Məhkəmə qərarları › İş №2-1(103)-1207/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1207/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1207/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X24 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1703/2021 nömrəli 26 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının faktiki istifadəsində olmuş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1703/2021 nömrəli 26 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən iki girişdən ibarət, 4 mərtəbəli yataqxana Bakı Dəniz Limanı İdarəsinə məxsus olmuşdur. İddiaçı uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləmiş, yaşayış sahəsinə ehtiyacı olduğu üçün ərizə ilə rəhbərliyə müraciət etmiş, müraciəti əsasında 2000-ci ilin oktyabr ayında mənzillə təmin olunmuşdur. Qayda və qanunlara uyğun olaraq xx.xx.2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən faktiki yaşadığı yataqxananın 44 saylı mənzilinə dair ona rayon XDS tərəfindən 18 saylı order verilmiş, istifadə hüququ tanınmışdır. 2000-ci ilin oktyabr ayından 2019-cu ilin avqust ayına qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. Azərbaycan Republikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, döyüşlərdə yaralanaraq İİ qrup əlil olmuşdur. 2016-cı ilin oktyabr ayında sakinlərin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTİ-yə X17 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxanaya baxış keçirilərkən yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişinin bağlandığı, yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının düşməsi nəticəsində binaya giriş və çıxışın yararsız hala düşməsi müəyyən edilərək binanın qəzalı vəziyyətdə olmasına dair xx.xx.2016-cı il tarixli “Rəy” tərtib edilmişdir. Qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, orada faktiki yaşayan ailələrin Bakı ŞİH-ə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də binanın sökülərək ərazinin abadlaşdırılması işlərinin həyata keçirilməsinə dair Bakı ŞİH-nin xx.xx.2017-ci il tarixli 7-290/2g saylı təklifinə Azərbaycan Respublikası Baş nazirin müavininin xx.xx.2017-ci il tarixli, xx/xx/3266-12 saylı dərkənarı ilə etiraz edilməmiş, sakinlərin köçürülməsi Suraxanı İcra Hakimiyyətinə tapşırılmışdır. Mübahisəli mənzillərin yerləşdiyi yataqxana faktiki olaraq 94 mənzildən ibarət olmuş, lakin cavabdeh tərəfindən 71 ailəyə “birdəfəlik maddi yardım” ödənilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 1.8-ci bəndinin tələblərinə əsasən qəzalı vəziyyətdə olan binalar sökülərkən həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarının 1.2 və 1.3-cü maddələrində isə həmin sakinlərin əhatə dairəsi müəyyənləşdirilmişdir. Qərara görə qəzalı vəziyyətdə olan binaların sakinlərinə kompensasiya mülkiyyət hüququ əsasında ödənilməsi nəzərdə tutulmuşdur. Eləcə də yaşayış sahələrində faktiki yaşayanlara kompensasiya ödənilməsi nəzərə alınmışdır. Qəzalı yataqxana binasında inventarlaşdırma işləri aparılması və orada faktiki yaşayan ailələrinin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 89 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamı ilə müvafiq “komissiya” yaradılmışdır. “Komissiya” tərəfindən sakinlərin ilkin siyahısı tərtib edilərək möhürlə təsdiq edilmişdir. Həmin siyahıda iddiaçının adı qeyd olunmuş, lakin ona məlum olmayan səbəblərdən bu günədək kompensasiya ödənilməmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan “Komissiya” tərəfindən binada faktiki yaşayanların siyahıya alınmasında, kompensasiyanın ödənilməsində, sakinlərin köçürülməsində kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, “Komissiya” həmin binada faktiki yaşayanları siyahıya alarkən xeyli sakini ümumiyyətlə siyahıya almamışdır. Məqsədli şəkildə binada faktiki yaşayanların sayı azaldılmış və dövlət tərəfindən ayrılan vəsait mənimsənilmişdir. Siyahının tərtib olunması zamanı iş vaxtına təsadüf etdiyindən həmin ünvanda faktiki yaşayanların bəziləri işdə olmuş, bəziləri isə bu və ya digər səbəblərdən yataqxanada olmamış, ona görə də adları ilkin siyahıya düşməmişdir. Əraziyə xidmət edən 11 saylı MKİS tərəfindən faktiki yaşayanların əlavə siyahısı tərtib olunaraq “komissiya”ya təqdim edilmişdir, lakin həmin sakinlərə bu günədək heç bir kompensasiya ödənilməmişdir. Cavabdeh Suraxanı Rayonu İcra Hakimiyyəti qəzalı vəziyyətdə olan binanın sakinlərinə kompensasiyanı ödəməkdən imtina etmək məqsədilə “hər bir ailə üçün” “birdəfəlik maddi yardım” ödənilməsi ifadəsindən istifadə etməklə iddiaçı də daxil olmaqla sakinlərin hüquqlarını kobudcasına pozmuşdur. Nəzərə alınmalıdır ki, “maddi yardım” və “kompensasiya” fərqli anlayışlardır. Kompensasiyadan fərqli olaraq “maddi yardım” onu verənin özünün seçimi ilə kriteriyalaşdırılan anlayışdır. Həmin kriteriya publik hüquq sahəsində “bərabərlik prinsipinin pozulması kimi” qiymətləndirilməlidir. Suraxanı Rayonu İcra Hakimiyyətinin o vaxtkı rəhbərliyi tərəfindən qəzalı vəziyyətdə olan binanın sakinlərinə “kompensasiya” deyil, “maddi yardım” anlayışının mahiyyətinə uyğun ödənişlər edilmişdir. Suraxanı Rayonu İcra Hakimiyyəti bir otağa, 2 və 3 otağa görə eyni kompensasiya məbləğini, yəni 35.000 manat ödəmişdir. Suraxanı İcra Hakimiyyətinin təqdim etdiyi xx.xx.2017-ci il tarixli iF-336 saylı məktubun surətindən görünür ki, mübahisəli binada yaşayan 92 ailəyə və 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə “birdəfəlik maddi yardım” ödənilməsi nəzərdə tutulmuşdur. Suraxanı Rayonu İcra Hakimiyyətinin yataqxana sakini X16ma qarşı “birdəfəlik maddi yardım əvəzində qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbinə” dair iddia ərizəsinin surətindən göründüyü kimi cavabdeh tərəfindən ümumilikdə 71 ailəyə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Halbuki, mülki işə əlavə edilmiş mötəbər sübutlardan görünür ki, həmin ünvanda 94 ailə yaşamışdır. Sıra nömrəsi ilə həmin yataqxanada iddiaçının mənzilinin nömrəsi 44-dür. İddia ərizəsindən göründüyü kimi həmin iş üzrə iddiaçı “birdəfəlik maddi yardım” əvəzinə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılmasını tələb etmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh mənzili boşaltdıqdan sonra tələbkar “birdəfəlik maddi yardım”ı cavabdehin hesabına köçürmək əvəzinə daha “müdrik” davranmışdır. Belə ki, tələbkarın ərizəsi əsasında Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə istinad edərək icra sənədini Suraxanı Rayon Məhkəməsinə qaytarmışdır. Yəni cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını və digər qanunvericilik aktlarından irəli gələn öhdəlikləri icra etməkdən (kompensasiya ödəməkdən) imtina etmiş, yayınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş və hələ də icra olunmamış 2-l(82)-692/2019 saylı qətnaməsindən göründüyü kimi cavabdeh şəxsi mülkiyyətdə olan mənzilə görə də kompensasiya ödəməkdən yayınmışdır. Qəzalı binanın sakinləri köçürülərkən cavabdeh İcra Hakimiyyəti haqqında Əsasnamə ilə müəyyən edilmiş yerli icra hakimiyyəti başçısının fəaliyyətinin əsas prinsiplərinə (vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, qanunçuluq, müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması) riayət etməmişdir. Cavabdeh ümumilikdə qəzalı binanın sakinlərinin köçürülməsini qanunvericiliyinin tələblərinə uyğun icra etməmiş, vəzifə səlahiyyətlərindən, qanundan sui-istifadə etmiş, eyni zamanda iddiaçının da konstitusion hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Hal-hazırda binanın kommunikasiya sistemləri (xətləri) fəaliyyət göstərmir, binaya giriş-çıxış tam məhdudlaşdırıldığına görə əmlakdan istifadə hüquqları məhdudlaşdırıldığı birmənalı olaraq təsdiqlənir. Cavabdeh icra orqanı olduğundan iddiaçı etibar edərək faktiki yaşadığı mənzildən çıxmışdır. Lakin cavabdeh iddiaçının icra orqanına olan etibarından sui-istifadə edərək onu aldatmış, bu günədək ona mənzil kirayə haqqı “birdəfəlik maddi yardım” və ya “kompensasiya” ödəməmiş və ya yaşayış sahəsi ilə təmin etməmişdir. Kompensasiya ödənilməsinə dair dəfələrlə şifahi və yazılı şəkildə müraciətlər etmişdir. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, R.Abdullayev küçəsi 24 saylı binanın 44 saylı mənzilinə görə dəyərinin bazar qiymətinə uyğun olaraq ödənilməsi barədə tələbinə dair rəsmi müraciətinə bu günədək cavab verməmişdir. Cavabdeh iddiaçıya məhkəmə tərəfindən qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş binada 1 otaqlı mənzilə görə digər sakinlərə ödənilmiş məbləğdə (35.000 manat) kompensasiya ödəməli və ya yaşayış sahəsi ilə təmin etməlidir. Şəxsiyyət vəsiqəsinini surətindən göründüyü kimi iddiaçının qeydiyyatı mübahisəli mənzilin yerləşdiyi yataqxanadır. Cavabdeh onu və ailə üzvlərini həmin yaşayış sahəsinə köçürmək üçün əmək münasibətlərində olduğu müəssisənin müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarını əsas götümüş və order vermişdir. xx.xx.2007-ci il tarixli 18 saylı orderin surətindən göründüyü kimi ümumi sahəsi 14,5 kv.m olan, 1 otaqlı, yataqxananın 44 saylı mənzili iddiaçının qanuni istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən order yaşayış sahəsinə köçmək üçün yeqanə əsasdır. Order yalnız boş ayrıca yaşayış sahəsinə verilə bilər. xx.xx.2000-ci il tarixli, 32 saylı müqavilənin surətindən göründüyü kimi, həmin vaxtdan kommunal xidmətlərə görə ödənişləri vaxtlı-vaxtında ödəməyi, nizam-intizama, təmizlik işlərinə riayət etməyi və otağı yaxşı vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 11 saylı MKİS-nin rəisi tərəfindən imzalanmış arayışın surətindən göründüyü kimi iddiaçı ailə üzvləri ilə birlikdə həmin yataqxananın 44 saylı mənzilində yaşayır. Təqdim etdiyi ərizə-aktın surətindən göründüyü kimi iddiaçı ailə üzvləri ilə birgə Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı TTİ-nin ailəvi yataqxana, R.Abdullayev küçəsi, ev 24 ünvanında 2007-ci ildən 2019-cu ilin aprel ayınadək yaşamışdır. 11 saylı MKİS tərəfindən yaşadığı ünvan ünvan 3dullayev küçəsi, ev 24, 44 saylı mənzilə göndərilmiş “Bildiriş-xəbərdarlıq”dan məlum olur ki, iddiaçı köçənədək həmin mübahisəli mənzildə yaşamışdır. Göstərilən dəlillərin əsaslı olmasına baxmayaraq, məhkəmə iddianı təmin etməmişdir. Qərarın 5-ci səhifəsi gəlinən nəticəyə dair dəlillərin sadalandığı tezislərdən ibarətdir. Qeyd olunur ki, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzilinin İddiaçı verilməsi barədə 1 saylı Təmir-Tikinti İdarəsinin 18 saylı xx.xx.2007-ci il tarixli orderinin kserosurəti əlavə edilmişdir. Cavabdeh iddiaçını və ailəsini yaşayış sahəsindən məhrum etmiş, qanunsuz hərəkətlər nəticəsində külli miqdarda zərər vurmuşdur. Pozulmuş hüquqlarının bərpa edilməsinə xeyli miqdarda xərc çəkmiş və xərclər çəkəcək. Bu əsaslara və səbəblərə, istifadə hüquqlarından məhrum olunduğuna görə zərər işin bu halları nəzərə alınmaqla ödənilməlidir. 1 saylı Təmir-Tikinti İdarəsi ilə iddiaçı arasında bağlanmış yataqxanada yaşayan sakinlərin mənzil və kommunal xidmətlərin ödənilməsi haqqında xx.xx.2000-ci il tarixli, 32 saylı müqavilənin kserosurəti əlavə edilmişdir. Həmin müqavilə əsasında iddiaçı kommunal xidmətlər göstərilməsinə görə müvafiq olaraq keçən müddət ərzində vəsaitlər ödəmişdir. Azərbaycan Respublikası DİN-dən verilən arayışa istinad edən məhkəmə sənədlərin məhv edildiyini bildirir, lakin həmin ünvanda qeydiyyatda olmağını təsdiq edir. Bu məsələ VMİB-nin aktında da əks olunmuşdur. Həmin ünvanda yaşamış digər şəxslər notarial qaydada təsdiq olunmuş ərizə ilə onun və ailəsinin həmin ünvanda yaşamağını təsdiq ediblər. Məhkəmə qərarda göstərir ki, (5-ci səhifənin 8-ci abzasında) cavabdehin məktubuna istinadən həmin evdə 44 saylı mənzil mövcud deyil. Halbuki mövcud olmayan mənzilə order verilə bilməzdi. Belə ki, həmin ünvanda yerləşən yataqxana binasında 94 mənzil mövcud olubsa, 44 saylı mənzil necə olmaya bilməz? Nədənsə, məhkəmə qərar verərkən, orderi, arayışları, şahidlərin ərizələrini və onun izahatını “mötəbər” sübut hesab etməmiş, iş materiallarına əlavə edilmiş, onun həmin üünvanda yaşadığını təsdiq edən sübutları görməzdən gələrək hüquqi qiymət verməmişdir. Belə ki, Suraxanı RİB-nın xx.xx.2017-ci il tarixli, 361 saylı məktubunda 44 saylı mənzilin mövcud olması, həmin yaşayış sahəsinin mövcud olması öz təsdiqini tapır. Göstərilənlərdən aydın olur ki, iddianın təmin olunmaması qərarını verərkən məhkəmə yanlış nəticəyə gəlmiş, qanunların tətbiqində səhvlərə yol vermiş və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-799/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1703/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, iddiaçının yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35.000 manat kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1876/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-799/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X29 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 1 saylı Təmir-Tikinti İdarəsinin 18 saylı xx.xx.2007-ci il tarixli orderdən görünür ki, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın sahəsi 14,5 kv.m olan 1 otaqlı 44 saylı mənzili İddiaçı verilmişdir (ailə üzvü özü və həyat yoldaşı). İş materiallarında olan müqavilənin surətindən görünür ki, 1 saylı Təmir-Tikinti İdarəsi ilə İddiaçı arasında yataqxanada yaşayan sakinlərin mənzil və kommunal xidmətlərin ödənilməsi haqqında 32 saylı müqavilə bağlanılmışdır (müqavilənin tarixi 12 oktyabr göstərilsə də, il göstərilməmişdir). İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1/1324 məktubdan qeyd olunur: Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 5 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və xx.xx.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də, onların arasında bu iş üzrə iddiaçı X2 yaşaması müəyyən edilməmişdir. Komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən süni olaraq mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 7-430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli 07/03-317-5172 saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491 №-li xx.xx.2017-ci il tarixli Sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı rayon İcra Hakimiyyətinə deyil, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır. Qeyd olunanları nəzərə alaraq Suraxanı RİHnə qarşı iddianın rədd edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli 018-1237-1221 saylı məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X8 xx.xx.2008-ci il tarixdən halhazıradək Bakı şəhəri, ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi X7 «Dəmir Yolları» İdarə Heyətinin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı, həyat yoldaşı və oğlu 2008-ci ildən bu günədək Bakı şəhəri, ünvan 7 ünvanında yaşayırlar. İş materiallarında olan X13, X18, X3 notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı, həyat yoldaşı və oğlu 2008-ci ildən bu günədək Bakı şəhəri, ünvan 7 ünvanında yaşayırlar. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 1/446 saylı məktubdan görünür ki, ünvan 8 ünvanında yerləşən yataqxana binasında 44 saylı mənzil mövcud deyil. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 1/894 saylı məktubdan görünür ki, iddiaçı X2 Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “ünvan 5 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35000 manat kompensasiya ödənilməsi” tələbinə dair inzibati işlə bağlı bildirilmişdir ki, həmin yataqxana binasında 44 saylı mənzil olmamışdır və Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5411/2018 saylı qətnaməsində qeyd olunan 44 saylı mənzil Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 8 saylı binada yerləşməklə üç nəfər ailə tərkibi ilə X6 məxsusdur. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan ünvan 5 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən iddiaçı X2 həmin dövrdə sözügedən yataqxanada faktiki yaşamadığı müəyyən edildiyindən ona birdəfəlik 35000 manat maddi yardım ödənilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, X2 adına xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi, 221 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 37 saylı DNK-nın xx.xx.2016-cı il tarixli 4Ə- 201 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfaı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 30 may 2023-cü il tarixli 143 nömrəli məktubda bildirilmişdir ki, ünvan 5 saylı bina 2018-ci ildə sökülmüşdür. X15 bağlı suallar Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 89 saylı sərəncamına əsasən yaradılmış komissiya üzvlərinin xx.xx.2017-ci il tarixli aktında öz əksini tapmışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.2017-ci il tarixli aktda qeyd edilmişdir ki, rayonun Hövsan qəsəbəsi, R.Abdullayev kuçəsı 24 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin Suraxanı RİHB-nın xx.xx.2017-ci il tarixli 89 saylı sərəncamının 2-ci bəndinə əsasən sayının dəqiqləşdirilməsi məqsədi ilə keçirilən təkrar baxış zamanı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2017-ci il tarixli 195 saylı məktubuna əlavə olunmuş siyahıda X2 (ailə üzvləri X14, X9), X10 və X11 yaşadığı otaqlar kimi göstərilən, hazırda və bundan əvvəl xx.xx.2017-ci il tarixdə keçirilən yerli baxışlarda qapıları qıfılla bağlı olan, bu səbəbdən içərisində yaşayış olduğuna şübhə yaranan 44, 64 və 90 saylı otaqların əslində yataqxana binasının mətbəxləri olduğu və həmin otaqlarda ümumiyyətlə yaşayış olmadığı, eləcə də sözügedən siyahıda 58 saylı otaqda yaşadığı göstərilən X4 (ailə üzvü - X20) yataqxanada yaşamadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 84.0-cü maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar: 84.0.1. yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; 84.0.3. yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.2. yataqxanalarda yaşayış sahələri. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi 28-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən ictimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 5 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və xx.xx.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən həmin qəzalı yataqxana binasında yaşayan ailələrin sayı dəqiqləşdirilmiş və siyahısı tərtib olunmuşdur. Baxış zamanı həmin yataqxanada yaşayan ailələrin arasında İddiaçı yaşaması müəyyən edilməmişdir. İddiaçı xx.xx.2000-ci il tarixli müqaviləyə istinad edərək həmin yataqxanada 2000-ci ildən yaşamasını bildirsə də, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilənin surətindən görünür ki, 1 saylı Təmir-Tikinti İdarəsi ilə İddiaçı arasında yataqxanada yaşayan sakinlərin mənzil və kommunal xidmətlərin ödənilməsi haqqında 32 saylı müqavilə bağlanılmışdır, lakin müqavilənin tarixi 12 oktyabr göstərilsə də, il göstərilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən isə görünür ki, iddiaçı xx.xx.2006-cı ildə 1 saylı TTİnin tikinti sahəsinə gözətçi təyin edilmiş, xx.xx.2008-ci ildə isə işdən azad edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 8 ünvanında yerləşən yataqxana binasında 44 saylı mənzil mövcud olmamışdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(103)-1876/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında göstərilənlərə uyğun olaraq ayrı-ayrı orqanlara məhkəmə sorğuları göndərilmişdir. İddiaçı 2000-ci ilin oktyabr ayından 2019-cu ilin avqust ayrına qədər həmin ünvanda yaşadığını bildirsə də, Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfaı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 30 may 2023-cü il tarixli 143 nömrəli məktubdan görünür ki, qeyd olunan bina 2018-ci ildə sökülmüşdür, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 89 saylı sərəncamına əsasən yaradılmış komissiya üzvlərinin xx.xx.2017-ci il tarixli aktına əsasən iddiaçının ona yaşamaq üçün verildiyini və yaşadığını iddia etdiyi 44 saylı otağın yaşayış otağı deyil, yataqxana binasının mətbəxi olduğu və orada ümumiyyətlə yaşayış olmadığı müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan 1 saylı Təmir-Tikinti İdarəsinin 18 saylı xx.xx.2007-ci il tarixli orderdən görünür ki, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın sahəsi 14,5 kv.m olan 1 otaqlı 44 saylı mənzili İddiaçı verilmişdir. Lakin orderin hansı qərar əsasında verilməsi orderdə qeyd olunmamışdır. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının adına xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi, 221 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçıya qeyd olunan order verilərkən artıq onun mülkiyyətində fərdi yaşayış evi olmuşdur. Yataqxanada işçilər üçün otaqlar isə yaşayış sahəsinə ehtiyacı olan şəxslərə verilir. Göründüyü kimi, iddiaçının yaşamaq üçün ona verildiyini və yaşadığını iddia etdiyi ünvan 8 ünvanında yerləşən yataqxana binasında 44 saylı mənzil mövcud olmamışdır, iddiaçının ona yaşamaq üçün verildiyini və yaşadığını iddia etdiyi 44 saylı otağın yaşayış otağı deyil, yataqxana binasının mətbəxi olduğu və orada ümumiyyətlə yaşayış olmadığı müəyyən edilmişdir. İddiaçı 2019-cu ilin avqust ayrına qədər həmin ünvanda yaşadığını bildirsə də, qeyd olunan bina 2018-ci ildə sökülmüşdür. Həmin yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən təkrar baxış zamanı da həmin yataqxanada iddiaçının yaşaması müəyyən edilməmişdir. Həmçinin iddiaçıya qeyd olunan order verilərkən artıq onun mülkiyyətində fərdi yaşayış evi olmuşdur, bu da həmin dövrdə iddiaçının mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslər kateqoriyasına aid olmadığını təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1703/2021 nömrəli 26 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar