Məhkəmə qərarları › İş №2-1(103)-1205/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1205/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1205/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1205/2023 (Açar sözlər: “əmrin ləğv edilməsi və ehtiyata buraxılma”) Bakı şəhəri 05 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10679/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 246 nömrəli əmrindən çıxarışa əsasən kapitan İddiaçı, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 19 avqust 2020-ci il tarixli N №-li əmrinə əsasən, hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmiş, Beyləqan rayonu, N №-li hərbi hissədən gəlmiş hesab edilsin, 02 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün nov təminatlara daxil edilsin, vəzifəsinin qəbuluna və icrasına başlasın. Vəzifə maaşı ştata əsasən təyin edilsin, Əsas: N №-İi hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 1207 №-li təyinat vərəqəsi.

3. N nömrəli hərbi hissənin avtomobil xidməti rəisi kapitan İddiaçı N nömrəli hərbi hissənin komandirinə ünvanladığı daxil olma nömrəsi 2715 olan xx.xx.2021-ci il tarixli raportda təqvimi hesabla Azərbaycan Ordusunda 20 il xidmətini nəzərə alaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq və 164-cü maddəyə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxılmağı barədə müvafiq qaydada sərəncam verilməsini xahiş etmişdir.

4. N nömrəli hərbi hissənin komandiri ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə aparılmış birinci söhbət zamanı İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə mümkün qədər tez qərar qəbul edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir.

5. N nömrəli hərbi hissənin komandiri ilə İddiaçı arasında 2021-ci il tarixdə aparılmış ikinci söhbət zamanı İddiaçı öz arzusu ilə Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən mümkün qədər tez ehtiyata buraxılmağına köməklik göstərilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı hərbi xidmətdəikən barəsində xidmət etdiyi hərbi hissə komandiri tərəfindən xx.xx.2022-ci il tarixli başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması üçün təqdimat verilmişdir.

7. Qeyd edilən təqdimata uyğun olaraq iddiaçı barəsində X4 X2 xx.xx.2022-ci il tarixli 069 nömrəli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi təyin edilməsi barədə əmr verilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 208 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 215 nömrəli əmri ilə N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək N nömrəli hərbi hissədə vəzifəsinin qəbul edilmişdir.

8. İddiaçı N saylı hərbi hissəyə gəldikdən sonra xx.xx.2022-ci il tarixli raportla müraciət edərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını xahiş etmişdir.

9. Bundan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 29 iyul 2022-ci il tarixli 0620 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 248 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır.

10. İddiaçı xidmət yerinin dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli əmri məhkəmədə mübahisələndirmək imkanı olduğu halda, xx.xx.2022-ci il tarixdə həmin əmrin ləğv edilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, sonra xx.xx.2022-ci il tarixdə N saylı hərbi hissədən ehtiyata buxarılması barədə hazırkı iddianı məhkəməyə təqdim etmişdir.

11. İddiaçı xidmət yeri dəyişdirilərək yeni hərbi hissəyə gəldikdən sonra maddi texniki təminat bölməsi rəhbərliyinə ehtiyata buraxılması barədə raportla müraciət etmişdir. İddiaçı sonuncu raportunda N saylı hərbi hissədən tərxis ediləcəyi ilə bağlı hər hansı narazılıq və ya tələbini irəli sürməmişdir.

12. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 29 iyul 2022-ci il tarixli 0620 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq N nömrəli hərbi hissənin madditexniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. İddiaçı qeyd edilən əmrin ləğv edilməsini və onun N nömrəli hərbi hissənin avtomobil xidməti rəisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmağı ilə bağlı əmr verilməsini mübahisələndirir. Məhkəmə hazırkı iddia tələbində iddiaçının hüquqi marağının ehtiyata buraxılması əsası ilə bağlı deyil, ehtiyata buraxıldığı xidmət yeri və vəzifə ilə bağlı olduğunu nəzərə alaraq hazırkı iddianı mübahisələndirmə haqqında iddia növü kimi qəbul edir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun N nömrəli hərbi hissənin avtomobil xidmət rəisi vəzifəsindən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmağı öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdən Ordu Sıralarında xidmətdədir, xx.xx.2004-cü il tarixdən leytenant rütbəsini alaraq xidmətini bu günə kimi müxtəlif vəzifələrdə davam etdirmişdir. Hal-hazırda N nömrəli hərbi hissənin avtomobil xidmət rəisi vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmağı üçün yuxarı komandanlığa raportla müraciət etsə də artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq onun hüquqları kobud şəkildə pozularaq Ordu Sıralarından tərxis olunmağı əvəzinə qanunsuz olaraq onun xidməti yerinin dəyişdirilməyi barədə Quru Qoşunlarının komandanının müvafiq əmri çıxarılmışdır. Həmin vəzifə bir qat əmək haqqı nəzərdə tutulan vəzifə olduğundan iddiaçı həmin vəzifədə daha aşağı əmək haqqı alacaq və bu onun aşağı pensiya məbləği ilə Ordu Sıralarından tərxis olunmağıyla nəticələnəcəkdir. Bəzi vəzifəli şəxslərin qərəzli hərəkətləri nəticəsində onun konstitusion hüququ olan pensiya təminat hüququ məhdudlaşdırılacaq. O, uzun illərdir ki, Orduda qüsursuz xidmət etmiş, dəfələrlə mükafatlandırılmışdır. X2 müvafiq əmri qanunsuz olduğundan ləğv edilməsini və onun N nömrəli hərbi hissənin avtomobil xidmət rəisi vəzifəsindən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmağıyla bağlı əmr verilməsini xahiş etsə də o, Ordu Sıralarından tərxis edilməmişdir. Təqdim etdiyi sübutlardan da aydın görünür ki, onun Ordu Sıralarından tərxis edilməyi ilə bağlı raport yuxarı komandanlığa təqdim edilmiş, onunla hətta tərxis olunmağıyla bağlı iki dəfə söhbətləşmə aparılmışdır. Aparılmış söhbətləşmələrdən sonra onun Ordu Sıralarından tərxis edilməyi əvəzinə xidməti yerinin razılığı olmadığı halda dəyişdirilməsi qanunsuz və əsassızdır. Göründüyü kimi hal-hazırkı iddia tələbində, yəni Müdafiə Nazirliyinin üzərinə onun N nömrəli hərbi hissənin avtomobil xidmət rəisi vəzifəsindən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmağı öhdəliyinin qoyulmasına görə iddia tələbində haqlıdır və pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir.

15. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsində xidmətdə olarkən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması barədə həmin hərbi hissənin komandanlığına müraciət etmiş, İddiaçı müraciəti əsasında xx.xx.2022-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandiri tərəfindən yuxarı komandanlığa təqdimat verilmişdir. Hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq barədə arzusunu bildirmiş zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları cari tədris ilinin hazırlıq dövrlərində (yanvar və iyul aylarında) həyata keçirilməsi məqsədəuyğun hesab edildiyinə görə İddiaçı öz arzusu ilə ehtiyata buraxılması barədə verilən təqdimata Müdafiə Nazirliyində 2022-ci ilin iyul ayında baxılması planlaşdırılmışdır. İddiaçı öz arzusu ilə ehtiyata buraxılması barədə təqdimat göndərildikdən sonra xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 78-ci maddəsinə əsasən başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması barədə təqdimat vermiş, həmin təqdimat əsasında X4 - X2 xx.xx.2022-ci il tarixli 069 nömrəli əmrli ilə həmin əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifələrə - xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün) əsasən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən yenidən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması barədə hərbi hissənin komandanlığına raportla müraciət etmiş, onun həmin müraciəti əsas götürülərək o, Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 72-ci maddəsinin “b” bəndində qeyd edilir ki, hərbi qulluqçu vəzifəyə təyin edildikdə və hərbi qulluqçuların bütün xidmət üzrə yerdəyişmə hallarında onların əsas və ya yaxın ixtisas üzrə və ya mövcud təcrübəsinə müvafiq istifadə olunması təmin edilməlidir. Həmin Əsasnamənin 77-ci maddəsində qeyd edilir ki, hərbi qulluqçuları zabitlərlə tutulmalı olan vəzifələrə təyin etmə və xidmət üzrə yerdəyişmə hüququ aşağıdakı şəxslərə verilir: - ştatda “mayor” hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Silahlı qüvvələr növlərinin komandanları), onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar. Həmin Əsasnamənin 78-ci maddəsinin “b” bəndində qeyd edilir ki, hərbi qulluqçuların xidmət yeri bərabər vəzifələrə - xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün dəyişdirilə bilər. Həmin Əsasnamənin 146cı maddəsində qeyd edilir ki, hərbi qulluqçunun vəzifəsidir: vətəni - Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək. Vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək. Yuxarıda qeyd edilənlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə xidmətdə olarkən öz arzusu ilə ehtiyata buraxılması üçün müraciət etmiş, müraciəti əsasında xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissədən ehtiyata buraxılması barədə təqdimat verildiyinə görə onun ehtiyata buraxılma məsələsi hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə 2022-ci ilin iyul ayında baxılmış, bu müddət ərzində İddiaçı N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsində xidmət etməsinə ehtiyac olduğu üçün xidməti yeri N nömrəli hərbi hissəyə dəyişdirilmiş, N nömrəli hərbi hissədə xidmətdə olarkən yenidən öz arzusu ilə ehtiyata buraxılması barədə müraciət etmiş və Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı “Əmrin ləğvi, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən ehtiyata buraxılması” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə prosesi zamanı iştirakçılarının izahatları, ərizə və təklifləri, onların təqdim etdiyi sübutlar və işdə olan materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün hallar araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin qəbul edilməsini zəruri edən faktiki şərtləri mövcudluğu sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İPM-in 47.2-ci maddəsini əsas tutaraq İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən ehtiyata buraxılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir.

16. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının Ordu Sıralarından tərxis olunmağı ilə bağlı Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli əmrinin qanunsuz olduğundan ləğv edilməsini və onun N nömrəli hərbi hissənin avtomobil xidməti rəisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmağı ilə bağlı əmr verilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.

17. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10679/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı birinci dəfə N saylı hərbi hissədə xidmətdə olarkən hələ mart 2021-ci ildə ehtiyata buraxılma barədə raporta müraciət etsə də ehtiyata buraxılmamış, raportuna vaxtında baxılmaması və ya ehtiyata buraxılmaması ilə bağlı hərəkətsizlik göstərilməsindən şikayət etməmiş, keçən 1 ildən çox müddətdə məhkəmədə müvafiq iddia qaldırmamışdır. İddiaçının ehtiyata buraxılma barədə məhkəmədə iddia qaldırdığı tarix xx.xx.2022-ci ildir.

21. İddiaçı hələ hərbi xidmətdə olduğu dövrdə barəsində təqdimat verildiyinə görə X2 xx.xx.2022-ci il tarixli əmri ilə N saylı hərbi hissəyə eyni vəzifəyə təyin edilmişdir. İddiaçı yeni hərbi hissəyə gəldikdən sonra da təyin olunduğu N saylı hərbi hissə komandirinə müraciət edərək ehtiyata buraxılmağını xahiş etmişdir. Bundan sonra cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı sonuncu xidmət etdiyi N saylı hərbi hissədəki vəzifəsindən ehtiyata buraxılmışdır.

22. İddiaçı xidmət yerinin dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli əmri məhkəmədə mübahisələndirmək imkanı olduğu halda, xx.xx.2022-ci il tarixdə həmin əmrin ləğv edilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, iddiaçı artıq xidmət yeri dəyişdirildikdən sonra xx.xx.2022-ci il tarixdə N saylı hərbi hissədən ehtiyata buxarılması barədə hazırkı iddianı məhkəməyə təqdim etmişdir.

23. Ən əsası iddiaçı xidmət yeri dəyişdirilərək yeni hərbi hissəyə gəldikdən sonra maddi texniki təminat bölməsi rəhbərliyinə ehtiyata buraxılması barədə raportla müraciət etmişdir. İddiaçı sonuncu raportunda N saylı hərbi hissədən tərxis ediləcəyi ilə bağlı hər hansı narazılıq və ya tələbini irəli sürməmişdir.

24. Məhkəmə hazırkı tələbə hüquqi qiymət verərəkən onu da nəzərə alır ki, iddiaçının hələ ehtiyata buraxılmadığı, yəni hərbi qulluqçu olduğu vaxtda hərbi xidmətə ehtiyac olduğu və müvafiq komandanlığın bu ehtiyacı dəyərləndirərək hərbi qulluqçunun hansı hərbi hissədə xidmətə göndərilməsi barədə qiymətləndirmə azadlığına malik olduğundan iddiaçının xidmət yerinin dəyişdirilməsi mümkün idi və bunu qadağan edən hər hansı norma qanunvericiliklə bilavasitə təsbit olunmamışdır.

25. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı ilə N saylı hərbi hissədə olarkən ehtiyata buraxılma ilə bağlı 2021-ci ildə iki dəfə söhbət aparılmış və iddiaçı hər iki söhbətdə öz arzusu ilə ordu sıralarından tərxis edilməsini xahiş etmişdir. İddiaçının bütövlükdə hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı söhbətlər aparıldığından, onun yeni hərbi hissəyə gəldikdən sonra yenidən söhbət aparılmasına zərurət olmamışdır. Odur ki, tərxis edildiyi hərbi hissədə söhbətlərin aparılmaması ilə bağlı dəlil hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrin ləğvinə əsas vermir.

26. Cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır.

27. Birinci instansiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə, 72-ci və 162-ci maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

28. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10679/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

29. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur.Apellyasiya şikayətinə yazılı etiraz birinci instansiya məhkəməsində iddia ərizəsinə yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır.

c) Proses iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə istinad edərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10679/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Məhkəmə iclasının təxirə salınması barədə cavabdehin nümayəndəsi ərizə ilə müraciət etmiş, lakin bunun üçün zərurət olmadığından məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun:

-67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

34. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin:

35. -72-ci maddəsinə əsasən hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər. Hərbi qulluqçuları vəzifələrə təyin edərkən aşağıdakı şərtlərə riayət edilir: qüvvədə olan qanunvericiliyə uyğun olaraq, belə əvəzçiliyə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verildiyi müstəsna hallardan başqa, hərbi qulluqçuların əvəzçilik üzrə mülki müəssisələrdə, təhsil müəssisələrində, idarələrdə və təşkilatlarda işləməsi, yəni əsas, daimi işi ilə yanaşı, digər pullu işi yerinə yetirmələri qadağandır. - a) hərbi qulluqçuların vəzifələri — həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların müvafiq heyətinə aid olan şəxslərlə komplektləşdirilir. - b) vəzifəyə təyin edildikdə və hərbi qulluqçuların bütün xidmət üzrə yerdəyişmə hallarında onların əsas və ya yaxın ixtisas üzrə və ya mövcud təcrübəsinə müvafiq istifadə olunması təmin edilməlidir. Hərbi qulluqçuların onlar üçün yeni ixtisasda istifadə olunması zəruri olduqda vəzifəyə təyin edilməzdən əvvəl onlar, bir qayda olaraq, müvafiq kurslarda (toplanışlarda) yenidən hazırlıq keçməlidirlər; - 77-ci maddəsinə əsasən hərbi qulluqçuları zabitlərlə tutulmalı olan vəzifələrə təyinetmə və xidmət üzrə yerdəyişmə hüququ aşağıdakı şəxslərə verilir: ştatda «mayor» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə -Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar; - 78-ci maddəsinə görə hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə -bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. -156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: - j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. -162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə. 2.2.1 -şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2-mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 14.1. mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1- mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 38.1-mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.

40. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına istinad edərək aşağıdakıları qeyd edir:

41. N nömrəli hərbi hissənin avtomobil xidməti rəisi kapitan İddiaçı N nömrəli hərbi hissənin komandirinə ünvanladığı daxil olma nömrəsi 2715 olan xx.xx.2021-ci il tarixli raportda təqvimi hesabla Azərbaycan Ordusunda 20 il xidmətini nəzərə alaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq və 164-cü maddəyə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxılmağı barədə müvafiq qaydada sərəncam verilməsini xahiş etmişdir.

42. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılmağı ilə bağlı birincisi xx.xx.2021-ci il tarixli olmaqla iki dəfə söhbət aparılmışdır.

43. Daha sonra iddiaçı hərbi xidmətdəikən barəsində xidmət etdiyi hərbi hissə komandiri tərəfindən xx.xx.2022-ci il tarixli başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması üçün təqdimat verilmişdir.

44. Qeyd edilən təqdimata uyğun olaraq iddiaçı barəsində X4 X2 xx.xx.2022-ci il tarixli 069 nömrəli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi təyin edilməsi barədə əmr verilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 208 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 215 nömrəli əmri ilə N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək N nömrəli hərbi hissədə vəzifəsinin qəbul edilmişdir.

45. İddiaçı N saylı hərbi hissəyə gəldikdən sonra xx.xx.2022-ci il tarixli raportla müraciət edərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını xahiş etmişdir.

46. Bundan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 29 iyul 2022-ci il tarixli 0620 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 248 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır.

47. Göründüyü kimi, iddiaçı birinci dəfə N saylı hərbi hissədə xidmətdə olarkən hələ mart 2021-ci ildə ehtiyata buraxılma barədə raportla müraciət etsə də ehtiyata buraxılmamış, raportuna vaxtında baxılmaması və ya ehtiyata buraxılmaması ilə bağlı hərəkətsizlik göstərilməsindən şikayət etməmiş, keçən 1 ildən çox müddətdə məhkəmədə müvafiq iddia qaldırmamışdır.

48. İddiaçının ehtiyata buraxılma barədə məhkəmədə iddia qaldırdığı tarix xx.xx.2022-ci ildir.

49. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı hələ hərbi xidmətdə olduğu dövrdə barəsində təqdimat verildiyinə görə X2 xx.xx.2022-ci il tarixli əmri ilə N saylı hərbi hissəyə eyni vəzifəyə təyin edilmişdir. İddiaçı yeni hərbi hissəyə gəldikdən sonra da təyin olunduğu N saylı hərbi hissə komandirinə müraciət edərək ehtiyata buraxılmağını xahiş etmişdir. Bundan sonra cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı sonuncu xidmət etdiyi N saylı hərbi hissədəki vəzifəsindən ehtiyata buraxılmışdır.

50. Kollegiya vurğulayır ki, iddiaçı xidmət yerinin dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli əmri məhkəmədə mübahisələndirmək imkanı olduğu halda, mübahisələndirməmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə həmin əmrin ləğv edilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə N saylı hərbi hissədən ehtiyata buxarılması barədə hazırkı iddianı məhkəməyə təqdim etmişdir.

51. Belə ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının Ordu Sıralarından tərxis olunmağı ilə bağlı Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli əmrinin qanunsuz olduğundan ləğv edilməsini və onun N nömrəli hərbi hissənin avtomobil xidməti rəisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmağı ilə bağlı əmr verilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.

52. Kollegiya onu da vurğulayır ki, iddiaçı xidmət yeri dəyişdirilərək yeni hərbi hissəyə gəldikdən sonra maddi texniki təminat bölməsinin rəhbərliyinə N saylı hərbi hissədən ehtiyata buraxılması barədə raportla müraciət etmişdir, lakin iddiaçı sonuncu raportunda N saylı hərbi hissədən tərxis ediləcəyi ilə bağlı hər hansı narazılıq və ya tələbini irəli sürməmişdir.

53. Məhkəmə hazırkı tələbə hüquqi qiymət verərəkən onu da nəzərə alır ki, iddiaçının hələ ehtiyata buraxılmadığı, yəni hərbi qulluqçu olduğu vaxtda hərbi xidmətə ehtiyac olduğu və müvafiq komandanlığın bu ehtiyacı dəyərləndirərək hərbi qulluqçunun hansı hərbi hissədə xidmətə göndərilməsi barədə qiymətləndirmə azadlığına malik olduğundan iddiaçının xidmət yerinin dəyişdirilməsi mümkün idi və bunu qadağan edən hər hansı norma qanunvericiliklə bilavasitə təsbit olunmamışdır.

54. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı ilə N saylı hərbi hissədə olarkən ehtiyata buraxılma ilə bağlı 2021-ci ildə iki dəfə söhbət aparılmış və iddiaçı hər iki söhbətdə öz arzusu ilə ordu sıralarından tərxis edilməsini xahiş etmişdir. İddiaçının bütövlükdə hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı söhbətlər aparıldığından, onun yeni hərbi hissəyə gəldikdən sonra yenidən söhbət aparılmasına zərurət olmamışdır.

55. Odur ki, tərxis edildiyi hərbi hissədə söhbətlərin aparılmaması ilə bağlı dəlil hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrin ləğvinə əsas vermir.

56. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır.

57. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu olmaqla şikayətin dəlillərinə yuxarıda hüquqi qiymət verilmiş və həmin dəlillər mübahisələndirilən qərarın ləğvinə əsas təşkil etmir.

58. Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10679/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10679/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar