Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1205/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, vəkili X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın və protokolun ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 08.09.2020-ci il tarixli **********1 saylı qərar və həmin qərar əsasında tərtib edilmiş **********1 saylı 27 noyabr 2020-ci il tarixli protokolun ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisi olan İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı dövlət büdcəsinə vergi borcu yaranmışdır. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək usulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 08.09.2020-ci il tarixli Qərar çıxarılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 08.09.2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 378.801,46 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 405.000 manat məbləğində əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılaraq borcun ödənilməsini təmin etmək üçün siyahıya almışdır. Həmin qərar əsasında vergi ödəyicisi barəsində 08.09.2020 tarixli № **********1 saylı Protokol tərtib olunmuşdur. Halbuki, qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə əsasən, üzərinə həbs qoyulan əmlakın dəyəri iddianın qiymətindən artıq olmamalıdır. Bu baxımdan dövlət büdcəsinə ödənilməmiş 378.801,46 manat borcun ödənilməsi məqsədilə 405.000 manat məbləğində əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün siyahıya alınması vergi ödəyicisi İddiaçı münasibətdə ədalətsiz və qeyri-qanunidir. İşin mahiyyətinə keçdikdə isə cavabdeh tərəfindən aparılan sənədləşmələrin protokol qaydalarına və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olmayan şəkildə həyata keçirildiyini görürük. Belə ki, hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, İddiaçı göstərilən məbləğdə vergi borcunun dövlət büdcəsinə ödənilməsinə dair bildirişin gəlməsindən məlumatsız olmuşdur və belə bir bildirişin varlığı barədə işin araşdırılması zamanı iddiaçıya məlum olmuşdur. Digər məsələ isə ondan ibarətdir ki, bildirişin (№ **********5) özünə nəzər yetirək: Bildiriş rəsmi qaydada tərtib olunma qaydalarına əməl edilməmiş və ciddi pozuntularla tərtib olunmuşdur. Belə ki, bildirişdə onu imzalamağa səlahiyyəti olan rəhbər orqanın və ya onun müavinin imzası olmalı olduğu halda və hətta buna yer ayrıldığı halda həmin imza yeri boş saxlanılmışdır və səlahiyyətli şəxsin imzası yoxdur (№ **********5 saylı bildiriş qoşmaya əlavə edilir). Beləliklə, bütün bu pozuntularla tərtib olunmuş № **********5 saylı bildiriş, 27.11.2020-ci il tarixli akt, № **********1 saylı protokol və mövcudluğu sual altında olan qərar (hansı ki, protokol həmin qərar əsasında tərtib olunmalı və qərarla protokolun nömrəsi eyni olmalıdır) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.9-cu maddəsinə əsasən, vergi ödəyicisi olan İddiaçı təqdim edilməli olduğu halda, təqdim edilməmiş və əmlakın siyahıya alınmasının acınacaqlı vəziyyəti barədə məlumat verir. Odur ki, vergi ödəyicisinin bütün bu proseslərdən kənar qalması səbəbindən hüquqları kobud şəkildə pozulmuşdur, odur ki, verqi orqanı tərəfindən qəbul edilmiş № **********1 saylı protokolun ləğv edilməsi zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək İddiaçı iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadının ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya göstərilən məbləğdə vergi borcunun dövlət büdcəsinə ödənilməsinə dair bildirişin gəlməsindən ümumiyyətlə məlumatsız olmuşdur. Bildirişin varlığı barədə işin araşdırılması zamanı ona məlum olmuşdur. Hətta, bildirişin varlığından 01.02.2021-ci il tarixdə ölkə ərazisini tərk edərkən hava limanında ona vergi borcunun olması səbəbiylə ölkə ərazisini tərk etmə məhdudiyyəti qoyularkən xəbardar olmuş və iddia tələbi ilə 26.02.2021-ci il tarixdə, yəni ona məlum olduğu vaxtdan 25 gün sonra məhkəməyə müraciət etmişdir. Beləliklə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirilməsi şərti cavabdehin iddia etdiyinin əksinə qorunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2- 1(103)-2147/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2- 1(112)-4673/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(102)-2048/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2- 1(103)-2147/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Vergi borcunun ödənilməsinə dair 21.07.2020-ci il tarixli **********5 saylı Bildirişdə qeyd olunmuşdur ki, vergi ödəyicisi İddiaçı 21.07.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 367.849,08 manat, o cümlədən vergilər üzrə 280.830,46 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 87.018,62 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır. Bakı şəhəri LGBİ-nin 08.09.2020-ci il tarixli **********1 saylı qərarı ilə İddiaçı məxsus əmlakların siyahıya alınması qərara alınmışdır. Bakı şəhəri LGBİ-nin 03.11.2020-ci il tarixli **********569300 saylı qərarı ilə 08.09.2020-ci il tarixli **********1 saylı qərarına dəyişikliklər edilməsi qərara alınmışdır. Bakı şəhəri LGBİ-nin 27 noyabr 2020-ci il tarixli **********1 saylı protokolu ilə 08.09.2020-ci il tarixli **********1 saylı qərara əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə Alı Mustafayev küçəsində yerləşən ünvanda əmlakların siyahıya alınması həyata keçirilmişdir. İddiaçı məxsus 405.000 manat dəyərində əmlakı siyahıya alınmışdır. İddiaçı protoklu imzalamaqdan imtina etmişdir. Bakı şəhəri LGBİ-nin Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında 27.11.2020-ci il tarixli aktından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr., 3018-ci məhəllə Ali Mustafayev küçəsində yerləşən yaşayış binasında əmlakın siyahıya alınması barədə aktı qəbul etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından, iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarın ona məlum olunduğu müddətdən 5 (beş) ay 23 (iyirmi üç) gün, protokolun məlum olduğu müddətdən isə 3 (üç) ay 4 (dörd) gün keçdikdən sonra, yəni 01.03.2021-ci il tarixdə məhkəməyə müraciət olunmaqla, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Əmlakların siyahıya alınması barədə 08.09.2020-ci il tarixli **********1 saylı qərarı cavabdeh tərəfindən imzalanmışdır. Cavabdehin 27 noyabr 2020-ci il tarixli **********1 saylı protokolunda iddiaçının protokolu imzalamaqdan imtina etdiyi qeyd edilsə də, iş materiallarında olan böyük dövlət vergi müfəttişi X4 və dövlət vergi müfəttişi X5 tərəfindən hazırlanmış imtina aktında qeyd edilmişdir ki, əmlakın siyahıya alınması zamanı iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, lakin iddiaçı əmlakın siyahıya alınması prosesində iştirak etməkdən, protokolu, siyahını və siyahıya alınmış əmlakın məsul saxlamaya verilməsi aktını imzalamaqdan imtina etmişdir. Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur və rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Eyni zamanda, inzibati prosessual qanunvericiliyin müddəalarına əsasən, mübahisələndirmə haqqında iddialarda prosessual müddətin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. Hazırkı iş üzrə isə iddiaçıya mübahisələndirilən qərarın və protokolun təqdim edilməsi ilə bağlı sübut məhkəməyə təqdim edilməmiş, əksinə cavabdehin vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş “imtina aktı”nda iddiaçının siyahıya almada iştirak etmədiyi qeyd edilmiş, işə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin əməkdaşlarının iddiaçı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb əmlakın siyahıya alınması prosesi barədə məlumat verməklərini, iddiaçının həmin an mübahisələndirilən inzibati aktlardan “məlumatlı olması” kimi hesab etmiş, bununla da inzibati aktın təqdim edilməli olması barədə imperativ normaların tələblərini pozmuş və oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə almamış, beləliklə də, İPM-nin 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinə riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Hazırkı iş üzrə isə iddiaçıya mübahisələndirilən qərarın və protokolun təqdim edilməsi ilə bağlı sübut məhkəməyə təqdim edilməmiş, əksinə cavabdehin vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş “imtina aktı”nda iddiaçının siyahıya almada iştirak etmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin müddətlə bağlı mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər İlham Kərimli Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1205/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1205/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver