Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1211/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli **********172342 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-1167/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşıVergilər Nazirliyi tərəfindən aparılan səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli **********172342 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 3-cü bəndi - “səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş aktda podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyənnaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin düzgünlüyünün araşdırılması zamanı aşkar edilmiş kənarlaşmaların 2-ci hissəsində (“bazar qiymətləri ilə xərclərin yenidən hesablanması”) Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor Neft yataqlarının X8 Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişin 14.4 (a) (i) bəndində nəzərdə tutulmuş 25% lik marja “Navente Services LTD” şirkətinin tətbiq etdiyi qiymətlərdə nəzərə alınaraq 2014-2016-cı illər üzrə yaranmış 31.318,62 ABŞ dolları (2014-cü il üzrə 19.002,69 ABŞ dolları, 2015-ci il üzrə 3.138,73 ABŞ dolları, 2016- cı il üzrə 9.177,20 ABŞ dolları) məbləğində qiymət fərqi əməliyyat şirkətinin məsrəflərinə aid edərək podrat tərəfə ötürdüyü xərclərin tərkibindən çıxarılsın” hissəsində ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)- 1167/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-1167/2019 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2202/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1167/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2202/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(102)-596/20 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2202/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki: - İddiaçı Şirkəti tərəfindən verilmiş etibarnamə əsasında “X3 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2005-ci il tarixdə 1105-№5-1565 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. - "İddiaçı" Şirkəti Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə. Masazır, Fatmayı, Şabandağ və Sianşor Neft yataqlarının X8 Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 8-ci maddəsinə əsasən əməliyyat şirkəti qismində təsis edilmiş və Azərbaycan Respublikası ərazisində filial vasitəsilə təmsil edilir. Filial isə hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmayan, mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat hesablı şirkətdir. - cavabdeh Filialda 2014-2017-ci illəri əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirmişdir və Filialın vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********172342 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərar qəbul etmişdir. Hazırkı iş üzrə mübahisələndirilən cavabdehin «Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********172342 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən, Filial (iddiaçı) tərəfindən xarici subpodratçı qismində çıxış edən "Navante Services LTD" şirkətindən icarəyə götürülmüş nasoslarla yanaşı klapanlar, qaz separatoru, hidro mühafisəli dalma elektrik mühərriki, idarəetmə stansiyası, dalma kabelinə görə ödənilmiş pul məbləğləri üzrə xərcin 31.318,62 ABŞ dolları artıq göstərilmişdir. Nəticədə həmin məbləğdə xərcin iddiaçı tərəfindən süni şəkildə şişirdildiyinə istinad etməklə cavabdeh iddiaçı barədə əlavə vergi hesablamışdır. Yoxlama zamanı 2014-2017-ci illər üzrə nasosların "Navante Services LTD" şirkəti tərəfindən ümumilikdə 187555,20 ABŞ dolları məbləğində Baker Hughes şirkətindən icarəyə (həmçinin servis və xidmət daxil) götürüldüyü və həmin məbləğin üzərinə ümumilikdə 93239,72 ABŞ dolları məbləğində ticarət əlavəsi tətbiq edilməklə Filiala təqdim edildiyi, ticarət əlavəsinin yoxlanılan dövr üzrə 31% -162% arasında dəyişməsi vergi orqanı tərəfindən müəyyən edildiyi qeyd edilsə də, vergi orqanının göstərilən nəticəyə gəlməsi üçün istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqi tapmamışdır. Belə ki, cavabdeh qeyd edilən qərarı qəbul edərkən Sazişin 14.4(a) (i) bəndi və Vergi Məcəlləsinin 14-cü maddəsini əsas götürərək "Navante Services LTD" şirkətinin avadanlıqların icarəsinə tətbiq etdiyi marja məbləğlərini 25% həddində nəzərə almış, 25%dən artıq olan hissədə, yəni yoxlanılan dövr üzrə ümumilikdə 31.318,62 ABŞ dolları məbləğində fərqi "Xüsusi rejimli mənfəət bəyannaməsi"nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin tərkibindən çıxarılmalı olduğu qənaətinə gəlmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsinin, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqlənməsinə istinad etdiyi aydın olsa da, həmin fərqin müəyyən edilməsi üçün müqayisəli vergi ödyicisinin seçilmədiyi, ümumiyyətlə müqayisəli məlumatların mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmə vergi orqanının yoxlamasını əsaslı qəbul etmir və qəbul edilmiş qərarın ləğv edilməli olduğu qənaətinə gəlir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 12185 saylı ekspert rəyindən görünür ki, iş materiallarında göstərilən malların respublikada yerləşən ticarət mərkəzlərində, bazarlarında satışda olmadığından, (həmçinin həmin malların icarəyə, kirayəyə verilməsinə dair məlumat) eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında bu barədə məlumat olmadığından, həmin malların (avadanlıqlar) qiymətini və xidmətlərin dəyərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Bundan başqa, iddiaçı ilə xarici subpodratçılar (Navante Services LTD) arasında imzalanmış müqavilələrdən, həmçinin adıçəkilən şirkətlə Baker Huges şirkəti arasında olan müqavilələrdən görünür ki, Navante Services LTD-nin 2014-2017-ci illər üzrə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə. Masazır, Fatmayı, Şabandağ və Sianşor Neft yataqlarının X8 Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Saziş çərçivəsində X7 Əməliyyat Şirkətindən əldə etdiyi ümumi gəlirin hüquqi əsasları mövcuddur. Cavabdeh həmin məbləğin 187.555,20 ABŞ dolları təşkil etməli olduğu və bununla da 31.318,62 ABŞ dolları fərqin yarandığı qənaətində olsa da, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor Neft yataqlarının X8 Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X10 Bi.Vi Şirkəti və ARDNŞ-in X9 arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən “Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət Təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə. Masazır, Fatmayı, Şabandağ və Sianşor Neft yataqlarının X8 Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 14.2 (k) bəndinə əsasən təqvim ili ərzində Podratçı tərəfin X5 və ya Vergi qoyulan Zərərinin məbləğini müəyyən etmək məqsədləri baxımından çıxarılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Podratçı tərəfin çəkdiyi bütün məsrəflər daxildir və bu məbləğlərə Əməliyyat Şirkətinin Azərbaycan Respublikasında və ya başqa yerlərdə çəkdiyi və 8.6 bəndinə əsasən Podratçı tərəfin hesabına yazılmış bütün çıxılmaları daxil edir(bir şərtlə ki, çıxılmalar bir dəfədən artıq hesablanmamalıdır) və o cümlədən, lakin, bunlarla məhdudlaşmayan aşağıdakı xərclər daxildir: 14.2 (i) podratçı tərəfin əməkdaşlarına və onların ailələrinə, mənzil, yemək, verilməsi, kommunal xidmətlər göstərilməsi, uşaqlarının təhsil almaları ilə bağlı bütün xərclərin, habelə yaşadıqları ölkədən gəlmələri və geriyə qayıtmaları üçün çəkilən yol xərclərinin ödənilməsi ilə birlikdə bütün əməkdaşlara verdiyi əmək haqlarının, maaşların tam məbləğləri və.. 14.4 bəndinə əsasən Xarici subpodratçılara 14.4 (a) bəndinin müddəalarına uyğun olaraq vergi qoyulur. 14.4 (i) bəndinə əsasən hesab edilir ki, Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faizinə bərabər Vergiqoyulan mənfəət əldə edirlər və belə mənfəətə iyirmi dörd (24) faiz həcmində vergi qoyulur ki, bu da ümumən həmin ödənişlərin altı (6) faizini təşkil edir. Belə ödəniş məbləğlərini verən hər hansı şəxs həmin ödənişlərdən altı (6) faiz həcmində vergi tutur və tutulan vergiləri ödənişlər edildiyi təqvim ayının sonundan başlayaraq otuz (30) gün müddətində Dövlət Büdcəsinə keçirir. Aşağıda göstərilən müddəalar istisna olmaqla, belə vergilər həmin Xarici subpodratçının mənfəət vergisinin məsuliyyətini, öhdəliklərini tamamilə əhatə edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi halları sübutlarla (iddiaçı ilə Navante Serices LTD, sonuncu ilə Baker Huges arasında olan müqavilələr, məktublar, nağdsız ödənişlər üzrə ödəniş tapşırıqlaır) təsdiq edildiyindən, mübahisləndirilən qərarın qəbul edilməsinə əsas olmuş halların təsdiq edilməsinə dair sübut (anoloji vergi ödəyicisinin seçilməsi, icarə haqqlarının artırılması barədə) cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə iddianın əsaslı olduğu qənaətinə gəlir. Qeyd edilənləri nəzərə alaraq vergi ödəyicisinin hazırkı mübahisə üzrə xərclərini süni surətdə artırması sübta yetirilmədiyindən məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)- 1167/2019 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Tofiq Səmədov İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-1211/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1211/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver