Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1206/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “kompensasiya tələb edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MMC Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı gömrük orqanının qanunsuz əməlləri nəticəsində şirkətə vurulmuş 2.540 USD cərimə məbləği, 5647 USD məbləğində əldən çıxmış fayda və 3398,4 AZN borc məbləği olmaqla, ümumillikdə 8187 USD və 3398,4 AZN məbləğində zərərin əvəzinin iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, şirkət tərəfindən İK0202202 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə ölkəyə idxal edilmiş, ümumi çəkisi 23.726,00 kq olan “Bristol” markalı qida kartonu yükü Türkiyə Respublikasının “X5 X8.Ticaret Anonim” şirkətindən invoys sənədi əsasında 29.586,32 ABŞ dolları məbləğində ödəniş həyata keçirilməklə satın alınmışdır. 06 iyun 2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsi tərəfindən şirkət barəsində 00100-1116/22 №li İnzibati xəta haqqında protokol tərtib edilmişdir və Bakı şəhəri Səbail Rayon Məhkəməsinə bununla bağlı müraciət edilərək şirkət barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz məktubu ilə müraciət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında № 3(009)- 998/2022 qərar çıxarmışdır. Məhkəmədə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli olduğu qənaətinə gələrək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400- 013/0xxxx/002381 nömrəli məktubla müraciət etmişdir. Aparılan tətqiqatlardan sonra, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş 9/2879 nömrəli ekspert rəyinə əsasən gömrük orqanına təqdim edilən bəyannamələrdə aşkar edilən ziddiyyətlər (texniki yalnışlıqlar) gömrük ödənişlərinin məbləğinə təsir etmir və gömrük ödənişlərinin məbləği dəyişmir. Beləliklə, ekspert rəyi də iddiaçının inzibati xəta olmadığının sübutu qismində çıxış edir. Bakı Baş Gömrük İdarəsinin müvafiq məhkəmənin qərarı ilə razı olmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli № 3(103)-1976/2022 qərarı ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətin təmin edilməməsi, İddiaçı MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “X5 X8.Ticaret Anonim” şirkətindən iddiaçının satın aldığı məhsulların müvafiq gömrük orqanı tərəfindən verdiyi **********1736 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin təsdiqlənməməsi, əsassız olaraq barəsində inzibati xəta protokolunun tərtib edilməsi və bununla bağlı gedən məhkəmə prosesləri ilə əlaqədar məhsulların müvafiq daşıma şirkətinin nəqliyyat vasitələrində saxlanılmış və mallar vaxtında boşaldılmamışdır. Nəticədə məhsulların daşınmasını həyata keçirən VTL Taşımacılık Gıda TEKS.YED. PAR.DİŞ TİC.LTD Şirkəti tərəfindən, məhsulların vaxtında boşaldılmaması və nəqliyyat vasitələrinin gözləməsi səbəbilə şirkətiə qarşı xx.xx.2022-ci il tarixli invoys sənədi əsasında 2.540 USD (iki min beş yüz qırx ABŞ Dolları) məbləğində cərimə tətbiq edilmişdir. Ölkəyə idxal edilən mallarla bağlı "xxxx" MMC tərəfindən verilmiş 37642 AZN məbləğində sifariş əsasında 01/0322 №li xx.xx.2022-ci il tarixli hesab-faktura imzalanmışdır. Lakin malların gömrük sərhədindən buraxılmasının gecikdirildiyinə görə "xxxx" MMC tərəfindən verilmiş sifarişlər gecikmiş və nəticədə “MULTİ PRİNT" MMC xx.xx.2022-ci il tarixli əmr ilə sifarişləri ləğv etmişdir. Bu səbəbdən malların satıla bilməməsi ilə bərabər, şirkət 5647 USD (beş min dörd yüz qırx yeddi ABŞ dolları) məbləğində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Malların gömrük buraxılışının gecikməsi üzündən malların anbarda saxlanılması zərurəti yaranmış, bu səbəbdən "xxxx" MMC-nin xidmətindən istifadə edilmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya təqdim olunmuş 121367 №li xx.xx.2022-ci il tarixli və 035078 №li xx.xx.2022-ci il tarixli elektron qaimələrə əsasən, "xxxx" MMC-yə, müvafiq olaraq, 3098,68 AZN və 299,72 AZN olmaqla, ümumilikdə 3398,4 AZN (üç min üç yüz doxsan səkkiz manat qırx qəpik) borc yaranmışdır. Həmin borc "xxxx" MMC-yə ödənilmişdir. Bu borc şirkətin deyil, gömrük orqanının qanunsuz və əsassız əməli nəticəsində meydana çıxmışdır. Kompensasiya tələbi ilə bağlı müvafiq gömrük orqanına 25 avqust 2022-ci il tarixli, 2508/22 №li ərizə ilə müraciət edilmişdir. Gömrük orqanının xx.xx.2022-ci il tarixli, 1400- 012/0xx-xx/006475 №li cavab məktubunda bildirilmişdir ki, gömrük orqanı tərəfindən aparılan araşdırma müəyyən vaxt tələb etdiyi üçün malların buraxılışının gecikməsi bildirilmişdir. Lakin nəzərə almaq lazımdır ki, müvafiq gecikmə iddiaçının təqsiri üzündən deyil, gömrük orqanının əsassız şübhələrinə və şirkətin inzibati xəta törətmədiyi halda, törədildiyi fərz edilərək işin heç bir lüzum olmadan uzadıldığına və gömrük orqanı tərəfindən pozuntu hesab edilən halla bağlı prosessual tədbirlərin başladıldığına görə baş vermişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixli, İKO202202 nömrəli invoys sənədi ilə Türkiyə Respublikasının “X7 Kagıt San.Ticarət Anonim ”şirkətindən 23726,00 kq olan “Bristol”markalı qida kartonu ölkəyə idxal etmişdir. Həmin mallar ilə bağlı Bakı Baş Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi (malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi )ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı şəhər Səbail rayon məhkəməsinin qəbul etdiyi qərarı ilə iddiaçı barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan gömrük orqanı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 40.2.–ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. - 51-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. - 52.1-ci maddəsinə əsasən gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir. - 82.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir. - 104.1. maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. - 104.2.-ci maddəsinə əsasən, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. - 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. - 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. - 148.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər, 148.2-ci maddəsinə əsasən gömrük bəyannaməsinin təsdiq edilməsi şəxsin üzərinə xüsusi öhdəliklər qoyduğu hallarda, gömrük bəyannaməsi yalnız həmin şəxs tərəfindən və ya onun adından çıxış edən şəxs tərəfindən verilməlidir, 148.3- cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifələri aşağıdakılardır: 148.3.1. malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək; 148.3.2. malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək; 148.3.3. gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək; 148.3.4. gömrük ödənişlərini ödəmək;148.3.5. gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək. - 151.1-ci maddəsinə əsasən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır: -151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını; -151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu; -151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını; -151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu; -151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini. - 157.2-ci maddəsinə əsasən gömrük bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir. - 162.1.-ci maddəsinə əsasən, bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. - 162.2.-ci maddəsinə əsasən, gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1100- ci maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən halıdır ki, iddiaçı tərəfindən malların idxalı zamanı gömrük orqanına eyni mallar üçün eyni tarixli- təqdim etdiyi qısa idxal bəyannaməsinə əlavə olunmuş invoysda və gömrük bəyannaməsinə əlavə olunmuş invoysda qiymətlər fərqli göstərilmişdir. Həmin invoysların nömrələri, tarixləri və onlarda göstərilən malların ölçüsü, həcmi eyni olduğu halda qısa idxal bəyannaməsində 39202,85 ABŞ dolları, gömrük bəyannaməsinə əlavə edilmiş invoysda isə malın qiyməti 29586,32 ABŞ dolları göstərilmişdir. Bu hal gömrük orqanının əməkdaşı tərəfindən aşkar edilmiş və müvafiq araşdırma aparılmış, daha sonra idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Hazırkı işin hallarından cavabdeh tərəfindən iddaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (qanunvericiliyin normalarını pozan) əməlin (hərəkət və ya hərəkətsizliyin) edilməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı idxal etdiyi malların gömrük nəzarəti altında saxlanılması, daha sonra sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi, inzibati xəta haqqında protokolun tərtib edilməsi cavabdehin təqsirli qanunsuz hərəkətləri kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qeyd olunmuş qanunvericiliyin normalarından göründüyü kimi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar gömrük nəzarətindən keçməlidir: gömrük sərhədindən malları keçirən şəxs gömrük nəzarəti üçün lazım olan sənədləri və məlumatları yoxlanılması üçün bu orqanlara təqdim edir, gömrük orqanları həmin sənədlərin və məlumatların düzgünlüyünü yoxlayır, araşdırır. Bəyannaməçi, mallar barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin, olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlanıldıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir (Gömrük Məcəlləsinin 162.1 və 162.2 maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1206/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1206/2024
18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver