Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1201/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair iddiası üzrə “3-cü şəxs qismində işə cəlb edilmə” barədə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair iddiası üzrə 3-cü şəxs qismində işə cəlb olunma barədə ərizə ilə bağlı Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2- 1(82)-1646/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardaddan X2 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürcaiət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərar apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. Buna görə də 2-1(82)-1646/2019 saylı xx xxx 2019-cu il tarixli məhkəmə qərarı icraya yönəldilmişdir. X1 nümayəndəsi Vəkil2 vəsatətlə məhkəməyə müraciət edilərək, X5 hazırki iş üzrə 3cü şəxs qismində cəlb edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli 15/558 saylı qərarı ilə Baki şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Şüvəlan bağ massivində yerləşən 51 saylı Bağ Tikinti Kooperativinin tərkibində 770a saylı bağ sahəsi ərizəçi Kamal Nəsirovun istifadəsinə verilmiş, həmin vaxtdan bağ sahəsi fasiləsiz olaraq onun istifadəsindədir. 2016-cı ildən İddiaçı adlı şəxs ona məxsus torpaq sahəsini guya aldığını bildirərək sahəni boşaltmağı tələb etməyə başlamışdı. Ərizəçi yaşlı olduğundan, bağ sahəsinə daha çox övladı gedib-gəlir. İddiaçı tərəfindən polis qurumlarına şikayət ərizəsi verilmiş və araşdırma zamanı onun əlində Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsinə dair reyestrdən çıxarış olduğu məlum olmuşdur. Lakin, həmin çıxarışın məhz hansı torpaq sahəsinə aid olduğunu təsdiq etməli olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə olduqda, onun torpaq sahəsinin məhz ərizəçiyə məxsus yer olduğunu hansı səbəbdən iddia etdiyi soruşulmuş, lakin məntiqli cavab verilməmişdir. Yalnız məlum olmuşdur ki, onun mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışdan başqa, torpağın dəqiq koordinatlarını bildirməli olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ümumiyyətlə verilməmişdir. Bu, ilk baxışdan çox qəribə olsa da, ərizəçiyə aidiyyatı olan məsələ olmadığından əhəmiyyət verilməmişdir. Bundan sonra İddiaçı bir neçə dəfə ərizəçini narahat etsə də, ona özünə məxsus olan torpaq sahəsini tapmağı tövsiyyə olunmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə ərizəçinin ailə üzvü kimi övladına Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsindən ona məxsus torpaq sahəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qərardadla “iddianın təmin etmə tədbiri”nin tətbiq edildiyi bildirilmişdir. Onun oğlu şöbəyə dəvət olunmuş və şöbədə ona xx xxxxxxx 2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar təqdim edilmişdir. Məlum olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3454/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsində hər hansı təmir-tikinti işlərinin aparılması cavabdeh X9 və digər şəxslərə qadağan edilmişdir. Bundan sonra, ərizəçinin oğlu Nəsirov Anar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh qismində cəlb edilmiş olduğu 2(003)-3454/2020 saylı mülki işin hakimin icraatında olduğunu öyrənmiş, eyni zamanda da “iddianın təmin etmə tədbiri”nə dair qərardadı, iddia ərizəsinin surətini iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətini xx xxxxxxx 2020-ci il tarixində alınmasma dair qəbzi imzalamaqla əldə etmişdir. Sənədlərlə tanış olduqda məlum olmuşdur ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də iddia ərizəsinə əlavə edilmiş sənədlər arasındadır. Həmin sənədin surətindən məlum olmuşdur ki, bu sənəd x xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş və sənədin tərtib edilməsinə əsas 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-1646/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qərarı olmuşdur. Beləliklə, məlum olmuşdur ki, 1990-cı ildən fasiləsiz olaraq onun istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 770a saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1646/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı əsasında 71 saylı bağa verilmişdir. Belə olduqda həmin qərarın ərizəçinin maraqlarına toxunmuş olması aşkardır. O, məhkəməyə müraciət edərək, qəbul edilmiş qərarın surətini xx xxxxxxx 2020-ci il tarixdə almışdır. Qərarla tanış olduqda məlum olmuşdu ki, İddiaçı iş üzrə cavabdeh DƏDRX-ə müraciət edərək alqı-satqı əsasında əldə etmiş olduğu torpaq sahəsinə dair çıxarışının olduğu halda, kadastr planının verilmədiyini bildirmiş, iş üzrə cavabdeh təşkilata müraciət etdikdə, cavabdeh təşkilat məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsi başqa fiziki şəxs tərəfindən istifadə ediİdiyindən, ərizəyə baxılması mümkün olmamışdır. Hesab edir ki, məhkəmə işin araşdırılması zamanı əhəmiyyətli olan iki məqama aydınlıq gətirməmişdir. Birinci məqam mübahisəli torpaq sahəsindən faktiki olaraq istifadə edən başqa fiziki şəxsin tərəf kimi işə cəlb olunmamasıdır. İkinci məqam isə, mübahisəli torpaq sahəsinin sxematik xəritəyə əsasən məhz iddiaçıya aid olub-olmadığına da aydınlıq gətirilməməsidir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1646/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə X5 3-cü şəxs qismində cəlb edilməsi barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X5 nümayəndəsi Vəkil2 tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti “3-cü şəxs qismində işə cəlb edilmə barədə” vəsatətin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçi X7 lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə X2 iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası hazırki işə X2 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, ərizəçi X7 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı xx xxx 2019-cu il tarixli qərarının onun maraqlarına toxunduğuna istinad edərək iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini tələb edir. Birinci instansiya məhkəməsi ərizəçinin vəsatətinin təmin edilməməsi qənaətinə gəlmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizəçinin dəlillərinə görə onun maraqlarına İddiaçı mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə 2-1(82)-1646/2019 saylı xx xxx 2019-cu il tarixli məhkəmə qərarı yox, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının özü və ya bu qeydiyyatın aparılmasına əsas olmuş müqavilə, inzibati akt və ya digər akt, o cümlədən order (ilkin qeydiyyat üzrə) toxuna bilər. Belə olan halda ərizəçi sözügedən məhkəmə qərarını deyil, qərarla tərtib olunması nəzərdə tutulan “torpaq sahəsinin planı və ölçüsü”nün əsasında dayanan həmin reyestrdə qeydiyyatı və ya müvafiq aktı (qeydiyyatın aparılmasına əsas olmuş), yaxud məhkəmə qərarının icrası ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərini, yəni məhkəmə qərarının düzgün icra olunubolunmamasını mübahisələndirə bilər. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə üzrə ilkin icraatda müvafiq torpaq sahəsinin faktiki olaraq başqa şəxsin istifadəsində olması barədə cavabdeh tərəfindən imtinanın əsası kimi bildirilmiş və bu hala məhkəmə icraatında artıq qiymət verilmiş, eləcə də iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış və müvafiq reyestdən çıxarışla rəsmiləşdirilmiş bağ sahəsi və hazırkı ərizəçiyə müvafiq orderlə ayrılan bağ sahəsi eyni ərazidə yerləşsə də, onların nömrələri fərqlidir, yəni birinin nömrəsi “71”, digərinin nömrəsi isə “770a”-dır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçi Kamal Nəsirovun 3-cü şəxs qismində işə cəlb olunması barədə verilmiş vəsatəti təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına və inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə xüsusi diqqət yetirməlidir. Hazırki işdə icraata 3-cü şəxs qismində cəlb edilməsini tələb edən şəxs iddiaçının mülkiyyətində olan torpaq sahəsinin onun istifadəsində olduğunu iddia edir və hesab edir ki, mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı plan və ölçü sənədinin verilməsi barədə iddia tələbinə münasibətdə aparılan məhkəmə icraatı onun iştirakı ilə aparılmalı idi. Halbuki iş materiallarından müəyyən olunur ki, iddiaçının plan və ölçü sənədinin verilməsini tələb etdiyi mülkiyyətində olan torpaq sahəsinin başqa şəxsin istifadəsində olması faktı hələ ona məhkəməyədək icraatda cavabdeh inzibati orqanın verdiyi imtina məktubunda bildirilmiş və həmin imtinanın qanuniliyi məhkəmələr tərəfindən araşdırılmış, nəticə etibarilə məhkəmələr belə qənaətə gəlmişlər ki, mülkiyyətçiyə ona məxsus torpaq sahəsinin plan və ölçü sənədinin verilməsindən cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə əsasən imtina edə bilməzdi. O ki qaldı həmin torpaq sahəsinin başqa şəxsin istifadəsində olması barədə dəlilə, işə mahiyyəti üzrə baxan məhkəmələr hesab etmişlər ki, bu dəlil iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçü sənədinin işlənib ona verilməməsi üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin cəlbetmə barədə vəsatətində göstərdiyi dəlillər hazırki iş üzrə qəbul edilmiş məhkəmə qərarının ləğvi və işə bu ərizəçinin iştirakı ilə baxılmasının zəruri olmadığı halda icraatın təzələnərək işə onun iştirakı ilə baxılması üçün kifayət qədər yetərli deyil. Belə olan halda məhkəmə kollegiyası mübahisələndirilən məhkəmə qərarının X2 hər hansı qanuni mənafeyinə toxunduğunun iş üzrə müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq sonuncunun işə cəlb olunmaması qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ərizəçinin cəlbetmə ərizəsində göstərdiyi dəlillərlə eynilik təşkil etdiyindən və bu qərardadın əsaslandırıcı hissəsində onlara qiymət verildiyindən məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərardadın ləğv edilməsinə əsas vermir. Bununla bağlı apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1646/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ərizəçiyə izah olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədləri olduğu halda və həmin sənədlər əsasında qanunla qorunan hüquqlarının iddiaçı tərəfindən pozulduğunu ehtimal edərsə, iddiaçının ilkin hüquqmüəyyənedici sənədlərini, yaxud da məhkəmə qərarının icrası ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərini (məhkəmə qərarının düzgün icra olunmadığını) inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1646/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1201/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1201/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver