Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1210/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Xüsusi şərtlərlə təyinat idarəsinin vəkili X1 iştirakı ilə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1911/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilinə görə, iddiaçının eyni iddiası Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1229/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2239/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-821/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət birinci instansiya məhkəməsinin qərarının ləğvi hissədə əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bindan sonra - MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 6. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya iddiaçının iddiadan imtina etməsi, yaxud tərəflərin barışıq sazişinin təsdiq olunması, habelə cavabdehin iddianı qəbul etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında qərardadı olmamalıdır (İPM-2.2.2, 15.2, 33.1, 35.1, 78). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Lakin məcburetmə haqqında hazırkı iddianın qeyd edilən mümkünlük şərtlərindən altıncısına iş üzrə əməl olunmur. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2- 1(103)-1229/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh AR ƏƏSMN DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3319/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdehə qarşı 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın eyni iş üzrə xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçının vəkili Rafiq Alışovun kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilmiş, iddiaçının Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1229/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarından kassasiya şikayəti ilə bağlı icraata xitam verilmiş, qərardad iddiaçının vəkilinə təqdim olunmuşdur. İPM-in 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Həmin Məcəllənin 94.1-ci maddəsinə görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Bununla da, Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1229/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı 2018-ci ildə qanuni qüvvəyə minmişdir. İPM-in 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Eyni Məcəllənin 1.2-ci maddəsindən göndərişlə MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İPM-in 54.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Güzəştli şərtlərlə əmək pensiyasının 45 və ya 50 yaxud 52 yaşdan təyin edilməsinin iddia tələbinin həcminə daxil olması, iddia tələbinin həcminin artırılıb-azaldılmasının isə qanunvericiliklə iddianın əsasının və ya predmetinin dəyişdirilməsinə, yəni iddianın əsasına və ya predmetinə aid edilməyən müstəqil prosessual institut kimi tənzimlənməsi və MPM-in 261.0.2-ci maddəsində yalnız “tərəflər-predmet-əsaslar”dan bəhs olunması nəzərə alınmaqla, Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1229/2018 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarı ilə həll edilən mübahisənin tərəfləri - İddiaçı, cavabdeh DSMF-nin əvvəlcə Nərimanov rayon şöbəsi, daha sonra sonuncunun hüquqi varisi DSMF Xüsusi şərtlərlə təyinat idarəsi, predmeti - güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi və əsasları - 1977-2003-cü illərdə 25 il 8 ay ümumi staj və 1977-1989-cu illərdə 10 il 8 ay xüsusi staj toplaması - ilə, hazırkı işin tərəfləri, predmeti və əsasları eynidir. Bundan əlavə, işdə olan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 410/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarının da tərəfləri - İddiaçı, cavabdeh DSMF Nərimanov rayon şöbəsi, predmeti - güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi və əsasları - 1977-2003-cü illərdə 25 il 8 ay ümumi staj və 1977-1989-cu illərdə 10 il 8 ay xüsusi staj toplaması eynidir və bu dəfə 45 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbi rədd edilən iddiaçının vəkili R.Alışov məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddia tərəfi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından da apellyasiya şikayəti verməmişdir. Beləliklə də, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı artıq mövcud olduğundan, iddiaçının eyni iddiasına yenidən baxıla bilməz və həmin iddia bu səbəbdən mümkün sayılmamalıdır. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini qəbul edir və şikayətlə qərarın ləğvi hissədə qismən razılaşır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli (İPM-87.6), iddia mümkün sayılmamalı (İPM-35.1), apellyasiya şikayəti qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1911/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1210/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1210/2020
27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver