Məhkəmə qərarları › İş №2-1(103)-1203/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1203/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1203/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “hərbi xidmətə yararlı kimi uçota götürülmə və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “hərbi xidmətə yararlı kimi uçota götürülməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4522/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 may 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1988-ci il təvəllüdlüdür. xx.xx.2007-ci il tarixdə tərtib olunmuş tibbi şəhadətləndirmə vərəqindən görünür ki, iddiaçı şəhadətləndirilmiş və o, hərbi xidmətə yararsız kateqoriyasına aid edilmişdir. AO № ******* nömrəli hərbi biletində qeyd olunmuşdu ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2007-ci ildə Bakı şəhər Sabunçu RHK hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 21a maddəsinə (Azərbaycan Respublikası M.N xx.xx.2000-ci il tarixli, 95№-li əmri) əsasən h/x yararsız hesab olunmuşdur. İddiaçıya məxsus Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə sonuncu qiymətləndirmədən sonra ona yüngül dərəcəli beyin daxili hipertenziya diqanozu qoyulmuş və ona əlilliyin verilməsindən imtina olunmuşdur. Səbəb: “tam reabilitasiya olması” göstərilmişdir. İddiaçı Cavabdehnə hərbi xidmətə yararlı kimi uçota götürülməsi ilə bağlı müraciət etmiş, lakin sonuncunun xx.xx.2023-cü il taixli 3-43-7012-889/2023 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığı nəzdindəki hərbi həkim komissiyası tərəfindən iddiaçı barəsində hərbi xidmətə yararsız qərarı verilmişdir (AR MN-nin 24 mart 2000-ci il tarixli 95 nömrəli əmrinə əsasən 21a maddəsi ilə hərbi uçotdan silinməklə). Təkrar müayinə və hərbi uçotun bərpası ilə əlaqədar məhkəmə orqanlarına müraciət olunması tövsiyyə edilmişdir. Bundan sonra İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmətə yararsız olması barədə qərarın ləğv edilməsi, hərbi xidmətə yararlı kimi uçota götürülməsi və yeni hərbi biletin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək iddiada qərarın – xx.xx.2007-ci il tarixli qərarın ləğvi kimi oxunmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4522/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı iddia tələbi “xx.xx.2007-ci il tarixli qərarın ləğvi edilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ildə iddiaçıya ümumi xəstəliyə görə 3-cü dərəcəli əlilik təyin edilmiş, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən ona hərbi bilet verilmiş və həmin Hərbi Komissarlığın nəzdindəki hərbi həkim komissiyası tərəfindən onun barəsində hərbi xidmətə yararsız qərarı verilmişdir. Hərbi biletin 28-ci səhifəsində AR Müdafiə Nazirinin xx.xx.2000-ci il tarixli, 95 saylı əmrinə əsasən 21a maddəsi ilə hərbi uçotdan silinməyi qeyd edilmişdir. 2022-ci ildə AR ƏƏSMN-nin tabeliyində Tibbi Sosial Ekspertiza Komissiyasına müraciət olunmuş və müvafiq tibbi müayinədən keçdikdən sonra xx.xx.2022-ci il tarixdə tamamilə reabilitasiya olunmağı barədə qərar qəbul edilmişdir. Bundan sonra, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinə hərbi uçota alınmağı barədə ərizə ilə müraciət olunmuş, lakin 3-43-7012-889/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla ona imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı, keçmiş Sabunçu rayon hərbi komissarlığının hərbi-həkim komissiyasının 01,07.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin İ qrafasının 21a maddəsi ilə hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilərək istefaya keçirilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”sində sağlamlıq vəziyyətinə görə hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilərək istefaya keçirilmiş vətəndaşların təkrar tibbi şəhadətləndirilməyə cəlb edilməsi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən vətəndaş İddiaçı barədə rayon çağırış komissiyasında qəbul edilmiş qərarın ləğv edilməsi və ona yeni hərbi biletin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4522/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı iddia tələbi “xx.xx.2007-ci il tarixli qərarın ləğvi edilməsi” hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4522/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən normalardan görünür ki, iddiaçının qəbul edilmiş aktla razılaşmayaraq həmin aktın ləğv edilməsi və ya dəyişdirilməsi üçün şikayət instasiyasına və ya məhkəməyə müraciət etmək hüququ vardır. Məlumdur ki, məhkəmə iddiaçıya iddia tələbi arzu etdiyi məqsədə uyğun olmadığı halda iddianın dəqiqləşdirilməsində yardım etməli, ən azından bunu ona təklif etməlidir. Hüquqi yardım göstərdiyi İddiaçı məhkəmə iclasında dəfələrlə iddia tələbini qaldırma məqsədinin xx.xx.2007-ci il tarixli tibbi şəhadətnamə vərəqəsi əsasında ona qoyulmuş diaqnozun həyat və fəaliyyətinə mənfi təsir etdiyini, bu diaqnoza görə dəfələrlə müxtəlif manelələrlə razlaşdığını, diaqnoz səbəbindən işə qəbul üçün müraciət etdiyi yerlərdən imtina aldığını bildirmişdir. Belə olan halda aydındır ki, iddiaçının məqsədi hərbi xidmət üzrə yararlı olaraq uçota alınma deyil, onun bilavasitə məqsədi aktın ləğv edilməsi, yəni həmin xəstəliyin faktiki olaraq onda olmamasını təsdiq etmək olmuşdur. Məhkəmə isə işin hallarına, iddiaçının iddia tələbini qaldırma məqsədinə əhəmiyyət verməyərək, normaları formal təfsir edib qərar qəbul etmişdir. Aydındır ki, bu halda məhkəmə mütləq ona izah verməklə iddia tələbini dəqiqləşdirməyi təklif etməli, bundan sonra yekun tələbə uyğun qiymətləndirmə aparmaqla qərar qəbul etməliydi. O da nəzərə alınmalıdır ki, iddiaçının təqdim etmiş olduğu sənəd Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmişdir. Bilindiyi kimi, hazırda baxılan məsələlərlə əlaqədar yekun qərarı məhz həmin qurum qəbul edir ki, bu da verilən arayışın mübahisənin həllində mötəbər olması qənaətinə gəlməyə əsas verir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iş üzrə qəbul edilmiş qərar ləğv edilməli və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməlidir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. "Elektron Məhkəmə" sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili Vəkil Nəriman oğlu iddia tələbinin dəqiqləşməsinə dair ərizə verərək, iddiaçının təkrar tibbi şəhadələndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşməsinə dair ərizənin icraata qəbul edilməsindən imtina olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavabdehin sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçının həmin məktubu nə vaxt alması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı Cavabdehnə qarşı tələbi “hərbi xidmətə yararlı kimi uçota götürülməsi və yeni hərbi biletin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də tələbi təmin olunmamışdır. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası “xx.xx.2007-ci il tarixli qərarın ləğvi edilməsi” hissəsində mümkün sayılmamış”, “hərbi xidmətə yararlı kimi uçota götürülməsi və yeni hərbi biletin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində təmin olunmamışdır. İddiaçı hazırda iddiasının rədd edilməsi barədə qəbul edilmiş qərardan apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarına görə, iddiaçı xx.xx.2007-ci il tarixdə hərbi xidmətə yararsız kateqoriyasına aid edilmiş və onun hərbi biletində xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2007-ci ildə Bakı şəhər Sabunçu RHK hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 21a maddəsinə (Azərbaycan Respublikası M.N xx.xx.2000-ci il tarixli, 95№-li əmri) əsasən h/x yararsız hesab olunması qeyd olunmuşdur. İddiaçı hərbi xidmətə yararlı olduğunu hesab edərək hərbi xidmətə yararlı kimi uçota götürülməsi və ona yeni hərbi biletin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbi təmin olunmamışdır. İşə baxan birinci instansiya məhkəməsinin sorğusuna Cavabdeh tərəfindən verilmiş cavab məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı, keçmiş Sabunçu rayon hərbi komissarlığının hərbi-həkim komissiyasının 01,07.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin İ qrafasının 21a maddəsi ilə hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilərək istefaya keçirilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”sində sağlamlıq vəziyyətinə görə hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilərək istefaya keçirilmiş vətəndaşların təkrar tibbi şəhadətləndirilməyə cəlb edilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən vətəndaş İddiaçı barədə rayon çağırış komissiyasında qəbul edilmiş qərarın ləğv edilməsi və ona yeni hərbi biletin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sorğuya verilmiş cavab məktubunda bildirilmişdi ki, İddiaçı xx.xx.2013-cü il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaş əlillik dərəcəsinin ləğv edilməsi ilə əlaqədar müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçı reabilitasiya olunmasına istinad edərək hərbi xidmətə yararlı kimi uçota götürülməsini və ona yeni hərbi biletin verilməsini istəyir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1-ci maddəsinə əsasən hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.8-ci maddəsinə əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları. 2.0.12-ci maddəsinə əsasən hərbi qeydiyyata götürülməli olmayanlar – Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbiuçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin: 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin təşkili Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrə həvalə olunur. 6.3-cü bəndinə əsasən hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. 8.4-cü bəndinə əsasən bir orqanın və ya orqanlar sisteminin xəstəliyi digər orqanın və ya orqanlar sisteminin funksiyasının pozulmasına gətirib çıxardığı hallarda, hərbi xidmətə yararlılıq haqqında ekspert rəyi “Xəstəliklər cədvəli”nin müvafiq maddələrinə əsasən çıxarılır. Vətəndaşların tibbi müayinəsi zamanı “Xəstəliklər cədvəli”ndə nəzərdə tutulmuş müayinə metodlarından başqa, daha yeni və informativ metodlardan istifadə olunmasına icazə verilir. “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli” (3 nömrəli cədvəl) hərbi xidmətə yararlı olan vətəndaşlara tətbiq edilir. Sadalanan normaların məzmunundan görünür ki, vaxtilə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər, bir şərtlə ki, həmin şəxslər ehtiyatda olmağın son yaş həddinə çatmamış olsunlar. Qanunvericiliyin tələbinə görə ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər “hərbi qeydiyyata götürülməli olmayanlar” sayılırlar. Hazırki işdən görünür ki, iddiaçı ilkin şəhadətləndirmə zamanı onda aşkar olunan xəstəliklə bağlı hərbi xidmətə yararsız hesab olunmuş, hazırda isə həmin xəstəliyin tam reabilitasiya olunması barədə TSEK-in müvafiq qərarı olsa da, nəzərə alınmalıdır ki, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilən şəxslər ehtiyata buraxılmır, ümumiyyətlə hərbi qeydiyyatdan çıxarılırlar. Bununla yanaşı, hazırki işdə iddiaçı ehtiyatda olmağın son yaş həddinə (müraciət etdiyi dövrdə qüvvədə olan qanunun tələbinə görə 35 yaşa, hazırda qüvvədə olan qanunun tələbinə görə isə 30 yaşa) çatdığı üçün onun hərbi xidmətə yararlı şəxs kimi uçota götürülməsi tələbi əsassızdır və təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə iddiaçının hərbi uçota yararlı şəxs kimi götürülməsi qanunvericiliyin hazırda qüvvədə olan tələblərinə əsasən mümkün olmadığından və buna görə də o, hərbi qeydiyyata götürülməli olmayan şəxs olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq onun iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələblərinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh qurum iddiaçının tələbinin təmin olunmasından imtina üçün zəruri şərtlərin mövcudluğunu sübuta yetirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4522/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4522/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar