Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1209/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin iddiaçının nənəsi Həlimə Mütəlib qızına məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2993/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2993/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, xx xxxx 1973-cu il tarixli, 17893 saylı müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində, 0,25 hektar torpaq sahəsindən ibarət olan 1995 saylı bağ sahəsinin mərhum Həlimə Mütəlib qızına məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim E.Mustafayev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-2968/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2993/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir (sədrlik edən və məruzəçi V.Baxışova, hakimlər H.Həmidov və E.Nağıyeva). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli 2-1(102)- 704/20 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-2968/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər N.Rəsulbəyova və E.Vəliyeva). İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Həlimə Mütəlib qızı ilə keçmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti (sonrakı adı X2 və istismarı Birliyinin) arasında bağlanmış xx xxxx 1973-cu il tarixli, 17893 saylı müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində, 0,25 hektar torpaq sahəsindən ibarət olan 1995 saylı bağ sahəsinə dair itmiş bağ qovluğunun bərpa edilməsi və Həlimə Mütəlib qızının həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Həlimə Mütəlib qızı ilə keçmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti (sonrakı adı X2 və istismarı Birliyinin) arasında bağlanmış xx xxxx 1973-cu il tarixli, 17893 saylı müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində, 0,25 hektar torpaq sahəsindən ibarət olan 1995 saylı bağ sahəsinin Həlimə Mütəlib qızına məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş və məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Trestinin (sonrakı adı X2 və İstismarı Birliyinin) xx xxxx 1973-cu il tarixli, 17893 saylı müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində, 0,25 hektar torpaq sahəsindən ibarət olan 1995 saylı bağ sahəsi mərhum nənəsi Həlimə Mütəlib qızının icarəsinə verilmişdir. Nənəsi ilə sözügedən bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə bağlanmışdır. Nənəsi xx.xx.1977-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra həmin bağ sahəsindən atası və anası istifadə etmiş, hal-hazıradək bağ sahəsindən isə o istifadə edir, bağ sahəsinə sahiblik edir. Bağ sahəsini daş hasara almışdır. Bağ sahəsinə o faktiki sahiblik edir. Bağ sahəsinə sahiblik və istifadə hüququnu həyata keçirtməklə bağ sahəsinə istifadə hüququnu qəbul etdiyini şəksiz nümayiş etdirir, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə üzrə hüquq və öhdəlikləri qəbul etmiş və onu daim yerinə yetirir. Hal-hazırda nənəsinə məxsus bağ sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı Bakı şəhəri 37 saylı Notariat Kontoruna müraciət etmişdir. Orada nənəsinin vərəsəsi tanınmışdır. Notariat Kontoru tərəfindən cavabdehə bağ sahəsinin sənədlərinin göndərilməsi xahiş edilmiş, lakin cavabdeh nənəsinə məxsus bağ sahəsinin icarə müqaviləsinin arxivdə olmamasını bildirmişdir. Halbuki nənəsinin adına olan bağın icarə müqaviləsinin əsli ondadır, həmin müqavilənin əslini cavabdehə təqdim etmişdir. Bundan sonra bağ sahəsinin itmiş qovluğunun bərpa edilməsi və çıxarışın verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, bütün sənədləri onlara təqdim etmiş, lakin cavabdeh itmiş bağ qovluğunun bərpa edilməsindən və çıxarışın verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur, ona görə də məhkəməyə müraciət etməyi qərara almışdır. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Məhkəmə kollegiyasının iclasında izahat vermiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresitinin xx xxxx 1973-cü il tarixli, 17893 saylı müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 hektar torpaq sahəsindən ibarət olan 1995 saylı bağ sahəsi mərhum nənəsi Həlimə Mütəlib qızının icarəsinə verilmişdir.İddiaçı müvafiq bağ sahəsinə çıxarış almaq məqsədilə 1 saylı Bakı Ərazi idarəsinə xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə müraciət etmişdir.Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 1995 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair Həlimə Mütəlib qızının adına 17893 nömrəli müqavilə və müqavilənin qovluğu İdarənin arxivində aşkar edilməmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, 1179 saylı, xx.xx.2017-ci il tarixli nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Həlimə Mütəlib qızı xx xxxxxxxx 1977-ci ildə baş beyinə qansızma səbəbi ilə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1977 ilin 09 ayının 16 günündə 219 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin X2 və İstismarı Birliyi ilə “İstifadəçi” adlandırılacaq Həlimə Mütəlib qızı arasında bağlanmış xx xxxx 1973-cü il tarixli X2 və istismarı Birliyinin Ləhiş ərazisindəki 1995 nömrəli bağın istifadəyə verilməsi haqqında 17893 saylı müqavilənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Birlik Sabunçu rayonunun Ləhiş ərazisində 0,25 hektar torpaq sahəsi olan 1995 №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə istifadəçiyə vermiş və İstifadəçi həmin bağı istifadəsinə götürmüşdür. Müqavilənin müddəti xx xxxx 1970-ci ildən xx xxxx 1980-cı ilədəkdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli, № 364 nömrəli məktubda qeyd edilmişdir ki, mərhumun nəvəsi (mərhum oğlu X7 oğlu) İddiaçı notariat kontoruna ərizə ilə müraciət edərək nənəsindən miras qalmış əmlakın hüququmüəyyənedici sənədin (çıxarışın) alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ərazi İdarəsinə sorğu verilməsini xahiş etmişdir. Vətəndaşın xahişini nəzərə alaraq vərəsəlik işinin həlli üçün mərhum - Həlimə Mütəlib qızından miras qalmış Bakı Şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən bağ-1995 nömrəli ümumi sahəsi 0.25ha torpaq sahəsindən (bağ sahəsindən) (Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün xx.xx.1970-ci il tarixli 17893 nömrəli müqavilə - bağı İcarəyə götürən - mərhum - Həlimə Mütəlib qızı və ailə üzvləri - mərhum oğlu- X8, gəlini - Səidova Şövkət Şirağa qızı) ibarət olan əmlakın hüquqmüəyyənedici sənədini vərəsəsi - nəvəsi (mərhum oğlu X7 oğlu) İddiaçı vasitəsi ilə bizə - (vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olan sənədi) göndərməyini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********63 nömrəli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş müqavilənin qovluğu aşkar olunmamışdır. Qeyd olunan səbəbdən ərizənizin icrası mümkün olmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********35 nömrəli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki,Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 1995 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair Həlimə Mütəlib qızının adına 17893 nömrəli müqavilə İdarənin arxivində aşkar olunmamışdır. İşin hallarından belə müəyyən olunur ki, İddiaçı cavabdeh inzibati orqana Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 17893 saylı bağ evinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciət etmiş, cavabdeh inzibati orqan isə təqdim edilmiş müqavilənin qovluğunun aşkar olunmadığına əsaslanaraq onun müraciətini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının müraciətindən imtinası əsassızdır və sonuncunun hüquqlarının pozulması ilə nəticələnmişdir İPM-in 2.2-ci və 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi aşağıdakı maddi hüquq normaları tətbiq edərək iddianı təmin etmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.7.) 2007- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunan normaların tələbinə görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi qeydiyyat orqanının qanunla müəyyən edilmiş bir vəzifəsidir. Hazırkı halda iddiaçı Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1995 saylı bağ sahəsinə hüququn iddiaçının mərhum nənəsi Həlimə Mütəlib qızına məxsus olması haqqında arayışın verilməsi tələbinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi təşkil edir və bu tələbin həyata keçirilməsi qanunla cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və cavabdehin apelyasiya şikayətində göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 1995 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair Həlimə Mütəlib qızının adına 17893 nömrəli müqavilə və müqavilənin qovluğunun İdarənin arxivində aşkar edilməməməsi və qeyd olunan səbəbdən ərizənin icrasının idarə tərəfindən mümkün olmaması dəlillərini qəbul etmir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının məhrum nənəsi Həlimə Mütalib qızı ilə sözügedən bağ sahəsinə dair X5 ilə 1973-cü il tarixdə icarə müqaviləsi bağlanmış, 1977-ci ildə nənə vəfat etsə də, bağın icarə müqviləsinə hec bir orqan tərəfindən xitm verilməmiş, iddiaçı və onun vərəsələri 43 ildir ki, bağa fasiləsiz sahiblik edirlər. Həlimə Mütalib qızından qalmış əmlakın vərəsəsi - nəvəsi (mərhum oğlu X7 oğlu) İddiaçı tanınmışdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Şəhər İKnin Bağlar təsərrüfatı Tresti ilə Həlimə Mütallib qızı arasında bağlanmış xx.xx.1970-ci il tarixli, 17893 nömrəli müqavilənin əslinə baxış keçirmiş və hesab etmişdir ki, həmin müqavilənin mötəbərliyinə əsaslı şübhələr olmadığından, cavabdehin müqavilənin arxivdə aşkar edilməməsi səbəbindən iddiaçının hüquqların dövlət qeydiyyatına alınmasından imtinası əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci və 15.2-ci maddələrinə əsasən əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə görə hər kəsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmayıbsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qanunla üzərinə düşən öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetməməklə yanaşı, onun tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun qeyd olunan normalarının da tələblərinə əməl edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasalanaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2993/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1209/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1209/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver