Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-121/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə qarşı “avtovağzal kompleksinin pasportunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-8093/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə qarşı “avtovağzal kompleksinin pasportunun verilməsinə icazə verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-yə Beyləqan rayonunda avtovağzal fəaliyyəti göstərilməsi üçün avtovağzal kompleksinə pasport verilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonunda fəaliyyət göstərmiş avtovağzal 2000-ci ildə iddiaçıya məxsus olan "xxxx" MMC tərəfindən özəlləşdirilmişdir. AR Nəqliyyat Nazirliyinin Apellyasiya Şurasının 31 oktyabr 2016-cı il tarixli 3/Q-AŞ nömrəli qərarına əsasən qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlər görüldükdən sonra avtovağzal kompleksinə icazə verilməsi məsələsinə baxıla biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq avtovağzal kompleksi təmir edilmişdir. Bütün bunlara əsasən iddiaçının rəhbərlik etdiyi "xxxx" MMC-yə Beyləqan rayonunda Avtovağzal fəaliyyəti göstərilməsi üçün avtovağzal kompleksinə pasport verilməsinə icazə verilməsi ilə bağlı cavabdeh Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etmişdir. Cavabdeh orqanın 26 may 2021-ci il tarixli 104- 0105/62-21 nömrəli imtina cavabı verilmişdir. Lakin sözügedən imtina əsassız hesab edilir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərara alınmışdır. Məhkəmə iş üzrə iddiaçı X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz etmişdir. Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin məhkəməyə ünvanlanmış 13 avqust 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - X1 iddiası qanunsuz və əsassızdır. Belə ki, "xxxx" MMC-nin rəhbəri X5 17 may 2021-ci il tarixdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edərək 2000-ci ildə MMC tərəfindən özəlləşdirilmiş və Beyləqan rayonunda fəaliyyət göstərmiş avtovağzal kompleksinə fəaliyyət göstərməsi üçün pasport verilməsini xahiş etmişdir. Məlumat üçün qeyd olunur ki, mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq avtovağzallara (avtostansiyalara) dair tələblər, onların fəaliyyətinin əsasları və xüsusiyyətləri, funksiyaları və vəzifələri, iş rejimi və texnoloji iş prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2009-cu il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə” ilə müəyyən edilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə uyğun olaraq, avtovağzalı (avtostansiyanı) təşkil edən təsərrüfat subyekti pasport almaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə bu Əsasnamənin 1 nömrəli əlavəsinə uyğun formada ərizə təqdim etməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: hüquqi şəxs üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, avtovağzalın planı, xidməti otaqların planları, minik meydançalarının ümumi planı, avtovağzalın qısa xarakteristikası (2 nömrəli əlavəyə uyğun formada), dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. İddiaçı tərəfindən avtovağzala pasport verilməsi üçün müraciət qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamış, eləcə də digər sənədlər təqdim edilməmişdir. İddiaçıya göndərilmiş cavab məktubunda "xxxx" MMC tərəfindən avtovağzal xidmətinin göstərilməsi üçün avtovağzalın fəaliyyətinin “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkil edilməsi, sərnişinlərə lazımi səviyyədə avtovağzal xidmətlərinin göstərilməsinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi və müvafiq sənədlərin təqdim edilməsi tövsiyə olunmuşdur. Eyni zamanda, "xxxx" MMC tərəfindən sözügedən avtovağzal kompleksi özəlləşdirildikdən sonra təyinatı üzrə istifadə edilməmiş, şadlıq evi kimi fəaliyyət göstərmişdir. 2011-ci il 14 fevral tarixli 16/Ü nömrəli əmrlə təsdiq edilmiş “Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaq doldurma məntəqələrinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirməklə yenidən qurulmasına rəyin verilməsi Qaydası” avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına rəy verilməsi qaydalarını müəyyən edir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa və adıçəkilən Qaydaya görə ərizəçi rəyin alınması üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etməli, ərizədə hüquqi şəxsin adını və hüquqi ünvanını dəqiq göstərməklə aşağıdakı sənədləri əlavə etməlidir: hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti, ərizədə qeyd olunan obyektə ərizəçinin mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti, habelə olduğu təqdirdə müvafiq dövlət orqanları ilə razılaşdırmalarının surətləri və obyekt üzrə digər texniki (eskizlər, sxemlər, çertyojlar) sənədlər. Yuxarıda qeyd olunan Qaydanın 3.4.2-ci yarımbəndinə uyğun olaraq, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması nəqliyyat xidmətləri istehlakçılarının tələbatlarını ödəmək qabiliyyətinə malik olmadıqda, Xidmət rəyin verilməsindən imtina edə bilər. Avtovağzal kompleksinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində olan fotoşəkillərinə (məhkəmə iclasında təqdim olunacaqdır) əsasən bildirilir ki, sözügedən avtovağzal kompleksi “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə 4 nömrəli əlavə – “Avtovağzalların (avtostansiyaların) kateqoriyalarının müəyyən edilməsi Meyarı”na cavab vermir (əl yüklərinin saxlama kamerası, bufet, tibbi yardım məntəqəsi, sərnişinlərin minməsi və düşməsi üçün perronlar və avtobusun salonunun təmizlənməsi postları yoxdur). Bununla yanaşı qeyd olunur ki, Beyləqan rayonunda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq pasport almış ikinci kateqoriya avtostansiyanın fəaliyyət göstərdiyini və Beyləqan rayonu əhalisinin respublikanın digər rayon və şəhərləri ilə gedişgəlişinin az olduğunu nəzərə alaraq, Beyləqan rayonu ərazisində avtovağzalın yaradılması məqsədəuyğun hesab olunmur. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-8093/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı oğlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti ləğv edilmiş, ləğvetmə komissiyası yaradılmışdır. AR Prezidentinin 1463 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi yaradılmışdır. Lakin, həmin hüquqi şəxsin varisi deyillər, onlara yalnız balansı (daşınmaz əmlak və avadanlıqları) keçmişdir. Orqana rəsmi müraciət olunmalı, imtina aldıqdan sonra məhkəmədə iddia tələbi ilə çıxış etməlidir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)- 8093/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr digər hallarla yanaşı, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını da yoxlamalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, hər bir inzibati iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Lakin hazırkı iddianın mümkün sayılması üçün tələbin buna cavab verməli olan inzibati orqana yönəldilməsi və iddiaçının hüquqlarının pozulmasının əsaslandırılması şərtlərinə iş üzrə əməl olunmur. Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim- Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır. Fərmanın 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci bəndlərini rəhbər tutaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Ə-23/22 nömrəli 24 oktyabr 2022ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaradılması ilə əlaqədar zəruri işlərin görülməsi ilə bağlı komissiya yaradılmışdır. Apellyasiya baxışı zamanı təqdim edilmiş 15 dekabr 2022-ci il tarixli təhvil-qəbul aktlarından görünür ki, Dövlət Avtomobil Nəqliyyat Xidməti ilə X4 arasında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin balansında olan daşınmaz əmlakın, avtonəqliyyat vasitələrinin, avadanlıq, hesablama texnikası və ofis ləvazimatlarının təhvil-təslimi aparılmışdır. Göründüyü kimi Dövlət Avtomobil Nəqliyyat Xidmətinin yalnız əmlakı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına keçirilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia ona cavab verməli olmayan orqana qarşı qaldırıldığına görə inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə xx.xx.2023-cü il tarixdə ərizə ilə hazırkı tələb ilə bağlı müraciət etmiş, lakin müraciətinin təmin edilməsi və ya imtina olunması barədə hər hansı cavab verilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya hüquqi yardım edilməsinə zərurət mövcud deyil. Belə ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməsi nəticə etibarilə yenə də, iddianın mümkünsüzlüyünə səbəb olacaqdır. Çünki, hazırkı iddia, öhdəliyin icrası haqqında iddiadır və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və müraciətinin təmin edilməsindən imtina edilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-8093/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-8093/2021 saylı qərarı ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə qarşı “avtovağzal kompleksinin pasportunun verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-121/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-121/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver