Məhkəmə qərarları › İş №2-1(103)-1203/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1203/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1203/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5985/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 2020-ci il 21 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçularının siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5985/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 26.04.1994-cü il tarixdən 12.11.1995-ci il tarixədək AR Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 06.10.1995-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərilməklə hökmün icrası hərbi əməliyyat qurtaranadək təxirə salınmışdır. Naxçıvan Qarnizonu Hərbi Tribunalının 09.04.1997-ci il tarixli Qərarı ilə özünü Vətənin mətin müdafiəçisi kimi göstərdiyindən həmin cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. 12.11.1995-ci il tarixdən 17.11.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz 20 il xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0764 saylı 17.11.2015-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 iyul tarixli, 2- 1(103)-824/2021 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı 2020-ci il 16 noyabr tarixli dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 21.12.2021-ci il tarixli, 2-1(102)-2306/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 iyul tarixli, 2- 1(103)-824/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarından görünür ki, İddiaçı 1984-cü il 6 avqust tarixdən 2015-ci il 17 noyabr tarixədək hərbi xidmətdə olmuş, 2015-ci il 17 noyabr tarixdə Azərbaycan Respublikası müdafiə nazirinin 0764 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. İddiaçı barəsində məhkəmə hökmü çıxarıldığı üçün xidməti qüsursuz hesab edilə bilməz. Odur ki, İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin təminatı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının təsiri xaricindədir. Cavabdehin imtinasından sonra iddiaçı həmin tələblə məhkəməyə müraciət edərək, onun mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadığından yanlış nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair yekun nəticəsini onunla əsaslandırmışdır ki, “... iddiaçı hərbi xidmət keçdiyi dövrdə cinayət məsuliyyətinə cəlb olunaraq, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq olunmaqla döyüşən orduya göndərilmişdir. Belə olan halda iddiaçının xidmət illərinin qüsursuz olmadığı müəyyən edilməkdədir. Həmçinin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılmışdır. Qanunvericilik qüsursuz xidmət etmiş hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini istisna etdiyindən cavabdehin imtinası əsaslı olmuşdur.” AR İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İş materiallarını hərtərfəli araşdıran kollegiya hesab edir ki, məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, işdəki sübutlar üzrə ətraflı araşdırma aparılmadan, yalnış nəticəyə gəlinmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi müəyyən edilmişdir. Göründüyü kimi həmin Fərmanın 1-ci bəndində “qüsursuz xidmət etmiş” hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanında dəyişiklik edilməsi haqqında AR Prezidentinin 15.11.2021-ci il tarixli, 1476 saylı Fərmanın: “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.”. Qeyd edilən normaların hazırki mübahisəyə tətbiqindən aydın olur ki, hərbi qulluqçuların dövlət hesabına mənzillə təmin olunması zamanı azı 20 təqvim ili qüsursuz hərbi xidmət müddəti hesablanarkən, məhkumluq müddəti çıxılmaqla digər bütün hərbi xidmət illəri nəzərə alınmalıdır. Hazırki işin faktiki hallarından müəyyən edilmişir ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kolleqiyasının 06.10.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 38-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərilməklə hökmün icrası təxirə salınmışdır. Lakin, hazırki mübahisə üzrə məhkəmə tərəfindən nəzərə alınmamış digər fakt iddiaçıya məxsus ******* nömrəli, 04.12.2015-cı il tarixli hərbi biletin surətinə əsasən İddiaçı 01.09.1988 – 28.04.1992-ci illərdə 254 ƏMAA avtoatıcı tağım komandiri (Əmr N09), 28.04.1992 – 09.06.1993-cü illər 61970 h/h qərargah rəisinin baş köməkçisi (Əmr N04), 09.06.1993 – 01.11.1993-cü illər 61970 h/h qərargah rəisi vəzifələrində qulluq etməklə, hərbi xidmətdə olmuş olmasıdır. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 19.05.2022-ci il tarixli, 864 saylı məktubunda qeyd edilmişdir ki, 1966-cı il təvəllüdlü istefada olan polkovnik-leytenant İddiaçı şəxsi işinin xidmət dəftərçəsində 06.08.1984-cü ildən 01.11.1993-cü ilədək SSRİ Silahlı Qüvvələrində, 26.04.1994-cü ildən 17.11.2015-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsi qeyd edilmişdir. Beləliklə, apelyasiya baxışı zamanı, İddiaçı 1995-1997-ci illərdəki məhkumluq müddəti istisna olmaqla, 20 ildən çox hərbi xidmət keçməsi müəyyən edilir. ((01.11.1993 – 01.09.1988 = 5 il 02 ay) + (17.11.2015 - 09.04.1997 = 18 il 07 ay 08 gün) = 23 il 09 ay 08 gün)) İş materiallarından həmin 23 il 09 ay 08 gün hərbi xidmət illərinin hər hansı əsasla qüsurlu hesab edilməsi ilə bağlı hal aşkar edilməmiş, cavabdeh tərəfindən hər hansı mübahisələndirmə edilməmişdir. Belə olan halda, məhkəmə araşdırması zamanı iddiaçının xidmət müddətinin qüsurluluğu müəyyən edilmədiyindən onun mənzil siyahısına salınması məsələsi “Hərbi qulluqçuların statusu haqqında” AR Qanunun 12-ci maddəsinin 7-ci bəndinə uyğun tənzimlənməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” AR Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Qeyd edilən maddənin hazırki mübahisəyə tətbiqi zamanı, kollegiya qeyd edir ki, iddiaçı 23 illik xidmət müddətinin 5 ildən çoxunu Azərbaycan Respublikası Silahlı Qüvvələrində, bir hissəsini isə digər silahli birləşmələrdə qulluq etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, həm cavabdeh orqan tərəfindən İddiaçı müraciətinə dair inzibati icraat aparılarkən, həm də mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının məhkumluqdan əvvəlki hərbi xidmət illəri nəzərə alınmamış, qüsursuz xidmət illəri kifayət etmədiyindən dövlət hesabına mənzillə təmin edilmə hüququna malik olmaması nəticəsinə gəlinmişdir. “İnzibati icraat haqqında” AR Qanun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. AR İPM: 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının dövlət hesabına mənzill təmin edilməməli olmasına dair imtinası qanunsuz və əsassız olmuşdur. İddiaçı apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati məhkəməsi tərəfindən maddi hüquq normaları işin faktiki hallarına düzgün tətbiq edilmədiyindən məhkəmənin mübahisələndirilən qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5985/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı dövlət hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həval edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar