Məhkəmə qərarları › İş №2-1(103)-1207/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1207/2021

11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1207/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Nağıyeva (sədrlik edən və məruzəçi), Həmid Üzeyir oğlu Həmidov və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı (xx.xx.1966-cı il tarixində Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (üçüncü şəxs “Finca Azerbaijan” Bank olmayan Kredit Təşkilatı) “kompensasiya” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-795/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 04.12.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqi varisi Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (“Finca Azerbaijan” Bank olmayan Kredit Təşkilatı üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasının 28.09.2019-cu il tarixli, 25659 nömrəli qərarını ləğv edərək ona düşən “Finca Azerbaijan” Kredit Təşkilatına ödədiyi 10 000 ABŞ dolları ilə bağlı kompensasiyanın hesablanması və ödənilməsi üzrə lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqi varisi Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07.03.2014-cü il tarixində “Finca Azerbaijan” Bank olmayan kredit təşkilatından 10 000 (on min) ABŞ dolları məbləğində 24 aylıq kredit götürmüşdür. Krediti 10 ay müddətində kredit cədvəlinə uyğun olaraq 514 ABŞ dollarını ödəmişdir. Kreditinin 10-cu ayında 23.02.2015-ci il tarixində birinci devalvasiya baş verəndən sonra “Finca Azerbaijan” kredit təşkilatına müraciət edərək bildirmişdir ki, yeni dollar kursu ilə kredit borcunu ödəyə bilmir. Onlar ona yeni qrafik açmış və həmin qrafik üzrə o, hər ay 445 (dörd yüz qırx beş) manat ödəməli olduğu halda ödəməyə gücü çatmamış və hər ay 25 ay müddətində 404 manat (dörd yüz dörd) manat ödəmişdir. Çoxsaylı vətəndaşlarımız kimi devalvasiyaya düşərək və krediti dollarla olduğuna görə, kreditini yüksək dollar məzənnəsi ilə ödəmiş və 2015-ci ilin hər iki devalvasiyasına düşmüşdür. 28 fevral 2019-cu il tarixində qəbul edilən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən onun da “Finca Azerbaijan” kredit təşkilatından ABŞ dolları ilə götürdüyü krediti üzrə kompensasiya almaq hüququ yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi www.Fimsa.az internet səhifəsində qeydiyyatdan keçərək, kompensasiya almaq üçün müraciət etmişdir. Müraciət edəndən bir müddət sonra 28.11.2019-cu il tarixində öz qeyd etdiyi rekvizitləri həmin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi www.fimsa.azinternet səhifəsində qeyd edərək, ona məktub olduğunu görmüşdür. Həmin məktubda qeyd olunmuşdur ki, 28.09.2019-cu il tarixli, 25659 nömrəli qərarı ilə kredit təşkilatı tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Azərbaycan Respublikası Prezidentinin Fərmanı tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yarandığı bildirilərək məhkəməyə müraciət olunması ona tövsiyə olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ona “Finca Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı ilə bağlanılmış 07 mart 2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə ədalətli məbləğdə kompensasiyanın hesablanması vəzifəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-795/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı “Finca Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı ilə aralarında bağlanılmış 07 mart 2014-cü il tarixli, **********8372 saylı kredit müqaviləsi üzrə 1.490,75 (min dörd yüz doxsan manat yetmiş beş qəpik) manat kompensasiyanın hesablanması Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddia tələbinin təmin edilmiş hissəsindən cavabdeh və üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. 18 yanvar 2021-ci il tarixli məktubla qərar icra olunması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmişdir, qərar 07 yanvar 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı 10.02.2021-ci il tarixdə qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-795/2020 nömrəli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən işin apellyasiya icraatı zamanı apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası təyin edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış 20.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə məhkəmə bildirişində “Məhkəmənin 05 noyabr 2020ci il tarixli məhkəmə qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti 10 fevral 2021-ci il tarixində verildiyindən prosessual müddətin ötürülməsi ilə bağlı münasibət bildirməyi məqsədilə apellyasiya şikayətinin mümkünlük məsələsinə (prosessual müddətin ötürülməsi ilə bağlı) baxılır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin Məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etməsi təklif olunur.” qeyd edilmişdir. İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ərizənin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Cavabdeh və üçüncü şəxs məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsini, apellyasiya şikayətini və işin materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya rəsmi qaydada 07.12.2020-ci il tarixdə çatdırılmışdır (ştrix kod SS 701864364AZ) Qeyd edilən Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İddiaçının təqdim etdiyi apellyasiya şikayəti rəsmi qaydada 10.02.2021-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş və ştampla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası iddiaçının müddətin bərpası barədə ərizəsinə qiymət verərək qeyd edir ki, ərizədə prosessual müddətin hansı səbəbdən buraxılması əsaslandırılmamış və hər hansı bir sənəd və ya sübut ərizəyə əlavə edilməmişdir. Beləliklə işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarının iddiaçı tərəfindən alındığı tarixdən etibarən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət 2021-ci ilin yanvar ayının 06-da bitmişdir. Bununla da o, qanunla müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələbinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət müddətin son günü saat iyirimi dördə qədər yerinə yetirilə bilər. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin, iddiaçının Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)- 795/2020 nömrəli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin, şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina edilsin. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14,1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar