Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1210/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X17 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiаçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-8516/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 29 saylı arxiv arayışında göstərilən 1983- 1986-cı illərə dair sığorta stajının və Azərbaycan SSR X24 Təhsili Komitəsinin Qazax rayonundaki 156 saylı Texniki Peşə Məktəbi tərəfindən ona verilmiş diplom üzrə 01 sentyabr 1981-ci il tarixdən 22 iyul 1982-ci il tarixədək müddətin ona sığorta stajı kimi hesablanması və sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin DSMF 20 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi 57 yaşından əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur və həmin kənddə boya başa çatmışdlr. Orta məktəbi bitirdikdən sonra Texniki peşə məktəbinə daxil olub 22 iyul 1982-ci ildə həmin peşə məktəbini bitirərək, “Şərab və şirənin ilk emalı üzrə usta” ixtisası üzrə diplom almışdır. Daha sonra 1983-cü ilin fevral ayından onların kəndində fəaliyyət göstərmiş Sovet Azərbaycan Sovxozunun şərab məntəqəsinə laborant işinə qəbul olunmuşdur. 20 oktyabr 1986-cı ildə ailə qurmağı ilə bağlı öz ərizəsinə əsasən işdən azad olunmuşdur. O, işdən azad olunanda sovxoz tərəfindən ona əmək kitabçası verilməmişdir. Ailə qurandan sonra soyadını dəyişib ərinin soyadını, yəni Məmmədovanı götürmüşdür. Ailə qurduqdan sonra o, 23 iyul 1994-cü ildən N saylı hərbi hissədə işə girmiş və xx.xx.2006-cı ildə işdən azad olunmuşdur. xx.xx.2006-cı ildə Yuxarı Əskipara sovxozunda fəhlə işinə götürülmüşdur, xx.xx.2007-ci ildə fəhləlikdən azad olunmuş və xx.xx.2007-ci ildə yenidən N saylı hərbi hissədə yataqxana rəisi vəzifəsinə işə götürülmüşdür və həmin hərbi hissədə müxtəlif vəzifələrdə işləmişdir. Nəhayət xx.xx.2008-ci il tarixdə öz ərizəsi ilə əsasən işdən azad olunmuşdur. Onun birgə nikahından 15 dekabr 1987-ci ildə Söhrab və 02 yanvar 1990-cı ildə isə Samir adlı iki uşağı olmuşdur. Onlardan Samir adlı uşağı anadangəlmə “Beyin ödəmi uşaq serebral iflici” olduğuna görə 1994-cü ildən ona “uşaqlıqdan əlillik” səbəbi ilə birinci qrup əlillik təyin edilmişdir. O uşağın ana olaraq bütün əziyyətlərini çəkmişdir, daima müalicəsini təşkil etmişdir. Samir 20 may 2002-ci ildə həmin xəstəlikdən ölmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə görə sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququ var. O da sağlamlıq imkanları məhdud (uşaqlıqdan əlil) uşağı Samiri 8 yaşınadək tərbiyə etdiyi və adıçəkilən Qanunun 8.2-ci maddəsinə görə yaşa görə əmək pensiyası hüququ olduğu üçün pensiya təyin edilməsi məqsədi ilə lazım olan sənədləri toplayıb DSMF PHŞ 20 saylı Regional Filialına təqdim etmişdir. Ona pensiya təyin edilməsindən imtina edilərək, DSMF-nin Mərkəz filialının xx.xx.2021-ci il tarixli, **********1 saylı məktubu ilə izah ediblər ki, əmək kitabçasına və əyani təsil haqqında diplomuna əsasən ümumi sığorta stajı xx.xx.2006-cı il tarixədək 12 il olmaqla tələb olunan müddətdən (25 ildən) az və xx.xx.2006-cı il tarixdən etibarən fərdi hesabı sığorta hissəsində toplanmış pensiya kapitalı 9196.94 manat olmaqla tələb olunan 28800 manatdan az olduğu üçün ona sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Onlar bu nəticəyə gələrkən onun qanunvericiliyə zidd olaraq 1981-1982-ci illərdə Texniki peşə məktəbində təhsil aldığı dövrü və 1983-1986-cı illərə dair arxiv arayışında göstərilən sığorta stajını nəzərə almayıblar. Halbuki, onun işlədiyi vaxt qüvvədə olmuş Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinin ikinci abzasına görə əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmçinin həmin Əsasnamənin 8-ci bəndinə uyğun olaraq ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatiarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Onlar nəzərə alındıqda onun ümumi sığorta stajı 25 ildən yuxarı olur. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun”) 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1) qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başcısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı; 2) uşağın 18 yasınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı; 3) uşağın doğum haqqında şəhadətnaməsinin surəti tələb olunur. İddiaçı vəziyyətində isə onun mərhum övladı X3 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı, həmçinin iddiaçının Samir Məmmədovu 8 yaşınadək tərbiyə etməsi barədə akt SÖTMF-ə təqdim edilməmişdir. Digər tərəfdən qeyd edilən sənədlər SÖTMF-ə təqdim edilmiş olsaydı belə, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfındən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmis qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçı vəziyyətində isə onun ərizəsində qeyd etdiyi Qazax rayon Dəmirçilər kənd “Sovet Azərbaycan” sovxozunda işləməsi əmək kitabçasında qeyd edilmir. Buna görə də həmin dövrün sığorta stajı kimi qəbul edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanların nəzərə alınması və iddia tələlbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-8516/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçının sosial sığorta stajı 25 ildən az, yəni 24 il 1 ay 18 gün təşkil edir. İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinaya dair cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakı qaydada qiymətləndirilmənin aparılmasını zəruri hesab edir: Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, xx.xx.1981-ci ildə Azərbaycan SSR Qazax rayonu 156 №-li Texniki Məktəbə daxil olmuş və xx.xx.1982-ci ildə şərab və şirənin ilk emalı üzrə usta peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilədək N saylı hərbi hissədə gözətçi, yataqxanada növbətçi, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək N saylı hərbi şəhərcikdə növbətçi, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər Qazax rayonu, X13 fəhlə, xx.xx.2007ci ildən xx.xx.2018-ci ildən N saylı hərbi hissənin N saylı hərbi şəhərciliyində komendant vəzifələrində işləmişdir. Qazax rayonu, Alpoud kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş İİİ-ЖГ 379984 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X10 arasında xx.xx.1964-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadları verilmişdir. Qazax rayonu, Alpoud kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş Xİİ-ЖГ 281435 №-li doğum haqqında şəhadətnamədən görünür ki, atası X9, anası isə İddiaçı olan X6 xx.xx.1987-ci ildə Qazax rayonu, Fərəhli kəndində doğulmuşdur. Rusiya Federasiyası Xabarovski vilayəti, Xabarovski şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş İİİ-ДВ 483848 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X9, anası isə İddiaçı X11 xx.xx.1990-cı ildə Xabarovski şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax X1 Uşaq Xəstəxanası tərəfindən verilmiş 21 №-li, xx.xx.2018-ci il tarixli xəstənin ambulator, stasionar və Xəstəlik tarixindən çıxarışından görünür ki, X14 xx.xx.1990-cı ildə anadan olmuşdur. Anadangəlmə diaqnozu “beyin ödemi, uşaq serebral iflici” ilə dispanser müşahidədə olmuşdur. Dəfələrlə uşaq nevroloji x/t-da müalicə olmuşdur. 1994-cü ildən təqaüd təyin olunmuşdur. İ dərəcəli əlillik təqaüdü. xx.xx.2002-ci ildə vəfat etmişdir və təqaüd dayandırılmışdır. Qazax Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 1508 №-li, xx.xx.2000-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 uşaqlıqdan birinci dərəcəli əlildir. Qazax şəhəri VVADQ Şöbəsi tərəfindən verilmiş AZ 136890 №-li, xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin 29 №-li, xx.xx.2018-ci il tarixli arxiv arayışından və həmin tarixli məktubundan görünür ki, Əsgərova (Məmmədova) X15 rayon Dövlət Arxivində 43 saylı fondda mühafizə edilən Sovet Azərbaycanı sovxozunun əmr kitablarında xx.xx.1985-ci il tarixlı, 74/2 saylı əmri ilə fəhlə komitəsinin qərarı ilə kadr inspektorunun səhlənkarlıgı nəticəsində 1981-ci ildə sovxozun Ülkməzli şöbəsində fəaliyyət göstərməyinə baxmayaraq yalnız 1985-ci ildə 74/2 saylı əmr ilə fəhlə qəbul edilməyi göstərilmiş və yerli həmkarlar ittifaqının qərarı ilə onun iş stajı 1981-ci ildən qeydə alınmışdır. 1985-ci il 74/4 saylı əmr ilə Sovet Azərbaycanı sovxozunun şərab məntəqəsinə laborant təyin olunmuşdur Qazax rayon ASB-nın 274 saylı əmri ilə və sovxozun xx.xx.1985-ci il tarixli, 108 saylı əmri ilə yeni yaradılmış 1 saylı üzüm emalı zavoduna fəhlə keçirilmişdir. Qazax rayon Dövlət Arxivində 159 saylı fondda mühafizə edilən 1 saylı üzüm emalı zavodunun əmr kitablarında xx.xx.1986-cı il tarixli 03 saylı əmri ilə 1 saylı üzüm emalı zavodunun Dəmirçilər şöbəsinə fəhlə keçirilmişdir. xx.xx.1986-cı il tarixli, 18/2 saylı əmri ilə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Onun 1981-1986-cı illərdə aldığı əmək haqqı aşağıdakı qaydadadır: 1982-ci ildə oktyabr ayında, 1983-cü ildə yanvar-ferval, aprel-iyun, avqust-noyabr, 1985-ci ildə iyul-noyabr, 1986-cı ildə isə yanvar-avqust aylarında. Qazax rayon İcra Hakimiyyəti Başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11-21/718 №-li, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsinə əsasən ünvan 1 ünvanında qeydiyyatdadır, mərhum oğlu əlil X5 özü doğub, 8 yaşadək özü tərbiyyə etmişdir. Qazax rayon İcra Hakimiyyəti Başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş11-21/736 №-li, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsinə əsasən ünvan 1 ünvanında qeydiyyatdadır. Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci il tarixli, 368 №li və xx.xx.2021-ci il tarixli, 410 №-li məktublarına əlavə edilmiş əmrlərin surətlərindən görünür ki, Qazax rayonu Sovet Azərbaycanı sovxozunun xx.xx.1985-ci il tarixli, 74/2 saylı əmrindən çıxarışa görə Məmmədova (Əsgərova) Tamella Məci qızının xx.xx.1985-ci il tarixli ərizəsi və fəhlə həmkarlar komitəsinin qərarı ilə xx.xx.1981-ci il tarixdən işləməsi nəzərə alınıb Ürkməzli şöbəsinə fəhlə qəbul edilmişdir. Qazax rayonu Sovet Azərbaycanı sovxozunun xx.xx.1985-ci il tarixli, 74/4 saylı əmrindən çıxarışa görə Məmmədova (Əsgərova) Tamella xx.xx.1985-ci il tarixdən şərab zavoduna müvəqqəti olaraq laborant təyin edilmişdir. Dəmirçilər kəndi “Sovet Azərbaycanı” sovxozu üzrə xx.xx.1986-cı il tarixli, 108 №-li əmrə əsasən Əsgərova Tamilla 1 №-li üzüm emalı zavoduna köşürülmüşdür. 1 №-li üzüm emalı zavodu üzrə xx.xx.1986-cı il tarixli, 3 №-li əmrə əsasən Dəmirçilər məntəqəsində fəhlə işləyən Əsgərova Tamilla xx.xx.1986-cı il tarixdən 1 №-li üzüm emalı zavoduna keçirilmişdir. 1 №-li üzüm emalı zavodu üzrə xx.xx.1986-cı il tarixli, 18/2 №-li əmrə görə X10 ərizəsinə əsasən 1 №-li üzüm emalı zavodunun Dəmirçilər şərab məntəqəsinin fəhləsi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fununun 20 saylı region ərazi filialı tərəfindən iddiaçıya ünvanlanan **********1 №-li, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, filiala daxil olmuş xx.xx.2021-ci il tarixli ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı, uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı, uşağın doğum haqqında şəhadətnaməsinin surəti tələb olunur. Bildirilmişdir ki, mərhum övladı X4 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarını təqdim etmədiyi, eyni zamanda xx.xx.1994-cü il tarixli, ИТ-İ № ******* saylı əmək kitabçasına və əyani təhsil haqqında diplomuna əsasən ümumi sığorta stajı xx.xx.2006-cı il tarixinədək 12 il olmaqla tələb olunan müddətdən (25 ildən) az və xx.xx.2006-cı il tarixindən etibarən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 9196,94 manat olmaqla tələb olunan 28800 manatdan az olduğu üçün ona sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilmişdir ki, onun təqdim etdiyi Qazax Rayon Dövlət Arxivinin arayışında qeyd olunan 1981-1986-cı illər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaş həddi 5 il azaldılmaqla yaranır xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. 67-ci maddəsinin 1-ci hissəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 2-ci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 67-ci maddəsinin 3-cü hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Kollegiya hesab edir ki, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1982-ci ildədək aldığı təhsil müddəti onun stajına daxil edilməlidir. Bununla yanaşı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. 4.1.5-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il tarixli 284 nömrəli Qanunun 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Həmin Qanunun 38-ci maddəsinə əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texniki və başqa vasitələr, o cümlədən avtomobillər ilə, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, sosial, əmək və peşə reabilitasiyası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti göstərilməsi yolu ilə həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax X1 Uşaq Xəstəxanası tərəfindən verilmiş 21 №-li, xx.xx.2018-ci il tarixli xəstənin ambulator, stasionar və Xəstəlik tarixindən çıxarışla müəyyən olunur ki, X14 xx.xx.1990-cı ildə anadan olmuşdur. Anadangəlmə diaqnozu “beyin ödemi, uşaq serebral iflici” ilə dispanser müşahidədə olmuşdur. Dəfələrlə uşaq nevroloji x/t-da müalicə olmuşdur. 1994-cü ildən təqaüd təyin olunmuşdur. İ dərəcəli əlillik təqaüdü. xx.xx.2002-ci ildə vəfat etmişdir və təqaüd dayandırılmışdır. Qazax rayon İcra Hakimiyyəti Başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11-21/718 №-li, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsinə əsasən ünvan 1 ünvanında qeydiyyatdadır, mərhum oğlu əlil X5 özü doğub, 8 yaşadək özü tərbiyyə etmişdir. Beləliklə, iddiaçının səkkiz yaşınadək sağlamlıq imkanı məhdud olan uşağı tərbiyə etməsi müəyyən olunur. İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi pensiya hüuqunun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 9196,94 manat olmaqla tələb olunan 28800 manatdan azdır. Sığorta stajı ilə bağlı isə müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1981-ci ildən xx.xx.1982-ci ildədək aldığı təhsil müddəti 10 ay 21 gün, xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilədək N saylı hərbi hissədə gözətçi, yataqxanada növbətçi 09 il 08 ay 23 gün, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək N saylı hərbi şəhərcikdə növbətçi 01 il 08 ay 27 gün, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər Qazax rayonu, X13 fəhlə 01 il 02 ay 10 gün, xx.xx.2007-ci ildən xx.xx.2018-ci ilədək N saylı hərbi hissənin N saylı hərbi şəhərciliyində komendant vəzifələrində işlədiyi müddət 10 il 07 aydır. Kolxozda xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı ilədək işlədiyi müddət 1 il 3 ay 20 gündür. Həmin müddətlər nəzərə alınmaqla iddiaçının sosial sığorta stajı 25 ildən çox, yəni 25 il 5 ay 21 gün təşkil edir. Qazax rayon Dəmirçilər kənd “Sovet Azərbaycan” sovxozunda işləməsi əmək kitabçasında qeyd edilmədiyinə görə həmin dövrün sığorta stajı kimi qəbul edilməsi mümkün hesab edilməməsi barədə cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Həmçinin nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ kolxozda xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı ilədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə kolxozda işlədiyi Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən 30 yanvar 2018-ci il tarixli, 29 saylı arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. 1964-cü il 02 yanvar tarixində anadan olmuş sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ananın sığorta stajı 25 ildən artıq təşkil edir. Həmin staj pensiya təminatına əsas verdiyi üçün onun pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olub-olmamasından asılı olmayaraq 57 il yaş həddinin (1 iyul 2020 – 30 iyun 2021-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 62 il pensiya yaş həddi 5 il azaldılmaqla) tamam olduğu 02 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 25 ildən çox sığorta stajına malik olduğundan və onun səkkiz yaşınadək sağlamlıq imkanı məhdud olan uşağın tərbiyə etməsi müəyyən olunduğundan onun 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-8516/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı pensiya hüququ yarandığı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-8516/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı pensiya hüququ yarandığı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1210/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1210/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver