Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1209/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiаçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN **********, hüquqi ünvan-AZ1095, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 3, qanuni təmsilçi-X3, dövlət qeydiyyatına alındığı tarix- 26.06.1996-cı il, reyestrdən son dəfə verilmiş çıxarışın tarixi-18.04.2019-cu il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və qərarla tutulmuş pul vəsaitinin qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-4465/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC 07.05.2020-ci il tarixdə cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21 fevral 2020-ci il tarixli **********108800 nömrəli qərarının ləğv edilməsi və həmin Qərara əsasən tutulmuş 588,2 manat pul vəsaitinin iddiaçının hesabına geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı "İddiaçı" MMC xaricdən aldığı malların pərakəndə satışı ilə məşğul olur. Malların bir qismi Honq-Konqdan idxal edildiyindən, mövcud vergilərdən başqa AR Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən xarici istehsalçıya ödənilən məbləğin 10% miqdarında əlavə olaraq iddiaçıdan vergi tutulur. Belə ki, iddiaçının Honq-Konqun "Global Trend Limited" şirkətinə ödədiyi 5.882 manat məbləği üzrə cavabdeh tərəfindən 21 fevral 2020-ci il tarixli **********108800 nömrəli qərar qəbul olunmuş və qərara əsasən iddiaçıdan 10% tutularaq 588,2 manat iddiaçının hesabından silinmişdir. Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyindən 10 faiz miqdarında vergi tutulur. Məcəllənin 13.2.16.14-1 maddəsində isə müəyyən edilmişdir ki, 10% məbləğində vergi bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən tutulur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahı ilə Honq-Konq (ÇXR) güzəştli vergi tutulan ölkələrin sırasına aid edilmişdir. Lakin bununla bərabər iddiaçı hesab edir ki, göstərilən maddədələr tətbiq olunaraq Vergi Məcəlləsinin bəzi müddəaları nəzərə alınmamışdır. İlk növbədə qeyd olunmalıdır ki, qeyd edilən verginin ödəyiçisi xarici partnyor olmasına baxmayaraq Honq-Konqun hüquqi şəxsinə qarşı Honq-Konqda Azərbaycan vergi qanunvericiliyini tətbiq etmək heç cür mümkün deyil. Beləliklə, son nəticədə sözügedən 10% miqdarında vergi iddiaçıdan tutulur. Bu cür hal həm ədalətsiz, eyni zamanda aşağıdakılara görə həm də qanuna zidd hesab edilir. Belə ki, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində nəzərdə tutulan verginin ödəyiçisi 13.2.16.14-1 maddəsində müəyyən edilmişdir. Bu Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərdir. Hazırkı halda vergini tətbiq edərək vergi organları Məcəllənin 128-ci maddəsini tam yox, maddənin ancaq güzəştli vergi tutulan ölkələr barədə olan müddəalarını (128.2 və 128.3 bəndlərini) əsas götürmüşlər, halbuki Məcəllənin 128-ci maddəsi üç bənddən (128.1, 128.2 və 128.3) ibarətdir və bəndlərin hər birinin müddəaları nəzərə alınmalı idi. Belə ki, Məcəllənin 128-ci maddəsində güzəştli vergi tutulan ölkələrlərlə yanaşı həmçinin şəxslər müəyyən edilmişdir (128.1 maddə.). Bunlar Məcəllənin 128.1-ci maddəsində müəyyən edilmiş qaydada rezidentlə əlaqədə olan qeyrirezidentlərdir. Beləliklə Məcəllənin 13.2.16.14-1 və 128-ci maddələrin tələblərinə görə Məcəllənin 125.1.9-cu maddəsində göstərilmiş 10% miqdarında verginin tətbiqi üçün iki amilin mövcudluğu vacibdir: birincisi – əməliyyatlar və müvafiq ödənişlərin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkələrlə aparılması, ikincisi – ödənişlərin 128-ci maddədə nəzərdə tutulmuş qeyri- rezidentlərə edilməsidir. Beləliklə, qanunvericiliyinin müddəaları düzgün tətbiq olunduqda Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində müəyyən edilən vergi aparılan ödənişlərdən tutula bilməz. Çünki aparılan əməliyyatlar nəticəsində iddiaçı Honq-Konqda gəlir əldə etməmişdir, onun qeyri-rezidentlə şərikliyi yoxdur və vergi qanunvericiliyinə uyğun digər vergiləri tam ödəmişdir. Cavabdeh orqanın qanunların belə tətbiqi həmçinin 2005-ci il martın 17-də Pekin şəhərində imzalanmış və 14 iyun 2005-ci il tarixli 932-İİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında» Sazişə də ziddir. Həmin Sazişin 3-cü maddəsinin 1-ci bəndinə əsasən Sazişin "işlənməsinə münasibətdə suveren hüquqlara malik olduğu ərazi də daxil olmaqla, Çin Xalq Respublikasının bütün ərazisi" hesab olunur (o cümlədən HonqKonq). Sazişin 7-ci maddəsinin 1-ci bəndinə görə Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərmirsə, yalnız adı birinci çəkilən Dövlətdə vergiyə cəlb olunur. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər Dövlətdə vergiyə cəlb edilə bilər və ancaq müəssisələrin qarşılıqlı əlaqəsi olduğu halda qeyri-rezident bilavasitə digər ölkədə vergiyə cəlb oluna bilər (Sazişin 9-cu maddəsi). Göründüyü kimi, bu beynəlxalq Sazişin tələblərinə görə də əgər HonqKonqun şirkətinin Azərbaycan nümayəndəliyi vasitəsi ilə fəaliyyət göstərmirsə və ya Azərbaycan rezidenti ilə (yəni bizim şirkətlə) qarşılıqlı əlaqəsi olmadığı hallarda o heç cür Honq-Konqdakı fəaliyyətinə və əldə etdiyi mənfəət görə Azərbaycanda vergiyə cəlb oluna bilməz. Bakı İnzibati Məhkəmənin 21 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilərək, cavabdehin 21 fevral 2020-ci il tarixli **********133700 nömrəli qərarının mübahisələndirilməsi üzrə buraxılmış prosessual müddət bərpa olunmuş və cavabdehin “iddianın mümkün sayılmaması barədə” vəsatəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-4465/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21 fevral 2020-ci il tarixli **********108800 nömrəli qərarın ləğv edilməsi və həmin qərara əsasən tutulmuş 588,2 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına geri qaytarılması qərara alınmışdır. 11.02.2021-ci il tarixdə qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki , vergi ödəyicisi **********108800 nömrəli 21.02.2020-ci il tarixli qərarla 24.02.2020-ci il tarixdə tanış olmuşdur.İddiaçı ilə vergi orqanı arasında bağlanmış 27.05.2013-cü il tarixli elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin elektron qaydada göndərilməsi həyata keçirilir. Buna baxmayaraq, iddiaçı məhkəməyə 12.05.2020-ci il tarixli iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçı nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2- 1(112)-4465/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.16.2-ci maddəsinə görə Azərbaycan Respublikasında istehsal edilmiş malların istehsalçı tərəfindən təqdim edilməsindən gəlir Azərbaycan mənbəyindən gəlirdir. Həmin Məcəllənin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə qeyri-rezidentin, bu Məcəllənin 13.2.16cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyrirezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: - (125.1.9) bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. Həmin Məcəllənin 128.2-ci maddəsinə görə güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Azərbaycan Respublikasının 14 iyun 2005-ci il tarixli 932-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş»in 7-ci maddəsinin 1-ci bəndinə görə Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərmirsə, yalnız adı birinci çəkilən Dövlətdə vergiyə cəlb olunur. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər Dövlətdə vergiyə cəlb edilə bilər. Sazişin 9-cu maddəsinin 1-ci bəndində qeyd olunur ki, Əgər a) Razılığa gələn Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin müəssisəsinin idarə edilməsində, nəzarət olunmasında və ya kapitalında birbaşa, yaxud dolayısı ilə iştirak edirsə, və ya b) eyni şəxslər Razılığa gələn Dövlətin müəssisəsinin və Razılığa gələn digər Dövlətin müəssisəsinin idarə edilməsində, nəzarət olunmasında və ya kapitalında birbaşa, yaxud dolayısı ilə iştirak edirsə, və hər iki halda bu müəssisələrin qarşılıqlı kommersiya və maliyyə əlaqələrində iki müstəqil müəssisə arasında mövcud ola biləcək şərtlərdən fərqli şərtlər yaradıldıqda, yaxud müəyyən edildikdə, onlardan birinə hesablana bilən, lakin bu şərtlərin olduğuna görə hesablanmamış mənfəət, həmin müəssisənin mənfəətinə daxil edilə və müvafiq olaraq vergiyə cəlb edilə bilər. Həmin Sazişin 9-cu maddəsinin 2-ci bəndinə görə Əgər Razılığa gələn Dövlət həmin Dövlətin müəssisəsinin mənfəətinə Razılığa gələn digər Dövlətin müəssisəsinin həmin digər Dövlətdə vergiyə cəlb olunmuş mənfəətini daxil edib və müvafiq olaraq vergiyə cəlb edirsə və bu tərzdə daxil edilmiş mənfəət, bu müəssisələr arasında münasibətlər müstəqil müəssisələr arasındakı münasibətlər kimi olduğu halda birinci qeyd olunan Dövlətin müəssisəsinə hesablana bilən mənfəətdirsə, bu halda həmin digər Dövlət orada bu mənfəətdən hesablanan verginin məbləğində müvafiq düzəlişlər aparmalıdır. Bu cür düzəlişlər müəyyən edilərkən bu Sazişin digər müddəaları müvafiq qaydada nəzərə alınmalıdır və Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları zəruri hallarda bir-biri ilə məsləhətləşmələr aparmalıdırlar. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın əsas dəlili ondan ibarətdir ki, Kommersiya banklarından əldə olunmuş məlumatlara əsasən vergi ödəyicisi İddiaçı MMC tərəfindən 2019-cu ilin 4-cü rübü ərzində “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”na daxil olan Honq-Konqda (ÇXR) qeydiyyatdan keçmiş subyektə 5.882 manat ödəniş edildiyindən və müvafiq dövrə görə vergi orqanına təqdim olunmuş vergi bəyannaməsində hər hansı məlumat əks olunmadığından, kameral vergi yoxlaması ilə quruma AR Vergi Məcəlləsinin 13.2.16.14-1, 37, 125.1.9, 128.1-ci maddələrini rəhbər tutaraq, həmin əməliyyatın 10% həcmində ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Məhkəmə Kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir . Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı İddiaçı MMC AR Vergi Məcəlləsinin 128.3cü maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkə kimi HonKonqda (ÇXR) təsis edilmiş qeyri-rezidentin nizamnamə fondunun və ya səsvermə hüququ olan səhmlərinin 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahib olmadığından, aparılan həmin əməliyyata görə AR Vergi Məcəlləsinin 125.1 və 125.1.9cu maddərininin təsiri altına düşən vergi ödəyicisi kimi onun ödəmə mənbəyində tutulan vergiyə cəlb olunması vergi qanunvericiyinin tələblərinə, o cümlədən “ödəmə mənbəyində tutulan verginin məqsədləri” təsbit olunmuş müddəalarına ziddir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin 21 fevral 2020 il tarixli **********108800 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş poçt zərfinin üzərindəki möhürlərə əsasən iddiaçının təqdim etdiyi sənədlərin 04 may 2020-ci il tarixdə müvafiq poçt xidmətinə təqdim edildiyi müəyyən edildiyindən, cavabdehin apellyasiya şikayəti əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-4465/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-4465/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1209/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1209/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver