Məhkəmə qərarları › İş №2-1(103)-1210/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1210/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1210/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə qərarının icra edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2252/2021 saylı, 23 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı onun Bakı 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 nömrəli Səyyar Mexanikləşdirilmiş dəstədə fəhlə işlədiyi illərin əmək stajı kimi qəbul edilməklə, hüququnun yarandığı, yəni 25 noyabr 2003-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə Qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(112)-2252/2021 nömrəli qərarı ilə iddia qismən İddiaçı Bakı 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 nömrəli Səyyar Mexanikləşdirilmiş dəstədə fəhlə işlədiyi illərin əmək stajı kimi qəbul edilməklə, yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan, yəni xx.xx.2003-cü il tarixdən təyin edilməsi, eləcə də, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi hissəsində təmin, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-2135/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2252/2021 saylı 20 may 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə, o cümlədən iddiaçıya yığılmış pensiya məbləğinin əvvəlki üç il üçün, yəni xx.xx.2017-xx.xx.2020-ci illər üzrə ödənilməsi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(102)-516/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2135/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(112)-2252/2021 nömrəli qərarı xx.xx.2022-ci il tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli Məhkəmə qərarının icra edilməsi haqqında məktubunda göstərilmişdir ki, iddiaçının əmək pensiyası hüququ xx.xx.2003-cü il tarixdən müəyyən edilməklə pensiyası yenidən hesablanıb. Nəticədə pensiya məbləği dəyişməyərək 268,62 manat olaraq qalıb və keçmiş dövr üzrə hər hansı fərq məbləği müəyyən edilməyib. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2252/2021 nömrəli qərarının icrasından narazı qalan iddiaçı qeyd edilən qərarın icrasının təmin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2252/2021 saylı, 23 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı məhkəmə qərarının icra edilməsi ilə bağlı ərizəsi təmin edilməmişdir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı İddiaçı təyin olunmuş pensiyanın Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2252/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına müvafiq olaraq düzgün hesablanıb-hesablanmaması ilə bağlı mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5715 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “Təqdim edilmiş mülki iş materiallarında olan sənədlər, rəyin tədqiqat hissəsində göstərilənləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-157307/23 saylı məktubunda İddiaçı 57 yaşının tamamlandığı 25 noyabr 2010-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə görə əmək pensiyası təyin edilib. Sonradan adıçəkilən şəxs əmək pensiyasının 50 yaşının tamamlandığı 25 noyabr 2003-cü il tarixindən yenidən hesablanması, həmçinin keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ödənilməsinə dair məhkəmədə iddia qaldırıb. Məhkəmə çəkişməsi nəticəsində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli 2- 1(112)2252/2021 qərarı ilə iddia qismən təmin edilərək adıçəkilən şəxsin əmək pensiyasının 25 noyabr 2003-cü il tarixindən yenidən hesablanması və keçmiş üç il müddət üçün pul vəsaitinin ödənilməsi Mərkəzi Filiala həvalə olunduğu müəyyən edilir. Məhkəmə qərarının icrası məqsədi ilə İddiaçı əmək pensiyası yenidən hesablanmış və nəticədə pensiya məbləği dəyişməyərək 268,62 manat olaraq qaldığı müəyyən edilir. Bu səbəbdən keçmiş dövr üzrə hər hansı fərq məbləği müəyyən edilmir.” Göründüyü kimi, məhkəmə qərarının icrası məqsədi ilə İddiaçı əmək pensiyasının yenidən hesablanması və nəticədə pensiya məbləğinin dəyişməyərək 268,62 manat olaraq qalması və bu səbəbdən keçmiş dövr üzrə hər hansı fərq məbləğinin müəyyən edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2252/2021 saylı, 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar