Məhkəmə qərarları › İş №2-1(103)-1212/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1212/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1212/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı8 nümayəndəsi və vəkili Vəkil1 (Bakı şəhəri 18 saylı Vəkil Bürosu), İddiaçılar İddiaçı8, İddiaçı7, İddiaçı9 nümayəndəsi Rəhimov Elçin Məmməd oğlunun, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və qeyrisinə qarşı “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-1042/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9 02.06.2020-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, X4 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli, 14 nömrəli icazəsinin etibarsız hesab edilməsini xahiş etmişlər. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertizası Baş İdarəsinin 18 fevral 2020-ci il tarixli 28931 nömrəli rəyinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli icazəsinə əsasən X6 tərəfindən ünvan 1 ünvanında yanacaqdoldurma məntəqəsinin tikintisinə başlanılmışdır. Lakin qüvvədə olan qanunvericiliyin tələbləri sözügedən yanacaqdoldurma məntəqəsinin tikintisi üçün müvafiq icra hakimiyyəti orqanlarının verdiyi icazələrlə kobud şəkildə pozulmuşdur. Belə ki, AR Nazirlər Kabinetinin «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları»nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarının 9.1.5 bəndinə əsasən maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər uşaq müəssisələri, ümumi təhsil və internat məktəbləri, stasionar olan müalicə müəssisələrinin torpaq sahələrinə, yaşayış, digər ictimai bina və qurğularına qədər məsafə 50 metrdən az olmamalıdır. Qeyd olunan yanacaqdoldurma məntəqəsi isə, birbaşa yaşayış massivinin içərisində yerləşməklə, onun qonşu divarları yaşayış evlərinə bitişikdir. Həm təhlükəsizlik, həm də ekoloji cəhətdən tamamilə qanunazidd bir addımdır. Ərazinin yanacaqdoldurma məntəqəsi binası üçün ekoloji cəhətdən də əlverişsizliyi ilə bağlı qeyd olunur ki, daima əsən şimal küləyi YDM-in açıq yanacaq çənlərinin üzərindən yanacağın qoxusunu şəhərin ekoloji təmiz yaşayış massivinə, evlərə gətirməklə sakinləri ciddi narahat edəcəkdir. DƏDRX-in 25 fevral 2017-ci il tarixli ********** nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hasarı tikinti sahəsinə, yəni YDM tikilməsi üçün nəzərdə tutulmuş ərazinin hasarına bitişikdir. AR FHN TTND X2 Ekspertizası Baş İdarəsinin 28931 nömrəli 18 fevral 2020-ci il tarixli rəyinin “Memarlıq bölməsi”nin 1.1 yarımbəndində müəyyən edilmişdir ki, yanacaq çənlərindən və kolonkalardan digər bina və qurğulara, eləcə də avtomobil yollarına qədər məsafələr dəqiqləşdirilməlidir. Rəyin “Yanğın təhlükəsizliyi” bölməsinin 5.1 yarımbəndində isə müəyyən edilmişdir ki, ərazidə və ərazidən kənar olan tikililərə və yollara kimi məsafə haqqında məlumat təqdim olunmayıb. Beləliklə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən obyektin tikintisinə AR NK-nın 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarının 9.1.5 bəndinə zidd olaraq icazə verilmişdir. İddiaçılar 17.06.2020-ci il tarixində məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, cavabdeh E.Hüseynova və digər şəxslərə ünvan 3 ünvanda yanacaqdoldurma məntəqəsinin tikintisinin qadağan edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4831/2020 saylı, 19.06.2020-ci il tarixli qərardadı ilə (hakim R.Kərimli) ərizə təmin edilmişdir. Məhkəmənin 19.06.2020-ci il tarixli məktubu ilə qərar icra olunması üçün Bakı şəhəri Səbail rayonu İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qərardadla razılaşmayan cavabdeh E.Hüseynov ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin rədd olunmasını xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1388/2020 saylı, 27.07.2020-ci il tarixli qərardadı ilə (hakimlər V.Məmmədov, E.Nağıyeva, H.Həmidov) cavabdeh X3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4831/2020 nömrəli iş üzrə 19 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan kassasiya şikayəti verilməmiş və iş Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2-1(112)-4831/2020 nömrəli qərardadı ilə (hakim R.Kərimli) X3 inzibati məhkəmə icraatında cavabdeh qismində işdə prosessual iştirakına xitam verilməsi və onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Eyni tarixli qərardad ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(112)-4831/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 25.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14.06.2021-ci il tarixli, 10/503 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-1042/2021 nömrəli qərardadı ilə iddia cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinə münasibətdə mümkün sayılmamışdır. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə təqdim edərək, iddia tələbinin təmin edilməsini və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli icazəsinin ləğv edilməsini xahiş etmişlər. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-1042/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs X6) qarşı «tikintiyə icazənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməmiş, iddiaçılardan ekspertiza tədqiqatı üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 311 manat xərc tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialındakı hesabına (filial kodu 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ**********0000000, benrfisiarın adı – Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi, benefisiarın hesabı AZ23AİİB**********01778, VÖEN **********) və aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X5 – kodu 21005, VÖEN 140155071, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qərara alınmışdır. İddiaçılar qərardan apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, AR Nazirlər Kabinetinin «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğı zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları»nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarının 9.1.5 bəndinə əsasən maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər uşaq müəssisələri, ümumi təhsil və internat məktəbləri, stasionar olan müalicə müəssisələrinin torpaq sahələrinə, yaşayış, digər ictimai bina və qurğularına qədər məsafə 50 metrdən az olmamalıdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Mərkəzin ekspertinin həmin tarixli 10/503 nömrəli rəyinin tədqiqat hissəsində göstərilir ki, ərazinin relyefi nəzərə alınmaqla baxış zamanı əldə olunmuş məlumatlara, "Google Yer" proqramına, Dövlət Əmlak Xidməti tərəfindən təqdim olunmuş koordinatlara və tədqiqata təqdim olunmuş AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Dövlət və Ekspertiza Mərkəzi tərəfindən razılaşdırılmış ünvan 4 ünvanında tikilməsi nəzərdə tutulan yanacaq doldurma məntəqəsinin “İşçi layihəsi”nə əsasən tikililər ilə yanacaq doldurma məntəqəsinin yeraltı çənlərinə və yanacaq doldurma aparatlarına qədər ən yaxın məsafə aşağıdakı kimidir: 3 qeyri- yaşayış sahəsinin yanacaq doldurma aparatları ilə ən yaxın məsafəsi 44 m, 54 m, 43,5 m, yeraltı yanacaq çənləri ilə ən yaxın məsafəsi 28,5 m, 38,5 m, 39 m, 7 yaşayış evinin yanacaq doldurma aparatları ilə ən yaxın məsafəsi 43,5 m, 53 m, 52 m, 63 m, 52,5 m, 50 m, 27,5 m, yeraltı yanacaq çənləri ilə ən yaxın məsafəsi isə, 39 m, 47,5 m, 53 m, 71,5 m, 68 m, 71,5 m, 47,5 m-dir. AR Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmas AzDTN 2.6-1 »-in 8.46-cı bəndinə görə maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən məktəbəqədər təhsil müəssisələri ümumtəhsil və internat məktəbləri, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı, çənlərdən təyin etmək lazımdır. Sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən göstərilən obyektlərə qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar. Ekspert tərəfindən qeyd olunur ki, yanacaq doldurma məntəqəsinin inşa edildiyi yerin mövqeyi (şəhərdaxili olması) yanacaq doldurma məntəqəsinin çənlərinin bir neçə dəfə doldurulması imkanları, eləcə də qeyd olunan məhdudiyyətin layihə sənədlərində əsaslandırılmadığını (yalnız proqnoz xarakterli olduğunu) nəzərə aldıqda həmin tikintisinə başlanılmış yanacaq doldurma məntəqəsinin ətrafında yerləşən tikililərə münasibətdə AZDTN 2.6-1-in 8.46-cı bəndinin tələblərinə uyğun olmadığı müəyyən edildi (AzDTN 2.6-1 Qaydaya əsasən 50 metrlik mühafizə zolağı olmalıdır). Təəssüf ki, bu hal məhkəmə tərəfindən qiymətləndirilməyərək iş üzrə ədalətsiz qərar qəbul edilmişdir. DƏDRX-in 25 fevral 2017-ci il tarixli ********** nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hasarı tikinti sahəsinə, yəni YDM tikilməsi üçün nəzərdə tutulmuş ərazinin hasarına bitişikdir. AR FHN TTND X2 Ekspertizası Baş İdarəsinin 28931 nömrəli 18 fevral 2020-ci il tarixli rəyinin “Memarlıq bölməsi”nin 1.1 yarımbəndindfəmüəyyən edilmişdir ki, yanacaq çənlərindən və kolonkalardan digər bina və qurğulara, eləcə də avtomobil yollarına qədər məsafələr dəqiqləşdirilməlidir. Rəyin “Yanğın təhlükəsizliyi" bölməsinin 5.1 yarımbəndində isə müəyyən edilmişdir ki, ərazidə və ərazidən kənar olan tikililərə və yollara kimi məsafə haqqında məlumat təqdim olunmayıb. Beləliklə məhkəmə tərəfindən iş üzrə qərar qəbul edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Təhlükə potensiallı təbiət və texnoger xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarının təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarının 9.1.5 bəndinin, AR Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1 »-in 8.46-cı bəndinin və AR FHN TTND X2 Ekspertizası Baş İdarəsinin 28931 nömrəli 18 fevral 2020-ci il tarixli rəyinin “Memarlıq bölməsi”nin 1.1 yarımbəndinin tələbləri yuxarıda qeyd olunanlara görə düzgün qiymətləndirilməmiş və nəticədə ədalətsiz qərar qəbul olunaraq iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar və nümayəndə və vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi, üçüncü şəxs X6və onun vəkili Vəkil2 ("Vəkil2 və partnyorları" Vəkil Bürosu) məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçıların apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Hazırkı icraatda mübahisələndirilən inzibati aktın - 3 mart 2020-ci il tarixli 14 nömrəli “tikintiyə icazə”nin qəbulu üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılan icraatda qanunvericiliyin tələblərinin tətbiq edilməsi ilə bağlı müəyyən etdiyi aşağıdakı xüsusatları diqqətə çəkir: - tikintiyə icazə sənədini verməkdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətli olduğundan və üzərində tikiliyə icazə verilmiş müvafiq torpaq sahəsi inzibati icraatda tikinti aparmağa icazə verilmiş hazırkı üçüncü şəxs X4 məxsus olduğundan, inzibati icraatda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.2 və 75-ci maddələrinin tələbləri gözlənilmişdir; - mübahisə predmeti olan 3 mart 2020-ci il tarixli inzibati aktın (icazənin) qəbulunda maraqlı şəxslər qismində hazırkı iddiaçıların məlumatlandırılmaması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından pozuntu sayılsa da, “mütənasiblik prinsipi” baxımından maraqlı şəxslərin hüquqları pozulmadığından, bu pozuntu formal xarakterlidir və inzibati aktın qanuniliyinə mütənasib təsir etməmişdir; - tikintiyə icazə verilərkən tikinti obyekti ilə maraqlı şəxslərə məxsus ev və qeyriyaşayış sahələri arasındakı məsəfələrin «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1»-in 8.46-cı bəndinin tələbləri baxımından gözlənilməsi (yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı çənlərdən ən yaxın məsafənin 25 metrdən az olmaması) işdə olan 14 iyul 2021-ci il tarixli 10/503 nömrəli ekspertiza rəyi ilə müəyyən olunur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 5.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq AR Fövqəladə Hallar Nazirliyi, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları» təsdiq edilmişdir. Sənədin 9.1-ci bəndinə görə təhlükə potensiallı kimya, neftkimya və neft-qaz emalı sənayesi obyektlərində təhlükəli maddələrin partlaması, od tutması və tullanışı, tikililərin, texniki qurğuların və ya onların elementlərinin dağılması texnogen xarakterli hadisələr hesab edilməklə, həmin obyektlərin layihələndirilməsi, tikintisi və istismarı zamanı qüvvədə olan yanğın təhlükəsizliyinə dair norma və standartların tələblərinə riayət edilməlidir. Bununla əlaqədar aşağıdakı mühafizə tədbirləri tətbiq olunmalıdır: - (9.1.5) maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil və internat məktəbləri, stasionar olan müalicə müəssisələrinin torpaq sahələrinə, yaşayış, digər ictimai bina və qurğularına qədər məsafə 50 metrdən az olmamalıdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1»-in 8.46-cı bəndinə görə maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil və internat məktəbləri, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı, çənlərdən təyin etmək lazımdır. Sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən göstərilən obyektlərə qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin birinci instansiya icraatı materiallarına əsasən müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə əlavə ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan 03 mart 2020-ci il tarixli, 14 nömrəli icazənin verilməsi zamanı xidməti vəzifəsindən irəli gələn hərəkətləri icra etməmiş, işin həlli üçün vacib olan halları tam araşdırmamış, əksinə qəbul etdiyi aktın qanuniliyinin müəyyən edilməsi məqsədilə məhkəmədən ekspertiza keçirilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, tikintiyə icazənin verilməsi zamanı işin hallarının düzgün araşdırılmaması səbəbindən həmin icazənin qanunsuz olması hazırkı işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə də öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2021-ci il tarixli məktubu ilə təqdim edilmiş 10/503 nömrəli ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki: - “Ərazinin relyefi nəzərə alınmaqla baxış zamanı əldə olunmuş məlumatlara, “Google Yer” proqramına, Dövlət Əmlak Xidməti tərəfindən təqdim olunmuş koordinatlara və tədqiqata təqdim olunmuş AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi və Dövlət Baş Ekspertiza Mərkəzi tərəfindən razılaşdırılmış ünvan 4 ünvanında tikilməsi nəzərdə tutulan yanacaq doldurma məntəqəsinin “İşçi layihəsi”nə əsasən tikililər ilə yanacaq doldurma məntəqəsinin yeraltı çənlərinə və yanacaq doldurma aparatlarına qədər ən yaxın məsafə aşağıdakı kimidir: 3 qeyri-yaşayış sahəsinin yanacaq doldurma aparatları ilə ən yaxın məsafəsi 44 m, 54 m, 43,5 m, yeraltı yanacaq çənləri ilə ən yaxın məsafəsi 28,5 m, 38,5 m, 39 m, 7 yaşayış evinin yanacaq doldurma aparatları ilə ən yaxın məsafəsi 43,5 m, 53 m, 52 m, 63 m, 52,5 m, 50 m, 27,5 m, yeraltı yanacaq çənləri ilə ən yaxın məsafəsi isə, 39 m, 47,5 m, 53 m, 71,5 m, 68 m, 71,5 m, 47,5 m-dir. Qərardadla ekspert qarşısında qoyulmuş sualda tikililərin yerləşdiyi torpaq sahələrinin sərhədlərinə qədər olan məsafələrin nəzərə alınması bildirilsə də, AzDTN 2.6-1-ə əsasən təyin olunmuş 50 metrlik mühafizə zolağı yaşayış evlərinin divarlarına qədər nəzərdə tutulduğuna görə, tikililərin yerləşdiyi torpaq sahələrinə qədər olan məsafələr üzrə tədqiqat aparılmışdır. Ekspert tədqiqatına təqdim edilmiş AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Dövlət Baş Ekspertiza Mərkəzi tərəfindən razılaşdırılmış ünvan 1 ünvanında tikilməsi nəzərdə tutulan yanacaqdoldurma məntəqəsinin “Şəhərsalma əsaslandırılması”nda qeyd olunmuşdur ki, layihələndirilən yanacaq doldurma məntəqəsində sutka ərzində 500-dək avtomobilə xidmət göstəriləcəyi proqnozlaşdırıldığından, sanitar mühafizə zonası 25 m qəbul olunmuşdur. Bununla bağlı ekspert tərəfindən qeyd olunur ki, yanacaq doldurma məntəqəsinin inşa edildiyi yerin mövqeyi (şəhərdaxili olması) yanacaq doldurma məntəqəsinin çənlərinin bir neçə dəfə doldurulması imkanları, eləcə də qeyd olunan məhdudiyyətin layihə sənədlərində əsaslandırılmadığını (yalnız proqnoz xarakterli olduğunu) nəzərə aldıqda həmin tikintisinə başlanılmış yanacaq doldurma məntəqəsinin ətrafında yerləşən tikililərə münasibətdə AZDTN 2.6-1-in 8.46-cı bəndinin tələblərinə uyğun olmadığı müəyyən edildi (AzDTN 2.6-1 Qaydaya əsasən 50 metrlik mühafizə zolağı olmalıdır). - “Google Yer” proqramına, Dövlət Əmlak Xidməti tərəfindən təqdim olunmuş koordinatlara və tədqiqata təqdim olunmuş Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Dövlət Baş Ekspertiza Mərkəzi tərəfindən razılaşdırılmış ünvan 1 ünvanında tikilməsi nəzərdə tutulan yanacaqdoldurma məntəqəsinin “İşçi layihəsi”nə əsasən qeyd olunur ki, ekspert rəyinə əlavə olunmuş sxemdə göstərilən 1, 3, 9, 10 nömrəli tikililər həm yeraltı yanacaq çənlərinin, həm də yanacaq doldurma aparatlarının, 2 və 4 nömrəli tikililər isə yeraltı yanacaq çənlərinin Dövlət Şəhərsalma Norma və Qaydaları, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1 ilə tənzimlənən 50 metrlik mühafizə zolağına düşdüyü müəyyən olundu.” Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyindən göründüyü kimi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli qərarı ilə tikintisinə icazə verilmiş yanacaq doldurma məntəqəsinin ətrafında yerləşən tikililərə münasibətdə AZDTN 2.6-1-in 8.46-cı bəndinin tələblərinə uyğun olmadığı, yəni 50 metrlik mühafizə zolağına düşdüyü müəyyən edilir. Göründüyü kimi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli icazəsi qanunvericilik normalarının pozulması şəraitində qəbul edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli icazəsi iddiaçıların qanunla qorunan hüquq və maraqlarına toxunduğundan və maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz inzibati akt hesab edilməli və ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və iddianı təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-1042/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli icazəsi qanunsuz hesab edilsin və ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən ekspertiza tədqiqatı üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 311 manat xərc tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialındakı hesabına (filial kodu 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ**********0000000, benefisiarın adı – Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi, benefisiarın hesabı AZ23AİİB**********01778, VÖEN **********) və aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X5 – kodu 21005, VÖEN 140155071, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar