Məhkəmə qərarları › İş №2-1(103)-121/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-121/2022

12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-121/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş verginin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2448/2019 saylı 25 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş verginin qaytarılması üçün rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin şəxsi hesab vərəqəsinə əsasən onun 475 086,08 manat artıq ödəməsi mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 nömrəli, 2001-ci il tarixli qərarına əsasən, vergi ödəyicisi artıq ödəmənin qaytarılması üçün vergi orqanına ərizə ilə müraciət etməlidir. Ərizə vergi orqanına daxil olduqdan sonra vergi orqanı Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər, büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər. Bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Bundan sonra vergi orqanı tərəfindən rəy tərtib edilir və maliyyə orqanına göndərilir. Bununla əlaqədar olaraq vergi orqanına artıq ödəmənin qaytarılması ilə əlaqədar müraciət edildi. Müraciət zamanı təsdiq edilmiş forma ilə müraciət edilmişdi. Lakin vergi orqanı həmişəki kimi əsassız cavablarla artıq ödənilmiş vergini qaytarmaqdan imtina etdi. Halbuki, müraciət Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən edilmişdir. Lakin vergi orqanı heç bir əsas olmadan formal sözlərlə bu artıq ödəmənin qaytarılmasından imtina etdi. Nəticədə Vergi Məcəlləsinin 85-ci maddəsinin tələbləri pozulmuşdur. Halbuki, qaydalarda məktubda göstərilən əsaslarla ərizədən imtina edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazının əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan başqa, etirazda göstərilir ki, artıq ödəmə məbləğləri vergi ödəyicisinin ərizəsində qeyd etdiyi tarixlərdə deyil, müxtəlif vaxtlarda yaranmışdır. Vergi ödəyicisi tərəfindən 2015-ci il 08 dekabr tarixdə 2014-cü ilin oktyabr ayı üzrə 302094,72 manat azalma verilməklə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 2016-cı il 19 aprel tarixdə 2015-ci il üzrə cari mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi nəticəsində şəxsi hesab vərəqəsində 12803,18 manat (2014-cu il Vergi Məcəlləsinin 151.1-ci maddəyə əsasən hesablanmış avans məbləğləri 156.1-ci maddəyə əsasən haqqhesab edilməsinə görə) azalma getmişdir. 2016-cı il 18 avqust tarixdə təqdim edilmiş 2014-cü ilin noyabr ayı üzrə 247258,44 manat azalma verilməklə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 2016-cı il 20 dekabr tarixdə təqdim edilmiş 2015-ci ilin noyabr ayı üzrə 162299.88 manat azalma verilməklə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 2017-ci il 30 may tarixdə 2016-cı il üzrə cari mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi nəticəsində şəxsi hesab vərəqəsində 35438,6 manat (2015-ci il Vergi Məcəlləsinin 151.1-ci maddəyə əsasən hesablanmış avans məbləğləri 156.1-ci maddəyə əsasən haqq-hesab edilməsinə görə) azalma getmişdir. 2018-ci il 13 noyabr tarixdə 2015-ci ilin noyabr ayı üzrə 234000,00 manat azalma verilməklə yenidən dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 2019-cu il 24 yanvar tarixdə 2016-cı, 2017-ci illər üzrə təqdim edilmiş müvafiq olaraq dəqiqləşdirilmiş və cari mənfəət vergisi bəyannamələri təqdim edilməklə şəxsi hesab vərəqəsində 6699,0 manat azalma verilmişdir. 2019-cu il 24 yanvar tarixdə 2016-cı ilin mart və sentyabr ayları üzrə ümumilikdə 15334,74 manat azalma verilməklə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilmişdir. Göründüyü kimi, artıq ödəmə məbləğləri sadəcə ƏDV mükəlləfiyyəti üzrə yaranmamışdır. Ödəyici tərəfindən qeyd olunan məlumat ərizədə göstərilməmişdir. Göstərilən səbəblərdən ərizənin icrasından imtina olunmuş və bu barədə vergi ödəyicisinə məktub göndərilmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə ilk cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/19 saylı 25 sentyabr 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC tərəfindən 475.086,08 manat məbləğində artıq ödənilmiş verginin qaytarılması üçün rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadından cavabdeh və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən apelyasiya şikayətləri verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2570/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayətləri mümkün sayılmamışdır. Həmin qərardaddan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və Vergilər Nazirliyinin əsl cavabdeh olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmiş, AR Ali Məhkəməsinin 2-1(102)-295/2020 saylı 29 yanvar 2020-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2570/2019 saylı iş üzrə 24 oktyabr 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamış və şikayətinin qəbulundan imtina edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti və əlavə verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2448/2019 saylı 25 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1259/2020 saylı, 2020-cu il 20 oktyabr tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-342/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli, 2-1(103)-1259/2020 qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən ərizə düzgün doldurulmadığı üçün vergi ödəyicisinə **********821400 saylı məktubla ona məlumat verilmiş və yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qalxdıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Lakin ötən müddət ərzində iddiaçı tərəfindən artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş ərizə forması ilə Baş İdarəyə müraciət daxil olmamışdır. Belə ki, iddiaçı tərəfindən dürüstləşdirilmiş ərizə ilə Baş İdarəyə yenidən müraciət edilmədiyindən cavabdeh tərəfindən rəyin verilməsi mümkün olmamışdır. Bundan əlavə iddiaçının hazırda vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotda olduğunu və sonuncunun məhkəmələrdə cavabdeh qismində iştirak etmək vəzifə səlahiyyətlərinə malik olduğunu nəzərə alaraq məhkəmə mübahisəsi üzrə ilkin cavabdeh Lokal Gəlirlər Departamenti əsl cavabdeh kimi Vergilər Nazirliyi deyil, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməli və Vergilər Nazirliyinin iş üzrə cavabdeh qismində iştirakına xitam verilməlidir. Bundan əvvəl verilmiş, apellyasiya şikayətinə əlavə olaraq bildirirlər ki, vergi orqanı tərəfindən hazırda davam edən məhkəmə işi ilə bağlı aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının artıq ödədiyini iddia etdiyi 475.086,0 manatın böyük bir hissəsinin, yəni 455.057,96 manatının artıq ödənilmiş verginin qaytarılması barədə ərizənin təqdim edilməsi tarixindən yəni, xx.xx.2019-cu il tarixindən Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 5 illik tələb etmə müddəti ötürülmüşdür. Belə ki, “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizənin tarixindən (xx.xx.2019-cu il tarixdən) 5 il əvvələ, yəni xx.xx.2014-cü il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində yaranmış 22.329.620,61 manat artıq ödəmə məbləğinin əvəzləşmələrdən yarandığı müəyyən edilmişdir. Həmin artıq ödəmə məbləği ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan ümumi 21.874.562,65 manat hesablama məbləğinin fərqi nəticəsində isə 455.057,96 manat artıq ödəmə məbləği qalmışdır. Vergi ödəyicisinin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etməsi üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 5 illik müddətin axımı həmin məbləğlərin dövlət büdcəsinə ödənildiyi tarixdən hesablanır. Göstərilənlərə əsasən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixədək iddiaçı tərəfindən sonuncu ödəmə əməliyyatı xx.xx.2010-cu il tarixdə, sonuncu əvəzləşmə əməliyyatı isə 2012-ci ilin yanvar ayı üzrə aparıldığından ərizənin tarixinə, yəni xx.xx.2019-cu il tarixə 455.057,96 manat artıq ödəmə məbləğinin vergi ödəyici tərəfindən 6 illik tələb etmə müddəti ötürülmüşdür. xx.xx.2014-cü il tarixdən sonra isə cəmi 20.028,12 manat ödəniş həyata keçirildiyi (xx.xx.2015) üçün xx.xx.2019-cu il tarixə yalnız bu məbləğə münasibətdə Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 5 illik müddət keçməmişdir. Başqa sözlə, son 6-7 il ərzində iddiaçı dövlət büdcəsinə iddia etdiyi qədər ödənişin çox cüzi hissəsini ödəmiş və ümumiyyətlə əvəzləşmə aparmamışdır. Təsadüfi deyil ki, iddiaçının vergi orqanına təqdim etdiyi ərizəyə cavab olaraq vergi orqanı tərəfindən qanunvericiliyin tələbinə əsasən artıq ödənilmiş vergilərin ödənilmə tarixlərini qeyd etməklə vergi orqanına müraciət etməli olduğunu bildirməsinə baxmayaraq, vergi ödəyicisi uzun müddət dürüstləşmiş ərizənin vetirilməsindən yayınmışdır. Buna səbəb artıq ödənilmiş vergilərin real ödənilmə tarixlərinin əks etdiriləcəyi halda 5 illik tələb etmə müddətinin ötürülməsi faktının aşkar şəkildə üzə çıxması olmuşdur. Məhkəmə prosesi davam etdiyi müddətdə isə iddiaçı vergi orqanına artıq ödənilmiş verginin qaytarılması ilə bağlı dürüstləşmiş ərizəni təqdim etmək qərarına gəlmiş və xx.xx.2019-cu il tarixli ərizə ilə bu dəfə iddia ərizəsində göstərdiyindən daha az 445.000,0 manat verginin qaytarılmasını istəmişdir. Həmin ərizəyə nəzər saldıqda isə iddiaçının artıq ərizəyə saxta məlumatları daxil etməklə özünü ifşa etdiyi məlum olmuşdur. Belə ki, ərizədə iddiaçı guya xx.xx.2014-cü il tarixdə 60.000,0, xx.xx.2015-ci ildə 375.000,0 manat və xx.xx.2016-cı ildə 10.000,0 manat ödənilmiş ƏDV-nin əvəzləşdirməsindən yaranan, cəmi 445.000,0 manat artıq ödənilmiş verginin qaytarılmasını istəmişdir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, iddiaçının büdcəyə ödədiyi ƏDV-nin sonuncu dəfə əvəzləşdirilməsi halı 2012-ci ilin yanvar ayında baş vermişdir. Başqa sözlə desək iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsində qeyd etdiyi məlumatların hamısının saxta olduğu aydın olmuşdur. Əgər vergi ödəyicisi bu məlumatların saxta olmadığını iddia edirsə o zaman qeyd olunan məbləğdə ƏDV-nin büdcəyə ödənildiyini təsdiq edən sənədləri məhkəməyə və vergi orqanına təqdim etməlidir. Sözsüz ki, belə bir sənədlər yoxdur, ona görə ki, iddiaçının apardığı sonuncu əvəzləşmə şikayətə əlavə olunan cədvəldən də göründüyü kimi, 2012-ci ilin yanvar ayına təsadüf edir. Məhkəmənin nəzərində iddiaçının şəxsi vərəqəsində xx.xx.2014-xx.xx.2019cu il tarixləri arasında əks olunan azalma əməliyyatlarının əvəzləşmə olub-olmaması şübhəsinin yaranmaması məqsədilə bildirmək istəyirik ki, həmin əməliyyatların iddiaçı tərəfindən həyata keçirilmiş əvəzləşmələrlə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin dövr çərçivəsində olan 2014-cü ilin oktyabr ayında şəxsi hesab vərəqəsində azalma əməliyyatının əks olunmasının səbəbi iddiaçı tərəfindən əvvəlcə ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyəni 1.822.170,0 manat göstərməklə büdcəyə 327.990,6 manat ƏDV hesablaması, daha sonra isə xx.xx.2015-ci il tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilməklə vergiyə cəlb olunan dövriyyənin 43.866,0 müəyyən olunaraq 25.895,88 manat ƏDV-nin hesablanması ilə bağlı olmuşdur. Göründüyü kimi şəxsi hesab vərəqəsində “azalma” əməliyyatı (xx.xx.2015) adı altında 302.094,72 manat (327.990,60 — 25.895,88) əks olunmuşdur. Eyni zamanda, şəxsi hesab vərəqəsində xx.xx.2016, xx.xx.2016, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə azalma əməliyyatlarının əks olunmasının səbəbləri də eynidir. Yəni əvvəlcə iddiaçı ƏDV bəyannaməsi təqdim edərək vergitutulan dövriyyəni yüksək göstərmiş daha sonra dəqiqləşmiş bəyannamə təqdim edərək dövriyyəni azaltmışdır. Qeyd olunan əməliyyatların ƏDV əvəzləşməsi, yaxud 2012-ci ilin yanvar ayından əvvəlki tarixlərdə ödənilmiş ƏDV məbləğləri ilə heç bir əlaqəsi yoxdur. Beləliklə, iddia tələbi mümkünsüz olmaqla bərabər, mahiyyəti üzrə də əsassızdır. Belə ki, vergi ödəyicisi tərəfindən geri ödənilməsi tələb olunan 475.086,0 manat verginin 455.057,96 manat hissənin yaranma tarixi 2012-ci ilin yanvar ayı və ondan əvvəlki tarixləri əhatə etdiyindən, təqdim edilmiş ərizənin tarixinə, yəni xx.xx.2019-cu il tarixinə qədər Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 5 illik müddətin axımı sona çatmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, 475.086,08 manat artıq ödəmə dəqiqləşdirilmiş hesabatların əvəzinə yaranıb. Dövlət büdcəsinə ödənmiş məbləğ yoxdur. Artıq ödəmənin yaranma səbəbi bəyannamələrdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Ali Məhkəmə işi yeni apellyasiya baxışına qaytararkən qərarında qeyd etmişdir ki, hazırkı mübahisə üzrə işə aşağı instansiya məhkəmələrində baxılarkən 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/19 saylı, 2019-cu il 30 avqust tarixli qərardadı ilə ilk cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmiş, həmin qərardaddan verilmiş şikayətlər barəsində şikayət verilən qərardadın müstəqil qaydada mübahisələndirilməsinə yol verilməməsi səbəbi ilə mümkün sayılmamışdır. Lakin qeyd olunan nəticə həmin qərardadın iş üzrə yekun qərarla birgə mübahisələndirməsi imkanını aradan qaldırmır (İPM-in 83.4-cü maddəsi). Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərardadındakı əsaslara istinad etsə də, cavabdehin həmin əsaslarla bağlı dəlillərinə münasibət bildirməmiş, iddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olduğu və məhkəməyədək icraat zamanı ərizə ilə müraciət etdiyi “Bakı şəhəri Lokal Gəlirlər Departamenti”nin və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna aid edilmiş “Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi”nin fəaliyyətlərini tənzimləyən normativ sənədləri onlara həvalə edilmiş funksiya və səlahiyyətlər baxımından təhlil etməmiş, iddiaçının vergi ödəyicisi kimi həmin statusdan irəli gələn hüquqi əlaqəsinin bilavasitə “Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi” ilə bağlılığını, buradan, yenidən təşkil olunmuş məhz həmin orqanın əsl cavabdeh kimi yaxud hüquq varisliyi qaydasında (hazırkı mübahisə üzrə icraatın varisliyin baş verməsindən əvvəl və ya sonra başlanmasından asılı olaraq) cəlb edilməsinin hüquqi əsaslarını yoxlamamışdır. Halbuki, apellyasiya instansiyası məhkəməsi məhz Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəmə icraatında iştirakını təmin etmiş, həmin İdarə məhkəmə iclasında nümayəndəsi vasitəsi ilə təmsil olunmuş, nümayəndə izahat vermiş, məhkəmə çıxışlarında iştirak etmişdir. Lakin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl tərəf kimi və ya hüquq varisliyi qaydasında icraata cəlb edilməsi imkanına dair məsələ (apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq) müzakirə olunmamışdır. Eyni ilə, hüquq varisliyi ilə bağlı məsələ, artıq birinci instansiya məhkəməsində icraat zamanı əsl cavabdeh kimi icraata cəlb edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinə münasibətdə də həll edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddia olunan öhdəliyin icrasını cavabdeh qismində cəlb etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin üzərinə qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etməzdən əvvəl, ilk növbədə nəzərə almalı idi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu təsdiq edilmiş, həmin struktura Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi” təsdiq edilmiş, Fərmanın 4-cü hissəsinin 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikası Vergilər Nazirliyinin hüquqi varisi müəyyən edilmiş, onun bütün hüquq və öhdəliklərinin, habelə əmlakının həmin dövlət xidmətinə keçdiyi təsbit olunmuşdur (Fərman 2020-ci il 14 may tarixdə qüvvəyə minmişdir). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Göründüyü kimi, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən birinci instansiya məhkəməsinin cavabdeh kimi tanıdığı inzibati orqan yenidən təşkil olunmuş, yenidən təşkil olunan qurum əvvəlkinin hüquqi varisi müəyyən edilmiş, onun hüquq və öhdəlikləri yeni quruma keçmişdir. Məhz qeyd olunanları nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi prosessual hüquq varisliyinə dair məsələni ilk növbədə həll etməli idi. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi, əsl cavabdeh olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib və tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb və iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməlidir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı MMC-yə artıq ödənilmiş məbləğin geri qaytarılması barədə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli məktublarına cavab olaraq ünvanlandığı məktubda qeyd edilmişdir ki, Sizin artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətlərinizə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmışdır. Bildiririk ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Bildiririk ki, Siz xx.xx.2019-cu il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” Ərizə ilə müraciət edərək 475086,08 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdiniz. Müraciətinizə baxılarkən tərəfinizdən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin və yaranma səbəbinin düzgün əks etdirilmədiyi, ödənilmə tarixinin qeyd edilmədiyi aşkar edilmişdir. Eyni zamanda bildiririk ki, müvafiq ərizədə bank məlumatlarının tam göstərilmədiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyiniz təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciət etmiş, cavabdeh orqan isə müraciətə baxılarkən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin və yaranma səbəbinin düzgün əks etdirilmədiyini, ödənilmə tarixinin qeyd edilmədiyini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, bilavasitə iddia tələbinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi, burada da iddianın mümkünlük şərtləri ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir (İPM-in 87.8-ci maddəsi). Bundan başqa, Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 85.5-ci maddəsinin tələbindən göründüyü kimi, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı tərəfindən artıq ödəməsinin olduğunu aşkar təkzib edən etirazlarının olmadığı, lakin istinad edilən həmin norma ilə tələb etmək hüququna dair dəqiq müddətlərin müəyyən edildiyi, cavabdehin isə, digər əsaslarla yanaşı, həm də qanunun müddətlə bağlı şərtinə istinad etdiyi nəzərə alındıqda, məhkəmə həmin müddətlərin axımının başlanğıcını iddia olunan ümumi məbləğin tərkib hissələrinin hər birinə münasibətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada müəyyən etməli, qiymətləndirməli idi. Hazırkı işdə bu, baş verməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, iddiaçının hərəkətsizliyi səbəbindən vergi orqanı qanunvericiliklə müəyyən edilmiş hərəkətləri edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanununun 15.1-ci maddəsinə görə Qanunla məcburi şərt nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən, inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Bununla əlaqədar, kollegiya qeyd edir ki, cavabdeh imtinasını “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində göstərilən normaların tələbinə uyğun əsaslandıra bilməmiş, formal mülahizələrə istinad etmişdir. İşin mahiyyətinə gəldikdə isə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 15.1 və 15.1.4-cü maddələrinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 24.0 və 24.0.10-cu maddələrinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludular. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda “vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar” dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Qaydaların 2-ci bəndinə əsasən vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Qaydaların 3.1 və 3.2-ci bəndlərinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Qaydaların 7.1-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasının təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyalarının qalan məbləğləri, vergi ödəyicisinin vergi, faiz, maliyyə sanksiyası və inzibati cərimə üzrə borcu və sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi barədə razılığı olmadıqda, vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarına müvafiq olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinə qaytarılır. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı tərəfindən sonuncu dəfə xx.xx.2015-ci il tarixdə 20.028,12 manat ödəniş olunmuş, xx.xx.2015-ci il tarixdə 302.094,72 manat, xx.xx.2016-cı il tarixdə 247.258,44 manat, xx.xx.2016-cı il tarixdə 162.299,88 manat, xx.xx.2018-ci il tarixdə 234.000,00 manat, xx.xx.2019-cu il tarixdə 11,889,54 manat azalma göstərilmiş, xx.xx.2019-cu il üçün 475.086,08 manat artıq ödəmə əks olunmuşdur. Məhkəmə prosesi davam etdiyi müddətdə isə iddiaçı vergi orqanına artıq ödənilmiş verginin qaytarılması ilə bağlı dürüstləşmiş ərizə təqdim edərək 2019-cu il 26 sentyabr tarixli ərizədə göstərdiyindən daha az 445.000,0 manat artıq ödənilmiş məbləğin qaytarılmasını istəmişdir. İddiaçı 2014-cü il 22 dekabr tarixdə 60.000,0, 2015-ci il 21 dekabr tarixdə 375.000,0 manat və 2016-cı il 20 aprel tarixdə 10.000,0 manat ödənilmiş ƏDV-nin əvəzləşdirməsindən yaranan, cəmi 445.000,0 manat artıq ödənilmiş verginin qaytarılmasını istəmişdir. Şəxsi hesab vərəqəsində xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə azalma əməliyyatlarının əks olunmasının səbəbi vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr olmuş, vergi orqanı tərəfindən heç bir azalma aparılmamışdır. Kollegiya, cavabdehin dəlilləri ilə razılaşaraq qeyd edir ki, xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasında əks olunan azalma əməliyyatlarının iddiaçı tərəfindən həyata keçirilmiş əvəzləşmələrlə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin dövr çərçivəsində olan 2014-cü ilin oktyabr ayında şəxsi hesab vərəqəsində azalma əməliyyatının əks olunmasının səbəbi iddiaçı tərəfindən əvvəlcə ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyəni 1.822.170,0 manat göstərməklə büdcəyə 327.990,6 manat ƏDV hesablaması, daha sonra isə xx.xx.2015-ci il tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilməklə vergiyə cəlb olunan dövriyyənin 43.866,0 müəyyən olunaraq 25.895,88 manat ƏDV-nin hesablanması ilə bağlı olmuşdur. Göründüyü kimi şəxsi hesab vərəqəsində “azalma” əməliyyatı (xx.xx.2015) adı altında 302.094,72 manat (327.990,60 — 25.895,88) əks olunmuşdur. Eyni zamanda, şəxsi hesab vərəqəsində xx.xx.2016, xx.xx.2016, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə azalma əməliyyatlarının əks olunmasının səbəbləri də eynidir. Yəni əvvəlcə iddiaçı ƏDV bəyannaməsi təqdim edərək vergitutulan dövriyyəni yüksək göstərmiş daha sonra dəqiqləşmiş bəyannamə təqdim edərək dövriyyəni azaltmışdır. Qeyd olunan əməliyyatların ƏDV əvəzləşməsi, yaxud 2012-ci ilin yanvar ayından əvvəlki tarixlərdə ödənilmiş ƏDV məbləğləri ilə heç bir əlaqəsi olmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçı 475 086,08 manat məbləğində artıq ödəniş etdiyini təsdiq edən sənədləri məhkəməyə və ya vergi orqanına təqdim etməmişdir. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2448/2019 saylı 25 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2448/2019 saylı 25 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar