahəsinin onun adına qanunvericliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar