Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1203/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddiaçının adına mənzilə dair reyestrdə qeydiyyatın aparılması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6549/2019 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qərardadından üçüncü şəxs “xxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı 27 nömrəli 140,6 kv.m. mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasının və reyestrdən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1054/2018 nömrəli iş üzrə 09.03.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 3 otaqlı 27 nömrəli 140,6 kv.m. mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. “xxxx” MTK 27.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 2-1(103)- 1054/2018 nömrəli inzibati işin təzələnməsini və MTK-nın üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1054/2018 nömrəli iş üzrə 07.09.2020-ci il tarixli qəradadı ilə “xxxx” MTK-nın ərizəsi təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1054/2018 nömrəli iş üzrə 09.03.2018-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bunda sonra, üçüncü şəxs “xxxx” MTK məhkəməyə müraciət edərək, hazırkı işdə yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı 27 nömrəli mənzilin üzərinə həbs qoyulmasını və həmin iş üzrə icraata dönüş edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 3 otaqdan ibarət sahəsi 140,6 kv.m. olan 27 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, 13.11.2020-ci il tarixli qərardadı ilə üçüncü şəxsin ərizəsi təmin edilməmişdir. Qərardadla razılaşmayan üçüncü şəxs ondan apellyasiya şikayəti verib, ləğv edilərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, işdə olan sənədlərdən görünür ki, ünvan 1 ünvanda yerləşən 1 saylı çoxmənzilli yaşayış binası “xxxx” MTK-ya məxsusdur. İddiaçı mübahisəli mənzil üzrə “xxxx” MMC ilə müqavilə bağlamış və mənzilin dəyərini ona ödəmişdir. Halbuki, “xxxx” MMC-nin ümumiyyətlə həmin binanın mənzillərinin satılmasına ixtiyarı və hüququ olmamışdır. Bundan əlavə, iddiaçı çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi zaman həmin bina istismara təhvil verilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, İPM-in 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi; 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Normanın təhlili göstərir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində ərizənin (iddianın) böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin (iddiaçının) maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20.04.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir.” Məhkəmə kollegiyası bildirir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində ərizənin (iddianın) böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Qanunvericiliyin bu tələbi ondan ibarətdir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardad ərizəçinin (iddiaçının) iddia tələbinin (iddia icraatı qaydasında qaldırdığı və ya qaldıracağı) ilkin uğurluluq ehtimalının qiymətləndirilməsi nəticəsində çıxarılmalıdır. Bu zaman məhkəmə ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Belə uğurluluq ehtimalının qiymətləndirilməsi bir qayda olaraq maddi hüquq normalarına istinadla həyata keçirilməlidir. Lakin hazırkı işin hallarının ilkin araşdırılması üçüncü şəxsin ərizəsinin böyük ehtimalla uğurlu olacağı barədə məhkəmə kollegiyasında hər hansı qənaət formalaşdırmır. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Tam əksinə, Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və onun əleyhinə olan hüquqi vəziyyət bərqərar olmuşdur. Bundan əlavə, ərizəçi (iddiaçı) ilkin təcili tənzimlənmənin zəruri olması və maddi tələbinin mövcud olması ehtimalını məhkəməyə aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Bu o deməkdir ki, ərizəçi nə üçün müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməli olmasını təsvir etməli və ərizədə tələbini faktiki cəhətdən əsaslandırılmalıdır. Sözügedən hallarda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdır. Lakin işin hallarından görünür ki, ərizə bu qaydada əsaslandırılmamışdır. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6549/2019 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Üçüncü şəxs “xxxx” MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Aida Hüseyn Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1203/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1203/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver