Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1210/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9632/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən qəbul olunmuş **********1005 nömrəli 03 iyun 2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9632/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul olunmuş **********1005 nömrəli 03 iyun 2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2022-ci il tarixdə saat 16:50-də Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y stnın cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən obyektdə MMC tərəfindən 42215,14 manat dəyərində olan mala 5% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə 52304,55 manata digər vergi ödəyicilərinə e-qaimə verilmədən topdan qaydada satılaraq Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulması və 678624,94 manat dəyərində olan malın isə topdan qaydada satılaraq kassaya mədaxil olunması faktı aşkar edilmişdir (ümumilikdə 730929,49 manat məbləğində mal) və xx.xx.2022-ci il tarixli 006343 nömrəli akt tərtib edilmişdir. Həmin akt "OMSA” MMC-nin rəhbəri X3 təqdim edilsə də, o, aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022-ci il tarixli 006343 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC barəsində 73092,95 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda qeyd etmişdir ki, “MMC-yə məxsus olan obyektlər aşağıdakılardır: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət dəmiryolu st-nin cənubu, Sədərək TM, 2-ci ərazi, 11-ci sıra, 5-ci korpus 144 №li anbar; Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM, 2-ci ərazi, 10-cu sıra, 5-ci korpus, 148 №li anbar; Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM, 2-ci ərazi, 11-ci sıra, 4-cü korpus, 130 №li anbar; Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM, 2-ci ərazi, 11-ci sıra, 4-cü korpus, 128 №li anbar; Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM, 2-ci ərazi, 13-cü sıra, 4-cü korpus, 104/108 №li anbar. Qeyd olunan obyektlərdən başqa obyekti, saxlanc yeri yoxdur. Satılmış mallara 5% ticarət əlavəsi tətbiq edilməklə satış həyata keçirilir. Cəmiyyətin iş vaxtı həftənin 5 günü olmaqla 09:00-dan 18:00-dəkdir”. Dövlət vergi orqanlarının apardıqları təhlillər nəticəsində yeni nəsil nəzarət kassa-aparatı quraşdırılmış pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nəzarət kassa-aparatına bir çek üzrə yüksək məbləğlərin, yəni fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar olunmuşdur. Sözügedən hallar vergi orqanının risk qiymətləndirilməsinə əsasən faktiki olaraq topdan qaydada satılan və elektron qaiməfaktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. İri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Qeyd olunanları nəzərə alaraq vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar olunduğu halda malları “pərakəndə satış” adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı hesab edilir. Belə ki, əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək dövlət vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş hüququdur. Məhkəməyə təqdim edilmiş bütün sənədlərdə dəlil olaraq iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğu bir neçə istiqamətdə sübut olunmuş və bununla bağlı təsdiqedici sənədlər əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsini aşağıdakı şəkildə təsnif etmək olar. İddiaçı MMC-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda qeyd etmişdir ki, obyektlərin hər biri anbar olaraq fəaliyyət göstərmişdir və bu hal Məcəllənin 58.13-cü maddəsində qeyd edilmiş “anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi”nə görə maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İddiaçı MMC-nin fəaliyyət göstərdiyi bütün obyektlər anbar tipli olmuşdur. X10 Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin əsas fəaliyyət növü təsərrüfat mallarının pərakəndə satışı, digər fəaliyyət növü kimi isə təsərrüfat mallarının topdan satışı, mağaza, çadır və bazarlardan kənar səyyar mal satışı və malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət qeyd edilmişdir. İddiaçı MMC-nin əsas fəaliyyət növü təsərrüfat mallarının pərakəndə satışı, digər fəaliyyət növü kimi isə təsərrüfat mallarının topdan satışı, mağaza, çadır və bazarlardan kənar səyyar mal satışı və malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət olsa da idxal etdiyi mallar tamamilə fərqli mallar olmuşdur (nümunə: uşaq bezləri, fərdi təyinatlı dezodorantlar, nəm salfetlər, xəstə bezləri və s.). Göründüyü kimi, vergi ödəyicisinin anbardan fərqli şəxslərə pərakəndə qaydada iri həcmli mal satışı həyata keçirməsi qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Subuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara (geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumat cədvəli iş materiallarında mövcuddur) əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş ümumi məbləği 1685084,05 manat olan 2291 sayda çekin cəmi 90 şəxs arasında (1 şəxsə orta hesabala 25 çek) bölüşdürülməsi halları aşkar olunmuşdur ki, bu da vergi ödəyicisinin pərakəndə satış ilə məşğul olmamasını göstərir. İş materiallarına əlavə olanan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlardan görünür ki, nəzarət kassa aparatına ümumi dəyəri 141039,31 manat olan 196 sayda, ümumi dəyəri 122682,25 manat olan 153 sayda, ümumi dəyəri 239852,15 manat olan 319 sayda, ümumi dəyəri 125841,2 manat olan 178 sayda və s. sayda çeklər eyni şəxslərə verilmişdir. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və onun hərəkətləri işgüzar adət ilə xarakterizə edilir. Beləliklə, sahibkarlıq fəaliyyətinin müəyyən edilməsi şəxsin mənfəət götürmək məqsədi ilə, habelə onun sahibkarlıq olması geniş tətbiq edilən davranış qaydası ilə müəyyən edilir. Adətən sahibkarlıq fəaliyyətinin xüsusiyyəti kimi malların pərakəndə deyil, əmtəə partiyası ilə alqısatqısının həyata keçirilməsidir. Bu baxımdan sahibkarın fəaliyyət göstərməsi üçün əmtəə partiyası ilə mal alması onun fəaliyyətinin işgüzar adətidir. Göründüyü kimi pərakəndə qaydada alınan mallar deyil, iri əmtəə partiyaları ilə malların alınması sahibkarlığın işgüzar adəti hesab edilir və belə mal alan həmin əmlakdan istifadə edib mənfəət əldə etmək məqsədindədir. Lakin vergi ödəyicisində normal alış həcmlərindən çox iri həcmli alışlar həyata keçirilir ki, məhz bu da bu alışın pərakəndə ticarət sahəsində formalaşmış işgüzar adət və ağlabatanlıqla eynilik təşkil etmir. Əksinə, sahibkarlıq subyektlərinin işgüzar adəti ilə eynilik təşkil edir. İş materiallarında iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq və sübut edən kifayət qədər sübut, dəlil və arqument olmuşdur. Beləliklə, müəyyən olunur ki, məhkəmə sübutetmə yükü üzrə vəzifələri müəyyən edərkən işin faktiki hallarını nəzərə almamışdır. Yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq hesab edilir ki, məhkəmə aşağıda qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə inzibati məhkəmə icraatının vacib prinsipi olan və İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə əsasən məhkəmə vəzifəsinə görə iş üzrə obyektiv həqiqəti müəyyən etmək öhdəliyini daşıyır. Lakin məhkəmə cavabdehin dəlillərini təkzib edərkən satılmış malların alıcılarının kim olduğu barədə, yəni həmin alıcıların son istehlakçı, yoxsa sahibkarlıq fəaliyyətinin subyekti olması barədə heç bir araşdırma aparmamışdır. Məhkəmə heç bir sübut təqdim etmədən cavabdehin dəlillərini əsasssız saymış və heç bir əsaslandırma aparmadan formal mülahizəsinə əsasən hesab etmişdir ki, mallar son istehlak məqsədləri üçün təqdim edilmişdir. Yəni, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş malların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir. Təbii ki, bütün dövriyyə üzrə məbləğlərin NKA-ya mədaxil edilməsi topdansatış ticarət fəaliyyətinin pərdələnməsi məqsədilə tətbiq edilmişdir. Digər tərəfdən də NKA-nın obyektdə quraşdırılması heç bir vergi ödəyicisinə qanunvericiliyin tələbini pozaraq topdansatış əməliyyatlarını nəzarət kassa aparatı çeki ilə rəsmiləşdirilməsi hüququnu vermir. Bu qanunvericiliyin tələbidir və obyektdə kassa aparatının mövcudluğu qanunun tələbindən üstün deyil, yaxud qanunun tələbinin icrasını istisna etmir. Habelə obyektdə NKA-nın mövcudluğu həmin vergi ödəyicisinin fəaliyyət növünün pərakəndə satış fəaliyyətindən ibarət olmasını təsdiq etmir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışlarda yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı nəzarət olunan əməliyyatlar və hallar xüsusi olaraq hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. Operativ vergi nəzarətinin keçirilməsi üçün əsasları müəyyən edən Vergi Məcəlləsinin 50.2-ci maddəsi bir daha buna dəlalət edir. Belə ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə operativ vergi nəzarəti həyata keçirərək həmin pozuntunun həqiqətən də baş verib-vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni, hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Vergi qanunvericiliyində operativ vergi nəzarəti zamanı tədbir görülməsi üçün aşkar olunan hər hansı hüquqpozuntusuna dair tələb kimi həmin pozuntunun yoxlama keçirilən müddət ərzində baş verməsi tələb olunmur. OVN-nin əhatə etdiyi məsələlərin siyahısına nəzər saldıqda bir daha aydın olur ki, nəzarətin bu forması yalnız cari fəaliyyətlə məhdudlaşmır. Belə ki, VM-nin 50.1.11-ci maddəsinə müvafiq olaraq OVN-nin əhatə etdiyi məsələlərdən biri kimi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi çıxış edir. Vergi Məcəlləsinin Operativ vergi nəzarəti adlanan 50-ci maddəsində vergi orqanı tərəfindən yalnız operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunubolunmamasına nəzarətin həyata keçirilməli olduğu qeyd edilməmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********0126 nömrəli Qərarda göstərilmiş müddət, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödəyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. Məhkəmə heç bir halda operativ vergi nəzarətinin məhz nəzarət həyata keçirilən dövrdə aşkar olunan nöqsanların, hüquq pozuntularının müəyyən edilməsindən ibarət olduğunu hüquqi cəhətdən əsaslandırmamış, operativ vergi nəzarətinin mahiyyətini isə ona xələl gətiriləcək şəkildə təhrif etmiş və məhdudlaşdırıcı təfsir etmişdir. Məhkəmə operativ vergi nəzarətinin mahiyyətinə qanunvericiliyin tələb etdiyi şəkildə deyil, şəxsi mülahizələrinə əsasən və gəldiyi nəticəyə xidmət edəcək şəkildə anlayış vermişdir. Məhkəmə tərəfin irəli sürdüyü hər hansı bir dəlilini, arqumentini və faktını rədd edərkən həmin dəlilin rədd səbəblərini əsaslandırılmış şəkildə və ona konkret hüquq norması tətbiq etməklə əsaslandırmalıdır. Lakin bu iş üzrə məhkəmə heç bir əsaslandırma aparmadan, bəzən hətta qanunvericilikdə konkret tənzimləmə olduğu halda qanunun tələblərinə zidd anlayış verməklə qəbul etdiyi məhkəmə aktını əsaslandırmağa çalışmışdır. Bu isə məhkəmə qərarının şübhə altına alınması üçün konkret əsaslar yaradır. Cavabdeh yuxarıda qeyd olunan, məhkəməyə təqdim etdiyi dəlillərlə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün əsasların kifayət qədər olmasını sübut etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının pərakəndə deyil, topdan satış ticarət fəaliyyətini həyata keçirməsi ilə bağlı dəlillərinin əsaslı olması tam həcmdə sübuta yetirilməmişdir. Çünki pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergi tutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydasında əlavə olaraq POS terminalların da istifadəsi nəzərdə tutulur. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan iddiaçıya məxsus yoxlama aparılan obyektdə kassa nəzarət aparatı və POS terminalları mövcud olmuş və bunlar vergi orqanı tərəfindən qeydiyyata alınmışdır. NKA-nın obyektdə quraşdırılması heç bir vergi ödəyicisinə qanunvericiliyin tələbini pozaraq topdansatış əməliyyatlarını nəzarət kassa aparatı çeki ilə rəsmiləşdirilməsi hüququnu vermir. Bu qanunvericiliyin tələbidir və obyektdə kassa aparatının mövcudluğu qanunun tələbindən üstün deyil, yaxud qanunun tələbinin icrasını istisna etmir. Habelə obyektdə NKA-nın mövcudluğu həmin vergi ödəyicisinin fəaliyyət növünün pərakəndə satış fəaliyyətindən ibarət olmasını təsdiq etmir. Təbii ki, bütün dövriyyə üzrə məbləğlərin NKA-ya mədaxil edilməsi topdansatış ticarət fəaliyyətinin pərdələnməsi məqsədilə tətbiq edilmişdir. Beləliklə, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə aktının ləğv edilməsi üçün əsasdır. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, gəldiyi nəticəyə əsas olmuş işin faktiki halları barədə heç bir məlumat verməmişdir. İşin faktiki hallarını düzgün müəyyən etməyən məhkəmə iş materiallarında olan və bir-birini təkzib etməyən heç bir sübuta söykənmədən qeyd olunan nəticəyə gəlməsi anlaşılan və ağlabatan deyildir. Şəxsin topdansatış ticarət fəaliyyəti ilə məşğul olması sübut olunduğu üçün onun mallar təqdim edilən zaman elektron qaimə-faktura təqdim etməsi Vergi Məcəlləsinin 16.1.11-6 maddəsi ilə vəzifə olaraq müəyyən edilmişdir. Maliyyə sanksiyası tətbiq edilən məbləğin pərakəndə ticarət fəaliyyətinin nəticəsi olduğunu sübut edə bilməyən, yəni müəyyən edə bilməyən məhkəmə işin faktiki hallarını təhrif etmiş və nəticədə yanlış qənaət ifadə etmişdir. Məhkəmə məhkəmə icraatı boyu ancaq cavabdehin vəzifələri üzərindən prosesi təşkil etmiş və bu şəkildə də nəticəyə gəlmişdir. Halbuki cavabdehin öz vəzifələrini yerinə yetirməsi ilə bağlı kifayət qədər dəlillər irəli sürülmüşdür. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi hər hansı bir sübut haqqında məlumat verməmiş, yəni hansı sübutlar əsasında sözügedən nəticəyə gəldiyi məlum deyildir. Cavabdeh tərəfindən təqdim olunmuş dəlillərin isə rədd edilmə əsaslarını qəbul etdiyi qərarında ehtimallara söykənərək münasibət bildirmişdir ki, bu da tərəfin məhkəmə qərarının şübhə doğurmamaq hüququnu pozmuşdur. Yuxarıda qeyd edildiyi kimi məhkəmə iş materiallarında olan sübutları araşdırmamış, cavabdehin dəlilləri üzrə münasibət bildirməmişdir. Məhkəmə inzibati mübahisə üzrə inzibati məhkəmə icraatı çərçivəsində obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir araşdırma aparmadan inzibati məhkəmə icraatının prinsiplərinə zidd olan sübutların üstünlüyü prinsipindən yararlanmışdır ki, bu sübutetmə standartı da mülki məhkəmə icraatının prinsiplərinə uyğun gəlməkdədir. Belə ki, məhkəmə inzibati məhkəmə icraatının vacib və sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipinin mahiyyətinə uyğun olan mütləq həqiqətin müəyyən edilməsi üzrə ağlabatan bütün səyləri göstərməli olduğu halda göstərməmiş, iş üzrə tətbiq edilməli olan əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməmiş və nəticə obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Məhkəmə qəbul etdiyi qərarı bütünlüklə şübhələr və ehtimallar əsasında qəbul etmişdir. Belə olan halda məhkəmə qərarının şübhə altına alınması üçün birmənalı əsas yaranmışdır. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan normalarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayət olunmuşdur. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Beləliklə, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozaraq vəzifəsi olduğu halların müəyyən edilməsi üzrə vergi orqanını yüklü etmişdir ki, bu da inzibati məhkəmə icraatının prinsiplərinə ziddir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0126 nömrəli Qərarından görünür ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus obyektdə - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y ST-nın Cənubu, Lökbatan-Xocəsən yolunun Cənub-Şərq hissəsində yerləşən anbarda Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022ci il tarixi daxil olmala) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DVX seriyalı 006343 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********0126 nömrəli qərarına əsasən İddiaçı MMCyə (VÖEN **********) məxsus obyektdə (ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y ST-nın Cənubu, Lökbatan-Xocəsən yolunun Cənub-Şərq hissəsində) operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticədə xx.xx.2022-ci il tarixdə saat 16:50-də İddiaçı MMC tərəfindən 42215,14 manat dəyərində olan mala 5 faiz ticarət əlavəsi və 18 faiz ƏDV tətbiq etməklə 52304,14 manata digər vergi ödəyicilərinə qaimə olmadan topdan qaydada satılaraq VMnin 58.13-cü maddəsinin tələbləri pozulması və 678624,94 manat dəyərində olan malı isə topdan qaydada satılıb kassaya mədaxil olunması faktı aşkar olunmuş, xx.xx.2022-xx.xx.2022-ci il tarixdə dövr ərzində 80116,26 (5 faiz ticarət əlavəsi və 18 faiz ƏDV daxil) manat dəyərində e-qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələbləri pozulduğuna görə vergi ödəyicisi barəsində VM-nin 58.13-cü maddəsinə əsasən 73092,94 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Nəzarət kitabçasının təqdim olunmadığı və aktın X5 tərəfindən qəbul edilməsindən imtina edildiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1005 nömrəli Qərarından görünür ki, İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022-ci il tarixli 006343 nömrəli akta və digər sənədlərə baxılmış və İddiaçı MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 73092,95 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022 tarixədək 73092,95 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1- 1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3-cü bəndinə əsasən bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti. 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.2-ci bəndinə əsasən vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, parakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hazırkı halda parakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektində bir malın eyni vaxtda toplu halında satılmasını topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün cavabdeh tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir, bununla bağlı cavabdehin dəlilləri əsassızdır. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi qiymətləndirilməsi əsassız sayılmalıdır. Cavabdeh qəbul etdiyi inzibati aktla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmur. Cavabdeh iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də bunu sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Bundan başqa, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan aydın olur ki, iddiaçı cəmiyyətin hazırkı operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliyyət növləri “Təsərrüfat mallarının pərakəndə satışı (əsas fəaliyyət); Mağaza, cadır və bazarlardan kənar səyyar mal satışı; Təmizləyici vasitələrin topdan satışı; İxtisaslaşdırılmış mağazalarda tibb mallarının pərakəndə satışı; Tibb və Ortopediya mallarının topan satışı; digər qruplarda daxil edilməyən istisaslaşdırılmamış topdansatış; malların saxlanması və anbarlarda yığılması üzrə fəlaiyyət; təsərrüfat mallarının topdan satışı” olmuşdur. Göründüyü kimi, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Bundan başqa, cavabdeh tərəfindən qəbul edilmiş iddiaçı müəssisədə operativ vergi nəzarətini həyata keçirilməsi barədə qərarda, yoxlamanın keçiriləcəyi müddət xx.xx.2022xx.xx.2022 (xx.xx.2022-ci il daxil olmaqla) qeyd olunmuşdur. Lakin cavabdeh mübahisələndirilən qərarın qəbul olunmasına əsas olmuş keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib olunmuş aktda qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal etmişdir. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixdə həyata keçirilsə də, həmin vaxtda iddiaçı tərəfindən malların elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmamışdır. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla xx.xx.2022-ci il tarixli DVX seriyalı 006343 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2022-ci il tarixli inzibati akt qəbul olunmuşdur. Vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə (Vergi Məcəlləsinin 36, 83-cü maddələri), cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. Hazırki mübahisədə isə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının topdansatış ticarət fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir. Bundan başqa, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən **********1005 №li 03 iyun 2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunarkən qanunvericiliyin həmin qərarların qəbul edilməsi ilə əlaqədar müəyyən edilmiş müddətlərə dair tələbləri də pozulmuşdur. Belə ki, cavabdehin əməkdaşları tərəfindən mübahisələndirilən qərarın qəbul olunmasına əsas olmuş “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən-(obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 006343 saylı akt xx.xx.2022-ci il tarixdə tərtib olunduğu halda, həmin akt üzrə qərar 3 (üç) ay 18 (on səkkiz) gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9632/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1210/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1210/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver