Məhkəmə qərarları › İş №2-1(103)-1209/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1209/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1209/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı1 (eyni zamanda iddiaçılar İddiaçı2 və İddiaçı4 nümayəndəsi) iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(112)-9671/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və xx.xx.2011-ci il təvəllüdlü X3 ünvan 1 ünvana pasport qeydiyyatına alınmalarının cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar uzun müddətdir ki, faktiki olaraq ünvan 2 ünvanda yaşayırlar, təsərrüfatı aparır və faktiki olaraq sahiblik edirlər. Bu fərdi yaşayış sahəsinə aid kommunal xərclər tərəflərindən ödənilir, fərdi yaşayış evinin yararlı halda saxlanması üçün xeyli vəsait sərf etmişlər. Nəzərə çatdırırlar ki, fərdi yaşayış evi onların daimi yaşayış yerləridir və başqa yerdə yaşayış yerləri yoxdur. Fərdi yaşayış evi bütün kommunal şəraitə malikdir, fərdi yaşayış evinə işıq, qaz və su xətti çəkilmişdir və müvafiq olaraq sərfiyyatla bağlı ödənişlər həyata keçirilir, ünvana nömrə verilmişdir. Onların fərdi yaşayış evinə qeydiyyata alınmamaqları səbəbindən hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır. Qeyd edir ki, o, İddiaçı1 hərbçi olmağı ilə bağlı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 9, H.Əliyev adına AAHM-də qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1. maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Fərdi yaşayış evinin mülkiyyət vəsiqəsi olmasa da yaşayış sahəsi kimi mövcuddur, kommunal şəraitə malikdir. Həmin ünvana pasport qeydiyyatına alınmaqla bağlı Binəqədi RPİ-nə müraciət etmişlər, lakin əsassız olaraq imtina edilmişdir.xx.xx.2021-ci il tarixdə verilmiş cavabda məhkəməyə müraciət edilməsi hüququnun olması göstərilmişdir. Onları qeydiyyata almamaqla cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Pasport qeydiyyatına alınmamaqları ən adi hüquqlarının belə həyata keçirilməsinə maneçilik törədir, ona görə də onlar pasport qeydiyyatına alınmaqları hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(112)-9671/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: O.Həsənov) Həmin qərardan iddiaçılar apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində iddia ərizəsində göstərilən dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar onların və xx.xx.2011-ci il təvəllüdlü X3 ünvan 1 ünvana pasport qeydiyyatına alınmalarının cavabdehin öhdəsinə qoyulmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işin araşdırılmış hallarından məlum olur ki, mübahisə predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçıların hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüquqları əmələ gəlməmişdir. Başqa sözlə desək, iddiaçılar sözügedən əmlaka qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyət, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) yalnız birinə malik olmalı olduğu halda, iddiaçıların həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Bununla da, iddiaçıların “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş “yaşayış sahəsinə köçmək üçün sənəd” əsasında qeydiyyata alınması ilə bağlı şərt aradan qalxmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 4-cü maddəsinə əsasən sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” xx.xx.2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Apellyasiya baxışı zamanı məhkəmə araşdırması ilə aşağıdakı sənədlər iş materiallarına əlavə edilmişdir: İ-ЖГ seriyalı 401204 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı1 atası X4r. 4648734 №li təvəllüd şəhadətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.1939-cu ildə Bakı şəhərində doğulmuş X2 atası X5, anası X1r. Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 6, 2 saylı evə dair Binəqədi rayon İHBnın Biləcəri Qəsəbəsi üzrə nümayəndəsinin müavini H.Muğallı tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, qeyd olunan mənzil 8 otaqdan ibarət olmaqla ümumi sahəsi 118.2 m2dir. Biləcəri qəsəbəsi, döngə 6, 2 saylı evə dair ev kitabından görünür ki, evin sahibi kimi iddiaçının nənəsi Xanım Təhməzova qeyd edilmişdir. Həmçinin ev kitabından müəyyən olunur ki, həmin ev 1908-ci ildə inşa edilmişdir. Qeydiyyat kartanın surətindən görünür ki, iddiaçının bacısı Təhməzova (Quliyeva) Mehriban Ramis qızı xx.xx.1992-ci il tarixdə Biləcəri qəsəbəsi, döngə 6, 2 saylı evə qeydiyyata qəbul olunmuşdur. Qeydiyyat kartanın surətindən görünür ki, İddiaçı1 xx.xx.1989-cu il tarixdə Biləcəri qəsəbəsi, döngə 6, 2 saylı evə qeydiyyata qəbul olunmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbə üzrə Nümayəndəliyi tərəfindən verilmiş779 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təhməzov X6 qəsəbəsi, Y.Hüseynov küçəsi, 2 saylı evdə xx.xx.1989-cu ildən xx.xx.2015-ci ilədək, arvadı İddiaçı2 xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək, oğlu İddiaçı3 xx.xx.2015-ci ilədək, qızı İddiaçı4 xx.xx.2015-ci ilədək ev kitabına əsasən qeydiyyatda olublar. Bakı Ali Birləşmiş Komandanlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 654 nömrəli arayışından müəyyən olunur ki, baş leytenant 1972-ci il təvəllüdlü İddiaçı1 Azərbaycan Respublikası silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Qeyd olunan arayışda İddiaçı1 yaşayış yeri Biləcəri qəsəbəsi göstərilmişdir. AR İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC 1 saylı rabitə xidmətləri mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ******* nömrəli telefon Biləcəri qəsəbəsi, döngə 6, 2 saylı ünvanda yaşayan İddiaçı1 adınadır. "xxxx" ASC tərəfindən verilmiş142075 nömrəli xx.xx.2009-cu il tarixli arayışdan görünür ki, arayış verilir Biləcəri qəsəbəsi, döngə 6, 2 saylı ünvanda yaşayan Təhməzova ondan ötrü ki, xx.xx.2009-cu il tarixə sudan istifadəyə və çirkab suyun axıdılması xidmətinə görə borcu yoxdur. İş materiallarından müəyyən olunur ki, iddiaçıların qeydiyyata düşmək istədiyi ev 1908-ci ildə inşa edilmiş və İddiaçı1 anasının istifadəsində olmuşdur. Həmin evdə İddiaçı1 və onun ailə üzvləri xx.xx.1989-cu ildən xx.xx.2015-ci ilədək qeydiyyatda olmaqla yaşamışlar və hal-hazırda da yaşayırlar. İddiaçılar hazırda həmin evə qeydiyyata düşmək üçün cavabdehə müraciət etsələr də müraciətlərin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən iddiaçıların ünvan 2 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etmələri göstərilmişdir. Halbuki, yuxarıda göstərilən normaların məzmunundan görünür ki, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından həmin maddədə göstərilən hallar mövcud olduqda imtina edir. Hazırki işdə isə iddiaçıların sözügedən mənzilə qeydiyyata alınmalarını istisna edən, yəni bu hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi iddiaçıların mübahisəli mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etmədiklərinə istinad edir. Məhkəmə kollegiyası isə məhkəmənin bu mövqeyini əsassız hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2003-cü il tarixli qərarında da qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Qeydiyyatın məhdudlaşdırılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 4-cü maddəsində göstərilən normada əks olunmuşdur ki, iddiaçılara münasibətdə belə bir halın mövcudluğu da iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, iddiaçılar həm özlərinin, həm də yetkinlik yaşına çatmayan uşaqlarının sözügedən mənzilə qeydiyyata alınmaları barədə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların ünvan 1 ünvana pasport qeydiyyatına alınmalarından cavabdeh orqanın imtinası qanuna zidd olmaqla iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallar düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(112)-9671/2021 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və xx.xx.2011-ci il təvəllüdlü X3 ünvan 1 ünvana pasport qeydiyyatına alınması cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar