Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1204/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 5578/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ona 07 iyun 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1958-ci il təvəllüdlüdür,əmək fəaliyyətinə 1976-cı ildən başlamış müxtəlif sahələrdə çalışmış, hazırda da çalışmaqdadır. O, ümumilikdə 40 ildən çox sığorta stajına malikdir, həmçinin işlədiyi illərin 12 il 6 ayından çox hissəsini xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Belə ki, onun əmək kitabçasındakı qeydlərdən də görünür ki, o, həqiqətən xx.xx.1976-cı ildə Azərbaycan SSR İncəsənət Fondunun İYK-də “Agitplakat” sexinə çapçı vəzifəsinə təyin olunmuş, 1977- 1979-cu illərdə ordu sıaralarında hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən Azərbaycan SSR İncəsənət Fondunun İYK-də monumental heykəltaraşlıq sexinə İ dərəcəli qəlibçi vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci ildən əlvan metal sexinin İİ dərəcəli tökməçi vəzifəsində, xx.xx.1980-ci ildən əlvan metal sahəsində İİ dərəcəli qəlibçi vəzifəsində, xx.xx.1981-ci ildən İİİ dərəcəli qəlibçi, xx.xx.1982-ci ildən İV dərəcəli tökməçi vəzifəsində, xx.xx.1983-cü ildən V dərəcəli qəlibçi, xx.xx.1987-ci ildən Vİ dərəcəli qəlibçi, xx.xx.1998- ci ildən icraçı heykəltaraş vəzifəsində çalışmış və hazırda da çalışmaqda davam edir. Göründüyü kimi onun ümumilikdə 25 ildən çox stajının olması və bunun 12 il yarımdan artıq müddətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən əlvan metal sahəsində qəlibçi-tökməçi kimi işləməsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmış və pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən 19 iyun 2020-ci il tarixdə imtina məktubu verilərək bildirilmişdir ki, onun güzəştli iş stajı 10 ildən az təşkil edir, buna görə də pensiya təyin edilməsi mümkün olmamışdır. Halbuki, müraciəti zamanı ərizəsinə əmək kitabçasının surətini əlavə etmiş, orada işlədiyi yerlər və çalışdığı vəzifələr ətraflı qeyd olunmuşdur. Hətta Azərbaycan Rəssamlar X3 Kombinatı tərəfindən verilmiş arayışını cavabdeh inzibati orqana təqdim etmiş, lakin cavabdeh pensiya təyin etməli olduğu halda yuxarıda qeyd olunan imtina məktubunu vermişdir. Cavabdehin imtinası ilə razı deyil və hesab edir ki, əmək kitabçasında olan qeydlərə əsasən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ olduğu üçün cavabdehin imtinasını qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) metalın əridilməsi və elektrotermik üsulla alınması bəndində (7.5) əlvan metal və ərintilərin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi 1 iyul 1976-cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1979-cu il tarixindən hazırki vaxtadək Azərbaycan Rəssamlar İttifaqı X1 bürüncəritmə sexində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialı tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində həmin müəssisədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən tökücü peşəsində iş stajı 9 ay 17 gün olduğu aşkar olunmuşdur. Bu fakt Azərbaycan Rəssamlar X4 tərəfindən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən onun güzəştli iş stajı isə 10 ildən az təşkil edir. Əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5578/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2- 1(103)-541/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5578/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2-1(102)-2054/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2- 1(103)-541/2021 nömrəli qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı təkcə tökməçi vəzifəsində deyil, həm də “qəlibçi” vəzifəsində də çalışmışdır. Beləliklə iddiaçı tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olmuşdur ki, həmin vəzifə də Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş Siyahılarda öz əksini tapmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 57 yaşının tamam olduğu 07 iyun 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının güzəştli staj dövrü ilə əlaqədar cavabdehin dəlilləri, o cümlədən iddiaçının iş yerindən verilən məlumatlarda uyğunsuzluq və ziddiyyət var. Belə ki, cavabdehin imtina məktubunda (iş v. 8) və iddia tələbinə etirazda (iş v.24) iddiaçının 09 ay 17 gün iş stajının olması qeyd edilmiş, kassasiya şikayətinə etirazda isə 09 il 17 gün yazılmışdır. Bundan başqa, iddiaçının iş yerindən verilmiş arayışlarda (iş v. 9 və 32) onun işlədiyi peşələrin (qəlibçi və tökməçi) Azərbaycan Rəssamlar İttifaqı X2 işlədiyi tökməçi vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmasına görə güzəştli şərtlərlə pensiya hüququnun olması qeyd edilsə də, xx.xx.2020-ci il tarixli Aktda (Azərbaycan Rəssamlar İttifaqı X1 səlahiyyətli şəxsi və cavabdehin səlahiyyətli şəxsi arasında bağlanmışdır; iş v.27) iddiaçının güzəştli stajının 09 ay 17 gün olması qeyd edilmişdir. Bundan əlavə, iddiaçının iş stajını təsdiq edən sənədlərə əsasən o, eyni müəssisədə və istehsalatda (Azərbaycan Rəssamlar İttifaqı X2) həm tökməçi, həm də qəlibçi vəzifələrini icra etmişdir. Cavabdeh və işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının Azərbaycan Rəssamlar İttifaqı X2 işlədiyi tökməçi vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) metalın əridilməsi və elektrotermik üsulla alınması bəndində (7.5) əlvan metal və ərintilərin tökücüləri vəzifəsinə uyğunlaşdırmış, lakin iddiaçının işlədiyi peşənin sözügedən siyahıda nəzərdə tutulmadığı nəticəsinə gəlmişlər. Bununla bağlı, məhkəmə tərkibi qeyd edir ki, cavabdehin və apellyasiya instansiya məhkəməsinin istinad etdiyi Siyahının 11-ci bölməsində həm də “qızdırılan avadanlıqlarda qəlib hazırlamaqla məşğul olan maşınla qəlibləmə qəlibçiləri” və “tökmədə iştirak edən əllə qəlibləmədə qəlibçilər” peşələri də nəzərdə tutulmuşdur ki, iddiaçı məhz həmin peşələrə istinad etməklə onun işlədiyi işin Siyahıya uyğunluğuna iddia edir. İşə baxan apellyasiya instansiya məhkəməsi isə iddiaçının dəlillərini nəzərə almaqla işin hallarını hərtərəfli araşdırmamış, iddiaçının güzəştli stajının mövcudluğu isitqamətində öz xidməti vəzifəsindən irəli gələn məhkəmə araşdırmasını hərtərəfli aparmamışdır. Halbuki, iş materiallarında iddiaçının iş yerindən verilmiş iki arayış mövcuddur, işdəki arayışların məzmunu oxşardır və həmin arayışlarda iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi qeyd olunmuşdur. Doğrudur, iş yerindən arayış məzmun etibari ilə tələblərə cavab verməsə də (güzəştli iş dövrü (il ay gün olaraq) dəqiq göstərilməmiş, iddiaçının işlədiyi peşə/vəzifənin konkret olaraq Siyahıda nəzərdə tutulan hansı peşə/vəzifəyə uyğunluğu müəyyən edilməmiş, iddiaçının işlədiyi peşələrin zərərli olması halı əsaslandırılmamışdır), məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının güzəştli stajı ilə bağlı müəssisəyə sorğu ünvanlamaqla məzmunca mötəbər güzəştli arayışın əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, may 1977-ci ildən 31 may 1979-cu ilədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildə Azərbaycan SSR İncəsənət Fondunun İYK-də “Agitplakat” sexinə çapçı vəzifəsinə, xx.xx.1979-cu ildən Azərbaycan SSR İncəsənət Fondunun İYK-də monumental heykəltəraşlıq sexinə İ dərəcəli qəlibçi vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci ildən ona əlvan metal sexinin İİ dərəcəli tökməçi vəzifəsi verilmiş, xx.xx.1980-ci ildə vəzifəsindən azad olunmuş, xx.xx.1980-ci ildə Bakı Şampan Şərabları Zavodunda bələdçi vəzifəsinə qəbul olunmuş və xx.xx.1980-ci ildə azad olunmuş, xx.xx.1980-ci ildən əlvan metal sahəsində İİ dərəcəli qəlibçi vəzifəsində, xx.xx.1981-ci ildən İİİ dərəcəli qəlibçi, xx.xx.1982-ci ildən İV dərəcəli tökməçi vəzifəsində, xx.xx.1983-cü ildən V dərəcəli qəlibçi, xx.xx.1987-ci ildən Vİ dərəcəli qəlibçi, xx.xx.1998-ci ildən icraçı heykəltəraş vəzifəsində çalışmışdır və hazırda da çalışmaqda davam edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) metalın əridilməsi və elektrotermik üsulla alınması bəndində (7.5) əlvan metal və ərintilərin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. Təqdim edilən 1 iyul 1976-cı il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1979-cu il tarixindən bu günədək Azərbaycan Rəssamlar X1 bürüncəritmə sexində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların İdarə tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində həmin müəssisədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən tökücü peşəsində iş stajının 9 ay 17 gün olduğu aşkar olunmuşdur. Bu fakt, Azərbaycan Rəssamlar X4 tərəfindən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az təşkil edir. Bu səbəbdən əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.2.3-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapsa da, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan güzəşti əmək stajının olmaması əsası ilə iddianın rədd edilməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Rəssamlar İttifaqı X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək bürüncəritmə sexində 2-ci dərəcəli metal tökmə işində işləmişdir. 21 iyul 1980-ci ildən xx.xx.1998-ci ildək tökməçi və qəlibçi peşələrində çalışmışdır. Onun çalışdığı “qəlibçi” və “tökməçi” peşələri Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısında Xİ bölmə olan – metal emalı bölməsində, a bəndində 1110100a-12176 kodu ilə metal tökücüləri, 1110100a-18865 kodu ilə qızdırılan avadanlıqlarda qəlib hazırlamaqla məşğul olan maşınla qəlibləmə qəlibçiləri və yenə həmin bölmədə 1110100a-19430 kodu ilə tökmədə iştirak edən əllə qəlibləmədə qəlibçilərin peşəsinə uyğundur. Qəlibçi və tökməçi peşəsində çalışanların əmək funksiyası: Heykəlin tuncdan hazırlanması üçün gipsdən olan heykəl ayrı-ayrı hissələrə bölünür və bölünmüş hissələr qabaqcadan hazırlanmış qəlblərdə qəliblənir. Bu prosesdən sonra əridici sobada əlvan metal 1200 temperaturla əridilir. Hazır olan ərinti həmin hazırlanmış qəliblərə tökülür. Metal hissələr hazır olandan sonra hissələr boltlar vasitəsilə yığılır və hazırlanan yerlər qaynaq vasitəsilə heykəl tam bütöv halına gəlir. Heykəl hazır olandan sonra üstündə təmizləmə işləri gedir və heykət tam hazır vəziyyətə gətirilir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1998-ci ilədək çalışdığı tökməçi və qəlibçi peşələrində topladığı staj əsasında yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədəuyğundur. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11-ci bölmə “Metal emalı” bölməsinin “Tökmə istehsalı” bəndində (11.1) “metal tökücüləri”, “qızdırılan avadanlıqlarda qəlib hazırlamaqla məşğul olan maşınla qəlibləmə qəlibçiləri” və “tökmədə iştirak edən əllə qəlibləmədə qəlibçilər” peşəsi ilə eynilik təşkil edir Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, 07 iyun 2015-ci il tarixindən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbini irəli sürməkdə haqlı olmuş, cavabdehin imtinası isə əsassız olmuşdur. Eyni zamanda, 07 iyun 2015-ci il tarixdən pensiyanın ödənilməsi tələbinə münasibətdə kollegiya qeyd edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçı ilkin olaraq xx.xx.2020-ci il tarixli ərizə ilə (xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bu halda iddiaçıya pensiya xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə görə, yəni xx.xx.2017-ci ildən ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2017-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5578/2020 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2017-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1204/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1204/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver