Məhkəmə qərarları › İş №2-1(103)-1200/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1200/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1200/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı (xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəh., Xaşa-Xuna bağ sahəsi, 681 №-li bağ evində qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, e-2-1(112)-5390/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 13.07.2020-ci il tarixdə cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X3 xidmətdən xaric edilməsinə dair AR DİN-nin 24.02.2020-ci il tarixli, Ə2020-001-20 nömrəli əmrin ləğv edilməsini, məcburi şəkildə (əmək) münasibətlərinə xitam verildiyi keçən dövr üçün aylıq əmək haqqının ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 14.02 1974-cü il təvəllüdlü olmaqla, 01 sentyabr 1993-cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Hospitalında tibb bacısı kimi ilk əmək fəaliyyətinə başlamışdır. 25 oktyabr 2004-cü ildən - 24 fevral 2020-ci il tarixə qədər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin A.N.Heydərov adına siravi və kiçik rəis heyət hazırlayan məktəbin tibb məntəqəsinin feldşeri, tibb xidməti serjantı vəzifəsində işləmiş xidmət müddəti 5 il 02 ay təşkil edir. Heç bir əsaslı səbəb olmadan 25 fevral 2020-ci il tarixdə məktəbin rəhbərliyi onu işə buraxmayaraq, Daxili İşlər Nazirliyinin əmri ilə işdən azad olunmağını şifahi qaydada ona bildirməklə onu xidmətdən uzaqlaşdırdılar. X3 xidmətdən əsassız xaric edilməyi, əmrin surətinin ona təqdim olunmaması səbəbindən işdən çıxarılmağının səbəbini tam olaraq bilmədiyi üçün X6 tərəfindən qəbul olunmağı ilə əlaqədar çoxsaylı müraciətləri poçt vasitəsilə AR Daxili İşlər Nazirliyinə və digər şəxslərə (poçt qəbzləri əlavə edilir) ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, e-2-1(112)-5390/2020 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, e-2-1(112)-5390/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı 02.04.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının 20 aprel 2021-ci il tarixdə günün ikinci yarısına təxirə salınmasını xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “Aparılmış xidməti təhqiqat nəticəsində müəyyən edilmişdir ki, DİN-in A.Heydərov adına Sıravi və X8 Hazırlayan Məktəbin Tibb məntəqəsinin feldşeri İddiaçı 2014-cü ildə ailə həyatı qurduğu vət. Nicat Rzayevlə nikah münasibətlərini rəsmiləşdirməyərək 26.04.2016-cı il tarixdə övladları M.Rzazadə dünyaya gəlmiş, habelə rəsmi nikahda və himayəsində 3 övladı olan həmkarı, Məktəbin Təchizat və təsərrüfat bölməsinin rəisi Anar Əliyevlə əxlaq normalarına zidd münasibətlər qurmaqla cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməmişlər.Tibb xidməti serjantı İddiaçı 14.08.2018-ci il tarixdə 8.500 manat və 27.05.2019-cu il tarixdə 4.600 manat məbləğində ‘ Kapital Bank” ASC-nin Xəzər filialı ilə bağladığı kredit müqavilələri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri razılaşdırılmış şərtlərə uyğun icra etməmiş, 01.11,2019-cu il tarixdə isə müəyyən edilmiş qaydalara zidd yollar axtarmaqla Yardımlı RPŞ İTB-nin rəisi Mübariz Əliyevdən xidmət yerini DİN- in Polis Akademiyasına dəyişdirilməsinə köməklik göstərməsini xahiş etmişdir. Həmçinin,o, internetdən yalnız xidməti fəaliyyətilə bağlı məsələlərdə və yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda "Facebook” sosial şəbəkəsində "X7” adı ilə qeydiyyatdan keçərək resurslardan istifadə etmişdir.Qeyd olunan qəbahətlərə yol verdiklərinə görə aidiyyəti əməkdaşlar intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən feldşer İddiaçı DİN-in müvafiq əmrilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “İddiaçı hazırkı iddianı “iddia müddəti” buraxılmaqla qaldırdığından, iddia mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı X3 xidmətdən xaric edilməsinə dair Azərbaycan Respublikası DİN-nin 24.02.2020-ci il tarixli, Ə2020-001-20 nömrəli əmrin ləğv edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Kadrlar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 24.06.2020-ci il tarixli, 022/22-5506B-3220 №-li məktubda A.N.Heydərov adına Sıravi və X8 Hazırlayan Məktəbin 25.02.2020-ci il tarixli, Ə12ş/h- 035020 nömrəli əmrinin surətinin ona göndərildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadında iddiaçının əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü qeyd etsə də, iş materiallarından mübahisələndirilən əmrin iddiaçıya təqdim olunması barədə hər hansı sənəd –sübut iş materiallarında mövcud deyil. Həmçinin birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 13 və 24-cü maddələrinin tələbləri baxımından “buraxılmış prosessual müddətin bərpası”na gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı iddia müddətini buraxılmış saymadığından və bu səbəbdən də müddət buraxılmasının səbəbləri üzrə hər hansı dəlil gətirmədiyindən, müddətin bərpasına dair ərizənin verilməsinin iddiaçıya tövsiyə olunması məqsədəuyğun deyil.” Yuxarıda göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Kadrlar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 24.06.2020-ci il tarixli, 022/22-5506B-3220 №-li məktubda 25.02.2020-ci il tarixli, Ə12ş/h- 035020 nömrəli əmrin surətinin ona göndərildiyi qeyd edilmiş və iddiaçı 13.07.2020-ci il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçının prosessual müddəti 1 ildən artıq müddətə buraxması öz təsdiqini tapmadığından məhkəmənin İPM-in 24.4-cü maddəsinə istinad etməsi əsassızdır. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən mübahisələndirilən 24.02.2020-ci il tarixli, Ə2020-001-20 nömrəli əmrin iddiaçıya təqdim edilməsini sübut edən sənədləri cavabdeh inzibati orqandan tələb etməlidir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, e-2- 1(112)-5390/2020 nömrəli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82 və 87 -ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, e-2-1(112)-5390/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X3 xidmətdən xaric edilməsinə dair AR DİN-nin 24.02.2020-ci il tarixli, Ə2020-001-20 nömrəli əmrin ləğv edilməsini, məcburi şəkildə (əmək) münasibətlərinə xitam verildiyi keçən dövr üçün aylıq əmək haqqının ona ödənilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar