Məhkəmə qərarları › İş №2-1(103)-1206/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1206/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1206/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1646/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının xx.xx.1974-cü il təvəllüdlü olması və ona 02.06.2016-cı il tarixdə İİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 9 il sığorta stajı ((2016- 1974-15)x4/12-9) və fərdi hesabın sığorta hissəsində 16.200 manat pensiya kapitalı (((2016-1974-15)x4/192)x144=81x200=16200) tələb olunur. Məhkəmə qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” AR Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 12.1-ci maddəsinə əsaslanaraq iddiaçının sadəcə sosial sığorta stajını araşdırmış, fərdi hesabın sığorta hissəsində nə qədər pensiya kapitalının olması araşdırmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. NZ ******* nömrəli hərbi biletin notariat təsdiqli surətinə görə, iddiaçı 14.07.1992-ci il tarixdən 05.10.1996-cı il tarixə kimi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 02.06.2016-cı il tarixli xxxxxxx0002 nömrəli Müayinənin nəticələrinə dair arayışın notariat təsdiqli surətinə əsasən iddiaçıya 02.06.2016-cı il tarixdən 02.06.2021-ci il tarixədək ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. DSMF Xəzər rayon şöbəsi tərəfindən 14.11.2016-cı il tarixdə verilmiş 077545 nömrəli vəsiqəyə görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ (ikinci) qrup əlildir. Goranboy Rayon Məhkəməsinin 2(045)-2899/2016 nömrəli iş üzrə 07.10.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının 1996-2001-ci illərdə Goranboy rayon 12 saylı Təmir Tikinti İdarəsində işləməsi faktı təsdiq edilmişdir. Hazırkı tələblə bağlı iddiaçının müraciətinə 2 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 21.02.2020-ci il tarixli **********5 nömrəli bildirişdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 11-ci maddəsinə əsasən tələb olunan əmək stajı və fərdi hesabında toplanan pensiya kapitalı minimum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən, onun yaşa görə əmək pensiyası hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Qanununun 01.07.2017-ci il tarixədək olan redaksiyada 12.1-ci maddəsinə görə, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı xx.xx.1974-cü il təvəllüdlü olduğundan, ona əlilliyin təyin olunduğu 02.06.2016-cı il tarixdə 42 yaşı tamam olmuş şəxs kimi əlilliyə görə əmək pensiyası ona 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı, yəni 9 il (42 - 15 = 27 il x 4 ay = 108 ay / 12 = 9 il) olduqda təyin edilə bilər. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. İddiaçının 01.07.2017-ci il tarixədək 9 il staja malik olması hərbi bileti və məhkəmə qətnaməsi ilə təsdiq olunur. Cavabdeh də onun bu staja malik olmasını mübahisə etmir. Cavabdeh iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının az olmasını mübahisələndirir ki, onun həm imtinasının, həm də apellyasiya şikayətinin yeganə dəlili bu mükahizəsi qanunun səhv təfsirindən irəli gəlir. Belə ki, iddiaçının pensiya hüququ 01.07.2017-ci il tarixədək yaranmışdır, “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixə redaksiyada 12.1-ci maddəsində isə belə bir tələb olmamışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1646/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı xidmət nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar