Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1205/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə İddiaçı cavabdeh Yasamal Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4282/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsi) məhkəməyə müraciət edərək, Yasamal Bələdiyyəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, 16.12.2019-cu il tarixli **********2 nömrəli, 23.01.2020-ci il tarixli **********6 nömrəli tədiyyə bildirişlərinin etibarsız hesab edilməsi, 24.10.2019-cu il tarixli 111/12 nömrəli inzibati aktın və 24.01.2020-ci il tarixli 05/01 nömrəli qərarın ləğv edilməsi və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməklə bağlı hüquqi yardım üçün 600 manat məbləğdə vəkilə ödənilmiş xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01.12.2020-ci il tarixli qərardadı ilə iddia cavabdehin hərəkətlərinin qanunsuz sayılması, tədiyə bildirişlərinin etibarsız hesab edilməsi, 24.10.2019-cu il tarixli 111/12 nömrəli inzibati aktın ləğv edilməsi hissələrdə mümkün sayılmamış, qalan hissədə eyni tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 24.01.2020-ci il tarixli 05/01 nömrəli qərarı ləğv edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini və iddiaçının 2017-ci ildən 2020-ci ilin əmlak vergi borcu da daxil olmaqla vergiyə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tədiyyə bildirişinin xüsusi mülkiyyətçiyə rəsmi qaydada verilməməsini əsas gətirmişdir. Halbuki, İddiaçı ünvanına 2019 və 2020-ci illərdə tədiyyə bildirişi əlavə olunmaqla, rəsmi məktub göndərilmişdir. Həmin tədiyyə bildirişinin də ərazinin (A.Qurbanov küçəsi) zonasına uyğun olaraq qeyriyaşayışa uyğun olaraq, yəni 169,7 kv.m x 0,56 qəpik = 95,03 əmsalı ilə illik əmlak vergisi hesablanmışdır. Tədiyyə bildirişi AR Vergi Məcəlləsinin 85.4 maddəsinin tələbləri rəhbər tutularaq tərtib olunmuş, qanunvericiliyə müvafiq olaraq hər gecikdirilmiş gün üçün VM-in 59.1 maddəsinə əsasən 0,1% və VM-in 57.2 maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmiş və ilin yekununa qədər ödənilməmiş vergi məbləğinin faiz miqdarı göstərilmiş, lakin texniki səhv kimi məhkəmə icraçılarının 7% yazılmış sözü silinməmiş qalmışdır və bu da mülkiyyətçiyə izah olunmuş və məhkəməyə yazılı bildirilmişdir. Qərardakı hesablama düsturunun hansı qaydayla aparılmasına səhv yanaşılmış və araşdırılma tam və dəqiq olmadan, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.04.2015-ci il tarixli qərarı ilə Bakı şəhəri üzrə yerləşən binalara tətbiq edilmiş zona əmsallarını araşdırmamış, səhvən Yasamal rayonu üzrə əmlak vergilərinin 0,48 və 0,32 qəpiklə hesablanmasını qeyd etməklə qanunazidd hallara yol vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, hazırkı iddia, yəni cavabdehin 24.01.2020-ci il tarixli 05/01 nömrəli qərarının ləğvi tələbi, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “İnzibati icraat haqqında” AR Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamışdır. Belə ki, həmin Qanununun: 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir; 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır; 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabddehin mübahisəli inzibati aktından görünür ki, həmin aktda mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmiş, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar qeyd olunmamışdır. Qərardan anlaşılmır ki, 95,03 manat əmlak vergisi və 104,06 manat faiz hansı qaydada hesablanmışdır. Həmçinin, təsviri hissəsində qərarın Zakir Cəfərov tərəfindən qəbul edildiyi qeyd olunsa da, nəticə hissədə qərarı Tahir Məmmədov imzalamışdır. Həmçinin, 24.01.2020-ci il tarixli qərar maddi hüquqi baxımdan “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 5.3-cü bəndi ilə əsaslandırılmışdır ki, sözügedən normanın məzmunu da göstərir ki, həmin maddə mübahisəli aktın qəbulu məsələlərini tənzimləmir. Belə ki, adıçəkilən normaya görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. “İnzibati icraat haqqında” AR Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu mənada məhkəmə kolegiyası apellyasiya şikayətinin dəlilləri ilə bütövlükdə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin mübahisələndirilən inzibati aktı qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehin mübahisəli qərarı qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə uyğun olmamışdır (İPM-in 70.1-ci maddəsi). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4282/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Yasamal Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səforov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1205/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1205/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver