Məhkəmə qərarları › İş №2-1(103)-121/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-121/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-121/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2-1(82)-1207/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz sayılması və ona Ukraynanın Milli Nəqliyyat Universiteti tərəfindən verilmiş 11.07.2016-cı il tarixli B16 242017 nömrəli bakalavr diplomunun tanınması və nostrifikasiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 2012 – 2016-cı illərdə Ukrayna Milli Nəqliyyat Universitetində “beynəlxalq istisadiyyat” ixtisası üzrə əyani formada təhsil almışdır. O, təhsil proqramını mənimsəmiş, tədris planını yerinə yetirmiş, ixtisas üzrə dövlət imtahanlarını vermiş və diplom işini müdafiə etmişdir. Dövlət Attestasiya Komissiyası tərəfindən 11 iyul 2016-cı il tarixli qərarla ona “beynəlxalq iqtisadiyyat” ixtisası üzrə ali təhsil haqqında diplom verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasının tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsi 15 yanvar 2019-cu il tarixli məktubla qurumun 25 may 2018-ci il tarixli cavab məktubu ona verilmişdir. Məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert Qrupu tərəfindən onun (iddiaçının) aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİ.1.2 maddəsini, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 27-ci paraqrafları rəhbər tutularaq diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Hesab olunur ki, cavabdehin imtinası heç bir əsaslandırmaya söykənmir. Qeyd olunanlara və Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin tanınması və ekvivalentliyi haqqında Saziş”in 1, 5, 6-cı maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1, 19.2-ci maddələrinə, İPM-in 2.2, 14.3, 68, 73.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 8.28-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 1.3, 1.6, 1.7, 2.4, 3.2, 3.3, 3.5, 3.6, 3.7-ci bəndlərinə əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinasının qanunsuz sayılması və onun (iddiaçının) Ukrayna Milli Nəqliyyat Universiteti tərəfindən verilmiş B16 242017 nömrəli 11 iyul 2016-cı il tarixli diplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367- İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000 tarixli 346 nömrəli sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Bu müddəa Qaydaların 1.1-ci bəndində də öz əksini tapmışdır. Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Ekspert Qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə görə təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi proseduru və onun nəticəsidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır: (11.1.3) təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək, (11.1.4) yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq, (11.1.5) cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq. Qeyd edilən normalardan göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Cəmiyyətin hər bir inkişaf səviyyəsində bu təcrübə təhsilin məzmununu təyin edən aşağıdakı elementləri əks etdirməlidir: biliklər toplusu – təbiət, cəmiyyət, istehsalat, düşüncə və fəaliyyət üsulları haqqında bililklər, fəaliyyət üsulları – fəaliyyətin məlum olmayan üsullarının həyata keçirilməsi üzrə toplanmış təcrübə, bu təcrübə eyni zamanda şəxsiyyətin müəyyən bacarıq və vərdişlər üzrə əldə etdiyi bilikləri də özündə əks etdirir, yaradıcı fəaliyyət təcrübəsi – cəmiyyətin təlabatına uyğun olaraq əvvəllər əldə edilmiş bilik və bacarıqların eyni şəraitdə tətbiq edilə bilməsi üçün yaradıcı fəaliyyət təcrübəsi, yeni fəaliyyət formalarının axtarışı və formalaşdırılması, cəmiyyətin əldə etdiyi nailiyyətlərə hörmətlə yanaşma təcrübəsi – insanın fəaliyyət obyektləri və üsullarına, ətraf aləmə, digər insanlara və ümumiyyətlə, bəşəriyyətin əldə etdiyi maddi və mədəni sərvətlərə hörmətlə yanaşma, dəyərləndirmə üzrə təcrübədən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Bu müddəa Qaydaların 1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Göstərilənləri və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİ.1.2 maddəsini, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 27-ci paraqraflarını rəhbər tutaraq Ekspert Qrupu onun (iddiaçının) ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Bu səbəbdən iddiaçının adına verilmiş diplom üzrə ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1207/2019 saylı, 30.07.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2548/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1207/2019 nömrəli iş üzrə 30 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Ukraynanın Milli Nəqliyyat Universiteti tərəfindən ona verilmiş 11.07.2016-cı il tarixli B16 242017 nömrəli bakalavr diplomunun tanınması və nostrifikasiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-803/2020 saylı iş üzrə 09 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 dekabr tarixli 2-1(103)- 2548/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin Məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə, ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq ali məktəb tərəfindən iddiaçının adına verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərk etməsini; problemi analiz etmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və sair müəyyən etmək səlahiyyətinə malikdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı məhkəmənin 04.03.2021-ci il tarixli, 2-1(103)-121/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, cavabdehin imtina məktubundakı istinad istisna edilməklə, ekvivalentlik haqqında mənfi rəyi əks etdirən sənəd (material), həmin sənədin inzibati icraatda tədqiqinə və qiymətləndirilməsinə dair məlumat işdə yoxdur. Belə olan halda, cavabdehin yaratdığı ekspert qrupu tərəfindən Qaydaların 3.7-ci bəndində təsbit olunmuş, mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin yuxarıda istinad edilən normaların tələblərinə uyğun aparıldığı (ona verilmiş səlahiyyətlərdən inzibati orqanın düzgün istifadə etdiyi) məhkəmə araşdırmasının predmeti olmamışdır. Bu qənaət, həmçinin ondan irəli gəlir ki, işə əlavə edilməsinə baxmayaraq, iddiaçının rus dilini bilməsi səviyyəsinə dair mütəxəssis rəyinə məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Digər tərəfdən, Sazişin tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Sazişin şərtlərindən də göründüyü kimi, yoxlanılmalı olan iddiaçının bilik səviyyəsi deyil, onun aldığı təhsilin yalnız müddətinə və məzmununa dair tələblərin uyğunluğudur. Belə ki, Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir. Hazırkı işin hallarından görünür ki, İddiaçı Ukrayna Milli Nəqliyyat Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 11 iyul 2016-cı il tarixli B 16 242017 nömrəli diplom verilmişdir. Həmin diplom Ukraynanın səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, Nazirlikdə sənədləri araşdırılarkən onun ixtisasını mənimsəmək üçün tədris dilini bilməsi səviyyəsi qənaətbəxş olmamışdır. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ukraynanın səlahiyyətli orqanı İddiaçı Ukrayna Milli Nəqliyyat Universiteti tərəfindən verilmiş 11 iyul 2016-cı il tarixli B 16 242017 nömrəli diploma (təhsil sənədinə) apostil verməklə, həmin ölkədə diplomun qanuniliyini tanımışdır. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edildiyindən, cavabdeh iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 13 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Qaydaların 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydaların 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Qaydaların 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Qaydaların 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in (bundan sonra mətndə - Saziş) 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Sazişin 5-ci maddəsinə əsasən, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Sazişin 6-cı maddəsinə görə, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Sazişin tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Apellyasiya baxışı zamanı təqdim edilmiş 29.03.2018-ci il tarixli Unkraynanın Milli Nəqliyyat Universitetinin 2016-cı il tarixli məzunu İddiaçı təqdim etdiyi B16 242017 nömrəli, 11.07.2016-cı il tarixli qərarı ilə verilmiş diplom üzrə ixtisasın tanınmamasına dair ekspert rəyindən görünür ki, Ukraynanın Milli Nəqliyyat Universiteti tərəfindən İddiaçı adına verilmiş B16 242017 nömrəli, 11.07.2016-cı il tarixli ali təhsil haqqında sənəddə tədrisin müddəti 2012-2016-cı illər qeyd olunmaqla beynəlxalq iqtisadiyyat ixtisası üzrə təhsil aldığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır İddiaçı 29.03.2018-ci il tarixdə nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibəyə dəvət edilmişdir. Ekspert qrupu tərəfindən İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri və Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın 111.1 2 maddəsini (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələrin V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq Ukraynanın Milli Nəqliyyat Universiteti tərəfindən İddiaçı adına verilmiş B16 242017 nömrəli, 11.07.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Kollegiya qeyd edir ki, Sazişin 2-ci maddəsinə münasibətdə, habelə, Sazişin 5-ci maddəsində nəzərdə tutulan “təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə” müddəası nəzərə alınmaqla ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi məqsədi ilə həmin maddədə nəzərdə tutulmuş şərtlərin (təhsilin müddətinin və məzmunun) yoxlanılması üçün inzibati orqan tərəfindən ekspertizanın keçirilməsi imkanı mövcuddur. Lakin, bununla yanaşı qeyd olunmalıdır ki, «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Sazişin tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Sazişin şərtlərindən də göründüyü kimi, yoxlanılmalı olan iddiaçının bilik səviyyəsi deyil, onun aldığı təhsilin yalnız müddətinə və məzmununa dair tələblərin uyğunluğudur. Belə ki, Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir. Odur ki, cavabdeh inzibati orqanın iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmaması əsası ilə diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtinası qanunsuz olmuşdur. Bundan başqa, işdə olan Bakı Slavyan Universiteti Tərcümə və məzunların karyera inkişafı şöbəsi tərəfindən verilmiş Ukraynanın Milli Nəqliyyat Universitetində “beynəlxalq istisadiyyat” ixtisası üzrə ali təhsil almış İddiaçı rus dilini bilməsi səviyyəsinə dair mütəxəssis rəyində qeyd olunur ki, hər hansı xarici dili, o cümlədən rus dilini mənimsəməyin müxtəlif səviyyələri mövcuddur: reseptiv, reprodiktiv və produktiv. Reseptiv səviyyədə danışan şəxs yalnız xarici dildə nitqi dinləyib anlayır, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilmir. Reproduktiv səviyyədə danışan dinlədiyi (oxuduğu) mətnləri yenidən canlandırmaq bacarığına malikdir. Ona mətnlə bağlı verilən elementar sualları cavablandırır. Produktiv səviyyədə danışan şəxs nəinki xarici dildə danışanı dinləyib başa düşür, o ünsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə etmək bacarığına malik olur. Produktiv səviyyə isə özünü iki - yazılı və şifahi - formada büruzə verir. İddiaçı özü və ixtisası haqqında ona verilən ən müxtəlif suallara şifahi və yazılı formada cavab verir. Nitqində bəzən fonetik, orfoqrafik və qrammatik səhvlərə yol versə də, əsasən fikrini düzgün ifadə edir. İddiaçı rus dilində lüğət ehtiyatı xeyli zəngindir. “Beynəlxalq iqtisadiyyat” ixtisasına dair rus dilində verilən suallara məntiqi və dolğun cavabları onun bakalavr səviyyəsində yaxşı ali təhsil aldığına, rus dilində sərbəst surətdə dinləyib anlama, danışma, oxu və yazı bacarıqlarına malik olmasına əyani sübutdur. İddiaçı ixtisasına dair elmi və terminoloji söz və ifadələrdən istifadə etməyi bacarır, peşəyönümlü anlayışların izahını verə bilir, asanlıqla ünsiyyət qurur. Yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edirəm ki, İddiaçı rus dilini bilməsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən tələblərə tam cavab verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2-1(82)- 1207/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar