Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1202/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus fərdi yaşayış evinin ünvan rekvizitlərinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8964/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşmiş fərdi yaşayış evinin ünvan rekvizitinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-8964/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-482/1999 saylı iş üzrə 6 iyun 1999-cu il tarixli qətnaməsi ilə hazırkı iddiaçının tələbi təmin edilərək ünvan 3 ünvanına pasport qeydiyyatına alınması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilmişdir. İddiaçı və onun ailə üzvləri X3, X4 və X5 qətnamə əsasında qeyd edilən ünvana pasport qeydiyyatına alınmışlar. 2000-ci ilin mart ayında Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş və həmin sənəd 4 aprel 2000-ci il tarixdə reyestrdə 30/233 nömrə ilə qeydə alınmışdır. Bakı şəhəri Binəqədi RİH başçısının 349 nömrəli 3 iyul 2003-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin İİ mərtəbəsinin tikintisinə icazə verilmişdir. Lakin bu yaxın ərəfədə məlum olmuşdur ki, iddiaçı və ailə üzvləri həmin ünvandan pasport qeydiyyatından çıxarılmışlar. Belə ki, X1 iddiaçıya və qeyrilərinə qarşı pasport qeydiyyatından çıxarılma tələbi Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə təmin edilmişdir və həmin qərar əsasında iddiaçı və övladı X5 pasport qeydiyyatından çıxarılmışlar. Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Hacıbababəyov küçəsində yerləşən fərdi yaşayış evi 12A nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyatdan keçmişdir və həmin şəxsə məxsus fərdi yaşayış evinə iddiaçıya məxsus fərdi yaşayış evinə verilmiş 12A nömrə verilmişdir. Halbuki, iddiaçıya məxsus fərdi yaşayış evinə texniki pasport verilmişdir, texniki pasport reyestrdə qeydiyyata alınmış və həmin sənəddə evin nömrəsi 12A göstərilmişdir. Lakin digər şəxsə məxsus fərdi yaşayış evinə ünvan verilərkən araşdırma aparılmamış, artıq bu nömrə ilə fərdi yaşayış evinin olması halı nəzərə alınmamışdır. Ünvanın digər şəxsə məxsus evə verilməsi nəticəsində iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur, qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmışdır, artıq eyni nömrə ilə fərdi yaşayış evinin mövcud olması nəzərə alınmamışdır. Halbuki, digər evə eyni ünvanın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilməsi əsassızdır, ünvan rekviziti mövcud olduğu halda başqa bir evə bu ünvan verilməsi qanuni deyil və buna düzəliş edilməlidir. İddiaçıya məxsus fərdi yaşayış evinə dair texniki pasport bu qurumda tərtib edilmişdir. Əfsuslar olsun kı, iddiaçının müraciətləri nəticəsiz qalmış və bu məsələ öz həllini tapmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 1.4, 3.2.2, 3.6-cı bəndlərinə, İPM-in 33, 39, 68-ci maddələrinə əsaslanaraq, məhkəmədən faktiki olaraq iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşmiş fərdi yaşayış evinin ünvan rekvizitinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur. Göründüyü kimi, məhkəmənin iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyinin təsdiqlənməməsi kimi absurd əsası tam qanunsuzdur. Çünki, iddiaçı ona məxsus olan evin ünvanı ilə eyni ünvanın başqa şəxsə verilməsi ilə əlaqədar hüquqlarının pozulmasını göstərmiş və özünəməxsus evin ünvanının təsdiqi kimi cavabdeh tərəfindən verilmiş texniki pasporta istinad etmişdir. Bu halda məhkəmənin cavabdehin subyektiv fikri ilə razılaşaraq iddianın mümkün sayılmaması haqqında qərardad qəbul etməsi tam qanunsuz və əsassızdır. Məhz məhkəmə araşdırma apararaq müəyyən etməli idi ki, hansı səbəbdən cavabdeh texniki pasport verdiyi evin ünvanını başqa bir şəxsin evinin ünvanı kimi göstərmişdir. İddiaçı tərəf burda ən zəif tərəfdi və onun pozulmuş hüquqlarının bərpası yalnız məhkəmədə mümkündür, məhkəmə isə bu haqda verilmiş iddianı mümkün saymamaqla iddiaçının bundan sonra hansı hərəkəti edərək hüquqlarını bərpa edə biləcəyi haqqında heç bir məlumat verməmiş, kor-koranə olaraq cavabdehin bir məktubu ilə uzun müddət hüquqları pozulan iddiaçının iddiasının məhkəmə icraatını mümkün saymamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini mudafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini mudafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»: 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. 1.2. Ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. 3.1. Ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin adlandırılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi daşınmaz əmlak obyektinə ünvan verilməsi qanunvericilikdə nəzərdə tutulmuş halların heç biri ilə uzlaşmır. İddiaçının tələbi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmamış daşınmaz əmlak obyektinə yeni ünvan verilməsindən ibarətdir. Sadalanan normalardan isə görünür ki, yeni quraşdırılmış daşınmaz əmlak obyekti və ayrılmış torpaq sahəsi istisna olmaqla, digər daşınmaz əmlak obyektlərinə ünvan verilməsi həmin əmlakın reyestrdə qeydiyyatı aparıldıqda mümkündür. Belə olan halda, iddiaçının ona məxsus olduğunu iddia etdiyi daşınmaz əmlak (ev) - daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmadığından, həmin əmlaka yeni ünvan verilməsi, yaxud verilmiş ünvanın dəyişdirilməsi və ya bərpa olunması mümkün deyil. İddiaçı müvafiq sənədlərlə həmin ev üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi təqdirdə, həmin inzibati icraat çərçivəsində evin ünvanının verilməsi, yaxud bərpa olunması məsələsi də həll oluna bilər. Beləliklə, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8964/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1202/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1202/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver