Məhkəmə qərarları › İş №2-1(103)-1205/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1205/2024

18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1205/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş 13746.4 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faizin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması”tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6394/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş 13746.4 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizin məbləğində faizin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, hal-hazırda iddiaçının şəxsi hesab vərəqində 13.746.4 manat artıq ödəmə məbləği yaranmışdır. Bununla bağlı olaraq iddiaçı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinə xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edilmişdir. Lakin həmin gündən bu tərəfə vergi orqanı tərəfindən iddiaçının müraciətinə hər hansı cavab təqdim edilməmişdir. Bu isə cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələblərinə riayət edilmədiyinə və prosessual pozuntuya yol verilməsinə dəlalət edir. İddiaçının müraciətindən 35 gün müddətdən artıq ötməsinə baxmayaraq vergi orqanı tərəfindən hər hansı bir cavab iddiaçıya təqdim edilməmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən iddiaçının ərizəsinə cavab verilməməsinə heç bir əsas mövcud olmamışdır.Odur ki, iddiaçının şəxsi hesab vərəqində yaranmış 13746.4 manat artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022- ci il tarixli müraciət xx.xx.2023-cü il tarixli məktubla cavablandırılmış, artıq ödəmənin şəxsi hesab vərəqəsində yaranma səbəbləri haqqında məlumat verilmişdir.Aparılmış araşdırma zamanı vergi ödəyicisinin artıq ödəmə məbləği 2016-cı il üzrə fiziki şəxsin gəlir vergisi üzrə hesablanmış kameral hesablamanın ləğv olunması və mövcud borc məbləğindən azalması nəticəsində yaranması müəyyən olunmuşdur.Aparılmış araşdırma zamanı, vergi ödəyicisi tərəfindən 2016-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsi 1769618,65 manat (ƏDV-siz), gəlir vergisi üzrə dövriyyəsinin 1608361,65 manat, yəni 161257 manat fərqin mövcud olduğu müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı il üzrə Gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən il ərzində 1842578,89 manat malın daxil olduğu, 1608361,65 manat malın təqdim edildiyi, 234217,24 manat malın silindiyi bəyan edilmişdir. Təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, silinmiş mallar bəyannamənin 3 nömrəli əlavəsində göstərilməmişdir. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallarda, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində azadolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi malların itməsi, əksik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Silinmiş malların Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV-yə cəlb olunmadığı aşkar olunmuşdur.Həmçinin, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, 2016cı ilin sentyabr ayından sonra dövriyyə bəyan edilməmişdir. Lakin 2016-cı ilin oktyabr ayında 21247,27 manat (ƏDV- siz) mal idxal edilmiş və bəyannamənin 310-cu sətrində əvəzləşmə hissəsində qeyd edilərək bəyan edilmişdir. İdxal edilmiş məhsulun satışı həyata keçirilməmişdir. Qeyd edilən hallar vergi öhdəliyinin düzgün bəyan olunmadığına dəlalət edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6394/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçı X1 şəxsi hesab vərəqəsində yaranmış 13746,4 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə Rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6394/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. - 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. - 65.9-cu maddəsinə uyğun olaraq, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 85.5-ci maddəsinə görə, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.1-ci maddəsinə uyğun olaraq, bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir - 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. - 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən 87.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların: 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1 və 4.1.3-cü bəndlərinə əsasən 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. 4.8-ci bəndinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Hazırkı işin hallarından müəyyən edilir ki, ƏDV bəyannamələrinə, gəlir vergisi bəyannaməsinə əsasən iddiaçı meyvə və tərəvəzin topdansatışı sahəsində fəaliyyət göstərən vergi ödəyicisidir, 2016-cı il yanvar dövrü üzrə 27099,35 manat ƏDV, 2016-cı il fevral dövrü üzrə 31675,37 manat ƏDV, 2016-cı il mart dövrü üzrə 24967,84 manat ƏDV, 2016-cı ilin aprel dövrü üzrə 21596,86 manat ƏDV, 2016-cı ilin may ayı üzrə 131726,03 manat ƏDV, 2016-cı ilin iyun ayı üzrə 37953,22 manat ƏDV, 2016-cı ilin iyul ayı üzrə 1541,34 manat ƏDV, 2016-cı ilin avqust dövrü üzrə 12945,08 manat ƏDV, 2016-cı il sentyabr dövrü üzrə 29026,26 manat, 2016- cı ilin oktyabr ayı üzrə 0 manat ƏDV bəyan edilmişdir, 2016-cı il dövrü üçün gəlir vergisi bəyannaməsində ödənilməli gəlir vergisi 0 manat göstərilmişdir; İddiaçının şəxsi hesab vərəqəsinə əsasən onun xx.xx.2023-cü il tarixinə 13746,40 manat artıq vergi ödənişi olmuşdur; «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəyə əsasən iddiaçı cavabdehə müraciət edərək xx.xx.2022-ci ildə artıq ödənilmiş 13746,4 manat verginin («hesablanmış kameral ləğvi əsasında») gəlir vergisinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2023-cü ilə qədər olan dövr üzrə vergilər üzrə dövlət büdcəsinə artıq ödəmələri olduğu halda, cavabdeh orqan tərəfindən həmin məbləğin qaytarılması barədə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmiş iddiaçının ərizəsi Vergi Məcəlləsinin 87, 87.3-cü maddələrinin tələbləri pozularaq təmin edilməmiş, qanunla nəzərdə tutulmuş rəyin tərtib edilməsindən imtina edilmişdir, bu da qanunun sözügedən müddəalarına ziddir. Halbuki, iddiaçının müraciət etdiyi tarixinə şəxsi hesab vərəqəsinə əsasən 13746,4 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 6.1-ci bəndinə görə, vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Həmin Qaydaların 6.2.-ci bəndinə əsasən, vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6394/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6394/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar