Məhkəmə qərarları › İş №2-1(103)-1203/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1203/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1203/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-6733/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən əmlaka hüququn X5 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş mərhum X3 ünvan 1 ünvanında 1963-cü ildə inşa etdiyi fərdi yaşayış evi və 1517 kv.m torpaq sahəsi olmuşdur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1971-ci ildə tərtib edilmiş “X2 və Qiymətləndirilməsinə aid Pasport”unda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi öz əksini tapmışdır. İddiaçı “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə bağlı Bakı şəhəri 17 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə adına 896 saylı vərəsəlik işi açılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə uyğun olaraq Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1971-ci ildə tərtib etdiyi “X2 və Qiymətləndirilməsinə aid Pasport”da qeyd olunmuş Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 2 ünvanında yerləşən əmlaka hüququn mərhum X5 məxsus olması barədə arayışın verilməsi üçün İddiaçı 03 fevral 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ********** №-li ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Cavabdehin xx.xx.2022ci il tarixli, **********25 saylı məktubunda X3 adına ünvan 1 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilməməsi, lakin ünvan 2 ünvanına dair X3 adına 1971-ci ildə tərtib edilmiş “Texniki Pasport”un idarənin arxivində mövcud olması bildirilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 13 yanvar 2015-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş sənədlər hüquqmüəyyənedici sənədlər toplusuna aiddir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixli, **********25 saylı məktubu ilə mahiyyəti üzrə cavab verməmişdir. Belə ki, 1963-cü ildə inşa edilmiş fərdi yaşayış evinə 1971-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “X2 və Qiymətləndirilməsinə aid Pasport” tərtib edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Texniki Pasportda torpaq sahəsinin ölçüsü 1517 kv.m qeyd olunmuş, faktiki ölçüsü isə 1765 kv.m-dir, yəni 248 kv.m torpaq sahəsi artıqdır. Həmin ünvanda yerləşən torpaq sahəsi mərhum X3 ata-babasından miras qalmış torpaq sahələridir və həmin ərazidə fərdi yaşayış evini inşa edərkən heç bir dövlət qurumlarına aid mühafizə zolağı mövcud olmamışdır. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən əmlaka hüququn mərhum X5 məxsus olması barədə arayışın verilməməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin “X2 və Qiymətləndirilməsinə aid Pasport”ları əsas hüquqmüəyyənedici sənəd hesab olunur. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, arxiv texniki pasportunda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Belə ki, təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportunda torpaq sahəsinin ölçüsü 1517 kv.m qeyd olunsa da arxiv texniki pasportunda 1482 kv.m, faktiki ölçüsü isə 1765 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə İddiaçı **********13 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” aşağıdakı qaydada müəyyən edilmişdir: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir. Un, kV: İ>20, 35, 110, 150, 220, 330-500; L, m: 10, 15, 20, 25, 25,

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi X8 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə hüququn mərhum X5 məxsus olması barədə arayışın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-6733/2022 saylı qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hüququn mərhum X5 məxsus olması barədə Arayışın verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, həmin ünvanda yerləşən torpaq sahəsi mərhum X3 ata-babasından miras qalmış torpaq sahələridir və həmin ərazidə fərdi yaşayış evini inşa edərkən heç bir dövlət qurumlarına aid mühafizə zolağı mövcud olmamışdır. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən əmlaka hüququn mərhum X5 məxsus olması barədə arayışın verilməməsi tamamilə qanunsuz və əsassızdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırkı işdən müəyyən olunur ki, İddiaçı xx.xx.1995-ci il tarixdə vəfat etmiş əri X3 vərəsəsi olmaqla ünvan 1 ünvanında yerləşən əmlaka hüquqların qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan sözügedən əmlakın yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zonasında yerləşdiyini əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsassızlığını iddia edərək sözügedən fərdi yaşayış evinə dair hüquqların mərhum X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Belə ki, iş materiallarında olan: -Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən X3 adına 08.1971-ci ildə tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə X2 və qiymətləndirilməsinə aid pasporta əsasən 1963-cü ildə tikilmiş M.Hüseynzadə küçəsi, döngə 6, ev 2 ünvanında yerləşən evin cəmi tikintinin sahəsi 213,3 kv.metr, cəmi meydançanın sahəsi 1517,0 kv.metrdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 896 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1995-ci il tarixdə vəfat etmiş əri X1 qalmış miras əmlaka (ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X3 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilir. -Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 2 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən X3 adına tərtib edilmiş 1982-ci ildə edilmiş dəyişikliklə şəxsi mülkiyyət hüququ ilə X2 və qiymətləndirilməsinə aid pasporta əsasən 1963-cü ildə tikilmiş M.Hüseynzadə küçəsi, döngə 6, ev 2 ünvanında yerləşən evin cəmi tikintinin sahəsi 281,1 kv.metr, cəmi meydançanın sahəsi 1482,0 kv.metrdir. -Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********1212 nömrəli məktubu ilə təqdim edilmiş ünvan 1 ünvanının texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətindən görünür ki, fərdi yaşayış evinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki yaşayış sahəsi - 46,8 kv.metr, ümumi sahəsi - 91,2 kv.metrdir. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1517 kv.m, faktiki 1765 kv.m, 194 kv.m çoxdur. 3 tərəf yol, 1 tərəf qonşudur. Həyətyanı sahədə 1 ədəd 1 mərtəbəli fərdi ev və həyət tikililəri tikilmişdir. Torpaq sahəsinin bir tərəf üstündə və bir tərəf divarın 7 m ara məsafəliyindən yüksək gərginlikli elektrik xətti keçir. -Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/xxxx/4882 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 6 saylı döngədə yerləşən 2 saylı fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşib-yerləşməməsinə dair müraciətə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmışdır. Müraciətə cavab olaraq bildirilir ki, qeyd olunan fərdi yaşayış evi 01 iyul 1955-ci ildə istismara verilmiş, 495 saylı yarımstansiyasını qidalandıran 35 kV-luq elektrik xəttinin mühafizə zonasında yerləşir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı nümayəndəsi X6 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********95 nömrəli məktubda bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən əmlaka hüququn mərhum X5 məxsus olması haqqında məlumatın verilməsi ilə bağlı müraciətə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, X3 adına ünvan 1 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir, lakin ünvan 2 ünvanına dair X3 adına 1971-ci ildə tərtib edilmiş texniki pasport İdarənin arxivində mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Fərmanın 2-ci bəndinə əsasən “Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Siyahıda fərdi yaşayış evlərinə dair mülkiyyət hüququnun qeydə alınmasına əsas olan hüquqmüəyyənedici sənədlər sırasında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar nəzərdə tutulmuşdur. Eyni zamanda, Fərmanın 2-ci bəndinin birbaşa göstərişinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş bütün texniki pasportların heç də hamısı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata əsas vermir. Fərmanın 2-ci bəndi mülkiyyət hüququnun əmlaka sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən öncə həmin əmlakdan təhlükəsiz şəkildə istifadə etməyi prioritet prinsip kimi rəhbər tutmuşdur. Belə ki, qeyd edilən normaya görə adı çəkilən texniki pasportlar əsasında əmlaka mülkiyyət hüquqlarının qeydiyyatı yalnız həmin əmlak hüququn əmələ gəldiyi anda yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizə zonasında yerləşmədiyi halda mümkündür. Hazırkı iş üzrə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1963-cü ildə tikilmiş və həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1995-ci il tarixdə vəfat etmiş mərhum X3 adına 1971 və 1982-ci ildə texniki pasportlar tərtib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddia predmeti olan fərdi yaşayış evi 35 kV-luq elektrik xəttinin mühafizə zonasında yerləşir. "xxxx" ASC-nin verdiyi məlumatdan da müəyyən olunur ki, həmin ərazidə 495 saylı yarımstansiyasını qidalandıran 35 kV-luq elektrik şəbəkəsi 01 iyul 1955-ci ildə istismara verilmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun yaranma anı kimi istər evin tikildiyi və ya texniki pasportun tərtib edildiyi vaxt, istərsə də hazırkı halda qeydiyyata alınma üçün müraciət edilən vaxt nəzərə alındıqda 1955-ci ildən istismarda olan elektrik şəbəkəsinin mühafizə zonasında yerləşdiyindən və Fərmanın 2-ci bəndinin birbaşa göstərişinə əsasən elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmə səbəbindən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1971-ci ildə tərtib edilmiş texniki pasport iddia olunan fərdi yaşayış evinin qeydiyyatına əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. Mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. Həmin Qaydaların 4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. Qaydaların 5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 35 kvt olduqda məsafə 15 m-dir. Həmin Qaydaların 12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi;(...). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin tələblərindən görünür ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə biləcək halların dairəsi dəqiq müəyyən edilmişdir və birinci instansiya məhkəməsinin istinad etdiyi hal bu halların sırasına daxil deyildir. Belə olan halda hər nə qədər ki, daşınmaz əmlaka hüququn yaranması barədə müvafiq icra hakimiyyəti orqanının aktı, yəni ünvan 2 ünvanına dair X3 adına 1971 və 82ci illərdə tərtib edilmiş texniki pasportlar qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmayıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən iddiaya etirazın və tələbin təmin edilməsindən imtinanın əsasları kimi göstərilənlər, qanunvericliyin tələblərinə görə əsas kimi götürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində hüququn məxsus olması barədə arayışın verilməsi üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. - 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7-cı bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, normaların məzmunundan göründüyü kimi, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən etmir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan bağ sahəsinin iddiaçının mərhum ərinə məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun həmin bağ sahəsi üzərində hüquqlarının olması öz təsdiqi tapdığından, həmin bağ sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir, şikayətin dəlilləri qərarın ləğvinə əsas verir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-6733/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-6733/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən əmlaka hüququn X5 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar