Məhkəmə qərarları › İş №2-1(103)-1209/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1209/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1209/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı Rayon şöbəsinə qarşı “iş stajının sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2782/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı Rayon şöbəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iş stajının sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2782/2017 nömrəli, xx.xx.2017ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı Baş Tikinti X2 zavodunda xx.xx.1983cü ildən xx.xx.2006-cı ilədək işlədiyi dövrün iş stajı sığorta stajına daxil edilməklə, xx.xx.2017-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon şöbəsinə həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(82)-2782/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2099/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(82)-2782/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2099/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-87/2018 nömrəli, 24 yanvar 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2099/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun əmək pensiyası ödənişinin bərpa edilməsi və dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi üçün məcburi icra tədbirlərinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2782/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(82)-2782/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarının icra olunmaması səbəbindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 200 (iki yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022ci il tarixli, 2-1(82)-2782/2017 saylı qərardadının ləğv olunması və həmin qərardadla müəyyən edilmiş 200 (iki yüz) manat məbləğində cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Ərizəçinin əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişləri dayandırılmışdır. Bundan başqa yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıb-yaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2782/2017 saylı qərarında ərizəçiyə Bakı Baş Tikinti X2 zavodunda xx.xx.1983-cü ildən xx.xx.2006-cı ilədək işlədiyi dövrün iş stajı sığorta stajına daxil edilməklə 57 yaşından, yəni xx.xx.2017-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qərar icra edilərək əmək haqqı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. İşin hallarından görünür ki, qərar artıq icra olunmuşdur. Sonradan pensiyanın dayandırılmasına əsas olan şübhələr yaranması və bunun nəticəsində pensiyanın dayandırılması qərarın icra olunmaması kimi başa düşülməməlidir. Buna görə də məhkəmənin inzibati orqanı 200 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyasının əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(82)- 2782/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2782/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuş və qərar icraya yönləndirilərək icra edilmiş, lakin 2020-ci ildən İddiaçı apellyasiya şikayətində qeyd edildiyi kimi vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2782/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının 2020-ci ilin noyabr ayında “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə istinad etməklə dayandırılması əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2782/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı müvafiq yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş, lakin qeyd olunan qərar dəyişdirilmədən saxlanılmış və nəticə etibarı ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Bundan başqa, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2782/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə əlaqədar yeni açılmış hallarla bağlı qərarına qarşı ərizə verilmiş məhkəməyə müraciət etmələri ilə bağlı hər hansısa sübut təqdim etməmişdir. Hazırki halda belə başa düşülür ki, cavabdeh inzibati orqan tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2782/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı 2020-ci ilə kimi icra olunmuş, ondan sonra heç bir əsas olmadan, qanunsuz olaraq icrası dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(82)-2782/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı icra edilməsi üçün 09 mart 2017-ci il tarixdə cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon şöbəsinə göndərilmişdir, həmçinin məhkəmə qərarının icrasının yuxarıda qeyd olunan müddət ərzində təmin olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə tətbiq olunacağı barədə xəbərdar edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarı icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon şöbəsinə göndərilmiş, cavabdeh tərəfindən 09 aprel 2018-ci il tarixdə icra məktubu qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 118-ci maddəsinə əsasən icranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Vİİİ fəslində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrası zamanı icra orqanı qismində çıxış edən hakim və ya məhkəmə əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək kifayət qədər müddət təyin etməklə könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Bu müddət ən azı 10 (on) gün olmalıdır, lakin məhkəmə icra ilə bağlı həyata keçirilməli olan hərəkətlərin xüsusiyyətlərini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə almaqla və ağlabatan müddətləri keçməməklə daha uzun müddət də müəyyən edə bilər. Xəbərdarlıq yazılı formada olmalı, orada könüllü icra təmin edilmədikdə məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumatlandırma və tətbiqi əsasları göstərilməli, eyni zamanda, qanunla müəyyən edilmiş qaydada borcluya təqdim olunmalıdır. Həmin qərara əsasən məhkəmələr nəzərə almalıdır ki, borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarı könüllü qaydada icra olunmadıqda tətbiq edilməsi mümkün olan məcburi icra tədbirlərinin dəqiq siyahısı “İnzibati icraat haqqında” Qanunun 83.3-cü maddəsində müəyyən edilmişdir. Onlar üç növ tədbirdən – məhkəmə qərarı ilə nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi, cərimə və bilavasitə məcburetmədən ibarətdir. Odur ki, məhkəmə qaydasında icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri də yalnız sözügedən üç növdən biri ola bilər. Məhkəmələr həmin tədbirləri tətbiq edərkən “İnzibati icraat haqqında” Qanunun 84, 85 və 86-cı maddələrinin tələblərini nəzərə almalıdır. İPM-in 118.4-cü maddəsi icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirlərinin yalnız hakim tərəfindən müəyyən edilə biləcəyini təsbit edir. İcra orqanı qismində çıxış edən hakim və ya məhkəmə belə tədbirləri müvafiq qərardad çıxarmaqla tətbiq etməlidir. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrasını təmin etmək üçün qərarı çıxarmış məhkəmə tərəfindən icra vərəqəsi verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna görə də, məhkəmələr bu kateqoriya işlərin icrası ilə bağlı icra vərəqəsini icraya yönəltməklə müvafiq icra qurumuna göndərməyə dair hərəkətlər etməməlidir. Bu qəbildən olan işlərin icrası ilə bağlı məhkəmə tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə dair müvafiq qərardad çıxarılmalı, ehtiyac yarandıqda isə ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq inzibati orqan və ya icra məmuru icraata cəlb edilməli, onların malik olduğu qanuni imkanlardan icranın təmin edilməsi üçün istifadə olunmalıdır. Bu zaman məhkəmə öz qərardadında belə cəlb etmənin zəruriliyini əsaslandırmalı, eləcə də hər hansı inzibati orqanın və ya icra məmurunun icra ilə bağlı yerinə yetirməli olduğu hərəkətləri konkret müəyyən etməlidir. Öz növbəsində həmin orqanlar da daha sonra icranın lazımi qaydada baş tutması məsələsinə aydınlıq gətirilməsi üçün onların üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı məhkəməyə görülmüş işlər barədə məlumat təqdim etməlidir. Belə məlumatın verilməsi İPM-in 118.5-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin normaya görə hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 200 (iki yüz) manat miqdarında cərimə tətbiq olunmasına dair gəldiyi nəticə qanuni və əsaslı olduğundan Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2- 1(82)-2782/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(82)-2782/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar