Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1202/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndələri X5 və X9, Cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı Bakı şəhər İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (3-cü şəxs AR Maliyyə Nazirliyi olmaqla) qarşı kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1607/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərarından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 78521 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədi ilə alan orqan kimi Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdeh1 ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir, digər cavabdehlər isə mülkiyyətçinin ailə üzvləri olmaqla orada qeydiyyatdadırlar. Həmin mənzil (əmlak) qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx.xx.2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadığı daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə 78521 manat məbləğində kompensasiya (iki aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, mülkiyyətçi təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Göstərilənlərər əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyini inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 1607/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 78.521 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı təşkilat torpaqlarının dövlət ehtiyacları üçün alınma adı altında məhkəməyə müraciət etmişdir. Lakin qərarda verilən iddia ərizəsi əsaslandırılmamış və həmin torpaqların məhz hansı dövlət ehtiyacları üçün alınması qeyd edilməmişdir. Yəni həmin torpaqlar üzərində hansı tikililərin, hansı layihəyə uyğun aparılması və həmin tikililərin aparılması dövlət ehtiyacları üçün alınmalı olan torpaq sahələrinə aid edilməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Məhkəmə qərarda AR Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 16 fevral 2018-ci il tarixli 51 saylı qərara istinad etsə də, Yasamal rayonu, Tolstoy küçəsi, ev 54 ünvanının həmin qərarın təsiri altına düşüb-düşməməsini müəyyən etməmişdir. Cavabdehlərə təklif olunan kompensasiya məbləği də ədalətli olmamışdır. Onlar məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum olmuşdur. Hesab edirlər ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)- 244/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)-1607/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-128/2022 18 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-244/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmələr tərəfindən mübahisələndirilən ərazidə sökülən evlərə görə verilən kompensasiya məbləğlərində olan əhəmiyyətli fərqlər araşdırılmamış, inzibati orqan tərəfindən inzibati icraatın gedişində “bərabərlik” prinsipinin təmin olunub-olunmadığı müəyyən edilməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş X2, X6, X4 ilə Bakı şəhəri İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 74,1 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinin müqabilində Yasamal RİH həmin şəxslərə 198512,50 manat ödəmişdir. İddiaçıya məxsus evin ümumi sahəsi 56,61 kv.m-dir. Belə olan halda, iddiaçıya 56,61 kv.m. ümumi sahəsi olan evə görə 78521 manat, digər şəxslərə isə 74,1 kv.m. ümumi sahəsi olan evə 198512,50 manat məbləğində kompensasiya ödənilməsi ədalətli olmamaqla bərabərlik prinsipinə ziddir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Cavabdeh2 izahat verərək apellyasiya şikayətini müdafə etdiyini bildirdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri X7 və X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -Cavabdeh1 Eynulla oğlu Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixli ÖM seriyalı 015475 №-li Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi, 54 №-li evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirmişdir. -Şəxsiyyət vəsiqələrinin surətindən və 43 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, cavabdehlər ünvan 5 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, 16 fevral 2018-ci il tarixli qərar qəbul etmişdir. Həmin Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələrinin kəsişməsindəki ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. - ünvan 3 yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşür. - İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehin istifadəsində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar "xxxx" MMC-ni müstəqil qiymətlənditici olaraq cəlb etmişdir. - Müstəqil qiymətlənditici "xxxx" MMC tərəfındən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatından çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, 2018-ci il iyun ayına olan bazar dəyəri, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növləri nəzərə alınaraq, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 78 521 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. - "xxxx" MMC-nin direktoru və 43 saylı MKİS-nin işçiləri tərəfindən tərtib edilmiş 25.01.209-cu il tarixli Aktdan görünür ki, ünvan 3 ünvanda yaşayış sahəsinə görə evin mülkiyyətçisinə 78 521 manat məbləğində kompensasiya təklif edilmiş, lakin Cavabdeh1 Eynulla oğlu könüllü razılaşmadan imtina etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdirməsini, odur ki, hazırkı iş üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurlarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı, yəni-alan orqan İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Belə ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən AR İPM-in 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən də apelyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. AR Mülki Məcəlləsinin 246-cı maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. -246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. -246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. - 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 №-li Fərmanı milə müəyyən edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə 6. Torpaqları dövlət ehtiyacları üçün alan orqan 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Maddə 32. Torpağın mərzlənməsi və qiymətləndirilməsi 32.3. Bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə 51 saylı xx.xx.2018-ci il tarixli qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi xx.xx.1999-cu il tarixli ÖM seriyalı 015475 №-li Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi, 54 №-li, 24 kv.m sahəsi olan evi Cavabdeh1 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı, xx.xx.2018-ci il tarixli qərar qəbul etmişdir. Həmin Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələrinin kəsişməsindəki ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. İddiaçı cavabdehin istifadəsində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar "xxxx" MMC-ni müstəqil qiymətləndirici olaraq cəlb etmişdir, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatından çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 78521 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. "xxxx" MMC-nin direktoru və 43 saylı MKİS-in işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, ünvan 3 ünvanında yaşayış sahəsinə görə evin mülkiyyətçisinə 78521 manat məbləğində kompensasiya təklif edilmiş, lakin Cavabdeh1 könüllü razılaşmadan imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 №-li Fərmanı ilə müəyyən edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya torpağın satın alındığı qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Kollegiya qeyd edir ki, iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına (iş v. 5) əsasən əmlakın qiyməti əsas sahə 56400 manat, köməkçi sahə 19080 manat, anbar 2016 manat, metlax döşəmə 25 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla cəmi 78521 manat müəyyən edilmişdir. Göründüyü kimi, əmlakın qiyməti hesablanarkən bu qiymətə kirayə haqqı, köçmək xərci və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 №-li Fərmanı ilə müəyyən edilmiş 20 faiz satınalma qiymətinə əlavə haqq əlavə edilsə də, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsində nəzərdə tutulmuş 10 faizi miqdarında əlavə ödəniş nəzərə alınmamışdır. Birinci instansiyası məhkəməsi isə göstərilən halı da nəzərə almadan "xxxx" MMCnin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmiş, həmin ekspert rəyinə istinad edərək iddia tələbini təmin etmişdir. Halbuki, İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tərəflərin bildirməsindən asılı olmayaraq öz təşəbbüsü ilə müəyyən etməli idi. Bundan başqa, hazırkı qərarın 26-27-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, “bərabərlik” prinsipi vətəndaşların konstitusion hüququ olmaqla inzibati icraatın da təməl prinsiplərindən biridir. Bu prinsipə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Hazırkı halda isə inzibati orqan tərəfindən bu prinsipin tələblərinə əməl edilməmişdir. İş materiallarında olan X2, X6, X4 ilə Bakı şəhəri İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 74,1 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinin müqabilində Yasamal RİH həmin şəxslərə 198512,50 manat ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ümumi sahəsi 56,61 kv.m. olan cavabdehlərə məxsus evə görə 78521 manat, həmin ərazidə digər şəxslərə isə 74,1 kv.m. ümumi sahəsi olan evə 198512,50 manat məbləğində kompensasiya ödənilməsi ədalətli olmamaqla bərabərlik prinsipinə zidd olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərarında öz əksini tapmış göstərişlərdən biri də ondan ibarət olmuşdur ki, işə təkrar baxan məhkəmə ilk növbədə iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsində yerləşən evin AR Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli qərarını təsir dairəsinə düşübdüşmədiyini, bununla da cavabdehin hərəkətlərinin qanuni olub-olmadılğına qiymət verməli, həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32-ci maddəsində nəzərdə tutulmuş 10 faiz miqdarında əlavə ödənişi nəzərə alaraq, ədalətli kompensasiya məbləğini müəyyən etməli, bu məqsədlə zəruri olduqda ekspertiza təyin etməlidir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdehlərə məxsus ünvan 6 ünvanında yerləşən evin Bakı şəhəri İddiaçı dövlət ehtiyacları üçün aldığı yaşayış və qeyri-yaşayış obyektləri Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə və Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə yerləşməklə AR Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli qərarını təsir dairəsinə düşməsi müəyyən edilmişdir. Mübahisəli evin artıq sökülərək mövcud olmaması faktı müəyyən olunmuşdur. Bu səbəbdən də sökülmüş əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə ekspertizanın aparılması mümkün olmamışdır. Cavabdehlər onlara məxsus olan əmlaka görə inzibati orqan tərəfindən təklif olunan kompensasiya məbləğindən dəfələrlə artıq məbləğdə (731.195 AZN) kompensasiya tələb etdiyindən tərəflər arasında kompensasiyanın məbləği barədə razılıq əldə olunmamışdır. AR Konstitusiyasının 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərlik hüququ təsbit olunmuşdur. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən (Bərabərlik prinsipi) - Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində deyilir: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları: “X8rşı” işi üzrə qərarında qeyd edilir ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. “Sporronq və Lonnrot İsveçə qarşı” işi üzrə qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. Xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət” yükünə məruz qalаrsa, ədalətli tarazlıq pozulmuş olur...Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı...Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”. “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə qərarda qeyd edilmişdir ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir...Bu balansa nail olmağın vacibliyi ümumilikdə 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda, o cümlədən, müvafiq olaraq, birinci cümlədə elan olunmuş ümumi prinsip baxımından nəzərdən keçirilməli olan ikinci cümlədə əks olunub. Xüsusi olaraq, istifadə olunan vasitələr və dövlət tərəfindən tətbiq edilən, o cümlədən, şəxsi öz əmlakından məhrum edən tədbirlər vasitəsilə gerçəkləşdirilməli olan məqsəd arasında ağlabatan uyğunluq olmalıdır... Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyrimütənasib müdaxilədir. “Stolyarova Rusiya Federasiyasına qarşı” işi üzrə məhkəmə qərarında Avropa Məhkəməsinin xatırladır ki, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir...Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Beləliklə, məhkəmə kollegiyası AR İnzibati Prosessual Məcəlləsinin 52-ci və 82-ci maddələrinin tələblərini rəhbər tutaraq qeyd edir ki, məhkəmə baxışının predmetini İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılması” tələbi təşkil etdiyindən və işdə cavabdehlərin qarşılıqlı tələbi mövcud olmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. AR İPM-in 87.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1607/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı Bakı şəhər İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (3cü şəxs AR Maliyyə Nazirliyi olmaqla) qarşı kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1202/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1202/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver