Məhkəmə qərarları › İş №2-1(103)-1211/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1211/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1211/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X16, üçüncü şəxslərin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X14 və Qontyuk (Çernomazova) Angelina Sergeyevna) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10307/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X14 və Qontyuk (Çernomazova) Angelina Sergeyevna) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, ev 17 ünvanının X9 paylı mülkiyyətinə verilməsinə dair xx.xx.2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10307/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X14 və Qontyuk (Çernomazova) Angelina Sergeyevna inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10307/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MN ******* saylı xx.xx.2008-ci il tarixli çıxarışın iddiaçının payına olan hissədə etibasız hesab edilməsi tələbi daşınmaz əmlakın dövlət reyestri tərəfindən çıxarış inzibati orqan olan Daşınmaz Əmlakın Reyestri Xidmətinin həyata keçirdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatını təsdiq edən sənəd olduğundan məhkəmə tərəfindən yalnız çıxarışın etibarsız hesab edilməsinə səbəb olmur. Mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyəti publik hüquq sahəsinə aid fəaliyyət olduğundan inzibati orqan kimi ona qarşı qeydiyyatın qanunsuz və əsassız həyata keçirilməsi barədə iddialara inzibati məhkəmə icaatı qaydasında müvafiq inzibat-iqtisadi məhkəmə tərəfindən baxılır. Hazırki halda iddianın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı qaldırılmalıdır. 2018-ci ilin noyabr ayının əvvələrində X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması və əmlakın ona qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-551/2019 saylı 16 may 2019-cu il tarixli qərardad ilə iddia mümkün sayılmamışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli qərardadını aşağıdakı əsaslarla qüvvəsində saxlamışdır. Cavabdeh tərəfindən mübahisəli əmlaka mülkiyyət hüququ üzrə qeydiyyat məhkəmənin qərardadı ilə təsdiq olunmuş barışıq sazişinin şərtləri əsasında aparılmışdır. Belə olan halda, həmin barışıq sazişi, o cümlədən, onu təsdiq edən məhkəmə qərardadı qüvvədə ola-ola, həmin sənədlər əsasında cavabdeh tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddiasının məhkəmə icraatı mümkün sayıla bilməz. Ən azından, barışıq sazişi onu imzalayan şəxslər üçün hüququ və vəzifələr yaradır və sazişin tərəfi olmayan, o cümlədən həmin məhkəmə prosesinin iştirakçısı olmayan cavabdeh orqana aid ola bilməz. Göründüyü kimi, iddiaçı ilə üçüncü şəxslər arasında, hətta onun cavabdehlə aralarındakı mübahisə mülki münasibətlərdən irəli gələn mübahisə mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin qərarı iddiaçıya göndərilməmişdir. İddiaçı uzun müddət məhkəmələrə müraciət etsə də, yekun məhkəmə qərarı ala bilmədiyi üçün 2019-cu ilun sonlarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və imtina almış və yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Pandemiya olduğu üçün üzün müddət məhkəmə prosesləri təxirə alındı və nəhayət 15 mart 2022-il tarixdə cavabdeh məhkəməyə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadını təqdim etdi. Belə olan halda iddiaçı ərizə yazaraq sənədləri geri götürdü. Sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək sözügüdən qərardadı rəsmi surətdə məhkəmədən götürdü və Ali Məhkəməyə müraciət etdi, lakin prosessual müddəti ötürdüyü üçün ərizə və şikayətin qəbulundan imtina edildi. İddiaçı yenidən Azərbaycan Respublikası DƏDKR PHŞ-nin 1 saylı Ərazi İdarəsinə müaciət etmiş və imtina almış, yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianı mümkünsüz saymışdır. Barışıq sazişinin məzmunundan göründüyü kimi, burada ünvan 1 ünvanında yerləşən fərdi mənzilə dair tərəflərin paylı mülkiyyət hüquqlarının qeydiyyatından deyil, onların istifadə hüquqlarının qeydiyyatından bəhs edilir. Cavabdeh olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi isə onların barışıq sazişinə əsasən bölünmüş mənzil sahəsini tərəflərin paylı mülkiyyətinə dair hüquqularının qeydiyyatını aparmış, ilkin iddiaçı X10 və X6 adına MN ******* saylı, xx.xx.2008-ci il tarixli çıxarış verməklə İddiaçı mülkiyyət hüququnu pozmuşdur. Barışıq sazişi bağlanan zaman onların həmin mənzilə dair mülkiyyət hüquqları əldə etmək üçün onların heç bir subyektiv hüquqları yox idi. İlkin iddiaçının yalnız istifadə hüququ, qarşılıqlı iddiaçının isə istifadə hüququ ilə yanaşı mənzilin mülkiyyətçisi mərhum X12 hüquqi varisi olduğu üçün gələcəkdə əmlakın mülkiyyətiçisi olmaq hüququ vardır. Cavabdeh hansı əsasla hər iki iddiaçını paylı mülkiyyətçi edib? Bu haqda sübutlar yoxdur. Belə olan halda iddia ona görə inzibati orqana qarşı qaldırılıb ki, İddiaçı hüquqları inzibati orqan tərəfindən pozulub. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10307/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 şikayətin təmin olunmaması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10307/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin vəkili Vəkil1 şikayətin təmin olunmaması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10307/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10307/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsində istifadədə olan 0.01846 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 70.5 kv.m yaşayış, 42.5 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 7254 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsində istifadədə olan 0,01846 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 70.6 kv.m yaşayış, 42.5 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 2 otaq 36.2 kv.m, 25,9 kv.m mətbəx, hamam, dəhliz, qaraj, X1 və X9 2 otaq 20.3 kv.m, y/s 17.7 kv.m mətbəx, hamam adlarına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 7254 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********64 nömrəli məktubda qeyd olunur: Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 saylı fərdi yaşayış evinə dair verilmiş dövlət reyestrindən çıxarışda uyğunsuzluğun araşdırılması və düzəliş edilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Əlavə olaraq bildiririk ki, qeyd olunan fərdi yaşayış evinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-4724/2018 saylı, xx.xx.2018-ci il tarixli, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1456/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1807/2019 saylı, xx.xx.2019-cu il tarixli bildirişləri daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-8/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadının surətindən görünür ki, ünvan 1 saylı evlə bağlı X11 ilə cavabdehlər X9 və X2 aralarında bağlanmış 24 oktyabr 2007-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, X13 X10 və qeyrilərinə qarşı yaşayış sahəsində istifadə hüququnun itirilməsinə və mənzildən çıxarılmalarına, X9 və qeyrilərinin X15 və qeyrilərinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin ləğv edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********92 nömrəli məktubda qeyd olunur: Sizin Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 saylı fərdi yaşayış evinə dair ətraflı məlumat barədə 2(011)-8300/2019 nömrəli xx.xx.2019-cu il tarixli müraciətinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 saylı fərdi yaşayış evi: X7 adına xx.xx.1953-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir. 6 saylı DNK-nın 4-H-3/90 reyestr nömrəli xx.xx.1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 adına xx.xx.1990-cı il tarixində qeydiyyatdan keçmişdir. 18 saylı DNK-nın E-15-5726 reyestr nömrəli xx.xx.1992-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir. Daha sonra sözügedən ünvana dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-615/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməyə əsasən X13 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. 31 saylı DNKnın 2V/1-08 reyestr nömrəli xx.xx.2008-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 adına xx.xx.2008-ci il tarixində qeydiyyatdan keçmişdir. 18 saylı DNK-nın 3m-02-191 reyestr nömrəli xx.xx.2007 barışıq sazişinə və Xətai Rayon Məhkəməsinin 2-8/2007 nömrəli xx.xx.2007-ci il tarixli qərardadına əsasən sözügedən fərdi yaşayış evinin bir hissəsi (2 otaq 20.3 kv.m y\s 17.7 kv.m mətbəx, hamam) X1 və X9 adlarına xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, 17 saylı fərdi yaşayış evi X8 (2 otaq, 36.2 kv.m, 25 9kv.m. mətbəx, hamam, dəhliz, qaraj), X1 və X9 (2 otaq 20.3 kv.m y\s 17.7 kv.m mətbəx, hamam) adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(82)-551/2019 saylı qərardadının surətindən görünür ki, iddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər Qontyuk (Çernomazova) Angelina Sergeyevna, X14) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması və əmlakın ona qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir, həmin qərardadla iddia mümkün sayılmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin X4 2-1(103)-1807/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, iddiaçı X8 apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-551/2019 saylı, 16 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-1596/20022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1807/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət və prosessual müddətin bərpasına dair ərizə üzrə kassasiyanın mümkün sayılmaması, kassasiya şikayətinin və ərizənin qəbulundan imtina edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin X4 2-1(103)-1807/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadında göstərilmişdir ki, 24 oktyabr 2017-ci il tarixdə X11, X14 və X5 arasında Bakı şəhəri Xətai rayonu Dostluq küçəsi 17 saylı evlə bağlı barışıq sazişi bağlanmışdır (notarial qaydada təsdiq edilmişdir). Həmin barışıq sazişini imzalayan şəxslər aşağıdakı razılığa gəlimişlər: 1. X14 və X5 istifadələrində olan 20,3 kv.metrlik iki otaq və 17,7 kv metrlik mətbəx, hamam və tualetdən başqa həmin evin 14,0 kv.metrlik, hazırda X8 istifadəsində olan bir otaq hesabına dəhliz (İddiaçı tərəfdən divarda olan soba sonuncuda qalmaq şərtilə) verilir. 2. X8 mülkiyyətində həmin evin 36,2 kv.m sahəsi olan 2 otaq, 25,9 kv.m sahəsi olan mətbəx, hamam, dəhliz və həyətdəki qaraj saxlanılır...». Barışıq sazişi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2-8/2007-ci saylı qərarı ilə təsdiq edilmişdir (Barışıq sazişi təsdiq edilməsi üçün iddiaçı X13 cavabdeh X14 və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüqunun itirilməsinə və mənzildən çıxarılmalarına dair ilkin, sonuncuların isə birinciyə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddialarına dair işə baxılarkən məhkəməyə müraciət etmişlər). Məhkəmə tərəfindən təsdiq olunmuş həmin barışıq sazişinin sözügedən şərtlərinə müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə fərdi yaşayış evin aşağıdakı paylarda mülkiyyət hüququ qeydə alınmışdır: “- X8 2 otaq-36,2 kv.m, 25,9 kv.m mətbəx, hamam, dəhliz, qaraj. ; - X1 və X9 2 otaq 20,3 kv.m, y/s 17,7 kv.m mətbəx, hamam adlarına daşınmaz əmlakın dövlət reyestrində cavabdeh orqan tərəfindən qeydiyyata alınmış və bu barədə onlara 164526 saylı çıxarış verilmişdir”. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli əmlaka mülkiyyət hüququ üzrə qeydiyyat məhkəmənin qərardadı ilə təsdiq olunmuş barışıq sazişinin şərtləri əsasında aparılmışdır. Belə olan halda həmin barışıq sazişi, o cümlədən onu təsdiq edən məhkəmə qərardadı qüvvədə ola-ola, həmin sənədlər əsasında cavabdeh tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddianın məhkəmə icraatı mümkün sayıla bilməz. Ən azından, barışıq sazişi onu imzalayan şəxslər üçün hüquq və vəzifələr yaradır və sazişin tərəfi olmayan, o cümlədən həmin məhkəmə prosesinin iştirakçısı olmayan cavabdeh orqana aid ola bilməz. Göründüyü kimi, iddiaçı ilə üçüncü şəxslər arasında, hətta onun cavabdehlə aralarında mübahisə mülki müasibətlərdən irəli gələn bir mübahisə mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İPMin 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Göründüyü kimi, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(82)-551/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır və həmin qərardad qanuni qüvvəyə minmişdir. İddiaçının hazırda qaldırdığı iddianın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 4 ünvanının X9 paylı mülkiyyətinə verilməsinə dair xx.xx.2008-ci il tarixli, ******* saylı çıxarışının ləğv olunması hissəsində predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadında iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmadığından, bununla da mümkünlük şərtlərinə əməl olunmadığından hazırki iddia tələbinə yenidən baxıla bilməz, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir, düzgün əsaslandırılmamışdır və mülahizə xarakteri daşıyır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli əmlaka mülkiyyət hüququ üzrə qeydiyyat məhkəmənin qərardadı ilə təsdiq olunmuş barışıq sazişinin şərtləri əsasında aparılmışdır. Belə olan halda həmin barışıq sazişi, o cümlədən onu təsdiq edən məhkəmə qərardadı qüvvədə olaola, həmin sənədlər əsasında cavabdeh tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddianın məhkəmə icraatı mümkün sayıla bilməz. Eyni zamanda iddiaçının eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur, odur ki, iddia mümkün sayılmamalıdır. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10307/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar